Kiçik küçəmizin Böyük rəssamı

 

Əyalət və Sənətkar

 

Mənim doğulduğum ata ocağı cənub mirvarisi Astarada, Qum küçəsində yerləşir, sovet dönəmində Leninin adını daşıyırdı.

Bu kiçik və səliqəli asfalt küçə şəhərin girəcəyindəki bayraq meydanından başlayıb Azərbaycanla İranın sərhəd dirəklərinə dirənir, uzunluğu 2 kilometr ola, ya olmaya, amma onun sakinləri arasında şöhrətli, tanınmış şəxsiyyətlərin siyahısı o qədər uzundur ki, iki vərəqə  sığmaz. Sizə onlardan biri, qonşum və uşaqlıq xatirələrimin "qaradinməz dostu" kimi tanıdığım, fırça ustası Firudin Quliyev haqqında söhbət açmaq istəyirəm.

Firudingilin evi bizdən əlli-altmış metr aralıdadır; uşaq vaxtı hərdən onların həyətinə gedərdik, bacısı Afaq xanımla bir sinifdə oxuyurdum. Mənim "Smena-8" markalı fotoaparatım vardı, şəkil çəkməyi xoşlayardım, Firudingilin həyət-bacası da əsl gülüstan idi, o gözəl mənzərələri fotoaparatla çəkmək, sonra da xüsusi məhlulda isladıb çıxartmaq uşaq çağlarımızın ən gözəl marağı və məşğuliyyəti idi. Xüsusilə aprel-may aylarında rəhmətlik Arifə xala və Mövsüm əminin zəhməti sayəsində laləzara dönən Firudingilin həyət-bacasının ecazkar mənzərəsi indi də gözümün qabağındadır; köhnə qırmızı kirəmitli birmərtəbəli evin aynabəndindən baxçaya qədər uzanan ətirli sırğayi gül kollarından sallanmış sarı, mavi, bənövşəyi ləçəklər, ağ-qırmızı qızılgüllər, yasəmənlər, sarımtıl zanbaqlar...qaranquşların, sığırçınların və insana ən yaxın dost sərçələrin bir-birinə qatışan civiltiləri, böyür-başımızda hürkə-hürkə gəzişən sarıdimdiklərin bizim şıltaq rəftarımızdan hoppanıb kol-kos arasına sığınması...ömrümüzün ağrısız, həm də şairanə anlarını yaşadırdı. Belə bir həyət yalnız rəssam böyüdə bilərdi. Sakit təbiətli Firudin bizdən yaşca böyük idi. Bu qaradinməz yeniyetmə oğlanın əyin-başı həmişə müxtəlif rənglərlə bulaşıq olardı; biz, məhəllə uşaqları, bilirdik ki, o, fırçayla rəsmlər çəkir, ya da hansısa yerli tədbir üçün eskiz, yaxud tərtibat hazırlayır, buna bir o qədər əhəmiyyət verməzdik. Lakin elə o vaxtdan hamı kimi biz də onu "rəssam Firudin" çağırardıq. 

 Həyat bizim küçənin uşaqlarını böyüdüb müxtəlif səmtlərə yönəltdi, biri-birimizdən ayrı düşdük. Çox sonralar "Sovet Astarası" qəzetiylə əməkdaşlıq etdiyim günlərin birində redaktor və dostum  Azər Abdullayev respublikamızda RSFSR Ədəbiyyatı və İncəsənəti ongünlüyünün keçiriləcəyi xəbərini verəndə əlavə etdi ki, qonaqların bir dəstəsi Astaraya gələcək, buna görə də tədbiri işıqlandırmalıyıq. Tədbir Mədəniyyət evində olacaqdı və təbii ki, oranın tərtibat, dizayn işlərini Firudinə tapşırmışdılar. Redaksiya binası Mədəniyyət evinə yaxın olduğundan tez-tez ora gedib Firudinin əl işlərinə, dekorlarına tamaşa edər, zövqünü bəyənərdik; Azərlə birgə hazırladığımız məqalələrimizin birində Firudin barədə xoş sözlər də yazmışdıq. O zamanlar nə biləydik ki, bizim kiçik küçəmizdə Böyük bir rəssam yetişir! Nə biləydik ki, Azərbaycanın balaca bir əyalət şəhəri Firudin Quliyev kimi istedadlı fırça ustasını böyüdür!

