Bir cümhuriyyət
xadimi: Leon Kriçinski
Azərbaycan
Xalq Cümhuriyyəti-100
Vilayət QULİYEV
Polşa
tatarlarının tanınmış simalarından Olqerd
Kriçinski (1884-1942) ilə bir sırada onun kiçik
qardaşı - hüquqşünas, tarixçi-alim,
naşir-publisist, ədəbi dairələrdə və
dövri mətbuat səhifələrində daha çox
Arslan bəy təxəllüsü ilə tanınan Leon Nayman
Mirzə Kriçinski (1887-1939) də Azərbaycan Cümhuriyyətinin
qısa ömürlü tarixində, eləcə də gənc
milli dövlətin idarəçilik sistemində müəyyən
izlər qoymuşdu.
Qardaşların həyat yolu və taleyi biri-birinə
çox bənzəyirdi. Leon da ali təhsilini Peterburq universitetinin hüquq
fakültəsində almışdı. Burada əsasən
Polşa tatarlarından ibarət “Müsəlman tələbələr
dərnəyi”ni qurmuş və fəaliyyətinə
rəhbərlik etmişdi. Dərnəyin qarşısına
qoyduğu əsas vəzifələrdən biri Polşa
tatarlarının tarix və mədəniyyətinin öyrənilməsi
və təbliği, habelə islam
dünyası ilə əlaqələrin qurulması idi.
Təhsilini
başa vurub ailəsinin
yaşadığı Varşavaya qayıtdıqdan sonra 1912-ci
ildə burada “Yoxsul müsəlmanlara yardım cəmiyyəti”
adlı xeyriyyə qurumu təsis
etmişdi. Cəmiyyətin sədri atası, istefada olan
general-leytenant Konstantin Kriçinski, katibi isə Leon özü
idi.
Xeyriyyə
cəmiyyəti qarşısına yerli tatar uşaqları
üçün milli məktəblər açılması,
habelə yoxsul müsəlmanlara yardım göstərilməsi
kimi iki əsas vəzifə qoymuşdu. “Polşa
tatarları. 1918-1939” kitabının müəllifi
Əli Mişkieviçin yazdığına görə, bu
xeyriyyə ocağının üzvləri, eləcə də
onun işinə yardım göstərənlər
sırasında Polşa tatarları ilə yanaşı,
Volqaboyu və Qafqaz müsəlmanları da var idi. Məsələn, arxiv sənədlərində
Varşava universitetinin azərbaycanlı tələbəsi Xəlil
Sultanovun təhsil xərclərinin cəmiyyət tərəfindən
ödənilməsi ilə bağlı məlumata təsadüf
olunur.
Ali hüquq təhsili almasına baxmayaraq, Leon
Kriçinski ilk gənclik illərindən tarixi-filoloji
araşdırmalara və jurnalistikaya ciddi maraq göstərmişdi. Tədqiqatçı kimi
diqqətini daha çox çəkən mövzu isə mənsub
olduğu xalqın-Polşa tatarlarının-tarixi
keçmişi və xristian mühitində formalaşan özünəməxsus mədəniyyəti
idi. 1917-ci ildə Petroqradda onun çoxillik
araşdırmaların bəhrəsi kimi “Polşa, Litva,
Ukrayna və Belorusiya tatarları haqda biblioqrafik materiallar”
adlı sorğu kitabı çap edilmişdi.
Müəllif
kitaba yazdığı
müqəddimədə mövzuya müraciətinin
səbəblərini belə izah edirdi: “Rusiyada məskunlaşan
çoxsaylı müsəlman xalqları arasında Litva
tatarları (onlara Polşa tatarları və “lipka” da deyilir)
xüsusi maraq doğururlar. Nə Litvanın hüdudsuz qonaqpərvərliyi,
nə humanist Polşanın səxavətli güzəştləri,
nə də başqa soydan olan xalqları ruslaşdırmağa can atan
mütləqiyyət Rusiyasının amansız sülalə
siyasəti heç zaman Litva
tatarlarının daxilindəki islam sivilizasiyası nurunu
söndürə bilmişdi. İman birliyi və
müştərək tarixi keçmiş zəminində həmdinlərinə
qırılmaz tellərlə bağlanan Qərb müsəlmanları
nəsildən nəslə ümid dolu nəzərlərini
daim dirçəlməkdə olan Şərqə yönəltmişdilər.
