Rəsul Rza

 

(poemadan parçalar)

 

Əhməd QƏŞƏMOĞLU

 

Hər xalqın qəlbində

ən doğma yer həm

qəlbi qeybə köklənən,

haqq aşiqi deyilən,

haqqın dediyini deyən

                       doğru şairlərindi,

o şairlərin gözlərindəki işıq

                            ilahi göylərindi...

ilahinin işığıdı

o şairlərin şeirlərindəki işıq.

 

şeirlərdəki işıq

tarixə işıq salır,

torpağa işıq salır,

vətənə işıq salır.

 

gözəl şairlər ölmür -

insanların qəlbində,

göyün üzündə qalır.

 

qəlbini haqqa kökləyib

dərdimizdən,  sevdamızdan,

yer üzünün qayğısından yaza-yaza

qəlbimizdə,

göyümüzün üzündədi

                       Rəsul Rza.

 

Rəsulun şeiri

 

qısa sətirlərdə, sadə sözlərdə

ilk baxışdan

yazılması asan görünən şeirlərdə

bu qədər sehr hardan, nədən?

 

soruşdu bunu çoxları

                           biri-birindən.

bəziləri bu sadəlik arxasındakı

sirli aləmləri görə bilmədən:

- bunlar şeir deyil ki!

deyib, qeyzlə

çıxdılar hövsələdən...

...əslində Rəsulu dilləndirən,

qələminin ucunu

                     şeirlə gülləndirən

yüz illərdi boy verən

şeir qaydaları, şeir qəlibləri,

şeir ölçüləri deyil ki...

o şeir deyilənə

kainatın nizamından,

ahəngindən,

qeybin sirrindən,

qəlbin atəşindən

ahəng, sirr verən nurdu.

 

qəlbi o nura köklənənlər görür

Rəsulun şeirlərindəki sirri...

köklənməyənlərə ha anlat

olmayacaq bir xeyri...

 

...təkcə sözlərlə

şeir yazmırdı Rəsul,

əməliylə yazırdı...

vətəninin, yer üzünün

vurğunuydu Rəsul...

kainatdan alırdı qüdrətini...

 

kiminsə kölgəsinə sığınmadı,

öz nurunu öz içində boğmadı...

Allahdan aşağı,

öz arxası özüydü... 

əməliydi, sözüydü...

 

ona görə dövranda

seçilirdi hamıdan....

 

suallar

 

...hərdən evlərinin yanından axan

çaydan  soruşardı suallarını,

hərdən  çiçəkləyən ağaclar  üstə

sirli ay işığı  dilə gəlirdi...

 

hərdən Göyçayın meydanlarında

köklü çinarlarla  söhbət eyləyirdi...

 

insanı zirvələrə səsləyir

qəlbdən gələn  suallar...

boy atdıqca, yaş artıqca

        dəyişir suallar....

kahkəşanlardan

kahkəşanlar doğulanda,

qəlb o eşqdən yoğrulanda,

arı çiçəklərdən bal toplayan tək

hər yerdə, hər sözdə

doğmalıq axtarır qəlb.

gözə görünəndən, görünməyəndən,

mənaların dərinliyindən

yeni mənalar çıxarır qəlb...

 

Rəsul ömrü

 

...tarix gəlib XX əsrinin

ortasını haxladı...

SSRİ  adlı

dolambaclar dünyasının

işgəncə toru, köləlik  qurğusu

silkələndi, laxladı...

qırx illik dəmir sərhədlər,

 dəmir yumruqlar,  nahaq güllələr

azda  olsa

                      əl saxladı...

tufandan sonrakı ilıq günəşin

                                     sehri ilə

ümidləndi ürəklər...

yağmurdan sonra boy verən

çəmənlik kimi boy atırdı

                             bütün SSRİ...

 

...o zaman

yetim, baş gözü al qan

bir uşaq günüdəydi

                           Azərbaycan...

 

o vədə yaşının

müdrik vaxtına çatmışdı

                         Rəsul Rza.

tarixin dəyirmanından

mətin, məğrur

alnıaçıq çıxmışdı Rəsul  Rza.

qəlbi, ağlı,  əməli, iradəsiylə

                      elin gözündə

ağsaqqallıq məqamına qalxmışdı

                                      Rəsul Rza...

