Əlimərdan bəy Topçubaşovun
diplomatik görüşləri yeni kitab formatında
Cahangir MƏMMƏDLİ
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley
bayramı ərəfəsində daha bir kitab nəşr
edildi.
Məmnunluq
hissi ilə qeyd edək ki, Cümhuriyyətimizin 100 illiyi ərəfəsində
Azərbaycan Respublikası
Prezidentinin xüsusi Sərəcamından
tutmuş bu sahədə fədakarlıq göstərən
alim - tədqiqatçılara qədər və
bütövlükdə ümumxalq marağı kontekstində
uğurlu tədbirlər həyata keçirildi və yəqin
ki, hələ əsl ümumxalq sevgisi özünü bundan
sonra daha çox göstərəcək. Amma
etiraf edək ki, 70 ildən çox bir zaman çərçivəsində
sovet ideoloji kanonlarının qadağaları altında xalqdan
gizlədilən belə bir demokratik dövlətin özü
haqqında, onun qurucuları və fədakarları haqqında
xalqda, millətdə bəsit bilgilər belə
olmamışdır. Azərbaycanın yeni
müstəqillik çağı hər şeyi öz yerinə
qoydu. Alimlərimiz, tədqiqatçılarımız,
publisistlərimiz Xalq Cümhuriyyətinin
varlığının nəinki Şərq dünyasında,
habelə qədim Avropanın özündə belə
nümunəvi dövlət kimi meydana
çıxdığını ortaya qoymaq, onun yenidən təbliği
işində çox böyük uğurlara imza atmağa
başladılar. Bu sahədə ilk növbədə
hamımıza işıq tutan bir Şirməmməd
Hüseynov məktəbi yarandı. Bu məktəbin
"525-ci qəzet"də, ayrı-ayrı nəşriyyatlarda
işıq üzü görən əsərləri bir fəaliyyət
mexanizmi rolu oynadı. Xalq
Cümhuriyyətinin uzun müddət unutdurulmuş
qurucuları, başda Məhəmməd Əmin Rəsulzadə
olmaqla, Əlimərdan bəy Topçubaşov, Fətəli
xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy
Ağayev, Məhəmmədhəsən Hacınski, Xosrov bəy
Sultanov və b. onlarca şəxsiyyətləri haqqında
elmi tədqiqat əsərlərinin, elmi oçerklərin, məqalələrin
meydana çıxmasına zəmin yaratdı.
İndi mənim
yazı masamın üstündə bu qəbildən olan daha
bir yeni və qiymətli kitab var: "Əlimərdan bəy
Topçubaşov. İstanbulda diplomatik
görüşlər (1918-1919-cu illər)". Xalq
Cümhuriyyətinin ən fəal qurucularından biri,
M.Ə.Rəsulzadənin silahdaşı, Cümhuriyyətin
Türkiyədə fövqəladə səfiri və səlahiyyətli
naziri olmuş bu insanın İstanbul görüşləri
birbaşa Şərqin ilk demokratik dövlətinin xarici siyasətini
formalaşdırmış, onun
dünyada tanınması ilə bağlı fədakar bir
siyasi xadim ömrü yaşamışdır. Rus
imperiyasının Azərbaycan Xalq Cümhuriyyətini
susdurmasından sonra siyasi mühacir həyatı yaşayan
Ə.Topçubaşov bütün ağır məşəqqətlərə
baxmayaraq, ömrünün sonuna qədər müstəqil Azərbaycan,
milli istiqlal ideallarından əl çəkməmişdir.
