Təranə Məmmədova: “Bizim
işimizin mahiyyəti insana xidmətdən ibarətdir”
Son zamanlar ölkəmizdə
psixologiya sahəsinin inkişafına xüsusi diqqət
göstərilir, bu sahədə bacarıqlı kadr
hazırlığı üçün istər ali məktəblərdə, istərsə də
özəl kurslarda, mərkəzlərdə geniş imkanlar
yaradılır.
Son illərdə bu istiqamətdə
görülən uğurlu işlərin altında bir imza diqqətimizi
çəkməkdədir: “Loqos” Psixoloji və Nitq
İnkişafı Mərkəzi. Cəmi dörd il öncə fəaliyyətə
başlamağına baxmayaraq, bu mərkəz bu qısa
müddətdə gördüyü işlərlə yetəri
qədər uğurlar əldə edib. Elə müsahibimiz
Psixologiya üzrə fəlsəfə
doktoru, sözügedən mərkəzin və “Psixoloji Xidmət
və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Təranə
Məmmədovadan da bu uğurun sirlərini öyrənməyə
çalışdıq.
“Bir qadın mənə dedi ki, sən
gələcəkdə ailələrə, insanlara kömək
etməlisən”
- Təranə xanım, bildiyimiz qədərilə
ilk təhsiliniz maliyyə-kredit sahəsində olub. Sonradan isə psixologiya üzrə
ixtisaslaşdınız. Bu keçid necə
oldu?
- Əslində, bank sektorunda çalışmaq mənim
arzum idi. Ancaq ailə həyatı qurandan sonra həyat
yoldaşımın demək olar ki, bütün ailəsi bu
sahədə idi və özünüz də bildiyiniz kimi, bir
ailədən iki nəfərin bu sahədə işləməsi
bir-birinin yolunu tutmaq kimi alınacaqdı.
Övladlarım dünyaya gələndən sonra da iş məsələsini
bir az yubatmalı oldum. Sonradan
üç övladımın nitqində kiçik qüsur
aşkarladıq. Böyük bir problem
deyildi, sadəcə “r” səsinin səslənməsində
qüsur vardı. Buna görə evə
doqquz ay loqoped gəlib getdi. O, özüylə loqopedik
zondlar gətirirdi (Təbii ki, onların elmi adını
özüm bu sahədə çalışandan sonra öyrəndim).
Maliyyə cəhətdən də çox baha
idi. Bu ərəfədə başa
düşdüm ki, mənim kimi valideynlər çoxdur və
mən insanlara yardım məqsədilə kiçik bir mərkəz
açmaq qərarına gəldim. Öncə
biz loqopedik mərkəz kimi fəaliyyətə
başladıq. Sonradan isə gördük
ki, bu cür qüsurlar çox zaman psixoloji problemlərdən
yarana bilir. Biz də yavaş-yavaş
uşaqlardan yeniyetmələrə, sonra valideynlərə
keçdik. Beləliklə, biz dörd il
yarım ərzində on mərkəzə qədər gəlib
çatdıq.
Bunu bir az da taleyə bağlayıram. Mən
insanların problemləri ilə məşğul olub, onlara
yardım edəcəyimi yuxumda görmüşdüm. Hələ
çox gənc yaşlarımda yuxuda bir qadın mənə
dedi ki, qızım, sən gələcəkdə ailələrə,
insanlara kömək etməlisən. Təbii ki,
əvvəllər bunun mənasını başa düşməmişdim.
Və üçüncü övladım
dünyaya gələndən sonra yenidən yuxumda həmin
qadını gördüm. Özü də
eyni məkanda, eyni qiyafədə. Və o, mənə
dedi ki, axı mən sənə demişdim, sən insanlara
kömək etməlisən. Yəqin ki, dediyi bu
imiş.
- Çağdaş Azərbaycan
insanının psixoloji durumunu necə xarakterizə edərsiniz? Sizcə də insanlarda aqressivlik varmı?