 Onun sənət əsərlərinin əsas cəhətlərini qeyd etməmişdən öncə xüsusi vurğulayım ki, Firudin öz ata ocağını dünyanın heç bir şəhərinə dəyişməyib, yenə Astaradakı həmin həyətdə yaşayır. Bu dəfə Astarada olanda qonşuma baş çəkdim, emalatxanasına baxdım.  Rəhmətlik ata-anasının qurduğu o köhnə ev də durur, həyət-baca da öz yerindədir, güliçək də... Firudin isə köhnə evlərinin arxasında  ikimərtəbəli bir ev ucaldıb. Məni də təzə evdə qarşıladı, pilləkənlərlə qabağa düşüb apardı emalatxanasına. Yan-yana düzülmüş molbertlər diqqətimi çəkdi, öyrəndim ki, bunların hamısını özü alıb, tələbələri üçündü. Emalatxanada bir tələbəsi də vardı, işləyirdi, öyrənirdi. Astarada Firudin Quliyev "məktəbi" var, onun əlinin altından neçə-neçə rəssam və tərtibat ustası çıxıb. Onların səsi-sorağı beynəlxalq sərgilərdən gəlir.

Firudinin yaradıcılığına onun sənət dostları, əməkdar incəsənət xadimi, sənətşünas-alim  Ziyadxan Əliyev, əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Asif Azərelli də qiymət veriblər, onun əsərləri barədə dəyərli fikirlər söyləyib, rəssamlıq sənətinə verdiyi töhfələrdən, əsərlərinin mövzu rəngarəngliyindən danışıblar.  Firudin mənə bir kitab bağışladı, müəllifi tanınmış muzeyşünas etnoqraf-alim, YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının üzvü Əfqan-Cövhər Şəfiyevdir. Kitabçanı vərəqləyirəm, burda Ümummilli liderimiz Heydər Əliyevin, SSRİ xalq rəssamı Tahir Salahovun, Özbəkistanın xalq rəssamı, akademik Əsgərəli Əkpərovun, Rusiyadan, Ukraynadan, Belarusdan və s. ölkələrdən olan tanınmış xalq rəssamları və incəsənət adamlarının bizim rəssamın əsərləri və şəxsiyyəti barədə xoş sözləri yer alıb. Kitaba ön sözü Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yazıb. Bu kitabda diqqətimi çəkən rəylərdən  biri də Belarus Respublikasının xalq rəssamı, Belarus Rəssamlar İttifaqı sədrinin birinci müavini, akademik Rıqor Sitniçanın sözləri oldu: "...Firudin Quliyevin əsərlərində peşəkar ustalıqdan savayı, Azərbaycan xalqının müqəddəs dini-mənəvi dəyərlərinə həssas sənətkar münasibəti gördüm, rəssam bu münasibəti çox gözəl ifadə və təsvir edir; bu da müəllifin Allah və ölkəsi qarşısında şəxsi məsuliyyəti dərk etməsinin parlaq sübutu və təzahürüdür..."

 Onun sənətkarlığını dünyanın bir çox görkəmli rəssamı, tanınmış ictimai-siyasi xadimi etiraf edib, bu gün də etiraf edir. O, Azərbaycan təsviri sənətini dəfələrlə digər ölkələrdə böyük müvəffəqiyyətlə təmsil edib. 2011-ci ildə Tatarıstan Respublikasının Yelabuqa şəhərində keçirilən VI beynəlxalq simpoziumunda "Altın çiçək" medalına, Tatarıstan Respublikası Mədəniyyət Nazirinin xüsusi diplomuna layiq görülüb. Rusiyada, Çexiyada və digər ölkələrdə rəssamın əsərləri dövlət Qalereya kolleksiyalarına daxil edilib və sərgilərdə nümayiş etdirilib. Müəllifin üç əsəri Naxçıvandakı Heydər Əliyev Mərkəzinin kolleksiyasına daxil edilib.

Öz zövqümə inandığım üçün bir cəhəti mütləq qeyd etməliyəm: Firudin Quliyev Azərbaycanın əyalətdə yaşayan novator rəssamıdır. Nədir onun novatorluğu? Firudin dünya rəssamlıq sənətində ilk olaraq İslamın müqəddəs kitabı Qurani-Kərimin 114 surəsindən 60-nı təsviri sənətə gətirib və onları, necə deyərlər, fırçasının gücü və məharətiylə "təfsir" edib. Mən "təfsir"in orijinal məzmunu və fəlsəfəsini, habelə məntiqli izahının yeni forma və üsulla bədii təsvirini nəzərdə tuturam. Qurani-Kərimin müxtəlif surələrində mövzusu, motivi, sirli mənası onun çəkdiyi rəsmlərdə sadə polifoniya kimi görünür, lakin bunlar ilk baxışdan belədir, əsərlərə bir qədər dərindən nüfuz edəndə burdakı dərin məzmunlu elmi, fəlsəfəni anlamaq istəyirsən, heyrətlənirsən, təsvir edilən cizgilər, detallar, irili-xırdalı predmetlər yerli-yataqlı və bir-birini tamamlayır; Nuhun gəmisindəki detalların digər səmavi kitablarla -  Tövrat və İncillə də əlaqəsini tutmaq olur; bu rəsmlər sanki vəhy kimi fırçayla düşüncənin harmonik səyi ilə bizə bədii-fəlsəfi, həm də ibrətamiz hekayətlər söyləyir. Rənglər, elementlər, predmetlər də personajlar kimi danışır, çoxmənalı ünsürlər kimi təqdim edilir, bizə uzaq əsrlərin, müqəddəs dini baxışların lakonik semantikasını söyləyir. Misal üçün, "Nuhun gəmisi", "Əshabi-kəhf", "Qurban", "Kəbə", "Möcüzə, "Mağara", "Beşik", "Böyük xəbər", "Loğman" və s. surələrin məzmunlu lövhələri gözəl nümunələrdir. Bu əsərlərdə Söz və Təsvir vəhdəti,  mənəvi saflığa, fanatizmdən uzaq dinə, imana çağırış var. Sənətşünas-alim Ziyadxan Əliyev etiraf edir ki, Firudinin bu mövzudakı əsərləri "Azərbaycan təsviri sənətində yeni səhifədir".

