Şahnaz Şahin:
"Yazmağa tələbəlik illərindən
başlamışdım, amma..."
"... YAZDIQLARIMI BÖYÜK
AUDİTORİYA QARŞISINA ÇIXARMIRDIM"
Müsahibimiz Sabirabad rayonunda yaşayıb-yaradan
şair Şahnaz Şahindir.
- Şahnaz xanım, bu günlərdə Azərbaycan Yazıçılar
Birliyi tərəfindən
"Rəsul Rza mükafatı"na layiq görüldünüz.
Bu münasibətlə sizi təbrik edirik və təəssüratlarınızı öyrənmək istərdik.
- Təşəkkür edirəm.
Etiraf edim ki, bu
mükafat mənim gözlədiyim, illərlə
ona doğru yol gəldiyim bir mükafatdır. Mən hələ uşaq yaşlarımdan Rəsul Rza poeziyasının oxucusuyam. Sonralar bu ailəni
daha yaxından tanınıdım və onlara böyük rəğbətim yarandı.
Rəsul
Rza haqqında yazı yazarkən düşündüm ki, onun həyat yoldaşı və Azərbaycan ədəbiyyatında
özünəməxsus yerə
sahib xanım şair Nigar Rəfibəyli haqqında yazmamaq günah olardı. Və mən onun haqqında
da bir yazı
yazdım. Yazı artıq
hazırdır və çox güman ki, bu yaxınlarda
elə doğma
"525-ci qəzet"də çap olunacaq.
Şairlər heç zaman ölmürlər. Mən buna bütün
qəlbimlə inanıram.
Çünki söz Allahdan
yaranıb, ondan bağışlanıb. Şairlər də Yerdə bu sözün daşıyıcıları, yaşadıcılarıdır.
Eləcə də Rəsul
Rza, Nigar Rəfibəyli kimi şairlərimiz hər zaman yaşayırlar.
Mən də necə ki, Rəsul Rza yaradıcılığına
sevgim, hörmətim hesabına onun haqqında yeni bir söz demək
üçün yazı
yazmışdım, sevinirəm
ki, bu zəhmətim
hədər getmədi.
Onun haqqında iki yazı təqdim etdim. Biri "Rəsul Rza
poeziyasının çağdaşlığı"
adlanırdı. O, məqalə
idi. Digəri isə ona həsr etdiyim poema idi. Rəsul Rza şeirlərinin birində "darısqallıq
həddi" deyə bir ifadə işlədir. Mən də
poemamın adını
elə "Darısqallıq
həddi" qoydum.
Zənnimcə, həm məqaləm,
həm də poemam uğurlu alındı ki, bu gün bu
mükafata layiq görüldüm. Həm də
mükafatı təqdim
edərkən Xalq şairimiz Fikrət Qocanın söylədiyi
"Şahnaz xanım
elə şairdir ki, o, Rəsul Rza haqqında yazmasaydı da, bu mükafata layiqdir" sözləri məni çox qürurlandırdı. Başda birliyin
sədri, Xalq yazıçımız Anar
müəllim və Fikrət müəllim olmaqla əməyi keçən hər kəsə təşəkkürümü
bildirirəm. Belə bir
insanlarla çiyin-çiyinə
dayanmağıma və
onlarla bir yerdə söz demək məqamına çatmağıma görə
çox xoşbəxtəm.
- Nə zamandan yazırsınız?
- Adətən, deyirlər ki, uşaqlıq yaşlarımdan yazıram.
Amma mən uşaq vaxtı heç nə yazmamışam.
Buna baxmayaraq, yaxşı oxucu olmuşam. Yazmağa tələbəlik illərindən başlamışdım.
Amma yazdıqlarımı böyük
auditoriya qarşısına
çıxarmırdım, yalnız universitet jurnallarında, qəzetlərində
çap olunurdum.
1996-cı ildən isə ədəbi mühitə qayıtdım.
Yenə də üzə çıxarmırdım. İlk dəfə yazdığımı
bilən insanların təkidi ilə regionun "Suqovuşan"
qəzetinin redaktoru Pakizə xanıma şeirlərimi təqdim etdim. O da, sağ olsun, çap elədi. 1997-ci ildə isə
mərkəzi mətbuata
ilk çıxışım "525-ci qəzet"lə oldu.
Ondan sonra mətbuatla daha sıx əlaqə
yaratmağa başladım.
- Həmişə olduğu
kimi, indi də ədəbiyyatın
əsas mərkəzi
paytaxt Bakıdır. Siz isə Bakıdan kənarda yaşayırsınız.
Məsafələr ədəbi mühitdə
qaynayıb-qarışmağınız üçün çətinlik
yaradırmı?
