Dilçilik
terminlərinin izahlı lüğəti
Dildə xalqın mənəviyyatı, mənəviyyatda
isə xalqın dili mövcuddur (Humbolt). Bu baxımdan xalqın həm mənəviyyatında,
həm də dilində çoxsayda terminlər təsvir
olunur.
Həmin terminlərin mühüm bir hissəsi
də linqvistik terminlərdir. Bu terminlər elmi əsərlərdə istifadə
olunduğu kimi, leksikoqrafik mənbələrdə də
(lüğətlərdə) öz interpretasiyasını
bu və ya digər dərəcədə tapır.
"Leksikoqrafiya informasiya xarakterli bu və ya başqa
sorğuların təmin edilməsi istiqamətində iş
görə tətbiqi elmdir" Bu nəzərə alınaraq
dilçilik terminləri lüğəti T.V.Jerebilo,
O.S.Axmanova, İ.S.Kulikova, D.V.Salmina, T.V.Matveeva, V.N. Yartseva,
D.E.Rozental, M.A.Telenkova və b. tərəfindən tərtib edilmişdir.
Dildə yeni linqvistik istiqamətlər
öz növbəsində xüsusi terminlər sistemini meydana
çıxarır. Bu terminlərin
linqvistik təbiəti izahlı lüğətlərdə də
şərh olunur, ümumi anlayışlar, dilçiliyin hissələri
və s. həmin mənbəyə hopdurulur. İzahlı
lüğətlərdə əsas diqqət terminlərin
verilməsinə, ayrılmasına yetirilir, tədqiqat
metodları aydınlaşdırılır, təyin olunur.
A.V.Superanskaya yazır ki, "professional nitq mədəniyyəti
problemi nəinki onu öyrənməklə kifayətlənir,
o cümlədən, bu nitqin tərkib hissəsi olan terminoloji
vahidləri bir lüğət məqaləsində cəmləşdirməkdən
və lazımi qaydada izahını verməkdən ibarətdir".
S.Sadıqovanın rəhbərliyi ilə
hazırlanmış lüğətdə lüğət məqaləsinin
sayı linqvistika elminin son uğurlarını əks etdirir.
İzahını tapan termin vahidlərin sayı
7500-dən çoxdur. Lüğət AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutunun əməkdaşları professor Sadıqova S., filologiya
üzrə fəlsəfə doktorları Hüseynova N.,
Abdullayeva İ., Novruzova S., Həsənli-Qəribova Ş.
(İzahlı dilçilik terminləri lüğəti.
Bakı, "Elm", 2018, 912 s.; Redaktorlar: akademik İ.Həbibbəyli,
M.Nağısoylu; rəyçilər: akademik N.Cəfərov,
prof. Q.Kazımov) tərəfindən
hazırlanmışdır. Lüğət ondan istifadə edənlərin
diqqətini bir neçə baxımdan cəlb edir: 1) dil barədə
elmin tərkib hissəsi olaraq; 2) məlumat ədəbiyyatının
başlıca elementlərindən biri kimi.
Məlumat funksiyasını əhatə edən
lüğət tərkibində müxtəlif qrup terminlər
izah olunmuşdur: 1) ənənəvi linqvistik terminoloji vahidlər,
əsas fonetik, fonologiya, morfemika,
sözyaradıcılığı, leksika, morfologiya və
sintaksisin əsas anlayışlarını ifadə edən
terminleksemlər; 2) dilçilik nəzəriyyəsinə aid
terminlər; 3) müasir linqvistik tədqiqatlarda işlənən
terminlər; 4) terminleksemlər, dilçiliyin tədqiqat
metodları ilə əlaqədar; 5) linqvoüslubi terminologiya;
6) ədəbiyyatşünaslıq terminologiyası, mətnin
linqvistik interpretasiyası prosesində istifadə olunan terminlər;
7) ritorikaya, nitq mədəniyyətinə aid terminlər; 8)
psixolinvistik terminlər; 9) koqnitiv-praqmatik paradiqmanı əks
etdirən terminlər və s.