 

o illərdə yer üzü

təlatümdən sonrakı dənizə bənzəyirdi,

SSRİ dəki ölkələr, Azərbaycan

qaranlıqda yol axtaran gəmiydi sanki.

o zaman Rəsul Rza

buluddan süzülən ay kimiydi...

 

sel kimi axır dövran!

buludlardan aşağı,

dağın, daşın, ağacların,

adamların üstündən,

adamların beynindən, qəlbindən

sel kimi axır dövran -

kimini axar sualara qatıb

çöp kimi oynadır dövran,

kimi dayanır işıq seli kimi -

ha kükrəsin, ha coşsun dövran

əlindən bir şey gəlmir...

lll

...qəlbindəki nur

can atırdı yayılmağa,

xalqa fəda olmağa...

amma dövran tor qururdu

vətən! deyən kimsənin

            kəlləsindən vurmağa...

qəlbindəki nur  çağırırdı onu

               özünü qorumağa.

Sabirin, Mirzə Cəlilin

ağrısı keçirdi qəlbindən,

bu ağrılar ürkə-ürkə boy verirdi

Rəsulun sözlərindən...

 

görüb iblisin

ipək altındakı ilanlarını,

yan-yana düzüb

dövranın yalanlarını

ah çəkirdi:

"qınamayın İsgəndəri,

yaman olur anlamaq dərdi..." 

o zaman tez-tez  Yunanıstanda

eramızdan altı əsr əvvəl  yaşamış

kölə-filosof 

Ezop hay verirdi

Rəsulun fəryadına...

 

beləcə tez-tez,

zalımların zülmü altda inləyən

uzaq uzaq xalqlardan yazdı...

xəzri küləyinin dalğa-dalğa

qum tirdiyi, məğmun elədiyi

                              bağlardan yazdı...

xırda balıqları udan

qoca timsahdan yazdı...

 

qəlbində titrək-titrək

göz verəndə

əsrin əvvəlində may günü

"bir kərə yüksələn"

hava rəngli, günəş rəngli,

zəmi rəngli bayraq,

yarandı "azadlıq" adlı şeiri:

"...günəşli bir gündə,

qəzəbli bir ölkənin üstündən

endirildi ölüm kölgəli bayraq.

qollarını geniş-geniş açdı insan.

qucaqlaşdı hava, günəş, torpaq".

 

sözü sözlə bəzəyib,

sözü sözlə gözəyib

otuz iki yaşında belə

"vətən"  şeirində

bənövşəli, nərgizli, moruqlu,

qayaları cüyür izli,

çoban bayatılı,

düzləri ceyran izli,

atları gümüş yəhərli,

torpağı daşı

qəzəb oduyla yanan vətəninin

hilalından danışırdı,

göy dağlarından,

al günəşindən,

dənizlərin yaşılından,

vətənin azad göylərində

ucalacaq

öz bayrağından danışırdı...

 

ayrı-ayrı eyhamlarla

yüz-yüz belə şeir yazdı...

amma Ezop dili bilənlər

bildi ki, Rəsul

nədən yazdı, kimdən yazdı...

 

təkcə Ezop dilində yox,

hərdən əldə

sərt qırmancı,  acı-acı

duman tək  vətənə çökən

cəhalətdən, hərislikdən,

rüşvətxordan,

paxıldan, yerlibazdan, yaltaqdan...

kolxozun planını

körpələrin canından əziz tutan

nahaq batan qandan yazdı...

 

neçə-neçə qəlb qanadan

milli dərddən, qəmdən yazdı...

 

hərdən

qəhrəmanlıqdan, sevgidən,

körpələrin sabahına qayğıyla

                neçə bilgidən yazdı...

 

bütün yer üzünə qayğıyla,

bütün insanlara sayğıyla

uzaq uzaq səfərlərdən,

uzaq ellərdəki

yaxın, uzaq dərdlərdən yazdı...

 

...vətənin qəlbi nurlu övladları

nur alırdı, anlayırdı,

duyurdu Rəsulu...

fikirlərini yayırdı,

qoruyurdu Rəsulu...

 

dövranın dolanbaclarını

anladırdı xalqa,

sübh mehi

çinar yarpaqlarını

oyatdığı tək

                oyadırdı xalqı...

 

vətənində dövranın

çırağına dönürdü,

o vətənin, vətəni onun

             işığına bürünürdü...

 

525-ci qəzet  2018.- 18 may.- S.7.