Diqqəti Litva tatarları ilə bağlı mövcud ədəbiyyata
cəlb etmək və Rusiyanın qərbindəki bu etnoqrafik
müsəlman adası ilə tanışlığı asanlaşdırmaq əsərdə
qarşıya qoyulan əsas vəzifədir”.
Kitabın
“Tarix”, “Heraldika”, “Etnoqrafiya”, “Statistika” bölmələrində
təxminən son 500 il ərzində göstərilən ərazilərdə
yaşamış tatarlarla bağlı 239 mətbu
araşdırmanın və 11 əlyazmanın adına rast gəlmək
mümkündür.
L.Kriçinski
1917-ci il fevral inqilabına qədər Rusiya paytaxtında fəaliyyət
göstərən “Polşa, Litva, Ukrayna və Belorusiya
Tatarları Cəmiyyəti”nin məsul katibi, inqilabın ilk
aylarında isə
Petroqrad Müsəlman Klubunun sədri olmuşdu. Bu
klub Rusiya imperiyasının ziyalı türk-müsəlmanların
bir araya gəlməsi və köklü dəyişikliklər
dövründə
fəal siyasi həyata cəlb edilməsi istiqamətində
müəyyən işlər görmüşdü. Leon
Kriçinskinin Petroqrad tatar
qvardiya alayının təşkilində də müəyyən rolu
olmuşdu.
1918-ci
ilin baharında qardaşı Olqerd və dayısı Aleksandr
Axmatoviçlə birlikdə çoxsaylı Polşa
tatarları “desantının” tərkibində tarixi vətən
saydıqları Krıma gələn Leon iyun-oktyabr
aylarında general Masey Sulkeçin qurduğu hökumətdə
dövlət dəftərxanasının rəisi kimi
çalışmışdı. Eyni zamanda,
tarixi araşdırmalarını davam etdirmiş, Krım
arxivlərindən yararlanaraq “Ucqarlarda rus siyasəti
oçerkləri” ümumi başlığı altında sənədlər
və materiallar toplusu hazırlamışdı. Həmin
materiallar tezliklə “Krım tatarlarına dini təzyiq
göstərilməsi məsələsinə dair” (1919) və
“Krım tatarlarının maarif və mədəniyyətinə
qarşı mübarizə”(1920)
adları altında Azərbaycan Cümhuriyyəti
dövründə Bakıda, Zəhmətkeş Türk
Ziyalıları İttifaqı xətti ilə nəşr
olunmuşdu.
General Denikinin zərbələri altında Sulkeviç
hökuməti süquta uğradıqdan sonra Olqerd və Leon
Kriçinski qardaşları da soydaşları olan bir qrup
Polşa tatarı ilə birlikdə Azərbaycana üz
tutmuşdular.
Öz milli dövlət institutlarını formalaşdırmağa
başlayan Cümhuriyyətin türk ruhu,
türkçülük duyğusu ilə yaşayan belə
insanların bilik, təcrübə və idarəçilik
qabiliyyətinə ehtiyac böyük idi. Leon Kriçinski Nazirlər Şurası sədrinin
8 may 1919-cu il tarixli əmri ilə
hökumət dəftərxanasının (indiki anlamda
katiblik, yaxud işlər idarəsinin) rəisi, habelə
“Vestnik Pravitelstva Azerbaydjanskoy Respubliki” adlı rəsmi nəşrin
redaktoru olmuş, bir müddət
həm də Nazirlər
Şurası yanındakı Xüsusi şöbənin
işinə rəhbərlik etmişdi.
Bakıda
da tarixçi - publisist fəaliyyətini davam etdirən Leon
Kriçinski burada nəşr etdirməyə imkan
tapdığı “Krım tatarlarına dini təzyiq göstərilməsinə
dair” toplusunun girişində yazırdı: “Ucqarlardakı rus
siyasəti hər yerdə qarşısına yalnız bir məqsəd-”yerli
sakinlərin” zorla ruslaşdırılması vəzifəsini
qoymuşdu. Bu işin öhdəsindən gəlmək
üçün istifadə olunan vasitələr eyni səciyyə
daşıyırdı. Ona görə də
sadəcə Krıma dair materiallarla tanışlıq həmin
siyasətin tam mənzərəsini (kursiv mənimdir - V.Q.)
açmağa kifayət edər”. Göründüyü
kimi, müəllif Krım tatarlarının faciəli taleyi
prizmasından bütün Rusiya müsəlmanlarının vəziyyətini
göstərmək istəmişdi. Hətta ilk öncə elə
düşünmüşdü ki, imperiyanın heç bir
yerində türk-müsəlman əhalinin vəziyyəti
Krımdakından pis ola bilməz. Lakin Bakıya gəldikdən
və Azərbaycan türklərinin yaxın tarixi
keçmişi, onların çarizm dövründə məruz
qaldıqları təzyiqlərlə tanışlıqdan sonra fikrini dəyişməli
olmuşdu.