Hər bir dilçilik termininin lüğət
məqaləsində (maddəsində)
formalaşdırılması prinsipinə əməl
olunmuşdur. Leksikoqrafik informasiya terminoloji sahə zonasında
verilir. Bu zonada terminin ekstralinqvistik amilləri
göstərilir. Ümumi situasiya, mətnin struktur təsviri, modelləşdirilmiş
sahə zonası, mətnin üslubi sistemi, funksional üslub
zonası və s. Bu lüğətdə leksikoqrafik
informasiyanın 20-dən çox tipini müəyyən etmək
olar. Lüğət məqaləsinin
struktur zonasında yuxarıda qeyd olunan zonaların səciyyəvi
xüsusiyyətləri şərh olunur. Bəhs
etdiyimiz lüğətdə leksikoqrafik təsvir, traktovka
(şərh) hər bir terminoloji vahid arasındakı əlaqəni
müəyyənləşdirir. Şərh
olunan dilçilik terminlərinin hər biri ümumi kateqorial əlamət
daşıyır. Ümumi fərdi əlamət
hər bir termin üçün xas olan cəhətlərdəndir.
Göründüyü kimi, terminin
başlıca əlaməti lüğət məqaləsinə
əks olunur. İkinci,
üçüncü dərəcəli əlamətin
izahına yol verilmir. Lüğətdə terminoleksem tərkibi
fonetikanı, söz yaradıcılığını,
morfologiya, sintaksisi, leksikoqrafiyanı, mətn nəzəriyyəsini,
koqnitiv dilçiliyi və s. əhatə edir.
Lüğət məqalələri müxtəlif tip
leksikoqrafik informasiyanı, terminleksemin kompleks təsvirini əhatə
edir. Burada müəllif
idiolekti əks olunur. Lüğət məqalələrində
dilçilik terminlərinin definisiyası verilmişdir, izah və
şərhlər hər bir termin və terminoloji ifadənin məzmun
və mahiyyətini dolğunluğu ilə əks etdirir;
Terminlər lüğətdə əlifba
sırası ilə düzülmüşdür. Terminin fakültativ elementi
dırnaq içinə alınmışdır. Bu lüğətdə elmi və metodiki prinsiplər
ön plana çəkilmişdir. Müxtəlif
linqvistik məktəblər müxtəlif sayda linqvistik
anlayışları özündə ehtiva edən terminləri
formalaşdırmışdır. Buna
görə də linqvistikanın metadil problemi lüğətdə
görünür. Dilçilikdə metadil
problemini həll etmək qarşıda duran əsas məsələlərdən
biri kimi özünü göstərir. Metadil
(təsvir dili, ikinci dərəcəli dil) dilçiliyin termin
bazası əsasında təsvir olunur. "Linqvistik
terminologiya" anlayışının ekvivalenti kimi
"linqvistik metadil" terminindən də istifadə olunur.
Azərbaycan dilində
terminşünaslığının inkişafı bizi əhatə
edən bütün elm sahələri ilə bu və ya digər
dərəcədə əlaqədardır. Elmin
bütün sahələrinin özünəməxsus
terminoloji vahidləri vardır ki, bu da onları bir-birindən
fərqləndirir.
Azərbaycanda dilçilik elminin
özülü qoyulanda, bu elmi əhatə edən terminoloji
vahidlərin toplanmasından, sistemə salınmasından,
unifikasiyasından söhbət gedə bilməzdi. Hazırda linqvistik terminlərin sayı
artmış və
qloballaşma şəraitində daha da
artmaqdadır. Ona görə də linqvistika
elminin hazırkı inkişaf dövründə ayrıca
xüsusi dilçilik terminləri lüğətinə
ehtiyac vardır. Təhlil etdiyimiz
lüğət bu ehtiyacı ödəyir.
