Azərbaycan səhnəsinin zadəganı
Nizaməddin ŞƏMSİZADƏ
Professor
Bu yazını yazmağa
başlayanda dostum Fuad - Xalq artisti,
fenomen aktyor Fuad Poladov hələ
sağ idi.
Eşitmişdim ki, xəstələnib, səsi batıb. Mən də
avqust ayından bəri xəstə idim. Özümü toparlayıb ona
zəng etdim. Çox zəif, lakin həmişəki kimi nikbin səslə danışırdı. Özümə
də, ona da təsəlli üçün (hərçənd
təsəlli verməkdən
zəhləm gedir!) dedim ki, darıxma,
mən də xəstəyəm, xəstəlik
də insan ömrünün varlıq
tərzidir. İki şeydən razılıq
etdi: bir dedi ki, tanınmış
diktor dostu Rafiq Həşimov ona səmimiyyətlə qulluq edir, həkimə
aparıb-gətirir, bir
də dedi ki, Nizi, yadındadı,
50 yaşım olanda sən "Mənəviyyat
diktatoru" adlı maraqlı bir yazı yazmışdın.
Söz verdim ki, Fuad,
qismət olsa, 70 yaşında da yazacağam. Əzrayıl 19 gün imkan versəydi, mayın 24-də
Fuadın 70 yaşı
tamam olacaqdı.
Mən də onun yubileyinə tamamilə başqa bir yazını qələmə alacaqdım...
...Onun ölüm xəbərini eşidib hönkürtü ilə ağladım, təkcə
ona görə yox ki, o, mənim
30 illik əvəzsiz dostum idi. Ona görə
ki, dünyadan səsi ilə dünyaları titrədən
qüdrətli bir sənətkar getmişdi.
Göz yaşlarıma
qarışıb, böyük
Səməd Vurğunun
məşhur misraları
gəldi:
Ölüm sevinməsin qoy,
ömrünü vermir
bada,
El qədrini canından daha əziz bilənlər
Həzin
bir xatirə tək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək
ölənlər.
Bu misralarda kədər
də var, qürur da. Rəhmətlik
atam Şəmsəddin
deyərdi: "Oğlum,
mən öləndə
darıxma, ömür
Allahın əmridir".
Dünyanın nadir şəxsiyyətlərindən olan İndira Qandi haqqında böyük rus şairi Andrey Voznosenski "Pravda" qəzetində
bir məqalə yazmışdı. Yazı bu cümlə ilə başlayırdı:
"Qandi voşla v istoriyu". Mən böyük şəxsiyyətin
haqqındakı bu mənalı cümləni
eynilə həqiqi xalq artisti, aktyor
sənətimizin milli
fenomeni, dostum Fuad Poladova aid edirəm: Fuad təkcə torpağa yox, həm də
tarixə daxil oldu - öz yaratdığı tarixə,
müasir Azərbaycan
tarixinə...
... Fuad səhnəmizin zadəganı
idi. Onda zadəganlara xas
yüksək qürur
vardı. Bəziləri
onu təkəbbürlü
adam sayırdı.
Əslində, belə deyildi.
Fuadın sənəti də,
həyatı da qürurlu idi. O, bütöv şəxsiyyət
idi, həyatda və sənətdə qazandığı prinsipləri
yaxşı bilirdi. Bir dəfə rəsmi tədbirdə hədsiz dərəcədə
yaltaq nitq söyləyən adama kinayə ilə baxıb, məndən soruşdu: Nizi, o şeir necə idi?! Mən qədrini bilmədiyimiz filosof-şair Ələkbər
Salahzadənin misralarını
söylədim:
Yaltaqlığın kökü varmı,
Yaltaqlığın layı varmı,
Daş qatında,
Tunc qatında,
Görən yaltaq tapılarmı?!
Bundan sonra bir siqaret yandırıb
həmin məclisi tərk etdik. Fuad yaltaqlığa
nifrət edirdi. Onda ədalətsizliyə qarşı
amansız bir dözümsüzlük vardı.
Onu biraz artıq tərifləyəndə acığı
gələrdi. Əlbəttə,
Fuad asan həzm olunan adam deyildi.
Hər kəs onunla dost ola
bilməzdi. Onun sənətində və sənətkarlığında
aşağı əyara
yer yox idi.
