Vətənpərvər və
millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif
Cəfərov
(Əvvəli ötən
sayımızda)
Azərbaycan Fövqəladə Komissiyasının (FK)
həbs edilənlər və qeydə alınaraq
saxlanılanlar üçün 1182 ¹-li Anketindən:
"Cəfərov Məmməd Yusif Hacıbaba oğlu, Az.SSR
vətəndaşı, türk, 1885-ci ildə anadan olub, 40
yaşında, ali təhsilli (universitet qurtarıb), həyat
yoldaşı Yekaterina 31 yaş, evdar qadın, qızı
Xəyalə 8 yaş, şagird, Minə 5 yaş, oğlu
Məmməd Rauf 5 aylıq, anası Minəbəyim 70 yaş.
Bitərəf, 4-cü dövlət
Dumasının üzvü, Xüsusi Qafqaz Komitəsinin
üzvü (Tbilisi şəhərində), Müsavat
dövründə nazir, Parlament sədrinin müavini, 28 dekabr
1924-cü ildə həbs edilib.Az.SSR CM-in 61, 68-ci
maddələri ilə ittiham olunur.
M.Y.Cəfərov bu sənədi həbs olunduğu
günün səhəri, dekabrın 29-da saat 1-də həbs
qəti imkan tədbiri seçildikdən və irəli
sürülən ittihamla tanış
edildikdən sonra imzalamışdır.
Məmməd Yusif Cəfərovun həbsi haqqında
qərar da əslində Az.FK İstintaq Əməliyyat
Hissəsi (bundan sonra - İƏH) Əks-kəşfiyyat
şöbəsinin rəisi Qolikov tərəfindən məhz
1924-cü il dekabrın 29-da verilmişdir. Bunu həmin gün Qolikovun tərtib etdiyi
sənəd də təsdiqləyir. "Mən
Azərbaycan FK İƏH Əks-kəşfiyyat
şöbəsinin rəisi Qolikov həbs edilmiş Babayev
Əbdüləli, Babayev Məmməd Əli, Nəriman
Qasım oğlu və b. işi üzrə 894 və 685
saylı işlərlə onların gizli "Müsavat"
təşkilatına məxsusluqları barədə ittiham
olunmaları ilə əlaqədar tanış olarkən qeyd
edilən işlə bağlı Kladbişenski
küçəsində 37 saylı evdə yaşayan
Məmməd Yusif Cəfərovun adının
hallandığını nəzərə alaraq
"Müsavat" partiyasına aidiyyatı olan Məmməd
Yusif Cəfərovu həbs etmək və Az. FK-da
nəzarət altında saxlamaq barədə qərar
verdim".
Qolikovun bu
qərarını İƏH rəisi Nikolayev, Az. FK-nın
sədr müavini Qaber-Kom təsdiqləyirlər.
Ancaq istintaq işi ilə tanışlıqdan aydın olur
ki, M.Y.Cəfərov həbsindən xeyli qabaq diqqət
mərkəzində saxlanılmış, onu az
qala addım-addım izləmişdilər. Keçmiş
hökumətin tərkibində mühüm postlar tutmuş
şəxsə qarşı belə münasibət
əslində, təəccüblü deyildi.
Çünki əvvəl FK, sonra DSİ və XDİK siyasi
cəhətdən səbatsız hesab etdikləri
şəxsləri daim nəzarət altında saxlayır, onun
özü və ətrafı ilə bağlı kifayət
qədər məlumatlar toplayır, yuxarıdan məqamın
yetişdiyi barədə işarə veriləndə həbs
edirdilər.
M.Y.Cəfərov
FK-nın diqqət mərkəzinə 1922-ci ildə
düşüb. Həmin il
aprelin 27-də onun xidməti iş yerini
dəqiqləşdirmək tapşırığını
alan əməkdaş 3 gün sonra tapşırıqla
bağlı aşağıdakıları bildirir:
"Cəfərov Məmməd Yusifin ev ünvanı və
tutduğu vəzifənin dəqiqləşdirilməsi ilə
bağlı bildirirəm ki, vət. Cəfərov
Az. Sənaye ticarət komissarlığında təşkilat
şöbəsinin rəisi işləyir,
yaşadığı ünvanı hələlik
dəqiqləşdirməmişəm".
İki gün sonra isə eyni əməkdaş
Cəfərovun ev ünvanını
dəqiqləşdirdiyi barədə növbəti məlumat
verir.