- Həssas
cəmiyyətdə yaşayırıq. Dünya
qloballaşır. Artıq problemlər də
oxşardır. Deyək
ki, iyirmi-otuz il əvvəlin problemi ilə
indikinin arasında məzmun və forma etibarilə kəskin fərqlər
var. Elə götürək ailə problemlərini, ailə
üzvləri arasındakı qarşılıqlı
münasibətləri. Öz yaşımdan irəliyə
getmək istəmirəm. Bizim
uşaqlıq, yeniyetməlik zamanımızla indiki arasında
fərqləri görməmək mümkün deyil. O
zaman ailə müqəddəs sayılırdı, uşaq
qeyd-şərtsiz valideynin dedikləri ilə
hesablaşmalıydı. Atanın dediyi evdə
qanun idi. Adət-ənənələr, gələnəklər
ailə dayaqlarının möhkəmlənməsində əvəzsiz
rol oynayırdı. Yeni qurulan ailələrdə
hər hansı anlaşılmazlıq ağsaqqal və
ağbirçəklərin məsləhəti ilə həll
olunurdu. Küçədə, yaxud da məktəbdə
yeniyetmənin xoşagəlməz bir hərəkəti
böyüklərin yüngülvari tənbehi ilə aradan
qaldırılırdı.
Qlobal inkişaf psixoloji durumun məzmununu bir qədər
dəyişir.
Dünya yenilənir, münasibətlər fərqli
məzmun daşıyır. Cəmiyyətin
inkişafı paralel olaraq psixoloji durumu da dərinləşdirir.
Okeanın o tayında baş verən hadisə
bu taydakı insana təsirsiz qalmır. İnformasiya
həm müsbət, həm də mənfi mənada öz
işini görür. Deyək ki, bu gün
Londondakı psixoloji durum müəyyən mənada
Bakıdakı ilə eyniləşir.
“Valideynlər
çox rahat şəkildə bizə müraciət edə,
övladlarını əmanət edə bilirlər”
- Sizin fikrinizcə, psixoloq necə
olmalıdır? Məsələn, “Loqos”a əməkdaş
seçərkən ilk nələrə diqqət edirsiniz?
- Birincisi
və ən önəmlisi insan olmalıdır. Çox gözəl, peşəkar mütəxəssis
olmaya bilər. İnsan dünyaya ali
savadlı, peşəkar gəlmir ki. Bunun
üçün müəyyən praktika lazımdır.
Biz də onlara bu praktikanı verə, onları
mütəxəssis kimi yetişdirə bilərik. Ancaq insanlıq onların içərisindədir.
Çünki biz burada insanlarla, ailələrlə,
ən əsası körpələrlə işləyirik.
Onları o qədər gözəl anlamalı,
onlara nəvaziş göstərməliyik ki, bizə müraciət
edən, bizdən kömək istəyən insanlar narazı
qalmasınlar. Biz burada bir ev, ailə
mühiti yaratmışıq. Buna görə də
valideynlər çox rahat şəkildə bizə müraciət
edə, övladlarını əmanət edə bilirlər.
Ondan başqa əməkdaşlar hər daim öz üzərlərində
çalışmalı, oxumalı, sahələri üzrə
kurslara getməli, işinə, kollektivinə, aid olduğu yerə
can yandırmalıdırlar.
- Sizcə, ölkəmizdə
psixologiya və psixoloji maarifləndirmə sahəsində vəziyyət
necədir?
- Öz
adımıza cavab versəm, deyə bilərəm ki, bizim fəaliyyət
istiqamətimiz çoxşaxəlidir. Əgər
ilk dəfə kiçik komanda ilə işə başlayanda
məqsəd sadəcə nitq qüsurlu uşaqlara xidmətdən
ibarət idisə, bu gün sağlam psixoloji mühit
üçün çalışırıq. Maarifləndirmə istiqamətində kompleks tədbirlər
həyata keçiririk. Çalışırıq
ki, maarifləndirici layihələrimiz əhalinin daha çox
hissəsini əhatə etsin.
-”Loqos” bu zamana qədər
hansı layihələr həyata keçirib?
- Dörd
ilə yaxındır ki, psixoloji xidmətlə məşğuluq.
Layihələrə gəlincə, onu deyim ki,
formal xarakter daşıyan hər işin əleyhinəyəm.
