AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ
CÜMHURIYYƏTİ İLİ ELAN ETMİŞDİR
Şirməmməd HÜSEYNOV
Müsəlman Şərqində ilk
demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı
tarixi şəraitdə və hansı sistem üzərində
qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər
şərhləri nəzərdən keçirək.
(Əvvəli
ötən şənbə saylarımızda)
AZƏRBAYCAN DAVASI
28 May 1918, Milli Azərbaycan Hərəkatının ən
böyük günüdür. Bundan 34 il
öncə, Milli Şura tərəfindən Azərbaycanın
istiqlalı elan olunmuşdu. Bu tarixdə Türk
və Müsəlman aləmində, ilk dəfə Milli Xalq
Hakimiyyətinə dayanan bir Cümhuriyyət qurulmuşdur.
Yüz il öncə, ayrı-ayrı 9 xanlıq
halında Çarlığın hakimiyyəti altına
düşən Azərbaycan Birinci Dünya Hərbi nəticəsində
çökən Rusiya imperatorluğunun ənqazı
(xarabası) altından siyasi bir bütün, bir millət, bir
dövlət olaraq qalxdı.
12 ocak (yanvar) 1920-də Böyük
Dövlətlər tərəfindən istiqlalının
tanınması üzərinə, Azərbaycanın davası
millətlərarası bir məsələ halına gəldi.
Azərbaycan Cümhuriyyəti sadəcə dünya
ensiklopediyaları ilə Birinci Dünya Hərbindən bəri
dürlü lisanlarda basılan kitab, xəritə və
atlaslarda qeyd edilməklə qalmayıb, eyni zamanda
böyük-kiçik, uzaq-yaxın ilgili bütün dövlətlərin
arxivlərində Azərbaycan davasına aid dosyalar (sənədlər
toplusu) vardır.
Siyasi “Carte du vistie”i (dövlətlərin təqdimat
kartında) 1918-də dünyaya təqdim olunan Azərbaycan Hərəkatının
ömrü sadəcə 36 il deyildir, əlbəttə!..
Azərbaycan Türk xalqının tarixi gəlişmə
(inkişaf prosesi) seyrində 28 May 1918, siyasi bir olqunluğunun
(kamilliyinin) mühüm bir mərhələsidir.
Aləmşümul kültür dəyərlərinə
və dürlü (müxtəlif) çağlarda
yaşanmış siyasi istiqlal və hakimiyyət xatirələrinə
malik olan Azərbaycanın tarixi bilxassə Yaxın Doğu
İslam şərtləri daxilində gəlişmişdir
(inkişaf etmişdir). Son
yüz il içində bu gəlişmə
Qafqasiya müqəddəratı ilə ilgili olaraq müəyyən
özəlliklər ərz etmişdir.
Cümhuriyyətin qurulmasına təqəddüm
(keçid) dövründə Azərbaycan topluluğunda əsaslı
üç fikir cərəyanı təbəllür etmiş
(formalaşmış) olurdu. Bunlardan biri dini düşüncəyə
görə, milliyyət fikrinə xor baxan İslami
ittihadçılıq idi. Buna müqabil
yenə milliyyət ayrılığını rədd edən
kosmopolit bir fikir cərəyanı - sosializm vardı. Biri sağçı, digəri solçu bu hər
iki kosmopolit cərəyana Azərbaycan çərçivəsi
daxilində qalmaq çox dar gəlirdi. Azərbaycan
məfhumu onları təmin etmirdi. Onlar
üçün ya “Rusiyada Müsəlmanlıq”, ya da “Rusiyada
Sosializm” vardı. Milli olmayan bu cərəyanların
arasında milli Azərbaycan milliyyətçiliyi mərkəzi
bir mövqedə dururdu.
Tarix və kültür
anlayışında türkçü olan bu milliyyətçi
zümrə, siyasi alanda (sahədə) Azərbaycan muxtariyyət
və istiqlalını hədəf tuturdu.
Azərbaycan Türk özəlliyinin
formulunu verən və Rusiya hakimiyyətindəki Türk elləri
üçün milli-məhəlli muxtariyyətlər
halında öz müqəddəratlarını müstəqil
idarəetmə tələbini irəli sürən canlı
bütün qüvvətlər Azərbaycanda “Müsavat” Xalq
Firqəsi ətrafında birləşmişdilər.