O, 1919-cu
ilin sentyabrında Azərbaycan Cümhuriyyəti xarici işlər
nazirinə müraciət edərək çar hakimiyyətinin
müstəmləkə siyasətinə dair sənəd və
materialları toplamaq məqsədi ilə xüsusi
komissiyanın yaradılması təklifini irəli
sürmüşdü. Xarici işlər naziri M. Y. Cəfərovun
13 oktyabr 1919-cu il tarixli 59 saylı əmri ilə L.
Kriçinskinin rəhbərliyi altında “Zaqafqaziyanın
müsəlman əhalisinə qarşı rus siyasətinə
dair” arxiv sənədlərini toplamaq üçün komissiya təsis edilmişdi. Onun tərkibinə
Konstantin (Kərim) Sulkeviç, Nazirlər Şurası Dəftərxanasının
draqomanı (kargüzar), şair Əli Yusif Yusifzadə
(1900-1937) və daxili işlər nazirliyinin katibi Məhəmməd
bəy Ağayev (sonralar Şərq incəsənəti
üzrə dünya miqyasında tanınan mütəxəssis,
Miçiqan universitetinin professoru Məhəmməd
Ağaoğlu (1896-1949) daxil idilər. 1919-cu ilin dekabr
ayında parlamentin qanunvericilik şöbəsinin müdiri
Hüseyn bəy Mirzəcamalov (1878-1974) da komissiyanın
işinə cəlb edilmişdi. Qurumun fəaliyyətini xarici işlər
nazirliyi maliyyələşdirirdi.
L. Kriçinski və həmkarları təxminən
altı ay ərzində üç hissədən ibarət
“Oçerki russkoy politiki na okrainax” (“Ucqarlarda rus siyasəti
oçerkləri”) sənədlər məcmuəsini
hazırlayıb çap etdirmişdilər. Hökumətin sərəncamına əsasən,
toplu rəsmi dövlət nəşriyyatında, Xarici işlər
nazirliyinin vəsaiti hesabına nəşr olunmuşdu. Onun
nüsxələri parlament sədrinə, fraksiya rəhbərlərinə,
hökumət üzvlərinə, diplomatik korpus nümayəndələrinə,
qəzet və jurnal
redaksiyalarına paylanmışdı. Komissiya
işini Cümhuriyyətin süqutuna - 1920-ci ilin aprelinə qədər davam
etdirmişdi.
L.Kriçinski və həmkarlarının fədakar əməyi
nəticəsində Bakı, Gəncə, Şamaxı arxivlərindən
1863-1920-ci illərdə çarizmin Azərbaycan türklərinə
qarşı çevrilmiş milli ayrı-seçkilik və
müstəmləkəçilik siyasətini əks etdirən
onlarla sənəd aşkara çıxarılaraq ictimailəşdirilmişdi. Növbəti
hədəf daha zəngin sənəd və materialların
toplandığı, onilliklər boyu Qafqaz canişinliyinin mərkəzi
olmuş Tiflis arxivləri idi. Lakin 1920-ci
ilin aprelindəki bolşevik çevrilişi bu niyyətin həyata
keçirilməsinə imkan verməmişdi.
Bolşevik
ideoloqlarının hələ tarixi sənədlərə “əl
gəzdirməyə”, sərt qadağalar və siyasi senzura tətbiq
etməyə imkan tapmadıqları dövrdə, necə deyərlər,
isti izlərlə tərtib olunan məcmuə regiondakı rus
müstəmləkə siyasətinin sənədlərlə əks
olunmuş gerçək mənzərəsini yaradırdı.
Adıçəkilən nəşr müəllifin Azərbaycan
xalqına, onun azadlıq və müstəqillik istəyinə,
milli hiss və duyğularına
hörmətinin təzahürü kimi də diqqətəlayiqdir.
