"Ədəbiyyatı uşaqlıqdan
sevmişəm"
MAŞTAĞA
QƏSƏBƏSİNDƏKİ 108 SAYLI TAM ORTA
MƏKTƏBDƏ ŞAİR, PUBLİSİST RƏŞAD
MƏCİDLƏ GÖRÜŞ KEÇİRİLİB
Dünən Maştağa qəsəbəsindəki
108 saylı tam orta məktəbdə Azərbaycan
Yazıçılar Birliyinin
Gənclərlə iş
üzrə katibi,
"525-ci qəzet"in baş
redaktoru, şair, publisist Rəşad Məcidlə görüş
keçirilib.
Görüş məktəbin müəllimi,
AYB-nin üzvü, gənc yazar Aygün Məmmədzadənin
təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi
günü çərçivəsində
baş tutub.
Tədbirdə məktəbin rəhbərliyi,
müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
Əvvəlcə qonaqlar və tədbir iştirakçıları
Rəşad Məcidin
yaradıcılığını əhatə edən yazılarından, kitablarından
ibarət sərgi ilə tanış
olublar.
Görüşü giriş sözü ilə açan A.Məmmədzadə Rəşad
Məcidin həyat və yaradacılığı
haqqında geniş məlumat verib, onu sözə, ədəbiyyata bağlı
şair, vicdanlı publisist, səmimi, təvazökar, gənc istedadlara qarşı diqqətli insan kimi xarakterizə edib. Bildirib ki, bugünkü görüş
şagirdlərə yaradıcılıq
həvəsi, sözə,
ədəbiyyata, poeziyaya
məhəbbət aşılamaq,
onları şairin dünyasına bir az da yaxınlaşdırmaq məqsədi
daşıyır.
Məktəbin direktoru Böyükağa
Əhmədov belə
görüşlərin şagirdlərin
dünyagörüşündə, təfəkküründə əhəmiyyətli
rol oynamasından söz açıb, şagirdlərlə görüşmək
təklifini qəbul etdiyi üçün qonağa təşəkkürünü
bildirib.
Hər zaman azyaşlı oxucularla ünsiyyətə xüsusi
önəm verdiyini deyən Rəşad Məcid başda Böyükağa Əhmədov
olmaqla məktəb rəhbərliyinə, kollektivinə
və görüşün
təşəbbüskarı Aygün Məmmədzadəyə
təşəkkür edib. A.Məmmədzadənin
həm də AYB-nin üzvü olduğunu xatırladan qonaq bu cür
tədbirlərin keçirilməsinə
təşəbbüs göstərən,
Yazıçılar Birliyi
ilə məktəblər
arasında əlaqə
yaradan belə gənc pedaqoqların fəaliyyətinin xüsusi
önəm daşıdığını
bildirib: "2008-ci ildən
keçmiş Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü
ilə Azərbaycan Yazıçılar Birliyi
nəzdində Gənc
Ədiblər Məktəbi
yaratdıq. Birliyin Gənclərlə iş üzrə katibi olduğumdan ədiblər
məktəbi də mənə həvalə olundu. O məktəbi yaratmaqda məqsədimiz iki il ərzində ayda bir və ya
iki dəfə gənc qələm sahiblərini yaşlı,
təcrübəli yazıçılarla
görüşdürmək, onlarla ünsiyyət nəticəsində dünyagörüşlərinin,
ədəbiyyatla bağlı
bilgi və təcrübələrinin artmasına
şərait yaratmaq idi. Bu zamana qədər üç Gənc Ədiblər Məktəbi fəaliyyət
göstərib. Bugünkü görüşün təşkilatçısı,
sizin müəlliminiz
Aygün Məmmədzadə
də III Ədiblər
Məktəbinin müdavimidir.
