Türk-islam mədəniyyətinin
Paytaxtı Naxçıvan və XI əsr şairimiz Qətran
Təbrizi
Məlum
olduğu kimi, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin
Paytaxtı seçilib.
Bu gün
iftixarla demək olar ki, türk-islam mədəniyyətinin mərkəzlərindən
biri olan Naxçıvan islam mədəniyyəti tarixinə
Osmanlı sultanı və türk-islam müdrikliyinin təmsilçisi
Mövlana Cəlaləddin Ruminin şəxsi həkimi
olmuş təbiblər-təbibi Kəmaləddin
Naxçıvani, Şərq dilçilik məktəbinin nəhəng
nümayəndələrindən olan Hinduşah və Məhəmməd
Naxçıvaniləri, elm və ərkanda iz qoymuş
görkəmli alim və ədiblər olan Fəzlullah Nəimi
və Baba Nemətullah Naxçıvanini, türk dilində
yazmağı qürur bilən, ana dilini yorulmadan təbliğ
edən Bayrək Quşçuoğlunu və daha nə qədər
dünyaya səs salmış əzəmətli şəxsiyyətləri
bəxş etmişdir. Bu da xüsusi maraq doğuran haldır
ki, bəşər mədəniyyəti tarixində qiymətli
incilər təşkil edən abidələr, o cümlədən,
bütün müqəddəs kitabların haqqında
xüsusi qüdsiyyətlə bəhs etdiyi Əshabü-Kəhf
ziyarətgahı, ilkin sivilizasiya və mədəniyyət
ünvanı, açıq səma altında muzeylərdən
biri olan Gəmiqaya, tarixin əyilməzlik və
alınmazlıq simvoluna çevrilən Əlincəqala,
dünya memarlığının nadir incilərindən olan və
böyük Azərbaycan Atabəylər dövlətinin
yadigarı, qadına, anaya ehtiramdan yaranan Mömünə
xatın türbəsi, orta əsrlər şəhər mədəniyyətinin
möhtəşəm ünvanı və şahidi olan təkrarsız
memarlıq incisi Qarabağlar Türbə Kompleksi,
Gülüstan türbəsi və daha nə qədər
memarlıq inciləri bəşəriyyətin ilkin
yaşayış məskənlərindən biri, türk-islam
mədəniyyətinin baş yurdu olan Naxçıvanı
nişan verir.
Akademik
İsa Həbibbəyli yazır: "Ən müxtəlif
tarixi dövrlərdə Naxçıvanda
yaşayıb-yaratmış ...şairlər, alimlər,
mütəfəkkirlər, siyasətşünaslar, memarlar, el
sənətkarları Naxçıvanda mövcud olmuş
dövlət tipli qurumların formalaşdırdığı
ictimai, ədəbi-mədəni mühitdə yetişib
formalaşmışlar. Bütün bunların sayəsində
qədim və orta əsrlərdə Naxçıvanda ictimai
fikir, elm, mədəniyyət, ədəbiyyat, maarifçilik
geniş şəkildə intişar
tapmışdır". Bu baxımdan
Naxçıvanda ictimai fikrin, ədəbi-estetik
düşüncənin inkişafına böyük töhfələri
olan görkəmli şəxsiyyətlərdən biri də
Azərbaycan xalqının böyük oğlu, böyük
İntibah şairi, alim Qətran Təbrizidir (1012-1088).
Məşhur alim və şair Qətran Təbrizinin
adı XI əsr Naxçıvanın ən görkəmli
nümayəndələri sırasında çəkilir və
bu dövrdəki mövcud ədəbi inkişafa da
işıq tutur. Onun Naxçıvan şahı Əbu
Düləfi ilə yaxın və sıx münasibətlərdə
olması, Naxçıvanda müəyyən müddətlərdə
yaşaması faktı burdakı ədəbi inkişafa da
öz töhfələrini verdiyini deməyə imkan verir.
Akademik Nailə Vəlixanlı Naxçıvanşahlıq
haqqında bəhs edərkən yazır ki, "Əbu Düləfin adı çox uzun, təqribən,
77 il müddətinə tarixi qaynaqların səhifələrindən
çıxır və yalnız XI əsrin 60-cı illərinin
ortalarına yaxın öz mədhiyyələri ilə məşhur
olan Qətran Təbrizinin və Tusdan olan Əli Əsədinin
əsərlərində görünür". Bu mənada Qətran Təbrizinin
Naxçıvanşahlıq sarayı ilə yaxından əlaqədə
olması, müəyyən müddətlərdə
Naxçıvanda yaşayıb-yaratması və əsərlərində
Naxçıvanı və Naxçıvan şahını mədh
etməsi onun Naxçıvan ədəbi mühiti ilə əlaqələrinə
də tam aydınlıq gətirir.