“Rus hökuməti müsəlmanların
yaşadıqları bütün yerlərdə onların dini
hisslərinə toxunurdu”, - deyə L.Kriçinski öz tarixi
torpaqlarında ikinci dərəcəli vətəndaşlara
çevrilmiş Azərbaycan türklərinin ağır vəziyyətini
təsvir edərək yazırdı. - “Bakıda, müsəlman qəbiristanlığında
Aleksandr Nevski pravoslav kilsəsinin və Aleksandr Nevski ticarət
sıralarının inşası müsəlman əhaliyə
həqarətdən
başqa bir şey deyildi. Yenə də
Bakıda, məşhur Xan sarayı kompleksinə daxil olan məscid
binası və yerli müsəlmanların müqəddəs
saydıqları Seyid Mürtəza məqbərəsi
gömrükxana idarəsinə çevrilmişdi. Rus xəzinəsi Balaxanıda müsəlman qəbiristanlığı
ərazisindən neft mədəni kimi istifadə edirdi.
Yerlərdəki rus idarəçilər də xalqın dini və
milli hisslərinə hörmətsizliklə yanaşmaq
baxımından mərkəzi hökumətdən nümunəgötürürdü.
Misal üçün, inqilabdan (1917-ci il
Fevral inqilabı - V.Q.) az əvvəl Bakı dairə məhkəməsinin
sədri M.İ.Kudryavtsevin üstündə Quran saxlanan rəhili
müqəddəs kitabla birlikdə məhkəmə
zalından çıxarmaqla bağlı verdiyi əmr
bakılıların yaxşı yadındadır”. “Zaqafqaziyada rus siyasətinə dair sənədlər”
məcmuəsində toplanan materiallar tatar müəllifin
çarizmin milli ucqarlardakı müstəmləkə siyasətini
Azərbaycanın timsalında öyrənmək
baxımından yerli tarixçiləri
qabaqladığını və onlara örnək göstərdiyini
söyləməyə əsas verir.
Leon Kriçinski Bakıda qaldığı bir ildən
çox müddət ərzində həm inzibati-idarəçilik,
həm də elmi yaradıcılıq sahələrində
yorulmadan çalışmışdı. Lakin milli hökumətin süqutu
onun da gələcəklə bağlı planlarını və
düzənli iş ahəngini yarıda qırdı.
Cümhuriyyətlə az-çox əlaqəsi olanların
hamısına qarşı total terrorun geniş vüsət
aldığı 1920-ci ilin iyununda o, Bakıdakı bolşevik
cəhənnəmindən sadəcə xoşbəxt bir təsadüf
nəticəsində xilas olmuşdu. Həmin
ilin aprelində Tiflisdə, Cənubi Qafqaz respublikaları
konfransında iştirak edən böyük qardaşı
Olqerd Kriçinski çevriliş xəbərini alandan sonra
Bakıya dönmədən Rumıniya üzərindən
Polşaya qayıda bilmişdi. Kiçik qardaşa isə
Azərbaycan paytaxtındakı Litva konsulu, tanınmış
yazıçı və diplomat Vinsas Kreve Mitskyaviçus
(1882-1954) yardım əli uzatmışdı.
Azərbaycan və Litva respublikaları arasındakı
razılığa əsasən, 1919-cu ilin martında
Bakıda Litva konsulluğu açılmışdı. Yeni dövləti
təmsil etmək isə Bakı real məktəbinin rus dili və
ədəbiyyatı müəllimi, milliyyətcə
litvalı Kreve-Mitskyaviçusa həvalə olunmuşdu.
Məhz onun köməyi sayəsində bir sıra digər həmvətənləri
ilə birlikdə L.Kriçinski də Litva vətəndaşı
pasportu almış, konsulla birlikdə əvvəlcə
Moskvaya, oradan isə 1939-cu ilə qədər Polşanın tərkibinə
daxil olan Vilnoya (Vilnüs - V.Q.) gedə bilmişdi.
Burada o,
1921-1932-ci illərdə Vilno dairə məhkəməsində
hakim, sonrakı
dövrdə isə Zamoşç və Qdınya dairə məhkəmələrinin
sədr müavini vəzifələrində
çalışmışdı. Hüquqi və
ictimai-mədəni sahələrdəki fəaliyyətini
yüksək qiymətləndirən Polşa hökuməti
1933-cü ildə L. Kriçinskini “Xidmətlərə
görə qızıl xaç” (Zloty Krzuz Zaslugi) ordeni ilə
təltif etmişdi.