"Dilçilik terminləri vahid lüğətdə
izahlı şəkildə təqdim edilsə, bu sahədəki
boşluq tədricən aradan qalxa bilər" - bu fikri Kamil Vəli
Nərimanoğlu "Azərbaycan dilçilik terminləri
lüğəti"nin tərtib prinsiplərini
müəyyənləşdirən zaman demişdir. Bu fikirdən uzun müddət keçir. İndi dünya dillərində təkcə
ümumi linqvistik terminlərin lüğəti
yaradılmır, eyni zamanda, dilçiliyin ayrı-ayrı sahələri
üzrə (məsələn, fonetika terminləri lüğəti,
sintaksis terminləri lüğəti və s.) tərtib edilir.
Ümumi linqvistik anlayışlar elmin fonetika, fonomorfologiya,
morfologiya, sintaksis, lneksikologiya, linqvoüslubiyyat və s. sahələri
əhatə edir.
Respublikamızda leksikoqrafik işlər müstəqillik
illərində də genişlənməyə
başlamış, Azərbaycanda elm, təhsil, mədəniyyət
sahəsində həyata keçirilən tədbirlərdən
ən vacibi ola bilmişdir. Təbii
ki, məhz bu epoxada əsas diqqət müxtəlif elmlərlə
bağlı termin lüğətlərin tərtibinə verilir
və elmi biliklərin öyrənilməsindəki ehtiyacı
ödəmək üçün əvvəlki lüğətlərlə
qənaətlənmək mümkün deyil. Çünki əvvəlki lüğətlərdə
yeni meydana çıxan elmi terminlər tam biçimdə
öz əksini tapa bilmir, xüsusən də onları tapmaq,
istifadə etmək də müəyyən çətinliklər
yaradır. Təkcə elmi işçilər,
dilçiliklə məşğul olan insanlar
üçün deyil, həm də tələbələrə
linqvistik fənlərin aşılanması üçün
dilçilik terminlər lüğətinin tərtib
olunması vacib metodik məsələlərdən biridir.
Tədris prosesində tələbə və
müəllimlər həmin terminləri bəzi hallarda
düzgün işlətmirlər. Artıq
Azərbaycanda leksikoqrafik işlərin daha mükəmməl
aparılması üçün əlverişli şərait
yaradılmış, lüğətçiliyimizin təkcə
praktik əsasları deyil, həmçinin də nəzəri
problemlərinin öyrədilməsi sahəsində çox
mühüm işlər aparılmışdır.
İzahlı lüğətin elmi-nəzəri bazası
dilimizin ilk izahlı lüğətinin yaradılması sahəsində
uzun illərdən bəri aparılan iş təcrübəsinin
elmi yekunlaşdırılması nəticəsində ortaya
çıxmışdır. Bəllidir ki, elmlərin
inkişafı terminşünaslıqda öz inikasını
tapır. O cümlədən, dilçilik elmi öz
formalaşma və inkişafını, hər şeydən
öncə, bu sahənin terminologiyası üzərində də
qurmuş və qurmaqdadır. Başqa sözlə, linqvistika elmi inkişaf
prosesi nəticəsində öz terminologiyasına çox
böyük töhfələr verə bilmişdir.
Azərbaycan dilçilik terminlər
lüğəti linqvistikanın nəzəriyyəsi və
tarixi məsələləri, qabaqcıl dilçilik təcrübəsi
sahəsində zəruri olan leksik-terminoloji vahidləri əhatə
edir. Dilçilik terminləri lüğətinə
yalnız milli terminlər deyil, həmçinin, rus və
Avropa mənbəli terminlər
də daxil edilmiş, bu da onu ensiklopedik bilik mənbəyi kimi
daha da zənginləşdirmişdir. Lüğətin
tərtibindən məqsəd-dilçilik elminin müxtəlif
sahələri, bölmələrini əhatə edən
anlayışlar haqqında elmi ictimaiyyətə əhatəli
geniş məlumat materialı vermək, elmi işçilərin,
müəllimlərin, tələbələrin gündəlik
təcrübi fəaliyyətinə kömək etməkdən
ibarətdir.
