“Sonuncu”
III Şəki Beynəlxalq
Teatr Festivalında
Mayın 18-də Qusar Mədəniyyət Mərkəzində “Sərhədsiz
Teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində
YUĞ Teatrının “Sonuncu”
tamaşası təqdim
olunub.
Əsərin müəllifi Pərvin, quruluşçu rejissoru Xalq artisti Ramiz
Həsənoğludur. Tamaşada əsas
rolları əməkdar
artist Fərhad İsrafilov,
aktyorlar Hikmət Rəhimov və Ləman Mərih canlandırıblar. Tamaşadan öncə
Qusar Dövlət Ləzgi Dram Teatrının
kollektivi kiçik səhnəciklər ilə
çıxış ediblər.
Milli geyimlərdə olan aktyorlar Azərbaycan folkloru personajlarını
canlandırıblar. Həmçinin,
teatrın quruluşçu
rejissoru Bağır Əhmədov Üzeyir bəy Hacıbəylinin
“50 yaşında cavan”
əsərinin baş
qəhrəmanı Məşədi
İbadı canlandırıb...
Daha sonra tamaşaçılara
teatrın uğurlarını
əks etdirən sərgi təqdim olunub.
Teatrın direktoru Faiq Qardaşov tamaşadan öncə çıxış
edərək bu cür festivalların faydasını vurğulayıb:
“Artıq üçüncü
dəfədir ki, ölkəmizdə Şəki
Beynəlxalq Teatr festivalı keçirilir. Bu festivallar çərçivəsində
müxtəlif tamaşalar
ictimaiyyətə təqdim
olunur. Mayın 16-da bizim teatrın
“Pəri Cadu” tamaşası da Xaçmaz Mədəniyyət
Mərkəzində uğurla
nümayiş etdirildi.
Hesab edirəm ki, bu cür sənət
mübadilələri mədəniyyətin
inkişafı üçün
faydalıdır. Bu gün də bizim teatra Bakıdan
YUĞ teatrı qonaq gəlib. Gənc dramaturq Pərvin
xanımın “Sonuncu”
adlı pyesinə rejissor sənətimizin zirvələrindən biri
olan, ustad sənətkar, Xalq artisti Ramiz Həsənoğlu
quruluş verib. Bu tamaşa haqqında
xəbərdarıq, Bakıda
artıq bir neçə ildir ki, uğurla nümayiş olunur. Aktyorlar Fərhad İsrafilovun, Hikmət Rəhimovun, Ləman Mərihin mükəmməl oyunlarından
çox şeylər
öyrənmək olar,
bizim aktyorlarımız
da böyük maraqla tamaşanı seyr edib özləri
üçün nəticələr
çıxaracaqlar”.
Daha sonra
YUĞ Teatrının direktor
müavini İlham Hüseynov Qusar Dövlət Ləzgi Dram Teatrına Mədəniyyət
nazirliyinin diplomunu təqdim edib. Həmçinin,
YUĞ Teatrı kollektivi
adından təşəkkürlərini
çatdırıb: “YUĞ Teatrı kollektivi olaraq bu festivalda
iştirak etməyimizdən
sevincliyik. “Sonuncu” teatrımızın ən yaxşı, ən uğurlu tamaşalarından biridir.
Mən özüm bu tamaşaya təxminən əlli dəfə baxmışam, hər dəfə də təsirlənmişəm. İnanıram ki, tamaşa
sizlərin ürəyincə
olacaq. Kollektivimiz adından hər
kəsə uğurlar
diləyirəm və
sizləri tamaşaya baxmağa dəvət edirəm”.
“Sonuncu” bir aktyorun - Əlisöhbət
Qələndirlinin acınacaqlı
taleyini əks etdirir. Əsərdə nəsillərarası konflikt də göstərilir. Bir vaxt sevdiyi xanıma
sahib çıxmağa, onunla
evlənməyə cəsarəti
çatmayan Əlisöhbət
dərdini, düşüncələrini
gənc teatrşünas
İlham Çardaxlı
ilə bölüşür...
Sonda isə hər kəsin əsl siması açılır.
Tamaşadan sonra “Sonuncu”nun quruluşçu rejissoru, xalq artisti Ramiz
Həsənoğlu tamaşaçıların
münasibətindən məmnun
qaldığını dilə
gətirib: “Bu tamaşa
təxminən 60 dəfədən
artıq oynanılıb,
qəribədir ki, hər dəfə də bir cür,
hər dəfə də fərqli alınır. Heç şübhəsiz ki, aktyorlar xeyli
dərəcədə tamaşaçının
reaksiyasından təsirlənirlər.
Bu gün Qusar
tamaşaçılarının reaksiyalarından, tamaşaya
münasibətindən məmnun
qaldım. Bu cür festivalların da faydası budur, sənətçilər
üçün belə
yenilənmə, təzə
təəssüratlar çox
mühümdür. Mən Mədəniyyət
nazirliyinə, YUĞ teatrının
rəhbərliyinə bu
etimad üçün,
işimizə verdikləri
dəyər üçün
təşəkkür edirəm.
Hər şey sənət üçündür və
əslində elə hamımız bu devizlə yaşayırıq”.
“Sonuncu”nun əsas qəhrəmanı Əlisöhbət
Qələndərlini canlandıran
əməkdar artist Fərhad
İsrafilov kiçik
səhnə üçün
hazırlanan tamaşanı
böyük səhnədə
oynamağın çətinliklərini
dilə gətirib: “Bilirsiz ki, “Sonuncu”
kamera səhnəsi estetikasında hazırlanıb.