Polşanın müstəqilliyə qovuşması
ölkədəki dini və milli azlıqlardan biri kimi tatar
icması qarşısında da müəyyən imkanlar
açmışdı. 1926-cı ildə Vilnoda Polşa
Tatarlarının Mədəni-Maarif Cəmiyyəti adlı təşkilat
qurulmuşdu. Cəmiyyətin iki ildən sonra
keçirilən ilk qurultayında onun Mərkəzi
Şurasını yaratmaq qərara alınmışdı.
Şuranın sədri vəzifəsinə böyük
qardaş Olqerd Kriçinski seçilmiş, Leon Kriçinski isə yenicə
təsis olunan və Polşa tatarlarının intellektual
qüvvələrini öz ətrafında toplayan “Roçnik
Tatarski” (“Tatar salnaməsi”) elmi məcmuəsinin
redaktorluğunu öz üzərinə
götürmüşdü.
Əsərlərini
Arslan bəy (Leon adının türkcəyə tərcüməsi-V.Q.),
Leon Kriçinski, Leon Mirzə Naymanski və b. imzalarla
çap etdirən
kiçik qardaş otuz ilə yaxın müddət
ərzində səmərəli
elmi-publisist fəaliyyətlə məşğul olmuş,
özündən sonra zəngin irs qoyub getmişdi. Onun din,
tarix, etnoqrafiya, hərbi iş və s. məsələlərə
dair çoxsaylı araşdırmaları iki dünya
müharibəsi arasında Polşanın “Roçnik Tatarski”, “Lyud”, “Przeglond
İslamski”, “Slovo”, “Kuryer Vilenski”, “Vsxod”, “Zyçie tatarski”
kimi qəzet və məcmuələrin səhifələrində
özünə yer almışdır. Müəllifin “Sərhəd
bölgələrində rus siyasəti”, “1831-c il üsyanı zamanı Polşa
ordusundakı Litva tatarları”, “Vilno məscidinin tarixi”,
“Polşa tatarlarının 1922-1932-ci illərə dair tarixi
biblioqrafiyası” və başqa araşdırmaları faktların
zənginliyi və yanaşma tərzinin
prinsipiallığı baxımından bu gün də öz
elmi əhəmiyyətini qorumaqdadır. Tatar
ziyalısı məhsuldar elmi-ədəbi fəaliyyətinə
görə 1936-cı ildə Polşa Ədəbiyyat
Akademiyasının Gümüş Dəfnə (Srebrny Wawrzyn
Akademicki) mükafatına layiq görülmüşdü.
L.Kriçinski
1930-cu ildən Polşa Şərqşünaslar Cəmiyyətinin,
1932-ci ildən isə
Ölkəşünaslıq Assosiasiyasının
üzvü idi. Şərqşünaslar Cəmiyyəti
xətti ilə Türkiyə və Mərakeşdə elmi
ezamiyyələrdə olmuş, hər iki ölkədə
Polşa müsəlmanları ilə bağlı
araşdırmalar aparmışdı. Mərakeşə
səfər təəssüratları 1934-cü ildə
Vilnoda çapdan çıxan “Mərakeş günəşi”
adlı kitabda əksini tapmışdı. İslamşünaslıq sahəsindəki fəaliyyətini
yüksək qiymətləndirən ərəb dövləti
Leon Kriçinskini “Alauit taxt-tacı” ordeni ilə təltif
etmişdi. Onun tarixi keçmişinə
yaxşı bələd olduğu və tanınmış
ziyalıları ilə sıx əlaqə saxladığı
Türkiyəyə səfəri ölkənin ədəbi-mədəni
dairələrində böyük maraqla
qarşılanmışdı. Bu münasibətlə Məhərrəm
Feyzi bəy adlı müəllif populyar “Cümhuriyyət” qəzetində
“Lehistanda hakimlik yapan bir türk - Arslan bəy tatkikat icrası
İstanbula gəldi”
məqaləsini dərc etdirmişdi.