1911-ci ildən bəri gizli fəaliyyətdə olub,
Rusiyada baş verən inqilab nəticəsində, 1917-ci ildə
təşəkkül edən “Türk Ədəmi Mərkəziyyət
Firqəsi” ilə birləşən “Müsavat”
partiyasının Bakıda toplanan ilk konqresi sadəcə Azərbaycan
tarixində deyil, Rusiya məhkumu bütün Türk ellərinin
yaxın tarixində dəxi mühüm bir hadisə
olmuşdu. Qəbul etdiyi proqramında Azərbaycan
muxtariyyatını cəsarət və sərahətlə (səhihlik,
aydınlıqla) təsbit edən bu firqə, o gündən
etibarən, gürcülərdə Menşevik, ermənilərdə
Daşnak partiyaları kimi Mavərayi-Qafqasiya həyatında
Azərbaycan Türklüyünü təmsil edən
üçüncü bir qüvvət halına gəlmişdi.
Daşnak, Menşevik, Müsavat isimləri dost, düşmən
bütün dillərdə dastandı. Bu
üç ismi təsrif etməyi (istədiyi kimi dəyişməyi)
bolşeviklər bilxassə sevərlər. Gərək düşmən, gərəksə Azərbaycandan
əlaqə ilə bəhs edən dostlar üçün
“Müsavatizm” Azərbaycan patriotizminin bir müradifidir
(sinonimidir).
1917-ci ilin aprelində Bakıda toplanan
Qafqasiya Müsəlmanları Qurultayı ilə eyni ilin
mayında bütün Rusiya Müsəlmanlarının
Moskvada toplanan qurultayında bu tezisi müdafiə edənlər
“Müsavat” firqəsinə mənsub idi.
Rusiya Qurucular Məclisinə yapılan
seçim əsnasında bu seçimdə iştirak edən
Azərbaycan partiyalarından yalnız “Müsavat” firqəsinin
bəyannaməsində Azərbaycan muxtariyyatından bəhs
edilirdi.
Sonra, 1918 Mavərayi-Qafqasiya Seymində eyni
Azərbaycan tezisini yalnız “Müsavat” firqəsi ilə “Tərəfsizlər
Bloku” naminə oxunan açıqlamada görürük.
Seymin dağılması üzərinə
Azərbaycan Cümhuriyyətinin istiqlalını elan edən
Şurayi-Millidə bütün partiyaların artıq
istiqlalçı olduqlarını görürük.
Azərbaycan davasının yaxın
tarixində müəssir (təsirli) bir rol oynayan fikir cərəyanları
ilə müəssisələrinin tarixi məsnədləri
(dayaqları) bunlardır. “Davamız”ın yaxın tarixindən bəhs
açanların hər şeydən əvvəl, bu obyektiv
hadisə və vaqeələr üzərində durmaları lazım
gəlir. Belə edilərsə, dava tarixi əsaslara,
fikirlərə və fikir müəssisələrinə
bağlanmış olur.
Milli Böyük bir davanı şəxslərə
bağlamaq və onu parlament və ya hökumətdə
bulunmuş olan bir sıra münfərid (tək-tək)
insanların vərəsəlik malı
kimi ədd etmək (qəbul etmək) çox xətalı
bir anlayışdır. Şurayi-Millidən də,
parlamentdən də öncə Azərbaycan muxtariyyat və
istiqlal fikrini təəzzi (əziyyət çəkmə)
etdirən və bunu sağdan-soldan gələn bütün
müxalifətə qarşı savunan (müdafiə edən)
bir müəssisənin varlığını inkar və ya
ehmal etmək (əhəmiyyət verməmək) milli davaya zərərdən
başqa bir şey verməz. “Davamız”ı
fikir müəssisələrində deyil, münfərid şəxslərə
bağlayanlar, mənsub olduqları millətin inkişaf etməmiş
ibtidai bir cəmiyyət olduğunu bəlirtmiş
(qabartmış, nəzərə çarpdırmış)
olduqlarının fərqində olmayanlardır. “Davamız”ın yaxın tarixini tariximizdəki fikir
müəssisələrindən təcrid edərək izaha
qalxışanlar bilərək və ya bilməyərək
tarixi təhrif edənlərin ta özləridir.
Tarixdə fikirlərin əhəmiyyəti
var da, şəxslərin heç bir dəyəri yoxmudur? Əlbəttə vardır.
Fəqət bu dəyər şəxslərin
fikirlərə sədaqətləri və fikir müəssisələrinə
bağlılıqları nisbətindədir. Bu sədaqət və bağlılığın
şəkil və dərəcəsi ancaq bir şəxsi bir
şəxsiyyət mərtəbəsinə
ulaşdırır. Tarixdə dəyər
və əhəmiyyət kəsb edən şəxslər,
işdə, müəyyən fikir cərəyanlarına və
müəssisələrinə bağlanan, onlara simvol olan
şəxsiyyətlərdir.
“Davamız”ı anladırkən onu hal hazırda
yalnız “üç kişi”nin baqi qaldığı bir listəyə
bağlamaq və bu yaşayanları o ölənlərin siyasi
yeganə varisi kimi görmək salim bir düşüncənin
əsəri sayılamaz, təbii!..
