Cümhuriyyətin 100 illiyi ADPU-da qeyd
Dünən Azərbaycan Dövlət
Pedaqoji Universitetində
(ADPU) Musiqi, təsviri
incəsənət, fiziki
tərbiyə və gənclərin çağırışaqədərki
hazırlığı fakültəsinin
təşəbbüsü və təşkilatçılığı
ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə
həsr olunmuş tədbir keçirilib.
Kuratorluğunu rəssamlar Aygün
və Elnurə İsgəndərovaların etdiyi
tədbirdə ADPU-nun rəhbərliyi,
fakültə dekanları,
kafedra müdirləri,
müəllimlər və
tələbələr, Türkiyə
Respublikasının Azərbaycandakı
səfirliyinin nümayəndələri,
yazıçılar, ziyalılar,
mədəniyyət və
incəsənət xadimləri,
jurnalistlər iştirak
ediblər. Tədbirdən
öncə iştirakçılar
Azərbaycan Xalq Cümhuriyyətinə həsr
olunmuş əsərlərdən
ibarət sərgi ilə tanış
olublar.
Tədbiri giriş sözü
ilə açan
ADPU-nun rektoru, professor Cəfər Cəfərov
bildirib ki, xalqımız böyük
tarixi hadisə ərəfəsindədir: "Hər il 28 May-Respublika Günü kimi qeyd edir.
Bu il isə
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev 2017-ci il
mayın 16-da Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında Sərəncam imzalayıb. Həmçinin,
dövlət başçımız
2018-ci il yanvar ayının 10-da
2018-ci ilin Azərbaycan
Respublikasında "Azərbaycan
Xalq Cümhuriyyəti
İli" elan edilməsi haqqında Sərəncam imzalayıb.
Bu Cümhuriyyət yalnız xalqımızın
deyil, eləcə də bütün Türk dünyasının
milli qürur mənbəyidir. Müasir
Azərbaycanın qurucusu,
ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycan
Xalq Cümhuriyyəti
az yaşasa da, xalqımızın azadlıq, müstəqillik
fikirlərini daha da gücləndirmiş oldu". Azərbaycan Xalq Cümhuriyyəti
müsəlman Şərqində
ilk parlament tipli respublikadır. Azərbaycan Xalq
Cümhuriyyəti dünyada
ilk dəfə qadınlara
seçib-seçilmək hüququ
verib. ADPU-da Cümhuriyyətin 100 illik yubileyi münasibətilə müxtəlif
tədbirlər keçirilir
və bu tədbirlərin davamlı
olması nəzərdə
tutulur. Cümhuriyyət liderlərinin həyat
və fəaliyyəti
dərindən öyrənilməli,
Cümhuriyyət dəyərləri
geniş təbliğ
edilməlidir".
Türkiyə Respublikasının Azərbaycandakı
səfirliyinin mədəniyyət
və tanıtma müşaviri, araşdırmaçı,
yazıçı İrfan
Çiftçi çıxışında
cümhuriyyət tarixi,
cümhuriyyətin Osmanlı
imperiyası ilə münasibətləri, cəditçilik
hərəkatı, cümhuriyyət
liderlərinin ideyaları
haqqında geniş danışıb. Bildirib ki,
ulu öndər Heydər Əliyev "Biz
bir millət, iki dövlətik" deyib. Yüz il bundan
öncə Azərbaycan
xalqının vətənpərvər
ruhlu, müasir, mütərəqqi və demokratik düşüncəli
övladları Azərbaycan
Xalq Cümhuriyyətini
yaratdılar. Azərbaycan Xalq
Cümhuriyyətinin Türk
dünyasının ictimai-siyasi
fikir və dövlətçiliyi tarixində
xüsusi şərəfli
yeri və mövqeyi var. Hazırda Türkiyə-Azərbaycan münasibətləri
yüksək səviyyədə
inkişaf edir. Bu münasibətlərin təməli hələ cümhuriyyət dövründə
yaranıb.
Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı,
yazıçı-publisist Nəcibə
Bağırzadə çıxışında
xalqımızın bu
böyük oğlunun
həyat və fəaliyyəti, apardığı
siyasi mübarizə haqqında ətraflı məlumat verib. Qeyd edib
ki, M.Ə.Rəsulzadə
gənclik illərindən
xalqımızın azadlığı
uğrunda mübarizəyə
başlayıb. Zəngin biliyə,
geniş dünyagörüşünə
malik olan M.Ə.Rəsulzadə Azərbaycan
Xalq Cümhuriyyətinin
yaradılmasında əvəzsiz
xidmətlər göstərib.
Cümhuriyyət dövründə Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli
bayrağımız dövlət
bayrağı kimi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin xatirəsi bizim üçün həmişə əzizdir.
Tarix və coğrafiya fakültəsinin dekanı,
dosent Şahin Pənahov, Bədii tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədri,
şair, tərcüməçi
Səlim Babullaoğlu
çıxış edərək
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti
ilə bağlı fikir və mülahizələrini
bölüşüblər.
Musiqi, təsviri incəsənət,
fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin
dekanı, dosent Laçın Həsənova
tədbirin keçirilməsinə
verdiyi dəstəyə
görə ADPU-nun rektoru,
professor Cəfər Cəfərova
təşəkkür edib.
Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb.
Musiqi, təsviri incəsənət,
fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin
II kurs tələbələri
Aslan Muradoğlu, Elşən Abbaszadə, Əhməd Almuradov sazda "Naxçıvani",
"Urfani" mahnılarını
ifa ediblər. Fakültənin III tədris
ilinin tələbələri Leyla
Həsənli, Etibar İsmayılov, Teymur Sadatov tar, kamança və nağarada "On dörd" və "Simayi-şəms" Azərbaycan
xalq rəqslərini ifa ediblər. Tələbələrin çıxışları iştirakçılar tərəfindən
maraqla qarşılanıb.
Sonda tələbə-gənclər
qonaqlara hədiyyələr
təqdim ediblər.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 24 may.- S.4.