“Küçələrə su səpmişəm”
Fuad Poladovun əziz
xatirəsinə
02 dekabr
2016-cı il... məzuniyyətdəydim,
Bakıdan təyyarə ilə uzaq səfərə
çıxmışdım. Belə vaxtlarda adətən kitab oxuyur, yola körpü
salıb uzaq yolu yaxın eləməyə
çalışıram.
Ümidsizcəsinə əlimdə olan İPad-a əl gəzdirdim. Gözümə
“Küçələrə su səpmişəm” filmi
sataşdı. Elə ilk baxışdan
epizodlar məni maqnit kimi özünə çəkdi. Sökülən dan yeri ... kənd səhəri ...
qıp-qırmızı qan rəngli üfüqlər sanki
qışqıran səma ilə məni
üşüdürdü, ekzotik təəssüratdan daha
çox hansısa bədbəxtlikdən soraq verirdi. Mərhum
rejissor Nicat Feyzullayevin bu filmi paradokslarla dolu idi: Ağrı,
acı, nakamlıq, puç olmuş arzular, saralmış gənclik
xatirələri, sovulmuş sevgi dolu günlər...
Radioda
verilən şablon xəbərləri üstələyən
köhnə patefondan süzülüb gələn
“Küçələrə su səpmişəm” mahnısının
sədaları, Rəşid Behbudovun ecazkar səsi ... qonşu
qızın qonşu oğlanla həyətdən-həyətə
bir-birinə sevgi dolu baxışları ... hər şey təbiilikdən,
gözəllikdən soraq verirdi.
Bəs
onda içimdəki bu təşviş, bu son dərəcə
aydın nigarançılıq nədən idi?...
Etiraf etsəm
ki, bütün
film boyu ağlamışam, məni qınamayın. Hər
halda oxucunu filmin qısa məzmunu ilə tanış
etməyi məqbul saydım.
İki əmioğlu - Bəhmən (Rasim Balayev) və Xəlil
(Fuad Poladov).
Biri institutda oxuyur, bu gün-sabah həkim olacaq, Xəlil isə
əsgərliyə gedib qayıdıb, qiyabi oxumaq həvəsindədir
və payızda qonşu qız Səidəyə elçi
göndərib toy etmək arzusundadır. Yayda Bəhmən
kəndə gəlir və onun təklifi ilə qonşu
oğlan Tağı da olmaqla, üçlükdə ova gedirlər.
Bəhmənin əlində təsadüfən
açılan güllə Tağını
öldürür. Bəhmən qaçıb gedir,
ölümü Xəlilin boynuna yıxır... Xəlil səkkiz
il həbs çəkməli olur. Sonra kəndə də qayıtmır, bir ucqar qəsəbədə
məskunlaşır. Ailə qurur - namuslu arvadı
(Mehriban Zəki), tərbiyəli uşaqları var.
Ocaqçı işləyir, pis-yaxşı dolanır... Amma
yaralanmış ürəklə, pərən-pərən
olmuş arzularla, yarımçıq həyatla... Məişət problemləri də kifayət qədərdir.
Tikdiyi ev yarımçıqdır, həbsdən
sonra Qarabağ döyüşlərində iştirak etsə
də, pensiya ala bilmir. Bütün bu
ağrı-acıları Xəlil öz içində, daxili
dünyasında dolu, bütöv, zəngin duyğularla
yaşayır və bütün bunlar onun hərəkətlərində,
üz cizgilərində, mimikalarında çox incə
ştrixlərlə canlanır.