Davamız, Azərbaycan davasıdır, bu,
tarixi və milli bir davadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu davanın
tarixi fikir müəssisələri və onlara qanlarıyla və
canlarıyla təqdis etmiş qəhrəmanları vardır.
Bu qəhrəmanlar sadəcə Milli Şura,
Parlament və ya hökumətə mənsub olan şəxslərə
inhisar etməz. İçlərində milli ideala, Azərbaycan
fikrinə, yəni “Davamız”a ihanət (xəyanət)
etmiş olanların da, məəttəssüf bulunduğu bu
təşəkküllər dışında, şairimizin
“Buzlu Cəhənnəm” dediyi sürgün yerlərində
şəhadət camını içən, Xəzərin
qanlı sularında ayaqlarına daşlar bağlanaraq
boğdurulan neçə qurbanlarımız, şəhidlərimiz
vardır.
Sadəcə hökumət və ya
parlament üzvü olmaq, insana özəl bir imtiyaz və
şərəf verməz. Əsl imtiyaz, əsl şərəf ideyaya sədaqətdə və ona
hüsnüniyyət və səmimiyyətlə bağlı
qalmaqdadır.
Parlament və hökumət dışında Firudin
Köçərlilər, Piri Mürsəlzadələr,
İslam Qəbulzadələr, Mirzə Abbaslar, müəllimə
Vəsilə xanımlar, Qasımzadə Qasım bəylər,
Rəfibəyli Xudadat bəylər, şair Hüseyn Cavid ilə
Əhməd Cavadlar; gənc öyrənçi və zabitlərdən
Ağa Kərim Əlizadə, Ağa Səlim Rəhimzadə,
Salman Rəhimzadə, İbrahim Axundzadə, Dr. Dadaş Həsənzadə
və sairləri kimi namü-nişanı (ad-sanı) zikredilməyən
daha neçə qurbanlarımız və şəhidlərimiz
vardır. Azərbaycan cəlladı
Bağırovun bir raporunda qeyd olunduğu kimi 52-dən
çox qanlı xalq üsyanlarında fədakaranə ölən
minlərcə igid partizanlarımızı da unutmayaq. Gənc
ordumuzun şəhid komandanları Həmid
Qaytabaşıları, Süleyman Paşa Sulkeviçləri,
Dilxas Murad Gərayları, İbrahim Ağaları, Səlimov
Həbib Bəyləri və bir çox digərlərini də
zikr edəlim.
İsimləri və xatirələri hamımıza əziz
olan Fətəli Xan, Nəsib bəy, Həsən bəy, Səməd
Paşa, Əbuzər bəy, Məhmət Bağır bəy,
Museyib bəy, Murtuza bəy, Rəhim bəy və sairə kimi
şəxslərlə bərabər, düşmən tərəfinə
keçmiş və milli iradəyə xəyanət etmiş
Qarayevlər, Qarabəyovlar kimi bədbəxtlər də məəttəssüf,
Parlamentin üzvü olmuşlardır.
Ümumi bir xülasə yapılırkən,
ana fikir müəssisələrindən və bunları təmsil
edən şəxslərdən bəhs etmək
qaçınılmaz bir zərurətdir. Tarixdə isimlərini fikir
müəssisələrilə sımsıxı
bağlamış şəxsiyyətlər vardır.
Bunlardan bəhs etmək qədər təbii və normal bir
şey ola bilməz. Bu bütün fəaliyyətləri
bir tək şəxsə ətf etmək (istinad etmək) demək
deyildir, əlbəttə!..
Davanı əsas fikir sistem və müəssisələrindən
ayıraraq, avtomatik surətdə, müəyyən dövrdə,
rəsmi hər hansı bir sifət və ya ünvan
daşımış insanlara ancaq bağlarsaq, fani olan bu fərdlərin
meydandan qalxmasıyla dava da bitmiş olur. Halbuki Azərbaycan davası
belə üç-beş kişinin həyatilə
ölçüləcək kiçik bir dava deyildir. Onun şühəda qanıyla təqdis edilmiş
(müqəddəs sayılmış) fikir müəssisələri
vardır. Bu müəssisələr
baqidir, Azərbaycan parlamentini də, hökumətini də
doğuran bu fikir sistemi, qızıl istila altında bilavasitə
qüvvətlənmiş istiqlalçı gənc nəslin
müqavimətilə çəlikləşmiş
(poladlaşmış) və mühacirətdə illərdən
bəri davam edən mücadilə sayəsində sarih
(açıq, aydın) formulunu tapmışdır. Milli nəşriyyat və müəssisələr tərəfindən
bu davanın ideoloji bütün səhifələri incədən-incəyə
işlənmişdir. Belə bir hərəkatın
müqəddəratı, şübhəsiz ki,
üç-beş faninin həyatına münhəsir (həsr
edilə) qala bilməz.