Çoxlu sayda layihələrimiz olur. Hər biri qarşıya qoyulan məqsədə
çatmaq baxımından xüsusi əhəmiyyət
daşıyır. Məsələn,
götürək “Müasir Azərbaycan qadını” layihəsini.
Bu gün Azərbaycanın ictimai-siyasi həyatında,
elm-mədəniyyət sahəsində tanınan onlarla
qadın var. Eləcə də təhsil, səhiyyə və
digər sahələrdə Azərbaycan qadını
uğurlar qazanır. Azərbaycan
qadını dövlət xadimidir, millət vəkilidir.
Amma bu da həqiqətdir ki, təkcə ucqar kəndlərimizdə
yox, elə böyük şəhərlərimizdə də öz
hüquqlarını bilməyən, əzilən, öz gücünə inanmayan qadınlar
çoxdur. Bir ay davam edən layihə çərçivəsində
beş görüş keçirdik. Hər görüşdə də fərqli sahələrdə
özünü təsdiqləyən, cəmiyyətdə
müəyyən mövqe sahibi olan xanımlar həyat
tarixçələrini danışdılar, hazırda
tutduqları mövqeyə öz gücləri hesabına gəldiklərini
anlatdılar. Və təbii ki, örnək
kimi dəvət olunan qadınların fərqli mövzuda
söhbətləri həm də maarifləndirici xarakter
daşıyırdı. Layihədə dinləyici
qismində müsabiqə yolu ilə 400 nəfərin
arasından 50 qadın seçilmişdi. Onların
arasında qaçqın-köçkün ailələrdən
qadınlar, həmçinin, Qarabağ uğrunda
döyüşlərdə itkin düşən
soydaşlarımızın həyat yoldaşları, hətta
bölgələrdən belə, qadınlar vardı. Bu layihə ailə dayaqlarının möhkəmlənməsi,
ailədaxili münasibətlərin tənzimlənməsi,
özgüvən hissinin yüksəlməsi baxımından
çox faydalı oldu. Digər layihələrimiz
də onun kimi.
“Ailədən
başlanan gələcək”, “Mənim ilk uğurum”,
“Psixologiya Akademiyası: Uşaq” və s. “Loqos”un
uğurlu layihələrindəndir.
Peşəkarlıq səviyyəsini artırmağa xidmət
edən kursları da nəzərə alsaq, bunu deməyə əsasımız
var ki, “Loqos” əhaliyə həqiqətən də kompleks
xidmət vəzifəsini layiqincə yerinə yetirməyə
çalışır.
- Orta və ali məktəblərdə
şagird və tələbələrlə psixoloji işin səviyyəsi
haqda nə düşünürsünüz? Bu
mövzuda təklifiniz nədir?
-
Hazırda Təhsil Nazirliyi ilə bizim ortaq bir layihəmiz var:
“Məktəbdən başlanan həyat”. Bu layihə
çərçivəsində biz bütün Bakı məktəblərində
görüşlər keçiririk. Bu layihəni
hazırda təqdim etsək də, bəzi görüləcək
işlərimiz hələ də var. Məsələn, biz ilk
iş olaraq, şagirdlərdən öncə məktəbin
direktorunu, müəllimlərini, valideynləri, onların
uşaqlarla münasibətlərini araşdırırıq,
problemləri öyrənməyə
çalışırıq. Bu müşahidələrimizi
toplayıb bir hesabat kimi Təhsil Nazirliyinə təqdim edəcəyik.
Əslində, demək olar ki, problemlərin nədən
ibarət olduğunu bilirik, sadəcə bunu statistik göstəricilər
halına salıb ictimaiyyətə təqdim etməliyik.
Biz həm təşkilat, həm də fərd olaraq cəmiyyətin
bir parçasıyıq və ümumi inkişaf
üçün çalışırıq. Ali və orta
ixtisas məktəbləri, təhsil müəssisələri
ilə əməkdaşlıq əlaqələrimiz artır.
Dövlət universitetlərində təhsil alan
tələbələr rəsmi qaydada bizdə təcrübə
keçməyə gəlirlər. Bu, bizə
göstərilən etimaddır və qarşımıza daha
ciddi tələblər qoyur.
