Yazıçı və
hüquqşünas Mustafa bəy Əlibəyov: erməni-bolşevik
məkrinin qurbanı
XX əsrin
əvvəllərində Şəkidə ədəbi
mühitin inkişafında Rəşid bəy Əfəndizadə,
Abdulla bəy Əfəndizadə, Salman Mümtaz, Rəcəb
Əfəndizadə və digərləri
kimi xalqına sonsuz məhəbbətinə
cavab olaraq sovet repressiya maşınında əzilmiş
Mustafa bəy Əlibəyov da əhəmiyyətli
rol oynamışdır.
Mustafa bəy Əlibəyov tədqiq olunan dövrün
(XX əsrin əvvəlləri nəzərdə tutulur-K.A)
tanınmış ictimai-siyasi xadimi, ədəbiyyat yaradıcısı
və təbliğatçılarından olmuşdur. Bu görkəmli
şəxsiyyət 1872-ci ildə Nuxa şəhərində
dövrünün tanınmış ziyalısı, Şəki
xan sarayının mirzəsi olmuş Cabbar bəyin ailəsində
dünyaya göz açmışdı. O, Nuxada rus-tatar
məktəbində oxumuş, uşaqlıq illərində ərəb-fars
dillərini mükəmməl öyrənmişdi. Sonralar təhsilini Bakıda və Tiflisdə davam
etdirərək, rus və fransız dillərini də mənimsəmişdir.
Mustafa bəy ictimai fikir tariximizdə təkcə
hüquqşünas kimi deyil, həmçinin, nasir, publisist,
yazıçı-dramaturq kimi də tanınmışdır.
XX əsrin görkəmli ədəbi siması Cəlil Məmmədquluzadə
“Molla Nəsrəddin” jurnalının 4 avqust 1911-ci il tarixli 28-ci nömrəsində Mustafa bəy
haqqında yazı dərc etdirmişdi. Mirzə Cəlil
yazır: “....ədəbiyyatımızın görkəmli
nümayəndəsi və məşhur vəkil Mustafa bəy
Əlibəyov dəfələrlə Qorki və Andreyev
arasındakı mübahisələri həll etmiş və
Tolstoyun özünə əxlaq haqqında moizə
oxumuşdur”.
Mustafa bəy Əlibəyov XX əsrin əvvəllərində
nasir, publisist-yazıçı, dramaturq kimi də tanınaraq
Azərbaycan Cümhuriyyəti dövründə “Yaşıl
qələm” Yazıçılar Birliyinin fəal üzvlərindən
olmuşdur. XX əsrin əvvəllərində Azərbaycanda
neft sənayesinə kapitalizmin inkişafı ilə
bağlı yaranan meyl və maraq, xalqın bu sahədə ətalət
və geriliyi, rus, xarici və erməni qəsbkarlığı
Mustafa bəy Əlibəyovu publisistik və bədii
yaradıcılığa sövq etmişdi. Bu münasibətlə
o, 1905-ci ildə “Abşeron neft cəzirəsi” məqaləsini,
1914-cü ildə isə “Məhkəmələr qapısında tökülən qanlı yaşlarımız” pyesini
yazmışdı.