Ciddi bütün davalar kimi, Azərbaycan
davasının da qüvvət və həyatiliyi, bu
böyük fikrin, istiqlal ideolojisinin nəsildən-nəsilə
keçməsindədir. Yeni nəsil, əski nəslin savunduğu idealı mənimsər
və bu ideal uğrunda çalışmış
başlıca fikir müəssisə və şəxsiyyətlərini
idealizə edərsə, bunu dava naminə, müsbət bir
hadisə olaraq qəbul etməliyik.
Yaxın tariximizdə davanı haqqilə təmsil
edən fikir müəssisələrini ehmal ilə sadəcə
münfərid şəxslərə mal etmək Azərbaycan
topluluğunun gəlişməmiş ibtidai səviyyədə
olduğunu söyləmək olur. Halbuki 1918-də istiqlalını elan edərkən,
Azərbaycan Türklüyü, siyasi fikir cərəyanlarına
malik olqun bir topluluqdu. Orta Rusiya əsarətindəki
bütün Türk topluluqlarına örnək olacaq milli
demokrasi ideolojisilə siyasi bir firqə vardı ki,
Türklüyün federalist cərəyanını təmsil
edirdi.
O zamankı şərtlər daxilində
Türkçülüyün
“Müsavat” firqəsində təmsil olunan bu cərəyanı,
hadisələrin gəlişməsilə, Türkiyədə
Atatürk Cümhuriyyətinin, əski Rusiyada isə
dürlü Türk Cümhuriyyətlərinin qurulması ilə
həyatiliyini isbat etmişdir.
Bulunduğumuz mühacirət şərtləri
daxilində, Azərbaycan davası naminə birləşmək,
milli davanı yaşatmış və ya yaşadan fikir sistem
və müəssisələrinə hörmət etməklə
olur. Bunun üçün hər
türlü kiçik hesablardan və mərəzi hisslərdən
sıyrılaraq ana fikrə önəm vermək
lazımdır.
Yaxın keçmişi inkar və
müşəxxəs (tanınmış) ideya və şəxsiyyətləri
çürütmək qeyrətilə meydana atılanlar, bilərək
və ya bilməyərək, böyük davanı kiçildənlərdir. Bu xüsusda
hamımızın son dərəcə ciddi və diqqətli
olmamız icab edər.
Bunu bilməliyik ki, “Davamız” fani
üç kişinin inhisarına alınacaq qısır bir
dava deyildir. O, nəsildən-nəsilə
dövr edilən fikir müəssisə və şəxsiyyətlərinə
sahib vələd (nəsli) bir davadır. Təcrübəli
böyükləri ilə dəliqanlı gənclərini
qopmaz ideal və fikir təsanüdüylə bir-birinə
sımsıxı bağlayan bir dava!..
Dünənki idealist nəsil ilə bugünki idealist nəsli
bir-birinə bağlayan, bundan 36 il öncə, 28 May 1918-ci ildə
İstiqlal Bəyannaməsini intac etdirən (nəticələndirən)
böyük fikir hərəkatıdır.
İstər ölmüş olsun, istər həyatda
bulunsun, istər yaşlı olsun, istər gənc olsun, istər
əski mühacir, istərsə yeni mühacir olsun,
bütün azərbaycanlıların bu müəzzəm hərəkatdakı
mövqe və şərəfləri, əsas ideologiyaya
göstərdikləri və göstərəcəkləri sədaqət,
bağlılıq və hizmətlərilə mütənasibdir.
Bütün məsələ, bu xüsusda
son dərəcə incə davranmaqla bərabər, mötədil
bir ölçüyə malik olmaq, hadisə, müəssisə
və şəxsiyyətləri təqdirdə vətənsevərlik
icabı olaraq, ədalət və insaf hissindən
ayrılmaqdadır.
Məhəmməd Əmin Rəsulzadə
”Azərbaycan” aylıq kültür dərgisi
Sayı - 2-3 (26-27), 1954
Bir yaş
Bu gün, istiqlalını elan etmiş
olduğumuz və bu istiqlalı qazanmaq yolunda çaylarca
qanlar axıdıb, minlərcə xanımanlarımızı
xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan
Türk Dövlətinin bir yaşı tamam olub da ikinci
yaşa qədəm qoyduğu gündür.
Novzad dövlətimizin təvəllüdü,
ana vətənin bətnindən doğulması - çətinliklə
əmələ gəldi. Ana vətən, balasını doğarkən,
özünü qurban edəcək dərəcəsinə gəlmişdi...