115 saylı məlumata əlavədə isə deyilir:
"İnzibati maliyyə idarəsinin rəisi Müsavat
dövründə parlament üzvü Cəfərov
Məmməd Yusif yanına işə götürülmək
üçün göndərilən kommunistlərə
"iş yoxdur", deyir, halbuki öz adamlarını
qəbul edir. Son vaxtlar onun kabinetində
keçmiş şəhər rəisi Kovalyov və Şirin
bəy Səfərəlibəyov olur və hansısa
mövzuda söhbət edirlər.
Bir neçə gün sonra isə artıq
Səfərəlibəyov barədə də məlumatlar
çatdırılır: "Sənaye idarəsinin
işlər müdiri Səfərəlibəyov öz
ətrafına müxtəlif adamları yığaraq onlara
sovet hökuməti əlyehinə təbliğat aparır.
Kommunist partiyasının əksər üzvlərini
"oğrular və başqa pozulmuş şəxslər",
sovet hökumətini "moşenniklər hökuməti"
adlandırır
Daha sonra Cəfərovun
yanına mühüm tapşırıqlar üzrə
mühəndis Rüstəmbəyovun da tez-tez gəldiyi və
onların hansısa mövzuda uzun söhbətlər
apardıqları bildirilir.
Cəfərovu xarakterizə edən başqa bir məlumat
isə 11.09.1922-ci ilə aiddir: "392/177/439 saylı
tapşırıqla əlaqədar Cəfərov rəis kimi
tabeliyində olanlarla çox mədəni davranır, ancaq
qapalı adamdır, heç kimlə artıq şey
danışmır. Yaxşı
təəssürat oyadır, ancaq onun siyasi
görüşləri şübhəlidir".
M.Y.Cəfərovun
dindirilməsinə həbs olunduğu ilk gündən
başlanmışdır.
Müstəntiqlər aprel çevrilişindən sonra gizli
fəaliyyətə keçməyə məcbur olmuş bir
sıra müsavatçılara qarşı tətbiq
edilən üsulların səmərə
verməyəcəyini bildikləri üçün onu konkret
əməllərinə - iki nəfər "Müsavat"
fəalının İrana keçirilməsinin
təşkilində və mənzilində siyasi
cəhətdən səbatsız şəxsləri toplayıb
dövlət əleyhinə iş aparmaqda
günahlandırırlar. Özü də ilk
dəfə onu qeyri-rəsmi şəkildə Az.FK-nın
ən yüksək vəzifəli şəxsləri, sədr
və sədrin müavini dindirmiş, ancaq həmin protokolu
nədənsə istintaq işinə əlavə
etməmişlər. Görünür,
həmin dindirmənin qeyri-rəsmi xarakter
daşıdığı nəzərə
alınmışdır.
İlk dindirmədən bir şey hasil etməyən müstəntiqlər səhəri gün, 30 dekabr 1924-cü ildə M.Y.Cəfərovu növbəti dəfə dindirirlər:
"Sual: Siz İranın Azərbaycandakı konsulu Məmməd Xanı tanıyırsınızmı və onun vasitəsilə nə vaxtsa məktub göndərmisinizmi, əgər göndərmisinizsə, hara?
Cavab: Məmməd Xanı Müsavat hökumətində nazir olduğum 1919-cu ildən tanıyıram, onun vasitəsilə heç vaxt heç kimə məktub göndərməmişəm, həm də
şəxsən ona heç vaxt məktub yazmamışam.
Sual: Nə vaxtsa Məmməd Xan evinizə və xidməti yerinizə gəlibmi və bu vizit nə ilə bağlı olub?
Cavab: Heç vaxt Məmməd Xan mənim mənzilimə və xidmət vaxtı iş yerimə gəlməyib. O, mənimlə evdə və iş yerində
söhbət etməyib".
Daha sonra M.Y.Cəfərovun müxtəlif
şəxslərlə
üzləşdirilməsi təşkil olunur.
Onun "İranda olan mühacirlərlə birlikdə işləmələri və burdakılarla da işləməyin lazım gəldiyi" barədə dedikləri aşkarlanır. "Türkiyədə bizim öz adamımız Məmməd Əmin Rəsulzadə var. Onun vasitəsilə
çox şey Konstantinopoldan gəlir. Təşkilatın İranın bütün
şəhərlərində
öz adamları var. Mühacirlərlə birlikdə aparılan iş yaxşı
nəticələr verə bilər" deməsi məlum olur.