Artıq
professor olan əmisi oğlu Bəhmən Cəfərzadə qəsəbəyə
xəstə üstünə gələndə, Xəlilin bu
görüşlər zamanı keçirdiyi sarsıntılar
Fuad Poladovun aktyor kimi obrazın dərdini, ələmini necə
də əzab-əziyyətlə, son dərəcə
parlaqlıqla çatdırdığının şahidi
oluruq. Məhz belə özgələşmə anlarında
Fuadın nə dərəcədə özü olduğunu
daha duyğusal şəkildə hiss edirsən. O, obrazın,
aurasına girdiyi insanın daxili aləmini ələk-fələk
edir, onun iç dünyasının alt qatını
özünə çevirir, bütöv xarakteri, diri,
canlı bir insan təqdim edir: yüngül, yumşaq sevinciylə,
ağır kədəriylə. Doğrudan da
film boyunca Xəlilin sifətindən elə bil daş kimi
ağır bir kədər asılıb qalır. Onun hətta
gülüşü də, təbəssümü də
ürək parçalayır...
Hər kəs
həyatda öz rolunu oynayır, bəziləri eqoist, xudbin, nə
qələbədən həzz alan, nə məğlubiyyətdən
diksinən donuq varlıq kimi, başqa bir zümrə isə
universal mədəniyyət, saf mənəviyyat, bitkin əxlaq,
coşqun ideya daşıyıcısı və
yaradıcı ruhun təcəllası kimi ... Dünya bir səhnə,
insanlar isə aktyordur - kəlamı da eləcə bu qocaman
dünyanın özü qədər qocadır. Bəli, hər kəs özünü oynayır.
Amma öz ömrünü yaşaya-yaşaya
özgə ömrünü oynayanlar da olur. Aktyorlar özgə talelərdə məhz
özünü oynayır. Bu, özgələşmədir.
Son dərəcə çətin və absurd
bir işdir. Özgələşmə anı, özgə
taledə özünü tapmaq, yenidən özünəqayıdış,
mənəvi-psixoloji oriyentirlərin yenidən yerbəyer edilməsi, özünü
aldatmadan özünü tapmaya keçidlər... Aktyorlar var ki, onlar üçün özgələşmə
anı, heç də özünə yadlaşma deyil. Belə sənətkarlar bütün obrazlarda,
yaratdığı qəhrəmanlarda özüdür, yaxud
özünü bütün obrazlarda görür, özünəoxşarları,
xaraktercə doğmaları yaradır ki, absurd yeni absurda
çevrilməsin. Çevrilmə, dəyişmə zahiridir,
şəkli görüntüdür. İçəridə
bir adam var, bir can, bir nəfəs var. Fuad
Poladov bir aktyor kimi özgələşmə anında da daim
özü idi. Belələri özgəni
özününküləşdirəndə də, özgədə
özünü tapanda da özüdür.
Bu
sözlərimi təbii qəbul etmənizi istərdim ...Fuad
Poladov haqda başqa cür düşünmək olmur... Onun uca şəxsiyyəti, saf, ləkəsiz
vicdanı və ləyaqəti, dönməz xarakteri insana bu
haqqı verir.
Təbii ki, Fuad Poladovu bir sənətkar, istedadlı
aktyor kimi çoxdan tanıyırdım. Onun kinofilmlərdəki
yaratdığı obrazlarla dönə-dönə ünsiyyətdə
olmuşam, teatr tamaşalarındakı
çıxışlarını dəfələrlə seyr
etmişəm. Amma nə sirdir ki,
“Küçələrə su səpmişəm” filmiylə
sanki mən onu yenidən kəşf etdim. Xəlil
rolu ona necə də yaraşır. Oturuşu-duruşu,
hərəkətləri, daxili zənginliyi, əyilməz,
yenilməz şəxsiyyətiylə. Axı, Fuad
özü də həyatda xaraktercə beləydi: mərd,
dönməz, uca mənliyi, bütov xarakteriylə. O, ən
doğma adamla münasibətdə də tənhaydı,
qapalıydı, başqa sözlə, özüydü. “Tənhalığı sevməyənlər-azadlığı