Azərbaycan toprağı bir xarabazara, bir viranəyə
dönəcək idi. Onun, o madəri-mehribanın
nazik sinəsi, zərif bədəni üzərində gəzən
qaba ayaqlar, həm anasını, həm bətnindəki
balasını çəkmələrinin təpikləri
altında tapdalamaq, əzmək və xurd-xaş etməklə
anasını da, balasını da öldürmək
istiyordular.
Lakin bu zəif sinə içində gizlənmiş
olan eşq və məhəbbət o dərəcə
böyük bir qüvvəti haiz idi ki, zəif cism, qüvvətli
ruh sayəsində düşmən zülmü
qarşısında tab və taqətdən düşməyib
yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi.
Ana Vətən doğdu...
Və bu gün, doğduğu
övladının səneyi-dövriyyəsi münasibətilə
bayram qurub və övladını mavi, al və yaşıl rəngli
parçalarla bəziyib nümayişkaranə bir surətdə
bəyani-iftixar etmədədir.
***
Bir yaşlı dövlətimiz, - gələcəkdə
- və yaxın gələcəkdə türk-lügün
ümidgahı, islamlığın pənahı və aləmi-mədəniyyətin
möhtərəm bir üzvü olacağını hələ
bir yaşında olduğu halda - hər kəsə bildirmədədir.
Azərbaycanın türklügə
istiqbal meyvələri yetişdirmək üçün
münbit bir topraq təşkil etdigini, Osmanlı türk
qardaşlarımız dəxi iqrar və etiraf edib bizə
ümid nəzəri ilə baxmadadırlar. Fihəqiqə Azərbaycan idi ki, türk
irqində sağlam bir milliyət hissi oyatdı, millət nə
olduğunu milliyətini unutmuş türklərə bildirdi:
Onlara - sən əvvəl bir türksən dedi və “türkəm”
dedirtdi...
Türk qövminin dəxi farslar və ərəblər
kimi müşərrəf olduq-ları dini-mübini-islamın
- Allahımız bir, Peyğəmbərimiz bir,
Quranımız bir və binaənileyh dinimiz də bir
olmalıdır - deyə bu birligə fel və əməl ilə
ilk qədəm qoyan Azərbaycan türkləri oldu desəm, əminəm
ki, xəta etmərəm. Bu fikrin Azərbaycan türkləri
arasında böyük bir surət ilə intişarını
və qüvvətlənməsini görən-lər sözlərimi
təsdiqə məcbur olarlar...
Bizi vəhşi bilənlər və bizdən
yalnız qaniçicilik gözləyənlər ilə və
bizim vücudumuzu aləmi-mədəniyyət
üçün təhlükəli ədd edənlər ilə
bir balaca təmas lazım imiş ki, bu fikrin və bu nəzərin
sırf yalan və yanlış olduğu meydana
çıxsın. İngilislər bizim içərimizə girərkən,
özlərini vəhşi heyvan qarşısına
çıxmış bir ovçu vəziyyətində
saxlamaq ehtiyatına heç bir lüzum
olmadığını bir-iki gündən sonra kəmali-təəccüb
ilə anladılar və həqqimizdə bəsləməkdə
olduqları nəzər və təsəvvüratın - bilməməzlik
və ya düşmənlər təbliği nəticəsi
olaraq xəta və yanlış olduğunu da dərk etdilər.
Əminəm bunu da dərk etdilər ki, istibdad altında tərəqqi
və təalidən cəbrən məhrum və cəhalətə
məhkum edilmiş olan bu millət, azad olduqdan sonra çox
çəkməz ki, aləmi-mədəniyyət
bazarlarında öz milliyyətləri təqazası ilə əmələ
gəlmiş mədəni mətahlarını ənzari-bəşəriyyətə
təqdim ilə mədəniyyəti qoca olan millətləri
də heyran qoyarlar...
AL rəngi türklügə, YAŞIL rəngi
islamlığa və MAVİ rəngi də mədəniyyətə
işarə olan bayrağımızın mənayi-mənəviyyəsi
də budur.
***
Adamlar var ki, bizim istiqlalımızı istəmiyordular,
halbuki bizə düşmən degil idilər və bu istəməməzlikləri
də düşmənçilik üzündən degil idi, fəqət
onlar qorxurdular. Qorxurdular ki,
biz hökumət etməgə, məmləkət
dolandırmağa, dövlət saxlamağa qabil olmayıb da
müxtəlif millətli təbəəmizin can və
malını mühafizə edə bilməyək, məmləkətdə
asayiş bərpa edə bilməyək, nizam və qaidə
qoya bilməyək, siyasiyyatda bacarıqsızlıq göstərib
xəlqin istirahətini pozaq...