- El arasında belə bir söz var,
padşah harada yaşayırsa, orada yaşa. Çox çətindir. Mən heç zaman yaradıcı adamları şəhərli və ya əyalət yazıçısı kimi
bölmürəm. Amma həqiqətə
qalanda o yaradıcı
mühit ki var, o mühitdən çox şey öyrənmək olur, həmin mühit də Bakıdadır.
Təbii,
mühit adamı şair eləmir. Şairlik insanın öz içərisindən gəlir.
Poeziya insanın ruhunda olmalıdır. Bu gün rayonda fəal yaradıcılıqla
məşğul olan yazarlarımız var ki, onlar ədəbi
mühitdə tanınırlar.
- Orada ədəbi birlik fəaliyyət göstərirmi?
- "Aran" ədəbi
birliyi var, 4-5 rayonu əhatə edir. Sərvaz Hüseynoğlu rəhbəridir.
Bəzən geniş miqyaslı
tədbirlər təşkil
olunur. Bizim öz rayonumuzda
isə vaxtaşırı
yeni, gənc yazarlar bir yerə
yığılıb ədəbi
müzakirələr aparırlar.
Buna əsasən "Suqovuşan" qəzetinin
əməkdaşı Elçin
müəllim rəhbərlik
edir. Təəssüf ki, işimlə
əlaqədar mən
o tədbirlərdə çox
iştirak edə bilmirəm. Onlara uğurlar diləyirəm.
- Regionda mətbuatla əlaqə necədir?
- Normaldır. Poçt sistemi vasitəsilə
hər gün yeni qəzetlər, jurnallar bizə çatdırılır.
- Oxunurmu?
- Bəli, oxuyanlar var. İstər yerli qəzet, istərsə də Bakıdan gələn qəzet və jurnallar böyük maraqla oxunur.
- Nə zamansa Bakıya gəlməyi istəmisinizmi?
- Bu, mənim ən yaralı yerimdir. Mən hər zaman Bakıda yaşamağı
arzulamışam. Bakını bir şəhər olaraq hələ tələbəlik illərimdən
çox sevmişəm.
İndi də Bakımız gündən günə gözəlləşir, inkişaf
edir, müasirləşir.
Artıq
paytaxtımızın Avropa
şəhərlərini ötdüyünü
desəm yanılmaram.
Ancaq bizim xatirələrimizdə
bir köhnə Bakı var. Biz həmişə
o Bakının fikrini
çəkirik. Orada qoyub
gəldiklərimiz var. O zaman
mən çox istədim ki gəlim. Ancaq Bakıda qeydiyyatın
olmadan yaşamaq mümkün deyildi. Tibb universitetini bitirib təyinatla buradan getdim. Sonralar isə bəzi
səbəblərdən geri
qayıda bilmədim.
Buna baxmayaraq, özümə söz verdim ki, mən
rayonda da, kənddə də yaşasam, şəhər
havasıyla nəfəs
almalıyam və bütün yaşantımla
bu havada olmalıyam. Şükürlər olsun ki, kəndlərimiz
də əvvəlki kəndlər deyil. Artıq onlar da gözəlləşir,
müasirləşir və
orada yaşamaq asanlaşır.
- Şahnaz xanım, sizin "Rəsul Rza mükafatı"nın təqdimatından dərhal
sonra Yazıçılar
Birliyinə yeni üzv olan gənclərin
üzvlük vəsiqələrinin
təqdimatı keçirildi.
Bu mühitə yeni gələn, ədəbiyyatda ilk addımlarını
atan bu gənclərə
tövsiyələriniz nə
olardı?
- Bu gün bu böyük
ədəbi ocağın
vəsiqəsini alan hər bir gəncimizi təbrik edirəm. Onlar bu vəsiqəni Anar və Fikrət
Qoca kimi iki böyük şəxsiyyətin, bu ocağın məhək daşlarının əlindən
alıblar. Bu, çox şərəflidir.
Mən istərdim ki, onlar sözə çox böyük məsuliyyətlə yanaşsınlar,
sözü yerində
işlətməyi bacarsınlar
və çox da iddialı olmasınlar. Bu gün o iddialar bizim yaralı yerimizdir. Görürsünüz ki, ortaya çıxası bir-iki şeiri var, ya yoxdu, ancaq
başlayıb özündən
böyüklərə, təcrübəlilərə
daş atmağa.
Mənim bununla bağlı iki gün əvvəl yazdığım bir şeirim var: "Ay dağa daş atan adam".
Dağa daş atmaqla dağ əksilməz, sadəcə
mənasız səs çıxartmaqdan
başqa. Bu da
zamanla insana utanc hissəsindən başqa heç nə gətirmir. Mən o gənclərə uğurlar
arzulayıram. Amma unutmasınlar
ki, uğur zəhmətdən və təvazökarlıqdan keçir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 23 may.- S.7.