İstiqlal mücahidi: Türkiyə
ordusunun generalı Səməd bəy Rəfibəyli
Anar Turan
Xalqımızın milli mübarizə
tarixində böyük rol oynamış tanınmış nəsillər
arasında Rəfibəylilərin xüsusi rolu vardır. Bu nəsil-şəcərənin
Azərbaycan xalqına bəxş etdiyi mübariz oğul və
qızlar haqqında çox danışılmış, xeyli
yazılmışdır. Lakin vətənpərvərlik elə
bir hissdir ki, hər dəfə söhbət Azərbaycan Xalq
Cümhuriyyətindən, "Difai" hərbi-siyasi təşkilatından,
ermənilərə və bolşeviklərə qarşı
milli-mübarizə tarixindən düşərkən, bu
proseslərdə yaxından iştirak edən insanları və
nəsilləri nəzərdən keçirməyə bilmirsən.
Şübhəsiz, yeni faktlar üzə çıxdıqca
bir-birindən maraqlı şəxsiyyətlərlə
qarşılaşmalı olursan ki, onları da gənc nəslin
milli ruhda yetişməsi üçün tanıtmaq artıq bir
mənəvi borca çevrilir.
Məşhur Rəfibəylilər nəslinin
tanınmış simalarından biri də Türkiyə
ordusunun generalı Səməd bəy Rəfibəylidir.
İstiqlal uğrunda döyüşlərdə
Səməd bəy Rəfibəyli... Azərbaycan
Xalq Cümhuriyyəti ordusunun formalaşmasında fədakarlıq
göstərən, istiqlalımız uğrunda son anadək
vuruşan, düşmənə təslim olmayan, 1920-ci il 28
aprel bolşevik işğalından sonra Türkiyə dövlətinin
zabiti olan və ömrünün sonunadək bu adın şərəfini
qoruyan şəxsiyyət.
...Görkəmli hərbi xadim Səməd
bəy Məşədi bəy oğlu Rəfibəyli 1892-ci
ildə Gəncədə Balabağban qəsəbəsində
doğulmuşdur. 1916-cı ildə Tiflis kadet korpusunu
bitirmiş, bir müddət Qafqaz sərhəd alayında rota
komandiri olmuşdur. 1918-ci ildə Şərqdə ilk demokratik
cümhuriyyətin Azərbaycanda yaranması Səməd bəyin
də hərbi karyerasına müsbət təsir etdi. Əvvəla,
Səməd bəy Rəfibəylilər nəslindən
olduğu üçün çar ordusunda onun irəliləmək
imkanı məhdud idi. Çünki bir neçə il Rusiya
hakim dairələrini lərzəyə salan "Difai"nin
qurucularının nəslindən olmaq heç də uğur
vəd eləmirdi. Lakin cümhuriyyətin qurulması gənc
və milli duyğularla böyümüş Səmədin
özünütəsdiqi üçün həm də bir
şansa çevrildi.
Həmin vaxt Azərbaycan ərazisinin, demək
olar ki, hər yerində davakar erməni separatizmi tüğyan
edir və dinc əhali kütləvi surətdə qətlə
yetirilirdi. Gənc Səməd bəy 1918-ci ilin yanvarında
yeni yaranan müsəlman korpusunun 1-ci Bakı atıcı
alayında bölük komandiri kimi bolşevik-daşnak dəstələrinə
qarşı vuruşurdu. Siyasi durum çətinləşdiyinə
və namərd ermənilərin xalqımıza qarşı həyata
keçirdiyi qırğın siyasətinin qarşısı
alınmadığına görə Qafqaz İslam Ordusu
ölkəmizə yardıma gəldi. Bu vaxt artıq Səməd
bəy Türk Ordusu sıralarında yüzbaşı
rütbəsi ilə torpaqlarımızın
daşnak-bolşevik qüvvələrindən təmizlənməsində
fəal iştirak edirdi. 1918-ci il iyulun 2-də əla xidmətinə
görə o, ştabs-kapitan rütbəsinə layiq
görüldü.