Onu da deyim ki, hər şey məktəbdən öncə
ailədən başlayır. Necə ki, uşaqlar
ailədən məktəbə gəlirlər, eləcə də
müəllimlər də, direktor da hansısa ailənin
başçılarıdır. Bütün
bunlar birlikdə bizim gələcəyimizə təsirini
göstərir.
Təklifim odur ki, biz Təhsil Nazirliyi ilə mütləq
şəkildə əməkdaşlıq etməliyik. Çünki
statistikaya nəzər salsaq, intihar hallarına görə Azərbaycan
dünyada ön sıralarda olan ölkələrdən
biridir.
- Bəli, elə bu mövzu da bizi maraqlandırır.
Axı səbəb nədir? Niyə intiharlar bu qədər çox artıb?
-
Çünki biz uşaqlarımızı çox yükləyirik.
İnternet yaxşı şeydir, amma
düzgün istifadə olunarsa. Uşaqlarımız
təəssüf ki, ondan düzgün istifadə edə
bilmirlər və biz də valideyn olaraq, buna nəzarət
etmirik. Valideyn uşağını dinləmir.
Bu mərkəzdə illər ərzində biz
yüzlərlə belə valideynlə
qarşılaşmışıq. Həmin
valideynin uşağında problemlərin olması təbii
haldır.
- Çıxış yolu nədir?
-
Çıxış yolu maarifləndirməni
artırmaqdadır. Bütün məsələ
hardan başlamaqdadır və biz elə vəziyyətə gəlib
çıxmışıq ki, artıq hardan
başlamağın heç bir önəmi yoxdur. Çünki hardan başlasaq da, gəlib eyni yerə
çıxacağıq. İstər ailədən,
istərsə də uşaqdan başlayaq.
“İnsanlar
ailə qurarkən psixoloji yardım almırlar”
- Söhbətimiz çox
mühüm bir yerə gəlib çıxdı: Ailə...
Bilirik ki, Mərkəzin xüsusi diqqət
ayırdığı sahələrdən biri də bu məsələdir.
Sizin dissertasiya mövzunuz da məhz bu mövzuda
olub. Çağdaş Azərbaycan ailəsi
və onun psixologiyası sizə nə deyir?
- Biz
hazırda keçid dövründəyik. İndi
ailə quranların da, boşananların da sayı kəskin
şəkildə artıb. Deyirlər ki,
bir cəmiyyət yüksəyə qalxmaq üçün dibə
enməlidir. Biz onu keçirik artıq.
Mən inanıram ki, bizdə də
yaxşıya doğru bu dəyişim mütləq olacaq.
Hətta artıq dəyişim başlayıb.
Əvvəllər deyərdilər ki,
“anasına bax, qızını al”. Amma mən
şəxsən bu fikirlə qətiyyən razı deyiləm.
Əgər kimsə bir qızla ailəsinə, valideyninə
görə evlənirsə, heç o adam
evlənməsə, daha yaxşıdır. Çünki iki adam ailə qurursa, onlar mütləq bir-birləri
üçün həyatlarını birləşdirməlidirlər.
İndi valideynlər məcburiyyətlə
evliliyin yaxşı nəticə verməyəcəyini getdikcə
anlayırlar. Ona görə də onlar buna
qarışmaq istəmirlər. Təbii
ki, bu, hər kəsə xas deyil. Hələ
də o cür düşünənlər və bununla hərəkət
edənlər var. Amma hər şey birdən birə
yaranmır. Zamanla mütləq bu da öz
yerini tutacaq. Erkən nigahların törətdiyi
fəsadların fərqinə varmağa
başlamışıq. İnsan öz
ayağının üzərində durmadıqca ailə
qurmamalıdır. O, öncə nə istədiyini bilməli,
həyatda öz yerini tutmalı və sonra ailə qurmaq
haqqında düşünməlidir. Ailə
çox ciddi müəssisədir. Gənclər
öncə bunun fərqinə varmalıdırlar. Hətta bəzi gənclər, istər qız, istər
oğlanlar ailə qurduqdan sonra öz həyatlarında
heç bir dəyişiklik etmək istəmirlər. Amma bu, heç də düzgün deyil. Əgər sağlam və uzun ömürlü ailə
istəyirsənsə, mütləq nələrisə dəyişməlisən,
nələrisə qurban verməlisən. Hər
birimizin problemi var. Məsələ bu problemlərdən
qorxmamaqdır. Bizim çox gözəl
ailə modelimiz, adət-ənənələrimiz var.