Lakin növzad dövlətimizin yeni başlamış
ömrünün günləri və ayları gəlib
keçdikcə, bu fikirdəki adamlar öz fikirlərini dəgiş-məgə
məcbur oldular, bolşeviklər dövründə həsrətini
çəkdigimiz çörək və çörəkdən
də artıq həsrətində olduğumuz əmin və
asayişin yoxluğu və cəmaəti qoz və
fındıq kimi bizar edən qətl və qarətin
çoxluğu, o da, bu da dəf edildi. Azərbaycan
dövləti çörək ilə bərabər əmin və
asayişi də iadə etməklə əhalini həm
aclıq, həm də qətlü-qarət bəlalarından
xilas qıldı. Cavan dövlətimiz dünyanı
bürümüş olan sarı xəstəliklərlə də
mədəni və ər bir surətdə mübarizəyə
girişib zəfər və müvəffəqiyyət
qazandı...
Düşmənlərimizin virdi-zəban
etdigi “bəy-xan və şallaq hökuməti” əvəzinə
ən demokratik və ən hürriyətpərvər bir
dövlət olduğunu bildirdi. Əhalisinə bir bu qədər geniş
və genişligi heç bir hökumətdə görünməmiş
bunca hürriyyət və azadlıqların vicudi
qarşısında düşmənlərimizin gözləri
heyrələnib, dilləri lal olacaq idi ki, hiylə və təvzirə
əl atıb hökumətimizin bu qədər hürriyyətpərəstligini
cəbunluğa və səhlənkarlığa isnad ilə
bizi genə də ləkələndirmək istiyordular.
Lakin bu axırki zabastovkanı Azərbaycan istiqlalını məhv
etmək və məmləkətimizi anarşı halına
salmaq niyyətilə qurulmuş zabastovkanı yatırmaq
işində hökumətimizin və millətimizin göstərmiş
olduğu əzm və səbat, ustadlıq və məharət,
düşmənlərimizin bu ləkəsini də üzərimizdən
sildi və bu töhməti də rəf etdi...
***
İçərisindən çıxan
qırmızı təhlükəni rəf və izaləyə
qadir olan bir hökumət və millət, xaricdən sədası
gələn qara təhlükəni də dağıtmağa
və darmadağın etməgə qadir olmazmı, zənn
ediyorsunuz?! Siz onun bir yaşar
olduğuna baxmayın, düşmən dəfində təcrübəsiz olduğuna,
türklük və islamlığına məxsus fəzilətlərinə
baxıb da əmin olunuz ki, bu hokümət və bu millət
öz istiqlalını, öz azadlığını və
öz təbəəsini şanlı bir surətdə hər
bir düşməndən qorumağa qadirdir və bu qüdrətini
lazım olduğu halda isbat edər. Bu təntənəli, cəlal
və şükuhlu bayramımızı görənlər
bunu yəqin bilsin ki, bir yaşar cavan Azərbaycan türk
dövlətinin istiqlal mühafizəsindəki
şüarı budur ki:
Ölmək var ki, dönmək yoxdur!
Bu gün bu əziz bayram günü sidqi-dil ilə
- Yaşasın müstəqil Azərbaycan! - deyənlər, əmin olmalı ki, onu müstəqil
yaşatmağa qadir olarlar!
Hacıbəyli Üzeyir
“Azərbaycan”, 28 may
1919, ¹190
Azərbaycan istiqlalının bayraqdarı
“Müsavat” qurultayı münasibətilə
Son günlərdə paytaxtımızda
açılıb günlərcə davam edən və
bütün ictimai və siyasi məhafili işğal edib duran
“Müsavat” qurultayı həqqində bizim də mütaliəmizi
söyləməmək mümkün degildir. Məmləkətimizin həyati-ictimaiyyə
və siyasiyyəsində mühüm rol oynamış, daxil və
xaricdəki əfkari-ümumiyyə üzərində ciddi təsirlər
buraxmış bir firqəyi tədqiq və təhlil etmək
bir qəzetəçi və yaxud da bir mühərrir
üçün o qədər də bəsit bir məsələ
degildir. Çünki hər yerdə və hər millətdə
ilk dəfə bir həqiqətin kaşifi, bir fikrin qaili, bir əsasın
vazei olan bir şəxs və yaxud da bir cəmiyyət həqqində
bəyani-mütaliə etmək üçün elmi və fəlsəfi
bir bitərəflik lazım gəlir ki, müxtəlif rəy
və fikirləri xoşnud edə bilmək mümkün olsun.
Hər bir şəxsin bir sirr kibi ruh və
fikrində gizlənmiş bir qüdrəti-xəllaqiyəsi
olduğu kibi, bir firqə və yaxud da bir cəmiyyət
üçün də doğrudan-doğruya qeyri-qabil nüfuz
bir hikməti, bir fəlsəfeyi-iradə və idarəsi
vardır.