I Dünya müharibəsinin başa
çatması və Osmanlı imperiyasının məğlub
olması ilə Qafqaz İslam Ordusu Azərbaycanı tərk
etməyə məcbur oldu. Belə olduqda Azərbaycan hökuməti
öz torpaqlarını qorumağa məcbur oldu. Səməd
bəy cümhuriyyət ordusunun 1-ci piyada diviziyasında
baş yavər (adyutant) vəzifəsinə təyin edildi. AXC
hökumətinin hərbi naziri Səməd bəy Mehmandarov sənədlərdə
Səməd bəyi bacarıqlı, milli mənafelərə
sadiq zabit kimi xarakterizə etmişdi. General Əliağa
Şıxlinski də onu hərbi göstərişləri
yerinə yetirən, bacarıqlı komandir, parlaq
uğurların sahibi kimi səciyyələndirmişdi. Hələ
Gəncədə olarkən Nuru paşanın təqdimatı
ilə Azərbaycan dəmir yolunun müvəqqəti
komissarı təyin olunan Səməd bəy cümhuriyyətin
müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə
1919-cu ilin fevralında 1-ci Cavanşir alayının və Lənkəran
ehtiyat alayının əsas təşkilatçısı
olmuşdur. Bir müddətdən sonra bu hərbi hissə
böyük bir alaya çevrilərək Azərbaycan Xalq
Cümhuriyyəti Ordusunun sayca 7-ci Şirvan piyada alayı
adlandırılmış və Səməd bəy Rəfibəyli
bu iri hərbi birləşmənin komandiri olmuşdur. Səməd
bəyin rəhbərliyi ilə Şirvan, alayi Qarabağda erməni-daşnak
təcavüzkarlarına qarşı döyüşlərdə
yaxından iştirak etmişdi.
Mənfur Daşnaksütyun
partiyasının göstərişləri ilə hərəkət
edən Qarabağ erməniləri AXC-yə etimadsızlıq
göstərərək, Şuşanın və ətraf
bölgələrin azərbaycanlı əhalisinə
hücumlar təşkil edirdilər. Bu vaxt təcili tədbirlər
görüldü və Azərbaycan süvari və piyada hissələri
Qarabağa yeridildi. Səməd bəyin də fəal
iştirak etdiyi bu əməliyyatda ermənilər
darmadağın edildi, Əskəran qalası və
Şuşa yenidən azad olundu. AXC-nin süqutu ərəfəsində
isə Səməd bəy süvari alayının komandiri təyin
edildi.
Döyüşdən-döyüşə
tədricən yüksələn Səməd bəy Rəfibəyli
podpolkovnik rütbəsinə yiyələndi. Bolşeviklərə
qarşı vuruşan Səməd bəy Vətən
qarşısında özünün növbəti borcunu da
yerinə yetirmiş oldu.
1920-ci il Gəncə üsyanında
Aprelin 28-də 100 minə yaxın
rus-bolşevik ordusunun ölkəmizi işğal etməsi ilə
Şərqdə ilk Xalq Cümhuriyyətimiz süqut etdi. Lakin
xalqın təəssübkeş övladları hələ də
təslim olmaq fikrində deyildilər. Sağ qalan milli
demokratik qüvvələrin bir çoxu Gəncə şəhərinə
toplaşdı. Nəticədə, bolşevik rejiminə
qarşı güclü üsyan baş verdi. Bu üsyanda Səməd
bəy və onun qardaşı cümhuriyyət ordusunun hərbi
xadimi Əyyub bəy də iştirak edirdilər. Onlar
üsyanın təşkilatçıları kimi,
bolşeviklərə ciddi zərbələr endirməyə
nail oldular. Bu üsyanda bolşevik qarnizonu məhv edildi, yalnız
köməyə gələn əlavə qüvvələrin
hesabına üsyan amansızlıqla yatırıldı və
minlərlə dinc Gəncə sakini qətlə yetirildi.