XI əsrin
geniş şöhrətə malik şairi və görkəmli
alimlərindən biri olan Qətran Əbu Mənsur Təbrizi
haqqındakı materiallardan məlum olur ki, o, gənc
yaşlarında Gəncəyə gəlmiş, Şəddadi
əmirlərinin sarayında şöhrət qazanmış,
eləcə də bir müddət Naxçıvanda Əbu
Düləf Deyraninin sarayında yaşamış və
Naxçıvanla bağlı sənətkar olmuşdur.
Şair haqqında ən sanballı tədqiqatçılardan
biri olan Qulamhüseyn Beqdeli də yazır ki: "Qətran Təbrizi
... Azərbaycan şəhərləri olan Təbrizdə, Gəncədə,
Naxçıvanda yaşayıb yaratmışdır". Hətta bu da qeyd edilir ki, "Qətran
Naxçıvanda yaşayıb-yaratdığı vaxt Şəmsül-məali
Qabus ibn-Voşmgirin oğlu olan İsgəndərlə
görüşüb, olsun ki, onun haqqında mədhiyyədə
də yazmışdır". Şairin
haqqında bəhs edən görkəmli şərqşünas
alim Y.E.Bertels də məlumat verərək yazır ki, Azərbaycan
şairi Qətran Təbrizi Naxçıvan hökmdarı
Əbu Düləf Deyraninin sarayında
yaşayıb-yaratmışdır. Bertels,
həmçinin, Q.Təbrizinin Naxçıvana etdiyi ikinci səfərindən,
orada Şəddadilər sülaləsindən olan Əmir Fəzlunla
görüşməsindən də
danışmışdır. Bu barədə
geniş tədqiqat aparan alimlər Rauf Məmmədov, Nailə
Vəlixanlı və başqaları bir sıra məxəzlərə
əsaslanaraq Qətran Təbrizinin Naxçıvanda yaşadığını
bildirmişlər.
Bu mənada
Rauf Məmmədov "Naxçıvan şəhərinin
tarixinə dair oçerk" adlı əsərində Qətran
Təbrizinin elm və şeir himayəçisi olan
Naxçıvan şahı Əbu Düləfin sarayı ilə
əlaqələrini təsdiq edərək yazır:
"Əbu Düləf haqqında Qətran Təbrizinin əsərlərində,
Əsədi Tusinin "Gərşasbnamə"sində və
Nizami Gəncəvinin "Yeddi gözəl" əsərində
məlumat vardır". Naxçıvanın həmin
dövrdə ictimai-siyasi mərkəz olmaqdan başqa
şeir-sənət mərkəzi olmasına da diqqət
çəkən alim yazır ki: "Tarixi məxəzlərdən
məlum olur ki, XI əsrin 60-cı illərində,
Naxçıvanşahlıq dövründə Yaxın Şərqin
bir sıra ölkələrindən Naxçıvana
çoxlu şair, alim və mütəfəkkir
toplaşmışdı. Bu, hər şeydən
əvvəl, şəhərin Naxçıvanşahların
- Əbu Düləfilərin mərkəzinə çevrilməsilə
əlaqədar idi. ...Görkəmli Azərbaycan şairi
Qətran əbu Mənsur Təbrizi XI əsrin 60-cı illərində
Naxçıvan sarayı ilə sıx əlaqə
saxlamış və bir müddət Naxçıvanda
yaşamışdır... Bütün bu faktlar belə bir
fikir yaradır ki, Naxçıvan hakimi Əbu Düləf
Deyrani, yəqin ki, elm və mədəniyyət xadimlərinə
xüsusi rəğbət bəsləmiş və onları
saray ətrafında toplamışdı. Bu haqda
Əsədi Tusinin poemasında xüsusi qeyd belə
vardır". Bu fakt "Azərbaycan tarixi"ndə də
təsdiq olunur: "Saray ədəbiyyatının geniş intişar tapdığı bu dövrdə Qətran
Təbrizi də əvvəlcə Gəncədə, Şəddadilər
sarayında, sonra isə Naxçıvanda,
Naxçıvanşah Əbu Düləfin sarayında
yaşamışdır". Habelə "Naxçıvan
tarixi" üçcildliyində də ayrıca bəhs
keçərək qeyd edilir ki: "Əbu Düləf
Deyraninin özünün şair olması da, yaradıcı
adamlara göstərilən diqqət və hörmət də
onların Naxçıvana gəlməsinə təsir
etmişdi".
Lakin
bununla belə çoxcildlik "Azərbaycan ədəbiyyatı
tarixi"nin 2-ci cildində filologiya üzrə
fəlsəfə doktoru Xəlil Hüseynlinin Qətran Təbrizidən
bəhs edən geniş oçerkində görkəmli şərqşünas
alim Bertelsin böyük şair Qətran Təbrizinin
Naxçıvanda yaşaması fikri ilə bağlı
mübahisə açılaraq yazılır: "...alimin
(Bertelsin - R.Q.) Qətranın Şəddadilər,
Rəvvadilər sarayı ilə yanaşı,
Naxçıvandakı Deyranilər sarayında da
yaşamasını söyləməsi mübahisəlidir.