sevməyənlərdir, çünki yalnız tənhalıqda
azad olmaq mümkündür” (A.Şopenhauer). Bu sözlər
necə də Fuada yaraşırdı... O, ürəyinin
yağını özünə yavanlıq eləyib
yaşaya bilən insanlardandı. Özünü
heç vaxt heç kimə tam açmazdı, mənəvi
ocaq saydığı qəlbinə heç kimi buraxmazdı;
sözü də təbərrük kimi qısqanclıqla, qənaətlə
işlədərdi. Hətta çoxsaylı müsahibələrindən
də görürük ki, cümlələrin
çoxunu yarımçıq saxlayır, fikrini bitirmir,
yekunlaşdırmır, sanki fikrin davamını ona qulaq
asanların özünə buraxır. İçi həmişə
sözlə, fikirlə dolub-daşan bu adam
eləcə düşüncülərinin çoxunu də qəlbində
saxlayar, heç kimlə yox, eləcə özüylə
bölüşərdi. Xəlil də belə tip
insanlardandı. Fuad bütün qəhrəmanlarının
simasında özüdür. Onun bir-birindən
rəngarəng film qəhrəmanları, teatrda
yaratdığı obrazlar - Əmir Teymur, Hamlet kimi tarixi qəhrəmanlarda,
coşqun təbiətli, belə insanlarda da Fuad
özüdür. Əmir Teymur, Hamlet-Fuad tandemləri də
o qədər bir-birinə qovuşub ki, insanın harda
başladığını, hansının harda bitdiyini hiss
eləmək çətindir.
Sonralar
Fuad mənə etiraf etdi ki, Xəlil obrazı onun xarakterinə
ən yaxın rol idi.
Təbiət
bizi yaradıb və özünün bir parçası olaraq
qəbul edib-ağaclar, çöllər, dağlar,
çaylar, dənizlər, balıqlar, quşlar kimi ...Amma gəlin
görək, biz təbiətin bir parçası ola bilirikmi?... Sosial ziqzaqlarda, iqtisadi, maddi təbəddülatlarda
biz təbiiliyimizi, təbiət övladı olaraq ilkin təmizliyimizi,
başqa sözlə, insanlığımızı, ləyaqətimizi,
mənəviyyatımızı, özgürlüyümüzü
həmişə qoruyub saxlaya bilirikmi?... Həyatın oyunları, məişət
rahatlıqları, bizi özümüzdən alıb aparan bu
şeytani əyləncələr bizdə bizim təzahürümüzü,
bizim varlığımızı nə üçün talaya
bilir? İctimai münasibətlərin dərinliyinə
getdikcə, niyə çaşırıq, niyə təbiiliyimizi,
bakirə ləyaqətimizi itiririk? Fuad
ilkin təbiiliyini, bütöv şəxsiyyətini,
sınmaz, əyilməz ləyaqətini nəyin bahasına
olursa olsun həmişə qoruyub saxlayanlardan idi. Mən ona baxanda cəmiyyətin gələcəyi
üçün nigarançılıq yaşamırdım.
Ağıllı, eyni zamanda, son dərəcə
həssas olan Fuad Poladov özünüqoruma instinkti ilə
bütün təkliflərdən nəzakətlə imtina
edir, qəlbini və mənəviyyatını bütün
yad təsirlərdən qoruyurdu. İmtina
və təbəssümlü “yox” sözü ona məxsus
olan mənəvi təsirin ilkin şərti kimi hamı tərəfindən
qəbul edilirdi. Belə olmasaydı, Fuad
Poladov təbiətin təbii bir parçası olaraq qala bilməzdi.
Fuad Poladov təbiət kimi azad və özü
idi. O, yer üzündə mənəvi
azadlığın və ədalətin heç nəyə
satılmadığını sübut eləyən insanlardan
idi.
Təmizlik, saflıq hissi, duyğusu Xəlilin də əsas
mənəvi yüküdür. Həyat Xəlilə
çox şey öyrədib, gözlənilməz, təsadüflərlə
dolu təzadlı taleyi onda insanlara qarşı
qapalılıq və inamsızlıq formalaşdırıb.