Hər bir firqə bu mənəvi qüvvəti
iktisab edə bilmək üçün bir çox təcrübələr
keçirmiş, fəqət bu təcrübələrdən
ibrətbin olmuş və ən ziyadə müsbət bir
zehniyyətlə bir məsləki-ümumi yolunu çizməgə
diqqət etmişdir.
Firqə denildigi zaman, bir məmləkətin
ictimai, iqtisadi, siyasi ehtiyac və amallarını fikri bir mənzumə
halına qəlb etmiş bir müəssisə nəzəri-mütaliəyə
gəlməlidir.
Siyasiyyat, iqtisadiyyat, ictimaiyyat kibi yekdigərləri
ilə heç bir surətlə ayrılmayan məfhumlar bir
firqənin əhatə və fikri mənzuməsinə daxil
olduqdan sonra millət və məmləkət müqəddəratı
həqqində gərək daxildə və gərəksə
xaricdəki əfkari-ümumiyyə üçün lazım
gələn vasitələr qonulmuş ədd oluna bilir.
Firqələrdən hər hankı
birisinin cəmaət həyatında bir üs-tünlük
qazanması o məmləkətdə hakim olan arzuyi-ümuminin
qələbəsi deməkdir.
Elmi bir əsasdan xaric olan qəribə bəzi mütaliələr
vardır ki, o cümlədən, guya: firqədə rol
oynayanlar bir neçə şəxsdən ibarət
olduğudur. Halbuki bu, tamamilə xətai-aluddur.
Bir dəfə siyasi və ictimai həyatə
daxil olan hər hankı bir şəxs fərdiyyətdən
(individualizmdən) bir çox şeylərini fəda etmək
məcburiyyətindədir. İctimai və siyasi həyat demək cəmaətin
iyi və ya fəna təqsimat və təsnifatına boyun əymək
deməkdir. Bəlkə bir şəxs,
firqə və yaxud cəmiyyət həyatında mühüm
bir rol oynaya bilər. Fəqət o şəxs
üçün bu keyfiyyət tamamilə “kollektivizm”, yəni
cameiyyət denilən fərdiyyətə zidd bir əsasə
tabe olmaqdır.
İştə bu nöqteyi-nəzərlə
“Müsavat” firqəsi kibi bütün qüvvəti cəmaətdən
ibarət siyasi bir təşkilat həqqində
ictimaiyyatımızda hüsula gətirdigi bəzi təhəvvülat
və inqilablara hesab verməmiz icab ediyor.
***
“Müsavat” firqəsini iki sahədə
daima görüyoruz. Biri hökumət həyatında, digəri də
ictimaiyyatdadır. Bu firqənin hökumətə
daxil və hökuməti idarə etməsini ictimaiyyatdakı
müvəffəqiyyətində görməliyiz. Firqə, ruh ehtibarilə tamamilə demokrat bir firqə
ədd oluna bilir. Bu firqəyə demokratizmdən xaric bir
ünvan verənlər, ya demokratizmdən xəbərləri
yoxdur, yaxud da firqədən ictimaiyyat və siyasətdə
ümumiyyətlə mütəkamil bir cəmaəti təmsil
etmədigimiz üçün bəlkə də “Müsavat”
demokratlığı sui-təvil və təfsirlərə
düçar ola bilir. Fəqət
doğrudan-doğruya milli demokratlıq Azərbaycan türkləri
arasında “Müsavat”dan başqa heç bir firqəyə nəsib
olamaz.
Bu həqiqəti “Müsavat” qurultayı
isbat etdi. Qurultay
heyəti-ümumiyyəsi ilə cəmaətin ən demokrat
sinfindən ibarət idi.
Qurultayın ikinci, üçüncü və
dördüncü cələsələrində söylənilən
sözlər, irad edilən nitqlər xəlq
ehtiyaclarını fəryad edən şeylər idi.
Azərbaycan şəhər və kəndlərindən
gələn nümayəndələr hər şeydən əvvəl
idari və mülki ehtiyaclarından bəhs ediyorlar idi. Bu nitqlərdə bəzən
ciddi tənqidlər və bəzən də bacara biləcək
bir ruhda təmənnilər var idi.
Topraq məsələsi müzakirə
edildigi zaman qurultayda demokrat sinfinin qüvvəti bütün
ciddiyyətilə görükdü. Qurultay tamamilə demokratiyanın hakimiyyəti
altında qaldı. Qurultay nümayəndələri bir
söz ilə: topraq məsələsi üzərində
heç bir politika və demokratiyaya müsaidə etmiyordu. “Ya “Müsavat” toprağı verməli və yaxud da,
axırıncı sözünü bizə deməlidir” diyor
idi. İştə “Müsavat”da şəxsin,
fərdin nə qədər əhəmiyyətsiz bir rol
oynadığını bu məsələ ətrafında
hakim olan fikir və qurultayın da bu hakimiyyətə tabe
olmasını göstərdi.