Lüğətdə əsas yeri milli
linqvistik anlayışlar, elmi-nəzəri məfhumlar
haqqında yığcam məlumatlar tutur. Hər bir lüğət məqaləsində
müxtəlif quruluşda olan dilçilik terminlərinin əsasən
məzmunu açılır.
Lüğət məqalələrində
hər bir terminin sabitləşmə potensialı
artmış və bu yolla dilin terminoloji sistemi möhkəmlənmişdir. Lüğət məqalələri
üçün seçilmiş dilçilik terminlərində
dilin öz daxili qanunauyğunluqları ilə yanaşı,
digər sosial amillər də nəzərə
alınmışdır. Belə ki,
xalqın sosial tərkibinin inkişafı ilə bağlı
dilimizin inkişafı da dialektik vəhdət təşkil
edir. Lüğətdə Azərbaycan
dilçilik terminlərinin müasir linqvistik elmin tələbləri
səviyyəsində işlənmə zəruriliyi nəzərə
alınmışdır.
Son illər F.de Sössürün, E.Benvenistin və
başqalarının əsərlərinin Azərbaycan dilinə
çevrilməsi nəticəsində Azərbaycan dilinə
"yad" terminlər gəlmiş və həmin terminlər
də bu lüğətdə yer almışdır.
Lüğətdəki terminlər istifadəsində
milli zəmin, dilin dərin qatlarından yerli-yerində istifadə
edilmişdir. Beynəlmiləl və ümumtürk dilçilik
terminləri ümumi dilçilik terminoloji fondunun ayrılmaz
hissəsidir; bu sahədə unifikasiyanın olması
dilçilik elminin tədrisi işi üçün, həmçinin
də dilçilik nəzəriyyəsi üçün də
faydalıdır. Həmçinin,
dilçiliklə həm hüdüd olan elm sahələrinin
də terminlərinə müəyyən qədər yer
ayrılmışdır. Respublikamızda
izahlı lüğətin meydana gəlməsi bu xalqın
elmi və mədəni həyatında əlamətdar bir hadisə
olmaqla qalmır, alimlərin birmənalı etirafına əsasən,
onun başqa türkdilli lüğətlərin
formalaşdırılması işinə də müəyyən
köməyi olmuşdur.
Elmin başqa sahələrinin terminoloji
sistemlərində olduğu kimi, dilçiliyin terminoloji
sistemində də daim təkmilləşmə, zənginləşmə
prosesi gedir. Bu proses bir tərəfdən
Azərbaycan dilinin bilavasitə öz sözlərindən
müxtəlif üsul və vasitələrlə yeni linqvistik
terminlərin əmələ gətirilməsində, digər
tərəfdən isə digər dillərdən hazır
terminlərin alınaraq işlədilməsində
özünü göstərir. Vaxtilə ərəb və fars dillərindən çoxlu sayda qrammatikaya
dair terminoloji vahidlər götürülmüşdürsə
də, həmin proses indi avtomatik olaraq
dayandırılmışdır.
Dilçilik terminlərinin verilməsi iki
istiqamətdə aparılmış, bir tərəfdən
öz milli, bir tərəfdən də alınmalar hesabına
bu sahədə üzə çıxan terminlər
toplanmış, sistemə salınmışdır. Dilçilik elmi ilə bağlı dərsliklərdə,
monoqrafiyalarda öz əksini tapan terminlər toplanaraq lüğətdə verilmiş, izahı
göstərilmişdir. Bu da Azərbaycan dilində
dilçilik terminologiyasının formalaşması və
inkişafını təmin edir. İnkişaf nəticəsində
məlum olmuşdur ki, digər sahələrdə olduğu
kimi, dilçilik elmində də terminlərin böyük bir
qismi öz sözlərimizdən, başqa bir qismi isə
alınmalardan ibarətdir. Onların yaranma mənbələri
leksik-semantik, morfoloji və sintaktik səviyyələrdə
özünü göstərmişdir.