1925-ci il fevral ayının 1-də FK əməkdaşı
Pevzner agentura işi üzrə 129, həbs işi üzrə 582 və 894 saylı işlərə baxaraq növbəti qərar qəbul edir:
"Cəfərov Məmməd Yusif Hacıbaba oğlu 45 yaş, ali təhsilli, keçmiş Dövlət Dumasının üzvü, keçmiş xarici işlər naziri, meşşan ailəsindən, ailəli, bitərəf, həbs olunana qədər Azod. ZXK-da
şöbə rəisinin müavini işləyən Az.SSR CM-in 61 və 68-ci maddələri ilə gizli
şəkildə qayıq vasitəsilə Müsavat partiyası liderlərini - Abbasqulu Kazımzadeni və Məmməd Əli Rəsulzadəni İrana yola salmaqda və mənzilinə siyasi cəhətdən səbatsız sayılan
şəxsləri toplamaqda, yemək süfrəsi arxasında əksinqilabi xarakterli tostlar deyilməsində və
İran konsulu Məmməd Xanla əlaqələrdə günahlandırılaraq ittiham olunur.
Cəfərov ona qarşı
irəli sürülən ittihamda günahkar sayılaraq 5 il müddətinə ciddi təcrid
şəraitində saxlanılmaqla cəzasını SSRİ-nin şimal
şəhərlərindən birində
çəkməsi qərara alınır.
1925-ci il may ayının 9-da Zaqafqaziya çekasının sürgün haqqında tələbini nəzərə alan Qolikov "Cəfərov Məmməd Yusif Hacıbaba oğlu və Babayev Əbdüləlinin Az.SSR ərazisindən sürgün edilməsinə sanksiya verilməsi
üçün 894/270 ¹-li işin ZFK-ya göndərilməsi qərarına gəlir.
Az. FK-nm göndərdiyi materiallara əsasən yekun qərar
çıxaran Zaq.FK Əks kəşfiyyat
şöbəsinin 1-ci bölməsinin əməliyyat müvəkkili Zakaryan 1925-ci il avqustun 22-də aşağıdakı sanksiyanı qəbul edir:
"1. M.Y.Cəfərov 5 il müddətinə Voloqda quberniyasımn həbs düşərgəsinə sürgün edilsin. 2. Ə.Babayevi bir illik həbs cəzasına məhkum etmək, ancaq onun sosial vəziyyətini, azsavadlı olmasını və ilk məhkumluğunu, həmçinin, ilkin qərarı nəzərə alaraq sonrakı məsuliyyətdən azad etmək".
Əks-kəşfıyyat
şöbəsi rəisinin müavini Yerşov və SOÇ
rəisi Beriya razı olduqlarını bildirirlər.
Həmin
qərara əsasında Zaq. FK yanında Xüsusi
müşavirə 18.12.25-ci ildə belə bir qərar qəbul
edir: "M.Y.Cəfərov RSFSR-in
şəhərlərindəki həbs
düşərgələrindən birinə 3 il
müddətinə sürgünə göndərilsin.
1926-cı
il martın 1-də Zaqafqaziya çekasmm məsul
əməkdaşları Bejanov və Beriyanm imzası ilə
Az. FK-ya M.Y.Cəfərovun və onunla
bağlı istintaq işinin Baş Siyasi İdarə
yanında müşavirənin qərarına uyğun olaraq
Urala Sverdlovsk şəhərinə göndərilməsinin
təmin olunması barədə məktub göndərilir
və elə həmin günlərdə Tiflisdən Bakıya
aşağıdakı məzmunda şifrəli teleqram
yola salınır: "Y.Qorobçenkoya
çatdırılsın ki, Cəfərov Məmməd Yusifi
dərhal həbsdən azad etsin. Bağırov, şifrə
açılmışdır 11.03.1926".
Bu
göstərişdən sonra onu həbsdə
saxlayıb-saxlamamağı qətiləşdirə
bilməyən 3-cü qrupun müvəkkili Movsesov Sumbatovun
adına raport yazır: "Bildirirəm ki, XSİŞ
yanında Xüsusi Müşavirənin 12.02.1926-cı il
qərarı ilə M.Y.Cəfərov DSİ vasitəsilə 3
il müddətinə Urala sürgünə
göndərilməyə məhkum edilmişdir. Zaq.FK qeyd
edilən qərarın yerinə yetirilməsi
üçün mənim tərəfimdən müttəhim
həbs olunmuşdur.Az. FK sədri y. Bağırovun
göstərişi ilə M.Y.Cəfərov həbsdən azad
edilmişdir. Cəfərov Urala sürgünə
göndərilməli olduğu üçün xahiş
edirəm sonra necə hərəkət etməli olduğumuzu
aydınlaşdırasınız və Zaq.FK,
həmçinin, XSİŞ-yə nə cavab verməyimizi
bildirəsiniz".