Bunları gənclərimizə aşılamalıyıq.
İndi cəmiyyətimizə Avropanın təsirindən
danışılır. Biz bunu da
normasında etməliyik. Yəni Avropadan
ancaq yaxşını almalıyıq. Mənfi
özümüzdə də var.
Çalışmalıyıq ki, bunları aradan qaldıraq.
Təəssüf ki, insanlar ailə qurarkən psixoloji
yardım almırlar. Amma bunun özü də bir şərtdir.
Çünki qadın kişinin, kişi
isə qadının psixologiyasını bilmir. Hər
biri o birindən onun kimi olmağı gözləyir. Bu isə mümkün deyil. Bütün
problemlər burdan başlayır və getdikcə davam edir, nəticədə
uşaqlara sirayət edir.
“Bacarığımın
ancaq cüzi hissəsini reallaşdırmışam”
- Təranə
xanım, təbii ki, cəmi dörd il ərzində
bu qədər böyük uğurlar zəhmətsiz başa gəlməz.
Gördüyüm qədərilə gərgin iş rejimində
çalışırsınız. Bu qədər
işin öhdəsindən necə gəlirsiniz? Üstəlik, ailə, uşaqlar, şəxsi
qayğılar da var.
-
Başlanğıcda hansı çətinliyin altına
girdiyimi bilirdim və buna hazır idim. Təbii
ki, ailəmin maddi-mənəvi dəstəyi, böyüklərimin
xeyir-duası olmadan bu işin öhdəsindən gələ
bilməzdim. İkinci amil gücünə
inandığım, etimad göstərdiyim “Loqos” ailəsinin hər
an yanımda olmasıdır. Ən əsası
isə bu gün iş qurmaq, cəmiyyətə fayda vermək
istəyində olan gənc xanımlar üçün
özünü təsdiqləmiş qadın liderimiz var.
Ölkənin birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın ölkənin ictimai-siyasi, mədəni həyatında,
elm-təhsil sahəsində gördüyü işlər
bizim üçün bir örnəkdir.
Digər tərəfdən Azərbaycan dövləti həyatın
bütün istiqamətlərində gənclərin
inkişafı, fəaliyyəti üçün imkanlar
yaradır. Mən də vətəndaşı olduğum
ölkənin, ailəmin, öz işinə dəyər verən
kollektivin dəstəyi ilə yüksək nəticələr
qazanacağımıza əminəm. Uğuruna
qüvvə sərf etdiyim işin insanlar üçün nə
qədər əhəmiyyətli olduğunu bildiyim
üçün bu yolda qarşıma çıxacaq çətinlikləri
də gözə alıram. İş olan
yerdə çətinlik də, rəqabət də var. Mən
sağlam rəqabətin tərəfdarıyam.
- 2015-ci ildə “Azərbaycan: Gənclər
və Psixologiya” I Konfrasında
çıxışınız zamanı “Məqsədimiz
insanı özünə inandırmaqdır” - demişdiniz. Maraqlıdır, bu sözlərin müəllifi Təranə
Məmmədova hər zaman özünə inanırmı?
- Sadəcə
bir şeyi dəqiq bilirəm ki, mən
bacarığımın, malik olduğumun ancaq cüzi faizini
reallaşdırmışam. Əgər öz
potensialımı, ideyalarımı, işləmək
eşqimi, bacarığımı on ballıq bir sistemlə
qiymətləndirəsi olsam, ancaq bir bal
vermək olar. Mən özümə, olduğum
yerə, malik olduğum bacarığa və savada,
yaşadığım ölkəyə, bu ölkənin gələcəyinə
bütün qəlbimlə inanıram. Əminəm ki,
çox yox, cəmi bir neçə il
sonra Azərbaycan bizim bildiyimiz, indi
yaşadığımız Azərbaycan olmayacaq, çox
sürətlə irəliləyiş olacaq. Bu
irəliləyiş indi də getməkdədir. Bizim
dövlətimizdə işləmək, nəsə etmək
istəyən üçün mütləq şərait var.