Gözəl qələmi və
ədəbiyyat sevgisi,
savadı olmaqla bərabər, Aygün xanım həm də çox çalışqan, zəhmətkeş
gənclərimizdəndir. Bu zəhmətinin və istedadının nəticəsidir ki, o, həm də Yazıçılar Birliyinin
üzvüdür. Aygün xanım
kimi ədəbiyyatı
sevən və ədəbi prosesi yaxından izləyən müəllimlərimizin varlığı
təhsilimizin yüksək
inkişafına və
gənc nəslin sağlam yetişməsinə
olan ümidlərimizi
artırır. Mən inanıram
ki, onun bu məktəbdə keçirtdiyi görüşlər
bununla yekunlaşmayacaq,
belə təşəbbüslər
gələcəkdə də
davam etdiriləcək".
Daha sonra qonaq özünün uşaqlıq illəri, ədəbiyyata gəldiyi
dövr, ilk yazıları
haqqında danışıb. Deyib ki, özünün gənclik illəri ilə müqayisədə
indi gənclərə
dövlət tərəfindən
ayrılan diqqət və qayğı daha çoxdur: "Mən həm Yazıçılar Birliyində,
həm də
"525-ci qəzet"də gənclərlə bilavasitə
ünsiyyətdə oluram,
onlar üçün
dövlətimizin yaratdığı
imkanları görürəm
və heyrət edirəm. Hərdən də özümün
ədəbiyyata ilk gəldiyim
illər yadıma düşür. Heç bir
dövrdə istedadlı
gənclər üçün
bu qədər geniş şərait yaradılmayıb. İndi Yazıçılar
Birliyinin qapısı
hər bir gənc istedadlı yazıçı üçün
açıqdır. Gənc Ədiblər
Məktəbi ədəbi
mühitə bu illər ərzində onlarla yazar bəxş
edib ki, onlardan bir çox
bu gün çağdaş Azərbaycan
ədəbiyyatının simasını
təşkil edir.
2007-ci ildən bəri hər il
birliyin üzvü olan 20 gənc yazara Azərbaycan Respublikası Prezidentinin illik təqaüdü verilir. Gənclər və İdman Nazirliyi hər il 2 fevral
Gənclər günü
ilə əlaqədar
müxtəlif sahələr
üzrə il ərzində fərqlənən
gənclərə mükafatlar
təqdim edir. Hər il
ədəbiyyat sahəsindən
iki gənc bu mükafata layiq görülür. Bundan əlavə, keçirilən
digər bir çox tədbirlərdə,
layihələrdə də
gənclərimiz önə
çəkilir, onlara
özlərini tanıtmaları
və təsdiq etmələri üçün
hər cür şərait yaradılır".
Sonra şagirdlər
R.Məcidin və digər şairlərin yaradıcılığından poeziya nümunələri
səsləndirib, özlərinin
qələmə aldıqları
şeirləri oxuyublar.
4-cü sinif şagirdi
Rüqəyya Eyyubovanın
R.Məcid yaradıcılığından
söylədiyi "Bayrağım",
6-cı sinif şagirdi
Nərmin Abdullayevanın
dediyi Əli Kərimin "Qaytar ana borcunu" şeirləri tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Azyaşlıların
belə çətin
şeirləri əzbərdən
və gözəl qiraətlə söyləməsini
xüsusən bəyənən
R.Məcid uşaq yaşlarından şeir əzbərləməyin əhəmiyyətindən
söz açıb:
"Əgər gələcəkdə
gözəl nitqə,
aydın təfəkkürə,
özününüzü səlis və düzgün ifadə etmək qabiliyyətinə
malik olmaq istəyirsinizsə, indidən
çoxlu şeirlər
əzbərləyin. Yeniyetmə vaxtlardan
ədəbi əsərlər
oxumaq, şeirlər əzbərləmək həm
yaddaşı gücləndirir,
həm də insanın söz ehtiyatını artırır.
Mən ədəbiyyatı uşaqlıqdan
sevmişəm. Şeir əzbərləmək
isə ən sevdiyim məşğuliyyətim
olub. Hətta 15-16 yaşlarımda 4-5 saat dayanmadan müxtəlif şairlərimizin
şeirlərini əzbər
deyirdim. İndiyə qədər də o şeirlərin bir çoxu yadımdadır.
Bu gün burada
şeir söyləyən
uşaqlara heyran qaldım. Onlar elə çətin və irihəcmli şeirlər seçiblər
ki, onları belə səlis və aydın qiraətlə əzbərdən
demək heç də asan iş
deyil. Mən buna görə
həm o uşaqları,
həm də onların müəllimlərini
alqışlayıram".