Vilnoda Polşa tatarlarının Milli kitabxanasının
və Arxivinin yaradılması L.Kriçinskinin xalqı
qarşısında mühüm xidmətlərindən biri
idi. O,
“Polşadakı tatar ailələrinin herbləri”
kitabını tərtib edən komissiyanın rəhbəri,
Polşa Tatarları Mədəni-Maarif Cəmiyyəti Mərkəzi
Şurasının üzvü, sonralar isə sədri olmuş,
Varşavadakı Müsəlman qmininə (müsəlmanların
çoxluq təşkil etdiyi inzibati-ərazi vahidi-V.Q.) rəhbərlik
etmişdi. 1932-1938-ci illərdə 3 cildini
çapa hazırladığı “Roçnik Tatarski” məcmuəsi
bu gün də yerli tatarlarının çoxəsrlik tarixi,
mədəniyyəti, dili, adət-ənənələri və
etnoqrafiyası ilə bağlı ən mötəbər
qaynaqlardan biri sayılmaqdadır. O, nüfuzu və əlaqələri
sayəsində dövrün bir çox
türkoloqlarını, tarixçi və şərqşünaslarını
nəşrin ətrafına toplaya bilmişdi. Topladığı materiallar əsasında,
habelə məsləhəti və yaxın köməyi sayəsində
qohumu, Vilno universitetinin yetirməsi, istedadlı tarixçi və
etnoqraf Stanislav Kriçinski (1911-1940) sovet işğalından
az əvvəl, 1938-ci ildə
“Litva tatarları. Tarixi-etnoqrafik
araşdırma təşəbbüsü” adlı kitabı
başa çatdırmışdı. Bu maraqlı əsərin
mətni tam şəkildə “Roçnik Tatarski”nin 3-cü
cildinə daxil edilmişdi.
L.Kriçinskinin Azərbaycan siyasi mühacirətinin bir
sıra nümayəndələri, xüsusən də
M.Ə.Rəsulzadə ilə Bakıdan başlanan dostluq
münasibətləri sonrakı illərdə Türkiyə və
Polşada da da eyni işgüzarlıq və səmimiyyətlə davam etmişdi. “Roçnik Tatarski”nin ilk
sayı çapa hazırlanarkən redaktorun - “Arslan bəyin”
xahişi ilə Məhəmməd Əmin nəşrə xeyir-dua səciyyəsi
daşıyan
“Əleyküm-salam” adlı səmimi təbrik
sözü yazmışdı. Müəllif məqaləsinin
adını onun Leon Kriçinskinin salamlarının və
arzularının əks olunduğu dostluq məktubuna cavab kimi
meydana çıxması ilə əlaqələndirmişdi.
“Polşa tatarları haqqında bizim tələbələrdən,
habelə keçmiş çar Rusiyasının böyük
şəhərlərində yaşayan dost-aşnalardan
çox eşitmişdim, - deyə Məmməd Əmin
yazırdı.
- Onlar danışırdılar ki, islam
ümmətinin Polşadakı bu nümayəndələri
türk, yaxud tatar, ya da özlərinin dediyi kimi, “müsəlman
dilini” əsla anlamadıqları halda, islamla bağlı hər
şeyə böyük sevgi ilə yanaşırdılar. Müsəlman bayram və ayinlərinin qeyd edildiyi
günlərdə məxsusi bu məqsədlə bir yerə
toplaşan türk-tatar tələbələrinin islamın
tarixi, adət-ənənələri haqda söhbətlərini
acgözlüklə dinləyirdilər. Əgər
tələbələrdən biri Polşa tatarlarının qətiyyən
anlamadıqları ərəb dilində Quran oxumağa
başlayırdısa, bu qiraətdən böyük zövq
alır və hədsiz diqqətlə qulaq asırdılar”.
Məcmuənin
ilk sayında azərbaycanlı siyasi mühacirin - Cümhuriyyətin
daxili işlər naziri Xəlil bəy Xasməmmədovun
yazısı və Azərbaycanın müstəqilliyinin Paris
sülh konfransında de-fakto tanınması ilə bağlı
təntənəli mərasimdə iştirak edən Parlament
üzvlərinin toplu şəkli də verilmişdi.