Şəxsim adına deyə bilərəm
ki, bu mərkəzi yaratdığım dörd il ərzində
dövlətdən heç bir maneçilik, heç bir
çətinlik görmədim, dəstəkdən başqa. İnanıram ki, düzgün şəkildə
işləyən, xalqına, dövlətinə yüksək
səviyyədə xidmət göstərən, insanları və
dövləti aldatmayan, qanun çərçivəsində
çalışan hər kəsin gələcəyi gözəl
olacaq. Bizim hər birimizin bir amalımız, bir məqsədimiz
var: Azərbaycan xalqına xidmət etmək. Mənim
xidmətim insanlara bu sahədə kömək etməkdir.
Mən həyatımı buna
bağlamışam.
“Onun
adından istifadə etmirəm, amma onun varlığı ilə
həmişə fəxr edirəm”
- Qəzənfər Paşayev
kimi Azərbaycan elmində özünəməxsus yeri olan dəyərli
alimin qızısınız. Belə
bir insanın ailəsində dünyaya gəlmək sizdən
nəyi alıb və nəyi qazandırıb?
- Tam səmimiyyətimlə deyə bilərəm ki, məndən heç bir şey almayıb, sadəcə qazandırıb. Məsələn, elə insanlar var ki, valideyninə görə yox, özünə görə nələrəsə nail olduğunu sübut etmək ehtiyacı görürlər. Hər zaman özlərini bu mənada təsdiqləməyə çalışırlar. Mənim heç zaman elə bir kompleksim olmayıb. Amma valideynimin kimliyindən də heç zaman sui-istifadə etməmişəm. Bütün ömrüm boyu isə bu adla, o kişinin qızı olmaqla fəxr etmişəm. Axı mənim atam biznesmen, məmur deyil, yazıçıdı, alimdir. Lap özümü bununla təqdim etmək istəsəm də, burda nə var ki? Alim, professor qızıyam da... Atam çox sadə insandır. O, dövlətini, xalqını, bütün insanları çox sevir. Onun nə qədər insanlara kömək etdiyini ailəsi olaraq bir biz, bir də Allah bilir. Belə bir insanın qızı olmaqla necə fəxr etməyə bilərəm ki? Onun alim adı mənim hansı işimə mənfilik gətirə bilər ki? Mənfilik o zaman olardı ki, o, hansısa vəzifə sahibi olaydı, mən də bundan sui-istifadə edib, haralarasa getməyə çalışaydım. Məsələn, sizə belə bir əhvalat danışım. Elə bayaq adını çəkdiyiniz gənclər forumunda atamla birlikdə idik və atam mənə müraciət etdi ki, ay qızım, mən harda oturacam? Bu vaxt yanımızdan keçən Millət vəkili Bəxtiyar Əliyev bunu eşitdi və məndən soruşdu ki, Təranə xanım, siz Qəzənfər Paşayevin qızısınız? (O, soyadımızdakı fərqliliyə görə, bunu bilməmişdi) Dedim ki, bəli. Çox təəccübləndi və dedi ki, bəs bunu bu vaxta kimi niyə deməmisiniz? Mən də cavab verdim ki, deyib nə edəcəkdim? (gülür) Bəli, mən onun adından istifadə etmirəm, amma onun varlığı ilə həmişə fəxr edirəm. Atam mənim başımın tacıdır.
- Bəs, sənət
seçiminizdə və sonrakı fəaliyyətinizdə Qəzənfər
müəllimin sizə təsiri olubmu?
- Atamın ən çox sevdiyim bir xüsusiyyəti var. Ta uşaqlığımızdan o, heç birimizə sənət seçimimizlə, kim olacağımızla bağlı heç zaman qarışmayıb. Biz nə istəmişiksə, o, bizə dəstək olub, müdaxilə etməyib. Dəstək dediyim də təbii ki, mənəvi dəstəkdən söhbət gedir. Bu da onun böyüklüyüdür əslində.