Qətran Naxçıvanda hakimiyyət sürən
Deyran hökmdarı Əbu Düləfin mədhinə bir
neçə qəsidə yazsa da, dəfələrlə orada
bir neçə günlüyə qonaq olsa da,
Naxçıvana bir neçə qəsidə yazsa da,
Naxçıvan şairin yaşayış yeri
olmamışdır. Qətran Deyrani
Əbu Düləfə yazdığı bütün qəsidələrində
başqa hökmdarların yanında
yaşadığını söyləmişdir".
Elə
burdaca xatırlatmaq yerinə düşər ki, Qətran Təbrizinin
bilavasitə Naxçıvan şahı Əbu Düləfin adına yazdığı və ona həsr
etdiyi üç mədhiyyəsi onun divanında yer alır. Həmin
qəsidələr, eləcə də tədqiqatçı
alim X.Hüseynlinin Qətran Təbrizinin Deyran hökmdarı
Əbu Düləfin mədhinə bir neçə qəsidə
yazmağı, dəfələrlə orada bir neçə
günlüyə qonaq olmağı və Naxçıvana bir
neçə şeir yazmağı haqqındakı fikirləri
şairin Naxçıvan şahı Əbu Düləflə
yaxın münasibətlərini, hətta Naxçıvanda
Naxçıvanşah Əbu Düləfin sarayında
yaşaması faktını bir daha əsaslandırır.
Bu mənada
Naxçıvan sarayı, demək ki, sarayın timsalında
Naxçıvan ictimai-siyasi, ədəbi və mədəni
mühiti ilə istər yaxından, istərsə də
uzaqdan əlaqəli olan bu görkəmli, ustad şairin ədəbi
istedadı və yaradıcılığının əhəmiyyətli
yeri mübahisəsiz qəbul edilməlidir. Mənbələr
və faktlar da təsdiq edir ki, şair Qətran Təbrizi
hansı müddətə olursa-olsun, Naxçıvanda
olmuş, Naxçıvanın ictimai-siyasi həyatı ilə
də yaxından bağlı olmuş, Naxçıvanın
gözəlləri və gözəlliklərini öz poetik
ustalığı ilə vəsf və tərənnüm
etmiş, özünün peşəkar
yaradıcılığı ilə Naxçıvan ədəbi
mühitində tanınaraq xüsusi ədəbi mövqeyə
malik olmuşdur. Ədəbi mövqeyi, şeiriyyət dəsti-xətti
həm köhnə, həm də yeni nəsil yaradıcı ədiblər
üçün nümunə, meyar, əsas olan Qətran Təbrizinin
şeiriyyət ruhu ola bilməzdi ki,
mövcud ədəbi mühit simaları tərəfindən
qəbul edilməsin və ondan nümunə
götürülməsin. Artıq bu da müxtəlif alimlər
tərəfindən qeyd edilib ki, Qətran Təbrizinin
yaradıcılığında öz gözəlliyi, qəlbə
yaxınlığı, cəlbediciliyi ilə diqqəti cəlb
edən, şairin aşiq könlünü alan
gözəllər şairin yaşadığı, yaxından
müşahidə etdiyi Təbriz, Gəncə, eləcə də
Naxçıvan gözəlləridir. Demək ki, Qətran Təbrizi
istedadlı şair kimi Naxçıvanda da olduğu,
yaşadığı müddətcə müşahidə
etdiyi gözəllikləri əsərlərində əks
etdirmiş və müxtəlif əsərlərində
adını çəkdiyi gözəl yer-yurdlardan biri kimi
Naxçıvan onun fəaliyyəti və ədəbi irsində
mühüm yer tutmuşdur.
Bütün bunlar göstərir ki, böyük
türk-islam mədəniyyəti intibahının
paytaxtlarından biri olan Naxçıvan qədim dövrlərdən
zəngin ədəbi mühitə və ədəbi-mədəni
inkişafa malik olmuşdur. Naxçıvanda
dövlət və dövlət tipli qurumların mövcud
olması regionda digər sahələrlə bərabər ədəbi
mühitin də inkişafına vəsilə olmuşdur.
Bu da maraq doğurur ki, o dövrün görkəmli söz
ustadlarından olan, Azərbaycan İntibah mədəniyyətinin
görkəmli nümayəndəsi Qətran Təbrizi
Naxçıvanda müəyyən müddətə
yaşamaqla və Naxçıvanşahlıq sarayı ilə
sıx əlaqə saxlamaqla Naxçıvana və
Naxçıvan şahı Əbu Düləfə
yazdıqları əsərlərlə Naxçıvan ədəbi
mühitində özünə mühüm mövqe
qazanmış, Naxçıvanda ədəbi mühitin
inkişafına öz töhfələrini vermişdir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet 2018.- 18 may.- S.6.