Belə bir tarixi şəxsiyyətin, istiqlal fədaisinin
ömür yolunun, milli ideallara xidmət missiyasının
müasirlərimizə çatdırılması işində
onun öz əsərlərinin toplu kimi nəşrindən
imkanlı heç nə tapmaq mümkün deyil. Bu
missiyanı hələ 1994-cü ildə Azərbaycan Xarici
İşlər naziri, hazırda Azərbaycanın
Polşadakı səfiri Həsən Həsənov, Nazirlər
Kabineti yanında Baş Arxivlər İdarəsinin rəisi Ataxan Paşayev və o
zaman həmin idarənin rəis müavini Vaqif Ağayev
Ə.Topçubaşovun arxivlərdə qorunub saxlanan əlyazmaları
əsasında "A.Topçubaşev. Diplomatiçeskie
besedı" adlı bir kitabı rus dilində nəşr
etdirməklə yerinə yetirmişlər. Əlbəttə, bu çox böyük bir siyasi-ədəbi
hadisə kimi qiymətləndirilməlidir. Lakin burada dil faktoru daha böyük rol oynayır və
həmin kitabın Azərbaycan dilində oxucuya təqdim
olunması ciddi vətəndaşlıq borcu kimi
qarşıda dayanırdı. Bu vətəndaşlıq
borcunu tanınmış jurnalist publisist, tədqiqatçı,
uzun illər "Elm və Həyat" kimi oxucu rəğbəti
qazanmış bir jurnalın rəhbəri Ülkər
Hüseynova öz öhdəsinə götürmüş və
həmin kitabı Azərbaycan dilinə tərcümə edərək
nəfis şəkildə nəşr etdirmişdir.
Ə.Topçubaşovun
Türkiyə görüşlərini əks
etdirən kitab, əslində, bu böyük dövlət
xadiminin bütövlükdə ömür yoluna işıq
salır. Belə ki, topluya
ön söz yazmış tarix elmləri doktoru, professor Solmaz
Rüstəmova - Tohidi də, əsərin azərbaycanca nəşrini
təhlil edən "Azərbaycanca nəşrə dair" sərlövhəli
geniş bir məqalə ilə çıxış edən
tərcüməçi Ülkər Hüseynova da, əsərin
1994-cü ildə rus dilində buraxılan ilkin nəşrinə
"Redaktordan" sərlövhəli məqalə
yazmış Həsən Həsənov da bu və ya digər dərəcədə
Ə.Topçubaşovun Azərbaycan qarşısında xidmətlərini
qədərincə qiymətləndirmək missiyasını
da yerinə yetirmişlər.
İlk növbədə qeyd edim ki, bu yazıların hər biri Azərbaycan klassik siyasi xadimləri ətrafında çox ciddi maarifçilik vəzifəsinə xidmət etmişdir. Əlbəttə, burada ən ağır zəhmət tərcüməçinin üzərinə düşmüşdür. Doğrusu, tərcümə işinə az-çox bələd olan adam kimi kitabda toplanmış yazıların dilinə, üslubuna, Ə.Topçubaşovun üslubunun nə qədər dəqiq gözlənilməsinə diqqət etdim və belə bir qənaətə gəldim ki, burada müasir oxucuya qaranlıq qala biləcək heç bir məqam yoxdur.
Kitabın ilk səhifələri onun elmi redaktoru Solmaz xanımın "Ön söz"ü ilə başlayır. Elə buradaca qeyd edək ki, Azərbaycan elmi ictimaiyyəti Solmaz Rüstəmova-Tohidini təkcə bir elm adamı, tarix üzrə elmlər doktoru, professor kimi deyil, həm də öz tədqiqatlarında azərbaycançılıq ideologiyasının fəal təbliğatçılarından biri kimi tanıyır və qiymətləndirir. Məhz yaradıcılığının bu keyfiyyətinə görədir ki, Ülkər xanım Hüseynova özünün böyük zəhmət tələb edən bu nəşrində onu elmi redaktor kimi seçmiş və bununla da kitabın elmi sambalını artırmışdir.