“Bəziləri insan faktorunu nəzərə almadan necə gəldi, nə gəldi yazırlar”
- Bir az da “Loqos”un jurnalistlərlə birgə başladığı layihədən danışaq.
- Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin hazırladığı altı ay davam edəcək “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinə bu ilin aprel ayında start vermişik. Layihədə məqsədimiz bu ictimai qurumun kütləvi informasiya vasitələri ilə əməkdaşlığını genişləndirmək və psixoloji maarifləndirmə mövzusunun mətbuatda işıqlandırılmasını aktuallaşdırmaqdır.
Məsələn, layihədə göstərilən “Mətbuatın mənəviyyata və insan psixologiyasına təsiri”, həmçinin, “Jurnalist psixoloqların hazırlığı” bəndlərinə xüsusilə diqqət çəkərək deyə bilərəm ki, dünyanın inkişaf etmiş ölkələrində sahə üzrə ixtisaslaşmış peşəkar jurnalistlərin hazırlığına ciddi fikir verilir. Bizdə də bu istiqamətdə addımlar atılır. Psixologiya Azərbaycanda yeni bir elm sahəsidir və psixoloji mövzunu peşəkarlıqla qələmə alan jurnalistlərə həqiqətən də ehtiyac var.
Bu layihəyə mən özüm çox böyük həvəslə başlamışam. Çünki həqiqətən də cəmiyyətimizə ciddi şəkildə təsir göstərən bir məsələ var: indiki jurnalistlərimizin hadisələrə və şəxslərə münasibəti. Təəssüf ki, qələmindən sui-istifadə edən jurnalistlər getdikcə artıb. Bəziləri insan faktorunu nəzərə almadan necə gəldi, nə gəldi yazırlar. Onlar nəzərə almalıdırlar ki, onların bir sözü və ya yalan-yanlış məlumatı təkcə bir insana yox, ona əziz olan insanlara, ailəsinə də təsir göstərə bilər. Hər insan psixoloji cəhətdən güclü deyil. Hətta onların bu hərəkətləri insanları intihara qədər gətirib çıxara bilər. O zaman həmin jurnalistin vicdanı necə rahat olacaq? İnsanların həyatı, şəxsiyyəti toxunulmazdır. Ona görə də jurnalistlərlə bu layihəni başlamaqda məqsədim odur ki, onlar da psixologiyanı anlasınlar, nəzərə alsınlar. Psixologiya çox geniş bir mövzudur.
- Bu gün
“Loqos”un insanlarla münasibəti necədir?
- Bizim işimizin mahiyyəti cəmiyyətin aparıcı qüvvəsi olan insana xidmətdən ibarətdir. Təbii ki, bu iş kortəbii şəkildə həyata keçirilmir. Dövlətimizin bu sahədəki qərar və göstərişləri, proqramları çərçivəsində vətəndaş cəmiyyətinin inkişafına çalışırıq. Düşünürəm ki, “Loqos” doğru yolla addımlayır. İntellektual potensialımız güclənir. Gənc kadrların yetişdirilməsi, mütəxəssislərin peşəkarlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl iş aparılır. İnam, etibar qazanıldıqca, müsbət nəticələr artdıqca, təbii olaraq bizə müraciətlər də çoxalır.
Uğurlar gözlə görünəndir. Amma bunlar asanlıqla qazanılmır. Kifayət qədər çətinliklər var və biz də sıraları böyüməkdə olan “Loqos” ailəsi olaraq onların öhdəsindən gəlməyə çalışırıq. “Loqos” təkcə mənimlə yekunlaşmır. Onun hazırda bir-birindən savadlı, anlayışlı, insansevər 300-dən çox əməkdaşı var. Əgər bu gün mən də öz övladlarımı bura gətirir və bu insanlara əmanət edirəmsə, demək ki, həqiqətən də olduğum yerə inanıram. Bu zamana qədər çox şükürlər olsun ki, hələ bir dəfə də olsun mənfi rəy gəlməyib. Bundan sonra da insanların bizdən, işimizdən razı qalmağı, doğru şəkildə faydalanmağı yönündə fəaliyyətimizi daha əzmlə davam etdirəcəyik.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 19 may.- S.10-11.