Bakıda neft sənayesinin inkişafında milli qeyrət
məsələlərindən və çar məhkəmələrində
mövcud olan özbaşınalıqlar, cəhalət və
nadanlığın törətdiyi acı faciələr, vəzifə
kreslosunda əyləşən erməni məmurlarının
xalqa həqarətli baxışlarından bəhs edən bu əsərlər
uzun illər diqqətdən kənarda qalmışdır. Bu maraqlı əsərləri
ilk dəfə görkəmli ədəbiyyatşünas,
professor Xeyrulla Məmmədov 2000-ci ildə elm aləminə məlum
etmişdir. “Abşeron neft cəzirəsi”
məqaləsi quruluşca iki hissədən ibarətdir.”Fürsəti
fövtə vermək qorxusu” adlanan birinci hissədə müəllif
zəmanəsinin insanlarının
savadsızlığından, elmsizliyindən qorxaraq,
ehtiyatlanırdı ki, “hər bir qumu qızıl ilə bərabər
olan” Abşeron torpağı müasirlərinin qədrsizliyindən
əcnəbilərin əlinə keçə bilər. Müəllifin qənaətləri özünü
doğrultdu. Elmi-iqtisaddan bixəbər olan müsəlmanlar
nəfslərinə sahib ola bilməyib,
nadanlıqları ucbatından neft mədənlərini əcnəbilərə
satdılar. Bu məsələdən təəssüf hissi
keçirən müəllif yazır: “Əcəba! Bizim bəylərimiz ki, həmin yerləri əcnəbilərə
satdılar, aya özləri bir dövlətə dara
oldularmı? Xeyr! Ancaq həmin qədim cəhalətlərində
qalıb aldıqları az məbləği də həvayi-nəfsə
uymaqla bir az müddətdə gah aparıb genə əcnəbilər
məmləkətində və gahi burada eyşü-işrətə
sərf edib və etməkdədirlər”. Yaranmış
olan bu acınacaqlı vəziyyət bir millətçi
maarifsevər kimi Mustafa bəyin qəlbini ağrıdır.
Doğma vətənində əcnəbilərə
qul olmaq təhlükəsi müəllifi qorxudur. Ən dəhşətlisi isə əcnəbinin təhqirlərinə
tuş gələnlərin ayılmaq, öz haqqını
başa düşmək istəməməsidir. Elə bu vəziyyət maarifçilik ideyalarının
yayılmasını zərurətə çevirirdi ki, Mustafa
bəy Əlibəyov kimi ziyalılarımız bu mübarizənin
önündə gedirdilər. Əsərin
ikinci hissəsi “Şərakəti-hidayəti islamiyyə”
yaratmaq niyyəti və buna göstərilən üç cəhd”
adlanır. Müəllifi haqlı olaraq belə bir fikir
düşündürür: Necə olur ki, əcnəbilər
və qeyri-qonşu millətlər qərib yerdə yüzdən
artıq şirkət yarada bilir, biz yox? Əsərdən
gətirəcəyimiz faktlar ikrahdoğurucu və
düşündürücüdür. Müəllif
sanki “Yersiz gəldi, yerli qaç” ata deyiminin məzmununu
oxucusuna çatdıraraq yazır: “Bakı şəhərində
təxminən 25 min İran müsəlmanları Bakı mədənlərində
ancaq hamballıq və fəhləlik və iyirmi mindən
ziyadə Kazan müsəlmanları ancaq faytonçuluq,
telefonçuluq və dərbanlıq və otuz minə kimi ləzgi
müsəlmanları qaravulçuluq, qaradovoyçuluq, bədən
mühafizəçilik, qalayçılıq, zərgərlik
və çəkməçiliklə məşğuldur. Görəsən, əcnəbilərin elədikləri
işləri bizimkilər bacarmazmı? Bu
cahillik və nadanlıqla bağlıdırmı? Müəllifin
qənaətinə
görə, bəli! Sonra müəllif Hacı
Zeynalabdin Tağıyevin, Şəmsi Əsədullayevin,
Ağamusa Nağıyev və Murtuza Muxtarovun adlarını
çəkib onların var-dövlət sahibi olaraq hamıya
kömək etdiklərini oxucusuna xatırladır. Deməli,
inkişafın qarşısını alan
cahillik və nadanlıqdır...
...Müsəlman
üləmalarının nadanlıqdan və cahillikdən
doğan etirafları müəllifi ruhdan salmır. O, millətin
nə vaxtsa ayılacağına ümid edərək əlli
bənddən ibarət bir məramnamə hazırlayır və
Bakıda “Şərakəti-hidayəti-islamiyyə”
neft cəmiyyətini təşkil edir.