Beləliklə, "Əlimərdan bəy Topçubaçov: İstanbulda diplomatik görüşlər (1918-1919-ci illər)" kitabının azərbaycancası iki elm və publisistika adamının birgə fəaliyyəti ilə ərsəyə gəlmişdir. Solmaz xanım "Ön söz"ündə Ə.Topçubaşov həqiqətlərini müfəssəl şəkildə qələmə almış, onu "Azərbaycanın XX əsr görkəmli, ictimai, siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucularından biri kimi" təqdim etmiş, yaradıcılığının ən mühüm faktlarını təhlildən keçirmişdir. Bu faktlar içərisində Ermənistanın Qarabağ torpaqlarına iddiaları, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, Rusiya imperiyası Avropa və Azərbaycan münasibətləri kimi ciddi məsələlərlə bağlı təhlilləri xüsusi yer tutur. Solmaz xanım həm də Ə.Topçubaşov barədə indiyə qədərki əsərlər içərisində H.Həsənovun, A.Paşayevin və V.Ağayevin "birgə səyləri nəticəsində" hələ 1994-cü ildə nəşr olunan kitabı "bu sahədə ilk uğurlu başlanğıc" hesab edir və əlimizdəki kitabın nəşri barədə yazır: "Həmin kitab, yəni Əlimərdan bəyin Azərbaycan diplomatiyasının əsaslarını yaradan İstanbul görüşlərinin mətnləri bu gün - 20 ildən artıq bir müddətdən sonra, nəhayət ki, Azərbaycan dilinə tərcümə olunaraq oxucularına təqdim edilir".
Solmaz xanım nəşrin əsas mahiyyətini onun Azərbaycan dilinə tərcüməsində görür və bunu da Ə.Topçubaşov irsinin bugünkü nəslə çatdırılması işinin mühüm başlanğıcı hesab edir. Bu yerdə mən Solmaz xanımın kitabı tərcümə etmiş Ülkər xanım haqqında qeydlərini olduğu kimi bu yazıya əlavə edirəm: "Kitab onu tərcümə edən Ülkər Hüseynovanın öz şəxsi təşəbbüsü və zəhməti sayəsində ərsəyə gəlmişdir. Uzun onilliklər Azərbaycan Milli Elmlər Akademiyasının "Elm və Həyat" jurnalında çalışan tanınmış jurnalist və nəşriyyat işi mütəxəssisi Ülkər Hüseynova Azərbaycanın görkəmli elm və sənət xadimləri haqqında yüzlərlə məqalənin, müsahibə və yazıların, eləcə də kitab və dərsliklərin müəllifi və tərcüməçisidir. Bu nəşrlərin arasında 2006-cı ildə görkəmli azərbaycanlı alim Lütfi Zadənin xanımı Fey Zadənin öz həyat yoldaşına həsr etdiyi "Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim" adlı kitab xüsusi yer tutur. Bu kitabı Ülkər xanım öz təşəbbüsü və vəsaiti ilə rus dilindən Azərbaycan dilinə tərcümə və nəşr etmişdir".
Daha sonra "Ön söz" Ə.Topçubaşovun İstanbul görüşlərini əks etdirən bu kitabın digər cəhətləri barədə aydın informasiya verir.
Kitabda tərcüməçinin - Ülkər Hüseynovanın "Azərbaycanca nəşrə dair" sərlövhəli elmi məqaləsi bu ciddi nəşrin bir çox cəhətlətinə daha bir aydınlıq gətirir. Tərcüməçi böyük minnətdarlıq hissi ilə Azərbaycan dilinə çevirdiyi kitabın rus dilindəki nəşrini xatırladaraq yazır: "Ə.Topçubaşovun Mərkəzi Dövlət Arxivində və indiki Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində qorunub saxlanan əlyazmalarını sistemləşdirib nəşrə hazırlayanlar zamanında çox məsuliyyətli, xeyirxah, lazımlı iş görmüş - müasir oxucu üçün Azərbaycan Cümhuriyyəti xadimlərinin əzablı həyat və fəaliyyətini işıqlandıran "A.Topçubaşev-Diplomatiçeskie besedı" adlı maraqlı kitab ərsəyə gətirmişlər. Kitab Xarici İşlər Naziri Həsən Həsənovun "Redaktordan" sərlövhəli giriş sözü ilə başlayır. Bu yazıda Ə.Topçubaşovun qısa tərcümeyi-halı və İstanbulda diplomatik fəaliyyəti işıqlandırılmışdır. Kitabın axırında verilmiş və tarix elmləri namizədi Vaqif Ağayevin hazırladığı "Şərhlər", "Adlar göstərici"si Ə.Topçubaşovun Türkiyədə 4-5 ay ərzində qeyri-adi fəaliyyətini, Cümhuriyyətimizin dünya dövlətləri tərəfindən tanınması üçün çəkdiyi çox gərgin bir zəhməti təsəvvür etmək, işıqlandırmaq üçün bir məxəzdir. Kitabın rus dilində nəşr edilməsindən xeyli müddət keçməsini nəzərə alaraq, onun Azərbaycan dilində xalqımıza çatdırılmasını Cümhuriyyətimizin 100 illiyi qarşısında məqsədəuyğun bildim.