M.Y.Cəfərov
həbsdən azad olunur. Ancaq barəsində yuxarıda
adıçəkilən sürgün qərarı
ləğv edilmədiyi üçün 1928-ci ildən
başlayaraq onu yenidən çək-çevirə salır,
həbsə atılmaq təhlükəsi ilə
üz-üzə qoyurlar. Uzun əzablardan, yazışmalardan
sonra o, vəziyyəti qismən də olsa,
aydınlaşdıra, sürgündən canını qurtara
bilir.
Bundan sonra
Cəfərov barəsində yenidən müxtəlif tipli
məlumatlar toplanmasına başlanır.
Yazışmaların
miqyası genişləndikcə, məsələ bir
qədər də qəlizləşdirilir, M.Y.Cəfərovun
sürgünə göndərilməsi ilə bağlı
təhlükələr reallaşmaq dərəcəsinə
çatırdı.
Bütün
bu müddət ərzində dəyişməyən
yalnız bir şey idi. M.Y.Cəfərova münasibət. Onu sürgünə göndərmək, yaxud bu
qərarı ləğv etmək barədə sənəd
imzalayanda da cəza orqanı əməkdaşları eyni cür
düşünürdülər - bu şəxsə etibar
etmək olmaz, çünki o, müstəqil Azərbaycan
dövlətində mühüm vəzifələrdə
işləyib, tanınmış xadim kimi millət yolunda
böyük xidmətlər göstərib.
Azərbaycan
Parlamentinin son iclasına yuxarıda qeyd etdiyimiz kimi məhz
Parlamentin sədr müavini Məhəmməd Yusif
Cəfərov sədrlik etmişdir. (Katib Rza
bəy Qaraşarlı olmuşdur) 1920-ci il aprelin 27-də
keçirilən Azərbaycan parlamentinin təcili
fövqəladə iclasında müstəqil respublikanın
şimal sərhədlərindən gözlənilən
Qızıl ordunun hərbi müdaxiləsi
təhlükəsi qarşısında vəziyyətin ağırlığını aydın dərk edən
millət vəkilləri Məhəmməd Əmin
Rəsulzadənin təklifinin səsə qoyulmasından sonra
əksər səs çoxluğu ilə "istiqlaliyyət,
millət və məmləkəti layiqincə müdafiə
etmək şərtilə hakimiyyəti kommunistlərə
təhvil verməyə razılaşdılar.
Hökumətin taleyi Azərbaycan kommunist firqəsinə
təslim edildi. Ancaq elə həmin günün səhəri,
yəni aprelin 28-də bir gün əvvəldən Bakıya
soxulmuş Qızıl ordunun görünməmiş
cinayətlər törətməsinə şərait yaradan
kommunistlər öz vədlərini asanlıqla unutdular. Nəticədə Azərbaycanın
müstəqilliyinə son qoyuldu, demokratik cümhuriyyətin
timsalında milli dövləti süquta uğradıldı.
Azərbaycan xalqı ilə bərabər, Azərbaycanın
dövlət və hökumət rəhbərlərinin, o
cümlədən, Məmməd Yusif Cəfərovun həyatında
ən ağır və məşəqqətli günlər
başlandı. Müstəqillik yolunda az-çox
xidmətləri olmuş ictimai xadimlərimiz,
vətənpərvər qüvvələr bolşevik
terrorunun qurbanına çevrildilər. Minlərlə insan
yerindəcə güllələndi, həbsxanalara
atıldı, kütləvi repressiyalara məruz qaldı.
Bolşeviklər milli hökumətə xidmət
göstərmiş şəxslərin hamısını
cəzalandırdılar. Bu siyahıda adı birincilər sırasında
olan M.Y.Cəfərov da istisna təşkil etmədi. O,
ömrünün 5 ilini həbsxana divarları arasında
və kütləvi cəza orqanının nəzarəti
altında keçirdi.
M.Y.Cəfərov
1938-ci ildə may ayının 15-də Bakıda vəfat
etmiş və Şağan kəndində dəfn
olunmuşdur.
Lətif ŞÜKÜROĞLU
Tarix üzrə fəlsəfə doktoru
525-ci
qəzet 2018.- 25 may.- S.6.