Xəlil də çox şeyi içində
qaynadır, dilinə gətirmir, özü öz içində
özünə üsyan edir. Ömrü və
arzuları pərən-pərən olmuş Xəlil həyatın
dibində yaşayır. Ailəsi,
uşaqları, pis-yaxşı işi- gücü,
yarımçıq olsa da, başının üstündə
damı var. Amma qəlbində çoxdan dəfn etdiyi
çatışmayan şeyləri Xəlil heç kimlə
bölüşmür. Bütün bunlar
sanki onun ən qiymətli xəzinəsi, saxlancıdır.
O, əmisi oğlu Bəhmən Cəfərzadənin (Rasim
Balayev) xəstə üstə gəlişini eşidəndə
müəyyən qədər canlanır. Bu da həyatın
vaxtilə yaşadığı acı xatirələrindən
o yana ötmür. Bəhmənin
Bakıya dəvəti onu bir qədər həvəsə gətirir,
sanki bir anlıq olub-keçənləri də unudur.
Lakin daxilən qəti qərara gələ bilmədiyindən
ehtiyatlanır, şübhələrlə susur, diplomatik
revanş edir. Bu anda da Xəlil Fuad Poladovun
özüdür. İçindəki “mən”lə
həsb-halları, oyanmış ehtirasa qətiyyətlə
“yox” demək bacarığı, özünə xəyanət
edə bilməməsi ilə eləcə Fuaddır.
Fuad Poladov realist sənətkardır. Yaratdığı
obrazlar illüziyadan, fantasmoqomiyadan, hallüsinasiyadan
uzaqdır. Onun modernizmi də, məhz, bu
realizmdədir. Bunu təbiilik kimi də qəbul etmək
olar, aktyorun real həyatı cizgilərdə, doğal lövhə
və hadisələrdə özünütəsdiqi də... Fuad heç bir rolunda süniliyə, yalançı
pafosa, qondarma fantasmoqomiyaya getməyib. Necə
də gedə bilərdi? Bu qədər sadə, səmimi
və təbii adam sənətdə
başqa cür ola bilərdimi? Əgər
Fuadın bir şəxsiyyət kimi böyüklüyündən,
sabit xarakterindən, özünə, mənliyinə sədaqətindən,
təbiətin özü kimi təbiiliyindən
danışırıqsa, hansı əllaməçilikdən,
qondarma oyunbazlıqdan söhbət gedə bilər? O,
sayı-hesabı bilinməyən fərdlər kimi iradə və
istəklərini sənətin əllaməçiliyində
gerçəkləşdirəcəyini güman belə
etmirdi. Ruhuna və qəlbinə yaxın bildiyi
bu realizm (modernizm) öz plastikliyi, müxtəlif anlarda və
məqamlarda, dəyişən situasiyaların keçidlərində
aktyor təqdimatında reallaşan xarakterin parlaq təqdimatı
kimi adamı məftun edir. Bütün
epizod və səhnələrdə Fuadın yüngül, zərif
kölgələr içərisində güclə sezilən
solğun sifəti, nəcib siması bu realizmə yeni
çalar qatır, onun bədii-estetik təsirini coşdurur.
Fuad Poladov seçilmişlərdən idi.
O, yalnız özü qarşısında və uca Allahın
önündə hesabat verirdi.
Fuad Poladov aktyor sənətinə, şəksiz yeniliklər
gətirib, zərgər dəqiqliyi ilə seçilən
özünəməxsus incə ştrixlər əlavə
edib. Bu da yenə onun şəxsiyyətinin zənginliyindən
və bütövlüyündən qaynaqlanırdı.
O, sıradan birisi olmaq üçün yaranmamışdı.