Mustafa bəy
Əlibəyovun bədii yaradıcılığının
şah əsəri sayılan, 1914-cü ildə qələmə
aldığı “Məhkəmələr
qapısında tökülən qanlı
yaşlarımız” adlı altı məclisli pyesi onun
adının milli
dramaturqlarımızın sırasına yazılmasına əsas
verir. Yuxarıda
qeyd etdiyimiz kimi, bu əsər də elm aləminə professor
Xeyrulla Məmmədovun əməyi sayəsində təqdim
edilmişdir. Alim əsəri əski ərəb qrafikasından Kiril
əlifbasına çevirərək tədqiqatçı Fərrux
Ağasıbəyliyə təqdim etmiş və əsər
2001-ci ildə nəşr edilmişdir. Bu
maraqlı səhnə əsəri Mustafa bəy Əlibəyovun
xidməti vəzifəsinin təsiri ilə
yazılmışdır. Həyatından
göründüyü kimi, müəllif həmin dövrdə
məhkəmələrdə baş müstəntiqin
dilmacı və vəkil işləmişdir. Çar məhkəmə və divanxanalarında
baş alıb gedən özbaşınalıq və
süründürməçiliklər, erməni məmurların
özbaşınalığı və xalqa həqarətli
baxışları müəllifin gözləri
qarşısında baş vermişdi. Bu qəziyyələr
bir növ realist görüntülərin bədii təcəssümünə
çevrilmişdi. Pyes mövzu və
ideyaca nə qədər aktual mahiyyət daşısa da,
cüzi nöqsanlardan da kənar deyildir. Əsərin
dilinin ağırlığı XX əsrin əvvəllərində
mövcud vəziyyətlə bağlı olsa da, əsərdəki
personaj çoxluğu dram sənətinin tələblərini
pozmuşdur. Çünki personaj
çoxluğu əsərin məzmununun mənimsənilməsinə
mənfi təsir göstərir. Ancaq qeyd
edilənlər heç də müəllif qayəsinə xələl
gətirmir.
Əsərin birinci pərdəsi süjetin
ekspozisiyasını təşkil edir. Dramaturq bu pərdənin
remarkasında təsvir edir ki, hadisələr Zənbur kəndində,
yüzbaşı məhkəməsində vaqe olur. Mustafa bəy müasiri və yaxın dostu Cəlil Məmmədquluzadənin
yolu ilə gedərək hadisələri Azərbaycanın
coğrafi məkanında olmayan bir kənddə cərəyan
etdirmişdir. Bu ad təbii olaraq müəllifin ideya məqsədinə
uyğun seçilmişdir...
...Əsərdə
erməni vəkil Arşak bəy kəndlilərin
pullarını əllərindən alıb özlərini isə
axmaq adlandıraraq deyir: “A kişi! Bu müsəlmanlar
nə əhməq adamlardır. Quruca ətəyini
aç, quş-quş ilə dalına düşüb gəlsinlər.
Qafqazın hər bir şəhərində
dustaqxanalar müsəlman müqəssirləri ilə doludur.
Biz din üstə, millət üstə
özümüzü qurban ediriksə, amma bu müsəlmanlar
xoruz üstə, qoyun üstə, qumar üstə və
cürbəcür cəfəngiyyat üstə ədavət
törədib qudurmuş canavar kimi bir-birini nahaq yerə
qırıb, puç olub qazamatlarda çürüyürlər.
Budur, silistçidə, palatda, prokurorda,
okrujnoysudda - hər yerdə baxılan işlərin yüzdə
doxsanı müsəlman işidir. Müsəlman
belə olmasa, mənim kimi vəkillər acından
qırılardı. Bunların elmdən, mərifətdən
geri qalmaları bizim nəfimizdir. Biz gərək
çalışaq ki, müsəlmanlar elmdən məhrum
qalsınlar”. Erməni məkrinin tarixi
köklərini öyrənmək üçün mənfur
erməninin yuxarıdakı monoloqu qorxmaz müəllifin cəsarətindən,
xalqı öz haqqını başa düşmək
çağırışından irəli gəlirdi. Bəlkə də bu vətənsevər insanın
repressiya maşınında əzilməsində bu əsər
bəhanə rolunu oynamışdı. Mustafa
bəy Əlibəyovun vermək istədiyi ideya əsərin
bu bölməsində vermiş olduğu maarifçi Mirzə
Mustafa bəy vasitəsilə açıqlanmışdır.