Mübarizəni davam etdirməyin lüzumsuz olduğunu görən
Səməd bəy və qardaşı Əyyub bəy rəhbərlik
etdiyi silahlı qüvvələrlə birlikdə Türkiyəyə
keçdi.
QEYD: Səməd
bəyin qardaşı Əyyub bəy Rəfibəyli də Azərbaycan
Xalq Cümhuriyyətinin önəmli hərbi simalarından
biri olmuş və polkovnik rütbəsinə qədər
yüksəlmişdir. O, 1920-ci ildə Şəki qəzasının
rəisi idi. Aprel işğalından sonra o da qardaşı
kimi bolşevik rejiminə qarşı üsyana cəlb
olunmuş və bu müqavimət hərəkatının fəal
iştirakçılarından olmuşdur. Türkiyəyə
keçdikdən sonra 1941-ci ildə Kəşfiyyat İdarəsinin
Qars filialının rəis müavini təyin edilmişdir.
Qardaş ölkədə Eyyub bəy Sayqın kimi
tanınmışdır.
Aprel işğalından sonra qardaş
Türkiyəyə pənah gətirən Səməd bəy
Atatürkün başçılıq etdiyi istiqlal savaşma
qoşuldu. Türkiyədə yaşadığı müddətdə
Səməd paşa Rəfibəyli Əbdülsəməd
Sayqın adı ilə məşhurlaşdı. İstiqlal
mübarizəsində fədakarlıq nümayiş etdirən
S. Rəfibəyli öz hərbi istedadı və komandirlik
qabiliyyəti ilə seçilmiş və göstərdiyi
xidmətlərə görə ona paşa (general) rütbəsi
verilmişdir. Bundan əlavə o, Türkiyədə bir
sıra hərbi vəzifələrdə
çalışmış, 45-ci və 2-ci süvari
alayların komandiri olmuşdur.
Sədaqətli xidmətinə .görə
o, Türkiyənin "Hərb" və "İstiqlal"
medalları ilə təltif edilmişdir. 1948-ci ildə isə
Türkiyə Respublikasının Ali Hərbi Şurası Səməd
bəyi hərbi xidmətlərinə görə türk
ordusunun paşası (tam general) rütbəsi ilə təltif
etmişdir. Hərbi xidmətinin sonlarında Ədirnə və
Qarsdakı Türkiyə qoşunlarının komandanı vəzifəsinə
qədər yüksələn Səməd bəy Rəfibəyli
1980-ci il yanvarın 19-da 88 yaşında İstanbulda vəfat
etmiş və orada da dəfn olunmuşdur. Onun övladları
və qohumları indi də İstanbulda yaşayırlar və
onlar Azərbaycan diasporunun tanınmış simalarından
hesab edilirlər. Hazırda Bakıda və Gəncədə Səməd
bəyin ən yaxın əqrəbaları yaşayır və
Rəfibəylilər nəslini layiqincə davam etdirirlər.
Beləliklə, həmyerlimiz, Azərbaycan
xalqının milli mübarizə tarixində önəmli yer
alan Rəfibəylilər nəslindən olan Səməd bəy
həm burada, həm də qardaş Türkiyədə ləyaqətlə
çalışmış, Mustafa Kamal Atatürkün rəğbətini
qazanmış, milli məsələlərdə prinsipial
mövqeyi ilə fərqlənmiş, öz xalqını və
mənsub olduğu nəsli layiqincə təmsil etmişdir. Gənc
nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi
baxımından Səməd bəy Rəfibəyli kimi hərbi
xadimlərimizin keçdiyi ömür yolunu öyrənmək
hər bir vətəndaşımız üçün
faydalı, eyni zamanda, Vətən qarşısında bir
borcdur.
525-ci qəzet.-2018.-24 may.-S.4.