Bu kitabda Azərbaycan Cümhuriyyətinin diplomatiya tarixinə dair Əlimərdan bəy Topçubaşovun 1918-ci il sentyabrın 28-dən 1919-cu ilin yanvarın ortalarınadək fövqəladə missiya ilə İstanbuldakı fəaliyyəti öz bariz əksini tapmışdır".
Ülkər Hüseynovanın məqaləsi Ə.Topçubaşova ümumxalq və hətta Avropa hörməti ətrafında informasiyalarla zəngindir. Bu qeydlərdən birini olduğu kimi oxuculara çatdırmaq istərdim. Ə.Topçubaşovun müsahibələrindəki tematikadan bəhs edən tərcüməçi yazır: "Həmin müsahibələrdə qaldırılmış problemlər, xüsusilə Qarabağ məsələsi bu günümüz üçün aktualdır. Topçubaşovun hər müsahibi ilə söhbəti onun geniş dünya görüşü, dərin biliyi, vətənpərvərliyi haqqında bizə ətraflı məlumat verir. Topçubaşov müsahibləri ilə söhbətində öz vətənini, yaratdıqları dövləti - müstəqil Azərbaycanı bütün dünyaya tanıtmağa, qorumağa gedən cəsur bir xadim idi. Çünki bu yeni dövlətin torpağında, sərvətində gözü olanlar lap çox idi. Qafqaz deyəndə xaricilərin yadına düşən ilk erməni olurdu. Ona görə də Topçubaşov Azərbaycan türklərinin səsini hər yerə çatdırmağa can atırdı". Məqalədə Ə.Topçubaşovun ictimai, siyasi fəaliyyətinə nəzər salan tərcüməçi onun faciəvi həyat dramasına da yer ayırır, amma təsəlli notlarını da yaddan çıxarmır: "1920-ci il 28 aprel çevrilişi cümhuriyyətçilərin bəzilərinin Azərbaycana qayıtmasının qarşısını birdəfəlik aldı. Onların mühacir həyatı başlandı, Əlimərdan bəy bir daha Azərbaycanı görmədi. 14 il Fransada ailəsi ilə birlikdə mühacir həyatı yaşayan Əlimərdan bəy yenidən Azərbaycanın müstəqilliyi uğrunda, - bu dəfə sovet rejiminə qarşı, - mübarizəsini davam etdirdi. Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə desək, "23 ay müstəqilliyin dadını görən xalqımız" 1991-ci ilin oktyabrında yenidən öz müstəqilliyini bərpa etdi".