Mənimlə söhbətində Firudin qeyd etdi ki, 114 surənin hamısına bədii görkəm verəcək, onları təsviri sənətdə də əbədiləşdirmək istəyir,  öz bədii ifadə üslubuna sadiq qalaraq dini-mənəvi məzmunlu əsərlərini davam etdirəcək.

Qeyd edim ki, Firudin Quliyev savadlı rəssamdır; o, Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib, daha sonra isə V. Muxin adına Leninqrad (indiki Sankt-Peterburq) Ali Rəssamlıq Akademiyasını bitirib, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Firudin dünyadakı cərəyan və tendensiyalardan xəbərdardır, lakin bütün bunlar ona təsir etmir, onun öz yolu, öz cığırı, öz üslubu var.  Firudin Quliyevin gözəl portret rəsmləri, təbiət lövhələri orijinal rəng çalarlarına və çoxqatlı elementlərinə, fəlsəfəsinə görə də diqqəti cəlb edir. Onun vətənpərvərlik mövzusunda çəkdiyi əsərlər, Xocalı soyqırımına həsr elədiyi rəsmlərin sənət baxımından misli yoxdur.

Əlbəttə, hər bir sənət əsəri yaradıcılıq prosesinin məhsuldur; o sənətkar qiymətlidir ki, bu prosesdə düşünür, məntiqlə düşünür, bütün ağlını, düşüncəsini, hiss və emosiyasını, məntiq və fəlsəfəsini əsərinə ötürür; bəlkə elə buna görədir ki, sənət əsəri insana təsir edir. Bu proseslə daimi məşğul olmağın özü sənətkardan istedaddan əlavə güc və enerji tələb edir. Firudinin yaratdığı əsərlər tam orijinaldır. Bu cəhət çox önəmlidir. Sənətin meydana qoyduğu əsərlə, təbiətin meydana gətirdiyi əsərin fərqi də bundadır.

Təsviri sənətlə məşğul olan çox az rəssam var ki, təbiətin əsrarəngiz rəsmini olduğu kimi deyil, öz düşüncəsindən və məntiqindən süzülən mifik və mistik lövhələrlə yaratsın. Düşünürəm ki, təsviri sənətdə düşüncənin, fikrin, məntiqin, fəlsəfənin estetikası elə budur. Onunla maraqlı söhbətlərimiz oldu və mən bir daha əmin oldum ki, bizim kiçik küçəmizin Böyük bir rəssamı var - o, təkcə rəssam deyil, qədim adətnənlərimiz, tariximiz, ədəbiyyatımız və incəsənətimiz haqqında səhih bilgiləri olan bir sənətkardır, onu danışdırmasan da, bu bilgiləri müəllifi olduğu rəsm əsərlərindən almaq olar. Firudinin qədim türk tayfalarının inancları, mənəvixlaqi dəyərləri barədə maraqlı mülahizələri var. Söhbətlərindən doymaq olmur. Arabir təəccüb və heyrət də edirdim - görəsən, əyalətdə belə bir sənətkar yetişə bilərmi?

Ondan ayrılandan sonra bu suala əminliklə təsdiq cavabı verdim: Firudin kimi sənətkarlar çox az-az gəlir həyata, onun sənət əsərləri bizim xalqımızın mənəvi sərvətidir. Bu yaxınlarda  yubileyini qeyd edən sənətkarımıza can sağlığı, uzun ömür, yaradıcılıq sevincləri arzusuyla deyirəm:

- Əziz dostum, sənətkarın yaşı olmur!

 

 

Kamran NƏZİRLİ

Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü

19 may 2018-ci il

 

525-ci qəzet.-  2018.- 23 may.- S.8.