Orta (miyanə!) həddi sevmirdi. Ya hər şey, ya da heç
nə!
Fuad haqq-ədalət
uğrunda mübarizədə
uduzmaqdan qorxmurdu, uduzmağı da bacarırdı. Çünki o, şəxsiyyətinə və sənətinə güvənirdi. Bütöv şəxsiyyəti
və İlahi vergisi olan parlaq
istedadı onu ucaldan güc mənbələri idi.
Fuad Poladov ədəbiyyat və mədəniyyətimizin
tarixində yeni mərhələ olan ötən əsrin
60-cı illər epoxasının
qüvvətli aktyor nəslinin öncülü
idi. O, aktyor sənətində misilsiz
fəlsəfi-psixoloji gücə
malik PAUZALAR ustası idi. Pauza Fuadın bizi
əhatə edən etibarsız dünyaya bir növ münasibət
tərzi idi. Bu pauzalarda
yalana, hərisliyə,
cılızlığa, ədalətsizliyə,
məişət xırdalığına
kinayə ilə gülən böyük sənətkarın fəryadı
mürgüləyir.
... Sənətkar siyasətlə məşğul
olmamalıdır. Çünki sənət siyasətdən
çox yüksəkdir.
Sənət xalqın, millətin
mənəvi-əxlaqi varlığının
bədii təcəssümüdür.
Siyasət bizimlə məşğul
olsa da, biz siyasətlə məşğul
olmamalıyıq, bu alilikdən adiliyə enməkdir. Təəssüf ki, hamımızın
həyatında XX əsrdən
XXI, ikinci minillikdən
üçüncü minilliyə
qalmaqallı keçid
dövründə müəyyən
səhvlər oldu.
Bu bizim ziyalı
və vətəndaş
kimi qaçılması
mümkün olmayan taleyimiz idi. Fuad səhnəyə, səhnə
də Fuada çox yaraşırdı.
Onun duruşu, yerişi, ədası, səsi - bütünlüklə konfiqurasiyası
səhnənin fəzasını
nəhayətsiz dərəcədə
genişləndirirdi. Son
illərdə o, səhnəmizdə
intibah dahisi V.Şekspirin möhtəşəm
qəhrəmanı prins
Hamletin obrazını
yaratdı. Sübut etdi
ki, o, özü də səhnəmizin prinsi-şahzadəsidir. Fuadın yaratdığı
Hamlet Şekspirin Hamletindən
heç də əksik deyildi.
O, əsl kişi
idi və Azərbaycan kinosunda da ciddi Azərbaycan
kişisinin obrazını
yaratdı.
Gənc
ikən "İstintaq
davam edir"də Səlim, ikinci kurs tələbəsi olanda "Unuda bilmirəm"də Savalan,
"Məkr və məhəbbət"də Ferdinand, "Qəribə oğlan"da
Valeh, "Sən həmişə mənimləsən"də
Həsənzadə, "Darıxma
ana"da Aftandil,
"Şah Qacar"da
Qacar, "İblis"də
İblis kimi bənzərsiz obrazlar yaratdı. Rus Dram Teatrında dünya dramaturqlarının əsərlərində
müvəffəqiyyətlə oynadı, "Aktrisa"dakı
roluna görə ən yaxşı kişi rolu
mükafatına layiq görüldü. Fuad deyirdi
ki, mənim ürəyimə yaxın
obrazlardan biri "Fatehlərin divanı"
televiziya tamaşasında
yaratdığım Əmir
Teymur obrazıdır.
...Fuad təmənnasız yaşadı, təmənnasız
da öldü. O, sanki, pauzalar içində də dəfn olundu. Onun səssiz-küysüz dəfni
laqeydliyə amansız
bir zərbə idi. Ağır xəstə yatanda
da qürurundan enmədi. Hər cür süniliyə
düşmən idi,
son günlərində süni
nəfəs aparatından
imtina edib, özü nəfəs alırmış.
Həqiqi
Xalq artisti, səhnəmizin zadəganı,
fenomen aktyor, 5 may
2018-ci ildə uzun sürən ağır xəstəlikdən sonra,
70 yaşının tamamlanmasına
19 gün qalmış
dünyasını dəyişdi.
Fuadın sənəti milli sərvətimizdir. Millət var olduqca o da yaşayacaq.
525-ci qəzet 2018.- 24 may.- S.8.