Qurultayın siyasi proqramı da
şayani-diqqət bir surətdə idi. Qurultay Xəlq Cümhuriyyətindən
başqa heç bir şeyi qəbul etmiyor idi.
Hər dürlü ilhaq fikirlərinə də
əleyhdar oldu. Qurultay, bundan sonra əhvali-hazirə həqqində
bir çox siyasi əsaslar qəbul etdi ki, gərək əfkari-ümumiyyəmiz
və gərəksə siyasəti daxiliyyə və xariciyyəmiz
üçün qiyməti böyükdür.
O cümlədən Şimal təhlükəsi və
Dağıstan həqqində və Qafqasiya millətlərinin
konfederasyonuna dair şayani-diqqət qərarnamələr
çıxarıldı.
Bu qərarnamələrin dərəcəyi-tətbiqi
həqqində şimdi yeni halda müəyyən bir şey
deyəmiyəcəgiz. Fəqət
ümumiyyət etibarilə əhvalı-hazirə və
siyasiyyənin haman bu qərarnamələrə
doğru getdigini və firqənin də bu cəhətlə
hazırlanmaq ehtiyacında qaldığını biz də
etiraf edəriz.
Qafqasiya millətlərinin konfederasyonu fikri
öylə ümumi fikirlərdəndir ki, uzaqgörən hər
bir siyasimiz üçün nəzəri-diqqətə
alınmağa şayan və cümhuriyyətlər mənafei-ümumiyyəsinə
də təsiri böyük və mühümdür.
Bu fikir cümhuriyyətlər arasında qalib gəldigi
halda Qaf-qasiyanın beynəlmiləl və beynəldüvəl
vəziyyətini dəgişdirib Qafqasiya məsələsi
müsbət bir siyasət mövzui ola bilir.
Qurultayın gərək ictimaiyyat, gərək
siyasiyyat həqqində ətraflı bir xətti-hərəkət
çizməsi göstəriyor ki, cəmaət tədrici bir
surətdə hər məsələyə fail bir dairədə
hazırlanmaqdadır.
“Müsavat”ın bu 2-ci qurultayı bəzi
tənqidlərə də möhtacdır.
Hər şeyi hökumətdən gözləmək
kibi köhnə bir fikir qurul-tayda gözə çarpıyor
idi.
Dövlət həyatında iyi zaman təcrübə
görmüş bir firqə, məfkurə etibarilə
qüvvətli olmalı və ən ziyadə məmləkəti
bir təcəddüd və tərəqqiyə məzhər
edə bilmək üçün müsbət bir mühakimə
ilə amil bulunmalı idi.
Fəqət zənn edəriz ki, tarixi bir əhəmiyyəti
haiz bulunan 2-ci qurultayı bundan sonrakı 3-cü qurultay daha da
parlaq bir surətdə təqib edər.
Hər halda qurultayın şayani-tənqid
cəhətləri ümumi həyatımızdakı
durğunluğun bir nəticəsi olub getdikcə bunların
islah və tənsiqinə imkan çıxa biləcəkdir. “Müsavat” firqəsinin 2-ci
qurultayını gördükdən sonra biz bitərəf
olaraq deyə biləriz ki, bu firqə demokratca yolunu
çizmiş və demokratca da cəmaət və siyasiyyata
hakim olmuş bir firqədir.
Bu həqiqəti, “Trudovaya Znamya” ilə bərabər bir
sürü bəy, xan firqəsi deyə töhmətlər
sovuran firqələr və şəxslər qəbul etmiyorlar
isə də tıbqı səbətkar bir heyətşünas
olan məşhur Qalileyin (bununla bərabər ərz
dönüyor) deməsi kibi biz də deyə biləriz:
“Bununla bərabər “Müsavat” milli
demokrat firqəsidir!”
Ə.H. (Əhməd Həmdi)
“Azərbaycan”, 15 dekabr 1919, ¹344
Alud - bulaşmaq
Qail - deyən, söyləyən, rəvayət edən
Vaze - əsasını qoyan, təsis edən, yenidən
yaradan
Xoşnud - razı, məmnun
Bərsər - üzərinə, üstünə,
üstə
İktisab - qazanmaq, kəsb etmə
Təhəvvül - dəyişmə, başqa hala
keçmə
Təvil - izah etmə
Tənsiq - nizama salma, düzəltmə
Xətai-alud - xətaya bulaşmaq, batmaq
Heyətşünas - astronom
Səbatkar - sözündə möhkəm olan
(Ardı var)
525-ci qəzet.-2018.-26 may.-S.20-21.