"Cənubi
Azərbaycana salam"
Bugünlərdə
Neftçaladakı Heydər Əliyev Mərkəzində Azərbaycan
Yazıçılar Birliyinin (AYB) Muğan
bölməsi və Neftçala Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə AYB-nin Cənubi Azərbaycan ədəbiyyatı bölməsinin sədri Sayman Aruzun
yaradıcılığına həsr olunmuş
"Cənubi Azərbaycana salam" adlı
görüş keçirilib.
Tədbirdə şərqşünaslıq doktoru,
professor İlham Rəhimli, şair Oqtay Rza, millət vəkili
Jalə Əliyeva, AYB-nin Qarabağ bölməsinin sədri
Ənvər Əhməd, Xalq artisti, tarzən Ağasəlim
Abdullayev, Xalq artisti, kaman ustası Fəxrəddin Dadaşov,
Əməkdar artist Zakir Əliyev, xanəndə Zeynal Əhmədov
və digər incəsənət və adamları iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan
yazıçı-publisist Ruhəngiz
Əşrəfqızı tədbirin keçirilməsinə
göstərdiyi dəstəyə görə Neftçala
Rayon İcra Hakimiyyətinin başçısı
İsmayıl Vəliyevə təşəkkürünü
bildirib.
Sonra Cənubi Azərbaycan
ədəbiyyatı nümayəndələrinin həyat
və yaradıcılığını əks etdirən video-çarx təqdim olunub.
Video-çarxın təqdimatından sonra səhnəyə
yazıçı Sayman Aruz dəvət olunub. Əvvəlcə
yazıçının tərcümeyi-halı və
yaradıcılığı haqqında
iştirakçılara məlumat verilib. Sonra söz alan S.Aruz görüş
iştirakçılarına doğulduğu
Cənubi Azərbaycanın Sulduz şəhəri,
təhsili, Bakıya gəlişi və yaradıcılıq fəaliyyətində
danışıb.
Sonra söz musiqiyə verilib. Musiqiçilərin
ifasında nəğmə çələngi, xüsusi ilə
əməkdar artist Zakir Əliyevin və xanəndə Zeynal
Əhmədovun ifaları məclis
iştirakçılarının alqışları ilə
qarşılanıb.
S.Aruz yaradıcılığında iki mövzunun - Vətən
və məhəbbət mövzularının daha qabarıq
olduğunu bildirən tədbirin aparıcısı R.Əşrəfqızı onun
poeziyası haqqında danışıb, özünü
torpaqdan, Vətəndən ayrı düşünməyən şairin
yaradıcılığından VƏTƏN mövzusunun qırmızı xətlə keçdiyini vurğulayıb:
Onsuz da torpağın olacaq bədən,
Torpağın üstü də, altı da vətən.
Torpaqdan başqasın
geyinmərəm mən,
Bu torpaq mənimdi,
mən də torpağın.
Sonra qiraət ustası Zeynəb Muradova S.Aruzun "Gözlərin şeirdir"
şeirini səsləndirib.
Tədbirdə çıxış edən millət vəkili, professor Jalə Əliyeva anası, mərhum şair Nurəngiz Günün Sayman Aruzla tanışlığından,
onu övladı kimi qəbul etməsindən, qarşılıqlı
hörmətə söykənən
ailəvi dostluq körpüsünün salınmasından
danışıb. O, yazara
yeni yaradıcılıq
uğurları arzulayıb.
Şərqşünaslıq doktoru, professor İlham Rəhimli də tədbirdə çıxış edərək
S.Aruz yaradıcılığı
haqqında xoş sözlər söyləyib,
Cənubi Azərbaycan
ədəbiyyatının çağdaş
qolunu təmsil edən yazara uğurlar arzulayıb.
Sonra R.Əşrəfqızı S.Aruzun
"Yüz il inqilab" romanından söz açaraq əsərin Xalid Hüseynin "Çərpələng
uçuran"
romanı ilə
səsləşdiyini vurğulayıb,
cənublu soydaşlarımızın
mövcud rejimə boyun əymədiyini, mübariz olduğunu bildirib: "Romanın əsas obrazı olan Seyid uşaqlıq
sevgilisi Raziyə ilə zindanda üz-üzə gəlir.
Raziyə Güney
Azərbaycanın milli
azadlığı uğrunda
döyüşənlərdən biridir. Seyid məmur olduğundan
Raziyəyə işgəncə
verilməsini ona tapşırırlar. Seyid Raziyəni
gördükdə ürəyindəki
uşaqlıq sevgisi yenidən alovlanmağa başlayır. Seyidin teokratiyanın
yalanlarından bərkimiş
ürəyi sevginin qarşısında yumşalır.
Seyid teokratiyanın qaydalarına
tabe olmur, rejimin tələblərinə
əməl etmir.
O, ürəyinin hökmünə
qulaq asır. Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə aparan insanların yanında olmağa qərar verir".
Romanın geniş təhlili şair Ənvər Əhməd tərəfindən davam etdirilib. Ə.Əhməd yazarın
qələmə aldığı
əsəri yüksək
qiymətləndirərək qeyd edib ki,
əgər S.Aruz yaradıcılığı
yalnız bu romandan ibarət olsaydı, yenə də ədəbiyyat aləmində öz sözünü deməyə
kifayət edərdi.
Sonra söz alan şair Oqtay Rza həm rayon ictimaiyyəti, həm də yerli yazarlar
- Zabil Pərviz, "Xəzər" ədəbi
birliyinin sədri, şair Soltan Abbas, İmamverdi Zeynalov, Zərxanım Ülvi, Fərhad Əzizbəyli, Cəmaləddin
Babayev və Zaur Ərmuğanın adından Sayman Aruza bir
daha "xoş gəldin" deyib, ona yaradıcılıq
uğurları arzulayıb.
Tədbirin sonunda çıxış
edən S.Aruz tədbirin təşkil olunmasına və xoş münasibətə
görə Neftçala
Rayon İcra Hakimiyyətinin
başçısı İsmayıl
Vəliyevə,
AYB-nin Muğan bölməsinin sədri Nəbi İbrahimova, Neftçala Qadın Resurs Mərkəzinin sədri Gülqədəm Mirzəzadəyə
dərin təşəkkürünü bildirib.
R.NƏCƏFOVA
525-ci qəzet.- 2018.- 23 may.-
S.8.