O, dəmirçi, yaxud pinəçi də olsaydı, kamilindən
olardı. Kamillik üçün ilk növbədə
özünü tanımalısan, daxili “mən”ini kəşf
etməlisən. Fuad belələrindən
idi. Müsahibələrin birində dərin bir inamla bunu
bəyan edir: “Mən özümü yaxşı
tanıyıram axı”, - deyir. Doğrudan da o,
özünü tanıya bildiyi üçün şəxsi
keyfiyyətlərini layiqincə də ictimaiyyətə təqdim
edə bilirdi. O, daxili müstəqilliyi və şəxsi
azadlığı fanatikcəsinə sevirdi. Gerçək
və qərəzsiz haqq tərəfdarı idi. Onda fərdiyyətçilik, subyektivləşmə
əslində yaşam tərzi kimi təzahür edirdi. Bu, onun xarakteri idi. Bütün
ömrü boyu özünütərbiyə ilə məşğul
idi; cəmiyyətlə deyil, daha çox özü ilə
mücadilədəydi. Bəlkə bu, daha
məqbul yoldur. Cəmyyət axı fərdlərdən
ibarətdir. Ayrı-ayrı insanların tərbiyəsi,
eləcə, cəmiyyətin tərbiyəsi deyilmi? Onun qəhrəmanları da özü kimidir, daha
çox içində yaşayırlar, özləri ilə
mücadilədə olurlar.
Yenə qayıdaq “Küçələrə su səpmişəm”
filminə. Xəlil cəmiyyətdən daha çox öz
içində, öz aləmində məskunlaşıb.
Qapalıdır, ürəyindəkilərini heç kimə
demir, qırışığı açılmır, hətta
ailəsi üçün də sirlidir, özü öz
içində yaşayır. Xəlilin film boyu
təqdimatı belədir. Təkcə filmin sonunda Bəhmənin
onu şəhərə dəvət elədiyi səhnədə
Xəlil bir az diksinir, canlanır,
qırışığı açılır, hətta
arvadına həvəslə “Şəhərə gedirik” -
deyir. Bu da ötəri olur. Bəhmən
baş həkimlə ova getməyə hazırlaşanda Xəlil
o məsum günləri xatırlayır, əsəbləşir,
yenə öz qınına çəkilir və ilk dəfə
yalnız bu səhnədə qəzəbini boğa bilmir,
qışqırır: “Oğraş, məni şəhərə
aparana bax! Olmayan vicdanuva tüpürüm.
Heç nə buna dərs olmayıb. Yenə
ova gedir, əclaf...” Sonra da toya gedir. Yenə sakit, lal-dinməz. Bəhmənin
uşaqlara verdiyi 200 dolları da toya nəmər
yazdırır. Sonra da “Küçələrə
su səpmişəm” mahnısına asta-asta, ağayana
oynayır. Bu səhnə, ümumiyyətlə,
şedevrdir. Burada bizim
ağrı-acımız, nakamlığımız, Qarabağ
dərdimiz, bir xalq kimi unutqanlığımız, hər
şey təcəssümünü tapır. Və əsl Fuad da bu səhnədə daha çox
görünür. Zəngin xarakteriylə,
fərdi özünəməxsusluğuyla və daxili hikkəsiylə.
200 dollar və “Küçələrə su səpmişəm”
havasına oynamaq (əslində, bu mahnı rəqs
üçün yaramır, 200 dolların toya salınması
da absurddur, axı Xəlilin onsuz da problemləri
başından aşır, qəpiyə də ehtiyacı var)
detalı filmin şah damarı kimi təzahür edir. Bütün bunlar namuslu bir adamın eybəcər
dünyaya ucalan etiraz səsidir.
Bax, mənim
tanıdığım Fuad Poladov budur! Mərd, yenilməz, bir
az da özünü tapmayan, nakam... O, bu
gün aramızda yoxdur. Onun yoxluğuna
acıyırıq. Amma yəqin ki, indi daha çox
xoşbəxtdir, Allaha yaxın bir yerdə - onun dərgahında
daha rahatdır!
Əbədiyyətin
qucağına döyüşsüz atılan bu ruh
dünyanın natamamlığı və pozulmuş ahəngi
üçün şübhəsiz, bu gün də
narahatdır...
Yusif
18 may 2018-ci il,
Bakı şəhəri
525-ci qəzet 2018.- 19 may.- S.12-13.