Bu əsər milli dramaturgiyamızda dahi Mirzə Fətəli
Axundzadənin “Mürafiə vəkillərinin hekayəti”ndən
sonra insan hüquqlarının qorunmasına, məhkəmə
işlərinə həsr edilmiş dolğun bir əsər
kimi özünəməxsus yer tutur.
Mustafa bəy Əlibəyovun bədii irsində bir
librettosu da diqqətçəkicidir. Əsər “Cəllad
mülkədarın qurbanı” adlanır. O, əsəri
rus dilində qələmə almışdır. Fərrux Ağasıbəylinin qeydlərindən
aldığımız məlumata görə, əsəri Azərbaycan
dilinə Ləman Ağasıyeva tərcümə
etmişdir. Libretto yeddi hissədən ibarətdir.
Əsərdə hadisələr realist planda
verilir. Hissələr daxilində
H.Z.Tağiyevin Qızlar Gimnaziyasının müdiri
Gülbahar xanım Axriyevanın faciəsindən
danışılır.
Mənbələr M.Əlibəyovun şairanə təbiətindən
yazsalar da, o, ayrı-ayrı yerlərdə, xüsusilə,
foto-şəkillərin arxasında yazılmış
şeirlə ristisna olmaqla şeir yazmamışdır. Mustafa bəy məqalələrini
“Yuxarıbaşlı” təxəllüsü ilə
yazmışdır ki, bu da onun şəhərin ( Şəki şəhəri nəzərdə
tutulur - K. A) “Yuxarıbaş”
adlanan məhəlləsində yaşaması ilə
bağlı olmuşdur.
Mustafa bəy mətbuat tariximizdə həyat
yoldaşı Xədicə xanım Əlibəyova ilə
birlikdə Azərbaycanda ilk dəfə olaraq “İşıq”
adlı qadın məcmuəsi nəşr etdirmişdir. Bu məcmuədəki
yazıların bir qismi rus dilində verildiyindən
“İşıq”ın nuru həm də başqa şəhərlərə
düşürdü. Belə ki, Tiflisdə,
Moskvada, Kiyevdə bu məcmuəni oxuyurdular. Bu nurlu
şəxsiyyətin ömür yolu ilə bağlı uzun
illər tədqiqat aparan Fərrux Ağasıbəyli yazır:
“Mustafa bəy Əlibəyova əbədi hörmət
qazandıran əməllərdən biri də onun Nuxada (indiki
Şəki) xalqın “Yaşıllıq səltənəti”
adlandırdığı, böyük fiziki zəhmət
bahasına ərsəyə gətirdiyi “Mustafa bəyin
bağı” adlı həmişəyaşar gözəl
guşə olmuşdur. Azərbaycanlılar
arasında yaşıllığın, gözəlliyin dostu,
bağbanı çox olmuşdur və indi də var. Fəqət
onların heç biri Mustafa bəyin şöhrət zirvəsinə
qalxa bilməmişdir”. Sinəsində
böyük ürəyin döyünməsinə, millətini
dərin məhəbbətlə sevməsinə baxmayaraq, bu
maarif və elm fədaisi qırmızı imperiya tərəfindən
1937-ci ildə güllələnmişdir. Professor
Ədalət Tahirzadə Mustafa bəy Əlibəyovun saxta
ittihamlarla günahlandırılması ilə bağlı
arxiv sənədlərini “525-ci qəzet”in 2007-ci il 17 fevral
sayında dərc etdirdiyi “Mustafa bəy Əlibəyov şəxsiyyəti
sənədlərin güzgüsündə” adlı məqaləsində
oxucuların diqqətinə çatdırmışdır.
Kamil ADIŞİRİNOV
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet 2018.- 22 may.- S.4.