L.Kriçinskinin Ə.Topçubaşovla münasibətləri
də maraqlıdır. XX əsrin əvvəllərində Rusiya
müsəlmanlarının şəksiz lideri kimi tanınan
Əlimərdan bəyin Polşa tatarları arasında da
böyük nüfuzu vardı. “Ə.Topçubaşova
gəldikdə isə o, həyatının son günlərinə
qədər Polşa tatarları ilə sıx əlaqə
saxlayırdı - deyə L.Kriçinski azərbaycanlı
müasirini xatırlayaraq yazırdı. - 1932-ci ildə
“Roçnik Tatarski”nin ilk sayı
çıxanda ondan məktub almışdım. Bu məktubda nəşrlə bağlı çoxlu
təriflər və xoş sözlər vardı. Eyni zamanda, azadlıq uğrunda dönməz
mübariz və böyük təcrübəyə malik
tanınış yazıçı-publisist kimi Əlimərdan
bəy mənə bir sıra dəyərli məsləhətlər
verir, kütlələrlə necə işləmək,
onların maraq və diqqətini necə cəlb etmək
haqqında fikirlərini bölüşürdü”.
Azərbaycanlı
siyasi liderin Parisdən Varşavaya, tatar həmkarına
göndərdiyi və Leon Kriçinskinin
Ə.Topçubaşovla bağlı vida yazısında yer alan 14 iyul 1932-ci il tarixli məktubda deyilirdi:
“Sizi həmişə Polşa-Litva tatarları
arasındakı dostlarımdan saymışam. Belə dostlarım
isə istər Peterburq Universitetində təhsil
aldığım illərdə (1883-1888), istərsə də
rəhbərliyim altında Rusiya müsəlmanlarının
Moskva, Peterburq və Nijni-Novqorod qurultaylarının
keçirildiyi dövrdə (1905-1917) yetərincə olmuşdur. Artıq aradan müəyyən zaman
ötdüyündən təbii ki, onlardan bəzilərinin
adlarını unutmuşam, amma bununla belə Murziç,
Boqdanovski, Smoliç kimi tatar dostlarımı çox
yaxşı xatırlayıram. Sizinlə
eyni soyadı daşıyan, ən başlıcası isə
güclü qələmə malik olan və müsəlman
patriotu kimi şöhrətlənən həmvətəninizi
(ehtimal ki, professor S.Kriçinski nəzərdə tutulur-V.Q.)
yaxşı tanıyırdım. İnanmaq istərdim ki,
soydaşlarınız
arasında da məni xatırlayanlar az deyillər”.
Çox güman, atasının təsiri altında
Əlimərdan bəyin böyük oğlu, şərqşünas-alim
Ələkbər bəy Topçubaşi da Polşa
tatarlarının həyatı, tarix və mədəniyyətləri
ilə yaxından maraqlanmağa başlamışdı. 1930-cu ildə
Varşavada çıxan “Herald” dərgisində onun “Litva
müsəlmanlarının heraldikasına dair” adlı
maraqlı elmi məqaləsi dərc olunmuşdu.
Atasının
vəfat etdiyi 5 noyabr 1934-cü ildə Parisdən
L.Kriçinskiyə göndərdiyi məktubda Əli Əkbər
Topçubaşi yazırdı: “Bilirəm ki, atam sizin
soydaşlarınız haqqında da fikirləşirdi. Həm də bildiklərim sadəcə bununla məhdudlaşmır.
Atam ölümündən sonra mənim
üçün müqəddəs olan vəsiyyətlərini
qoyub gedib. Burada öz həmvətənlərimizlə,
habelə Litva və Polşadan olan din qardaşlarımızla
bağlı məqamlar var...”
Bütün bunlar Ə.Topçubaşov ailəsi ilə
Kriçinskilər arasında illər boyu davam edən dostluq
və əməkdaşlıq barəsində
danışmağa imkan verir. Leon Kriçinski
özünün “Polşa tatarları və müsəlman
Şərqi” əsərində ötən əsrin 30-cu illərində
siyasi mühacir kimi Parisdə yaşayan Əlimərdan bəylə
mütəmadi məktublaşdığını yazır və
hətta həmin məktubların bəzilərinin tarixini də
göstərirdi. Lakin İkinci Dünya
müharibəsində tatar ziyalısının arxivi tamamilə
məhv edildiyindən indi bu məktubların izinə
düşmək mümkün deyildir.