Qeyd edək ki, dilçiliyə dair terminoloji vahidlərin
toplanması, sistemləşdirilməsi və izahının
verilməsinə hələ XX əsrin əvvəllərindən
başlanmışdır. Bu sistemi özündə əks
etdirən lüğətlər tərtib edilmişdir. D.Quliyevin tərtib etdiyi "Rusca-azərbaycanca dil və
qrammatika terminləri lüğəti" (1939),
"Dilçilik terminləri lüğəti" (1954),
Ə.Fərəcəovun bu sahədəki işini də qiymətləndirmək
olar. 1989-cu ildə M.Adilov,
Z.Verdiyev və F.Ağayevanın
"İzahlı dilçilik terminləri (sorğu
lüğəti) lüğəti"ni də dəyərləndirməklə, bu
gün çapdan çox nəfis formada nəşr
edilmiş bu lüğətin çox faydalı
olacağına tam olaraq əminik.
Azərbaycan dilçiliyində terminologiya sahəsində,
onun nəzəri və praktik məsələləri ilə əlaqədar
ən çox araşdırmalara sahiblik edən S.A.Sadıqova
olmuşdur. S.Sadıqova
həmin problemlə əlaqədar müntəzəm məşğul
olmuş, bu elmin Azərbaycanda nəzəriyyəsini
inkişaf etdirmişdir.
"Dilçilik terminləri
lüğəti" dilçiliyin ümumi
anlayışlarının, Azərbaycan dilçiliyinin məcmusudur.
Hər bir termin üçün onun mənası təyin və
təsvir olunur. Bu lüğət Azərbaycan dilində və
ümumi dilçilikdə faydalı olan müxtəlif
tapşırıqların yerinə yetirilməsi üçün
faydalı və önəmlidir. Mövcud izahlı lüğətdə
Azərbaycan dilçilik terminologiyasının zənginləşməsi
üçün üçüncü mənbə kimi Avropa
dillərindən alınan terminlər geniş izahını
tapmışdır. Lüğətin yeni məziyyətlərindən
biri dilçilik terminlərinin ana dilimizdə düzgün
izahının verilməsidir. Bu da həmin dilə xas olan dil
faktları və hadisələrinin mənimsənilməsi
üçün terminlərin böyük rola malik olduğunu
göstərir. Vahid bir elm olan dilçilik son illər öz
bölmələrinin sayını durmadan
artırmışdır. Həmin sahələrin meydana
çıxması yeni linqvistik
üsullarla bağlıdır.Lüğətdə
dilçilik terminləri sözün həqiqi mənasında,
qaydaya salınmışdır, müəyyən qayda və
prinsiplər çərçivəsində təqdim
olunmuşdur. Belə lüğətin olması universitetlərdə,
elmi müəssisələrdə tədqiqatların və tədrisin
keyfiyyətinin daha da yaxşılaşmasına xeyli kömək
etmiş olardı.
S.Sadıqovanın rəhbərliyi ilə çap
edilmiş izahlı dilçilik terminləri lüğətinin
ünvanı geniş dairəni əhatə edəcək: tələbələr,
aspirantlar, doktorantlar, müəllimlər, elmi işçilər,
dilçilik elmi ilə maraqlananlar.
Lüğətin leksikoqrafik cəhətdən
yüksək qiyməti vardır. Linqvistik terminologiya XX-XXI yüzilliklərdəki
materialları da əhatə edir. Materialların ekstralinvistik interpretasiyası
koqnitiv-praqmatik düzülüşün nəticələrini göstərir.
Yeni hazırlanmış bu lüğət müasir terminləşmənin,
termin istifadənin normalarını əks etdirir; bu
baxımdan lüğətin dəyəri daha yüksəkdir.
İsmayıl KAZIMOV
AMEA-nın Nəsimi adına
Dilçilik
İnstitutunun Müasir Azərbaycan dili
şöbəsinin müdiri,
filologiya elmləri doktoru,
professor.
525-ci qəzet.- 2018.- 23 may.- S.7.