Ülkər Hüseynova bu kitabda əsərin rus dilindəki nəşrinə Həsən Həsənovun "Redaktordan" sərlövhəsi ilə yazdığı maraqlı bir yazını da təqdim etmişdir. Bu məqalə Ə.Topçubaşovun bioqrafiyasından başlamış, diplomatik fəaliyyətinin mühüm məqamlarınadək çox məsələni şərh edir. Xüsusilə, onun Türkiyədə göstərdiyi diplomatik səylərinin bütün istiqamətlərinə aydınlıq gətirir; Müəllif yazır: "Ə.Topçubaşovun əlyazması dövlət xadimləri ilə görüşlərdə toxunulmuş geniş əhatəli problemlər: Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin başqa dövlətlər tərəfindən tanınması cəhdinin dəstəklənməsi, ölkədə və Qafqaziya regionunda daxili siyasi vəziyyət haqqında düzgün informasiyanın yayılmasına kömək göstərilməsi, Azərbaycan hökumətinin xarici siyasət sahəsində səyləri, Azərbaycanın Paris Sülh Konfransının işində iştirak etmək hüququ uğrunda birgə mübarizə və s. məsələlərə işıq salmağa imkan verir, Azərbaycanın kağız pulunun çap edilməsi və borc verilməsi haqqında (21 ¹-li sənəd), Azərbaycanda Türkiyə nümayəndəsinin təyin edilməsi haqqında (10, 30 ¹-li sənəd), Cümhuriyyətdə işləmək üçün könüllü müəllimlər göndərilməsi haqqında (7 ¹-li sənəd), müsəlman ruhani müəssisələrinin "yenidən təşkil edilməsi"nin zəruruliyi haqqında (8 ¹-li sənəd) danışıqlar Türkiyə ilə qurulmuş əlaqələrin müxtəlifliyinə dəlalət edir".
Əlbəttə, kitabın ən qiymətli yerini Ə.Topçubaşovun öz əsərləri təşkil edir. Cəmi iki illik fəaliyyət dövrünü, 1918-1919-cu illəri əhatə edən görüşlər bu böyük millət adamının nə qədər azərbaycançı, nə qədər millətsevər olduğunu, Azərbaycan diplomatiyasının formalaşmasında göstərdiyi səyləri bizə bir daha sübut edir. Əsər Ə.Topçubaşovun 37 görüşünü əhatə edir. Onun bu görüşlərdən xatirələri bizim bu- günkü siyasi jurnalistikamızın peşəkarlıq keyfiyyətini artırmaq işinə də kömək edə bilər . Çünki bu yazılar jurnalistikanın müsahibə, dialoq, söhbət kimi bu gün üçün işlək janrlarını əhatə edir. Oxucu bu yazılarda Ə.Topçubaşovun Türkiyə, İngiltərə, Rusiya, ABŞ, İtaliya, Ukrayna, İsveç, Hollandiya, İran diplomatları ilə görüşlərindəki siyasi mədəniyyətini, millətə, özünün də fəal iştirakı ilə qurulan yeni demokratik dövlətə sədaqətini və sevgisini, yüksək milli ideallara çatmaq yolundakı əzab-əziyyətini görür və belə bir insanın mövcudluğu ilə fəxr edir. Ə.Topçubaşovun bu yazıları mükəmməl bir publisistikadır, memuar ədəbiyyatının zirvəsidir. Bu əsərləri böyük rus yazıçı və publisisti, siyasi xadim həm də elə siyasi mühacir A.Çernışevskinin "Olmuşlar və düşüncələr" (Bıloe i dumı") əsəri ilə müqayisə etmək olar.
Kitabda təqdim olunan "Əlavələr"də o zaman Almaniyada "Azərbaycan Milli Kurtuluş Hereketinin Orqanı" kimi nəşr olunan "Kurtuluş" jurnalının 1934-cü il ilk nömrəsinin bütün materialları da öz əksini tapmışdır. Jurnalın bu nömrəsi xüsusi bir buraxılışdır və bütövlükdə Ə.Topçubaşovun vəfatına həsr olunmuşdur. Jurnal "İdarədən" sərlövhəli açıqlamasında Ə.Topçubaşovun noyabrın 5-də vəfat etdiyini və ayın 8-də Parisdə Cloud qəbiristanlığında dəfn olunacağını xəbər verir. Jurnal göstərir ki, bu nömrədə hələlik mərhumun mərasimində söylənən nitqləri, Azərbaycana və mərhumun ailəsinə gələn başsağlıqlarını dərc edir, amma gələcək nüsxəsini Ə.Topçubaşovun bütövlükdə həyat və yaradıcılığına həsr ediləcəyini göstərir. Jurnal burada "Əlimərdan bəy üçün" sərlövhəli bir yazını da redaksiyadan olaraq oxucuya təqdim edir. Bu yazı son dərəcə emosional bir üslubda olub, Ə.Topçubaşovun fəaliyyətinə publisistik qiymət səviyyəsindədir. Bu yazıda jurnal belə bir sual qoyur: "Əlimərdan bəyin ölməzliyini təşkil edən mənəvilik nədən ibarətdir? "Qurtuluş" bu nüsxəsi ilə işdə bu suala cavab vermək istəyir.