Təxminən, bir il əvvəl
YARAT yaradıcılıq səhnəsində,
daha böyük formatda bu tamaşanı
oynamışdıq. O zaman
da daha böyük
səhnədə oynamağımızın
həyəcanını yaşayırdım.
İndi isə klassik səhnədə oynamaq xeyli məsuliyyətli idi. Amma elə bu səhnədən də tamaşaçının reaksiyasını,
enerjisini hiss edirdik, bu da aktyor
üçün son dərəcə
mühümdür. 4 ildir
ki, bu tamaşa
teatrın repertuarındadır,
bəzən Ramiz müəllimə söyləyirəm
ki, bəlkə yeni nələrsə edək, bəlkə bir az fasilə verək. Amma sonra görürəm ki, tamaşaçı bunu istəyir. Bu gün də
sizlərin sevgisini görüb ruhlandıq və başa düşdük ki, fasilə olmaz”.
Hikmət
Rəhimov İlham Çardaxlı kimi personajın tamaşaçıda
təzadlı hisslər
oyatmasından söz açıb: “İlham Çardaxlı bütün
ovqatı və xarakteri ilə ikrah hissi oyadır.
Amma yenə də tamaşaçını sənətimizin
bu günü, keçmişi və gələcəyi haqqında
düşünməyə çağırır. Həyatda
yüz faiz yaxşı, yüz faiz pis adam ola bilməz. İlham Çardaxlı da
insan xislətinin müxtəlifliyini göstərir.
Bu tamaşa mənim
yaradıcılığımda xüsusi yer tutur və hər
dəfə böyük
həvəslə oynayıram”.
Tamaşada gənc sevgilini
ifa edən Ləman Mərih Qusar tamaşaçılarıyla,
mədəniyyət ictimaiyyəti
ilə tanışlıqdan
məmnunluğunu ifadə
edib: “Şübhəsiz
ki, bir gənc
kimi Ramiz Həsənoğlu nəhəngliyində
sənətkarla işləmək,
Fərhad müəllim
və Hikmət kimi aktyorlarla tərəf müqabili olmaq qürurvericidir.
Hər tamaşadan nə isə öyrənirəm.
Hər dəfə yeni nə isə açılır mənim
üçün. Bu gün də böyük səhnədən
tamaşaçıya xitab
etmək çox maraqlı idi. Canlandırdığım sevgili xanımın
daxili yaşantılarını,
tənhalığını öz bildiyim, gördüyüm kimi çatdırmağa çalışdım.
Və məncə, tamaşaçı
ilə ünsiyyətimiz
alındı, buna görə çox sevincliyəm”.
Pyesin müəllifi Pərvin festivalın təşkilatçılarına
və bu işdə zəhməti keçən hər kəsə minnətdarlığını
bildirib: “Hörmətli
rejissor Ramiz Həsənoğlunun da söylədiyi kimi, “Sonuncu” 60 dəfədən
artıq oynanıb. Təxminən, bir il ərzində
biz Ramiz müəllimlə
birgə bu pyesin üzərində işləmişik. Hər dəfə
yeni ideyalar yaranır, yeni detallar üzə çıxırdı. Bəzən bir
qəhrəmanın xarakterini
hər incəliyinə
qədər işləmək
üçün saatlarla
müzakirələr edirdik.
Bu baxımdan mənim üçün
bir gənc kimi bu pyesin
yazılması və
tamaşanın qoyulması
son dərəcə böyük
dərs, master-klass oldu. Onu da xüsusi
qeyd etmək istəyirəm ki, “Sonuncu” mənə bir qələm adamı kimi çox böyük uğur gətirdi. Tamam ayrı bir auditoriyanı
tanıdım, sənətin
bu yönünü də az-çox öyrənmiş oldum.
Faiq müəllim tamaşanın
uğurundan söz açdı, məncə,
əsas səbəb peşəkarlıqdır. Televiziya tamaşaları ilə artıq bir metr, meyar
olan Ramiz Həsənoğlu bu sahədə də - səhnədən də öz sözünü dedi, tamaşaçısına
öz mesajlarını
ötürdü. Fərhad İsrafilovun
Qələndərlisi, Hikmətin
İlham Çardaxlısı,
Ləmanın o kövrək
sevgili obrazı mənim özümü də hər dəfə təsirləndirir.
Buna görə onların hər birinə minnətdarlığımı
bildirirəm. Həmçinin, bizim tamaşanı festival
proqramına daxil edən təşkilatçılara,
YUĞ teatrı rəhbərliyinə,
bu isti qəbula,
qonaqpərvərliyə görə
Qusar Mədəniyyət
Mərkəzinə, Ləzgi
Dram Teatrına dərin
təşəkkür edirəm.
Bu gün teatrlarımız
qarşısında duran
məsələlərdən söz açanda tamaşaçı problemini
də vurğulayırlar.
Amma mən hər zaman bölgələrdə
tamaşaçıların həssas olduğunu müşahidə edirəm.
Bu gün də
qusarlı tamaşaçıların
sözümüzü, rejissorun
niyyətini, aktyor oyununu necə hiss etmələrindən məmnun
qaldıq”.
Sonda yaradıcı
heyət yerli aktyorlarla, teatr ictimaiyyəti və tamaşaçılarla xatirə
şəkli çəkdiriblər.
NƏZRİN
525-ci qəzet 2018.- 19 may.- S.16.