Görüşün davamında şagirdlər
ədəbiyyat, şeir,
Rəşad Məcidin
həyat və yaradıcılığı ilə
bağlı onları
maraqlandıran sualları
qonağa ünvanlayıblar. Onlardan Həsən Məlikov, Zəhra Məmmədova, Zemfira Məmmədova, Hüseynağa Məmmədov,
Zəhra Muradova, Xədicə Fərziyeva və başqaları maraqlı sualları ilə seçiliblər.
Sualları ətraflı cavablandıran
R.Məcid Qarabağla,
Şuşayla bağlı
uşaqlıq xatirələrini
bölüşüb, deyib
ki, doğulduğu Laçın rayonunun, orta məktəbdə oxuduğu Ağdamın, çox sevdiyi Şuşanın, ümumiyyətlə,
Qarabağın itkisi onu ən çox
göynədən yaradır:
"Bunu həmişə
hər yerdə deyirəm ki, Şuşa mənim ən sevdiyim və bütünlüklə
heyran olduğum şəhərdir. Mən çox
tezliklə yenidən
o torpaqlara qovuşacağımıza
inanıram".
Qonaq
"525-ci qəzet"in yaranması
və fəaliyyəti,
onun gənc jurnalistlər üçün
yaratdığı şərait
haqqındakı sualları
da cavablandırıb:
"Mən həm bədii, həm də publisistik yaradıcılıqla məşğulam.
1992-ci ildə yaratdığımız "525-ci qəzet" müstəqillik
illəri Azərbaycan
mətbuatında mədəniyyətə,
incəsənətə, ziyalılarımıza
böyük önəm
verən qəzetlərdəndir.
Bugünkü tədbir də
Xalq Cümhuriyyətinin
100 illik yubileyinə həsr olunduğundan deyə bilərəm ki, qəzetimizdə hər zaman Cümhuriyyətimizlə bağlı
yazılar çap olunur. Məsələn, neçə illərdir
ki, hörmətli professorumuz Şirməmməd
Hüseynovun Cümhuriyyətlə
bağlı silsilə
yazıları, Vilayət
Quliyevin məqalələri
çap olunur.
Eyni zamanda, qəzetimiz hər zaman öz səhifələrində
gənclərə də
yer ayırıb. Uzun illərdir,
biz Bakı Dövlət
Universitetinin Jurnalistika
fakültəsinin tələbələri
ilə əməkdaşlıq
edirik. Qəzetimizin
bugünkü 22 may buraxılışının
dörd səhifəsində
həmin tələbələrin
Cümhuriyyətimizin 100 illiyi
ilə bağlı yazıları çap olunub".
R.Məcid şagirdlərdən birinin sualına cavab olaraq onun
sözlərinə yazılmış
mahnılardan da bəhs edib: "Sevilən müğənnimiz
Xumar Qədimova ilk dəfə mənim şeirlərimdən birinə
mahnı bəstələmək
istədiyini deyəndə
etiraz etmədim. Və o,
"Bir də gəlməyəcək" şeirimi
seçdi. Bu şeirin quruluş etibarilə musiqiyə uyğun olmadığını
düşündüyümdən necə bir mahnı
olacağı ilə bağlı şübhələrim
vardı. Amma Xumar
xanım çox gözəl bir mahnı yazmışdı.
Ondan sonra o, mənim "Sənə görədir"
şeirimə də mahnı bəstələdi
və adını dəyişib "Səbəbi
sənsən" elədi.
Hər iki mahnı publika tərəfindən
böyük sevgi və maraqla qarşılandı. Ondan başqa
gənc bəstəkar
Aysel Kərim də mənim sözlərimə mahnı
bəstələyib. Təbii ki,
bütün bunlar mənimçün çox
xoşdur".
Sonda qonaq görüşdən və
şagirdlərin hazırlığından
məmnunluğunu dilə
gətirib və təşkilatçılara təşəkkürünü
bildirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 23 may.- S.4.