Müstəqil Azərbaycan davasının bayrağını yüksək tutaraq son nəfəsinə qədər vəzifə başından ayrılmayan böyük adamın mənəviliyi, şubhə yoxdur ki, hər şeydən əvvəl, Azərbaycan istiqlalçılığının yüksək dəyərindən aşılanmışdır". Daha sonra yazı Əlimərdan bəyin tabutunu çiynində məzarlığa aparan müxtəlif milliyətlərə, dinlərə mənsub insanları bu anda birləşdirən səbəbi izah edir: "Ayrı-ayrı millətlərə mənsub olub, ta ayrı-ayrı dillərdə danışan bu insanları birləşdirən ruh nədir? - Əlimərdan bəyin mənəviyyatı! Eyni düşmənə qarşı eyni məqsəd üçün vuruşan insanlara həyəcan verən müqəddəs ideal-istiqlal! Əlimərdan bəy bu istiqlal üçün çalışdı və bu istiqlal uğrunda da öldü!"
Sonra dəfn mərasimindən nitqlər jurnalda yer
alıb. İlk çıxış edən istiqlal
mücahidi Məhəmməd Əmin Rəsulzadədir. Bu, sadəcə bir vida nitqi deyil. Bu bir istiqlal mücahidinə
digər bir istiqlal mücahidinin verdiyi qiymətdir. Bu
çıxışda bütöv bir Əlimərdan bəy
ömrü var və M.Ə.Rəsulzadə bu ömrü belə
xarakterizə edir: "Yetmiş beşi haqlayan
yaşının heç olmazsa əllisini mərhum durmadan,
yorulmadan və çəkinmədən camaat işinə və
millət yoluna sərf etmişdir. Əlli il ömür: yarım əsrlik
bir həyat! Qoca bir dövr!... Bəli, Əlimərdan bəyin vəfatı ilə
biz, milli həyatımızda başdan-başa bir dövrü
təmsil edən mühüm şəxsiyyətdən
ayrılırıq. Çünki
Topçubaşi Əlimərdan bəyin adı müəyyən
bir nəsli və müəyyən bir dövrü
andırır.
Bunu yeni nəsil
azərbaycanlılara bir müraciət kimi də qəbul etmək
olar... Daha sonra jurnal M.Ə.Rəsulzadənin
"Azərbaycan Hərəkatında Topçubaşi
Əlimərdan bəyin yeri" adlı bir məqaləsini təqdim
edir. Təqdim olunan yazıların
hamısında Əlimərdan bəyin həyatı, istiqlal
uğrunda mübarizəsi öz əksini tapıb. Dərc olunan başsağlıqlarının
miqdarı bu böyük diplomatın Avropada necə qiymətləndirildiyini
ifadə edir.
Oxucuya təqdim olunan "Əlimərdan bəy Topçubaşov: İstanbulda diplomatik görüşlər (1918-1919)" kitabındakı insanı istiqlal uğrunda azərbaycanlı mücahidlərinin ümumiləşdirilmiş obrazı kimi də qəbul etmək olar. Bu kitab bir şəxsiyyətin simasında Cümhuriyyət mücahidlərinin ideallarını əks etdirir. Məhz buna görə Azərbaycan istiqlalını hər zaman yazılarında əks etdirən Ülkər Hüseynova onu doğma dilimizdə oxuculara çatdırmağı özünün vətəndaşlıq borcu hesab etmiş və bu borcu ləyaqətlə, böyük tərcüməçi peşəkarlığı ilə yerinə yetirmişdir.
525-ci qəzet 2018.- 24 may.- S.5.