Polşa ordusunun azərbaycanlı
zabiti, polkovnik Vəli bəy Yadigarı (1892-1971) da tam əsasla
L.Kriçinskinin dost və həmfikirləri sırasına
daxil etmək olar. Çox güman ki, redaktorun təşəbbüsü
ilə o, “Roçnik Tatarski”də yaxından iştirak
etmişdi. Məcmuənin ikinci sayında Vəli bəyin
“Mustafa Əhmədoviç adına tatar
ulan alayı (1919-1921)” məqaləsi dərc olunmuşdu. Araşdırmada Polşanın müstəqilliyi
uğrunda mübarizədə tatar süvarilərinin
iştirakı ilk dəfə öz əksini
tapmışdı. V. Yadigar məcmuənin
dördüncü sayına da məqalə
hazırlamışdı. Lakin müharibə nəticəsində
“Roçnik Tatarski”nin
nəşrini dayandırması həmin
yazının işıq üzü görməsinə imkan
verməmişdi.
Maraqlıdır ki, Kriçinskilər ailəsini Azərbaycanla
qohumluq əlaqələri də bağlayırdı. Arslan bəyin
əmisi qızı Zina (Zeynəb) Kriçinska Cümhuriyyət
dövründə Bakı hərbi komendantı olan və
bolşeviklər tərəfindən güllələnən
azərbaycanlı general Firudin bəy Vəzirovla (1850-1925) ailə
həyatı qurmuşdu.
Polşanın
faşist işğalına uğradığı ilk günlərdə
- 1939-cu ilin sentyabrında Leon
Kriçinski həbs edilsə də, az
sonra sərbəst buraxılmışdı. Faşistlərin
cəngindən qurtaran kimi ilk işi zəngin arxiv və
kitabxanasının xilas edilməsi ilə bağlı təşəbbüslər
olmuşdu. Lakin buna imkan
tapılmamışdı. Tezliklə onu
yenidən həbs etmişdilər. İkinci
həbsindən sonra isə onu bir müddət Qdınya şəhəri
yaxınlığındakı Qrabovski hərbi əsir
düşərgəsində saxlanmışdılar. Həmin
ilin payızında (son araşdırmalara görə
sentyabrın 14-də ) əsasən
ziyalılardan ibarət 10 min nəfərdən çox əsirlə
birlikdə tatar mənşəli polyak vətənpərvəri
də Pyasnitsa meşələrində güllələnmişdi.
Uzun illər Polşa tatarı professor Səlim Xasbiyeviçin
rəhbərliyi altında Qdanskda fəaliyyət göstərən
Tatar Mədəniyyət Mərkəzi doğma xalqının
tarixinin öyrənilməsi, irsinin və şöhrətinin
yaşadılması üçün mühüm işlər
görmüş Leon Kriçinskinin adını
daşıyır. 2005-ci ildə Polşa Tatarları
İttifaqının təşəbbüsü ilə onun
1935-1939-cu illərdə Qdınya şəhərində yaşadığı Svietoyanski küçəsindəki
44 nömrəli evə xatirə lövhəsi vurulmuşdur.
2016-cı ilin aprelində isə Polşadakı Azərbaycan
Səfirliyinin dəstəyi və iştirakı ilə
Pomorski voyevodalığının Veyxerova şəhər qəbiristanlığında
müvafiq müsəlman və xristian dini ayinlərinin
icrası və əsgəri ehtiramla Leon Kriçinskinin məzarüstü abidəsinin
açılışı olmuşdur. Abidənin postamentinə
polyak dilində aşağıdakı sözlər həkk
edilmişdir:
“Leon
Nayman Mirzə Kriçinski. Hüquqşünas,
yazıçı, səyyah. Krımın
və Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin
fəal iştirakçısı. Polşa
tatarlarının mədəni dirçəlişinin banisi.
Borcunu yerinə yetirərkən bir tatar, polyak,
müsəlman, avropalı, Polşa Respublikasının vətəndaşı
kimi vəzifə başında həlak olmuşdur. Pyasnitsa, 10.10.2015”.
Polşa tatarlarının sağlam milliyyətçi
düşüncəyə sahib təmsilçilərindən
olan Olgerd və Leon Kriçinski qardaşları Cümhuriyyətimin
çətin və məsuliyyətli zamanında milli dövlətçiliyimizə
sədaqətlə xidmət etmişdilər. Azərbaycandan uzaqda
olduqları dövrdə də xalqımıza həqiqi məhəbbətlərini, onun nəcibliyinə,
yaradıcı potensialına və
gələcəyinə bəslədikləri böyük inam
və etimad hissini bütün həyatları boyu ürəklərində
yaşatmışdılar.
525-ci qəzet 2018.- 19 may.- S.18-19.