Milli ideal və
“Hüseyn Cavid sənətinin qüdrəti”
SONA XANIM VƏLİYEVANIN
MONOQRAFİYASI CAVİDŞÜNASLIĞA VƏ ÜMUMƏN
ƏDƏBİYYATŞÜNASLIĞA BÖYÜK
TÖHFƏ KİMİ
Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi
Hüseyn Cavidin yaradıcılığı
tanınmış ədəbiyyatşünaslardan akademik M.C.Cəfərov,
akademik İ.Həbibbəyli, M.Əlioğlu,
Ə.İbadoğlu, V.Osmanlı, professorlar K.Əliyev, T.Məmməd
və Z.Əsgərlinin araşdırmalarında geniş yer
alıb və bu gün də müasir ədəbiyyatşünaslığın
diqqət mərkəzindədir.
Həmin tədqiqatlar içərisində M.C.Cəfərovun
1960-cı ildə nəşr olunan “Hüseyn Cavid”
monoqrafiyası cavidşünaslıqda mühüm bir
cığır açmış və böyük Cavidin ədəbiyyatımızdakı
reabilitasiyasını şərtləndirmişdi.
H.Cavid
yaradıcılığı həm klassik şeir ənənələrinin
davamı, həm də mənzum dramın ilk nümunələri
və faciə janrında əsərlərdən ibarət
olub, Azərbaycan ədəbiyyatının özünəməxsusluğunu,
koloritini, ədəbi dilin gözəlliyi və kamilliyini,
Şərq ədəbi ənənələrinə sadiqliyi və
eyni zamanda, dövrün fəlsəfi baxışlarına bələdliyi
ilə səciyyələnir. Əsərlərində
müraciət etdiyi tarixi, fəlsəfi, sosial mövzular,
onların həlli və təsviri baxımından
apardığı axtarışlar müəllifi məhz bəşəri
miqyasda problemləri düşünən və
yaradıcılığında əks etdirən sənətkarlar
sırasına aid edir. Bu xüsusiyyətlər
Hüseyn Cavid irsini Azərbaycan ədəbiyyatşünaslığının
daim müraciət etdiyi və heç zaman aktuallığını
itirməyən mövzulardan birinə çevirir.
XX əsrin
sonlarından etibarən Azərbaycan ədəbiyyatşünaslığında
ayrı-ayrı sənətkarların
yaradıcılığının poetikasından bəhs edən
elmi araşdırmalar ərsəyə gətirilmişdir ki,
bunların sırasında T.Mütəllibovun “Əbdürəhim
bəy Haqverdiyevin poetikası”, Z.Əsgərlinin “Azərbaycan
faciəsinin poetikası”, K.Əliyevin “Hüseyn Cavidin şəxsiyyəti
və poetikası”, “Azərbaycan romantizminin poetikası” və
T.Məmmədin “XX əsr Azərbaycan dramaturgiyasının
poetikası”nı qeyd etmək lazımdır. Milli
folklorşünaslıq da A.Hacılının “Bayatı
poetikası” və O.Əliyevin “Azərbaycan
nağıllarının poetikası” timsalında həmin
tendensiyadan qıraqda qalmayıb.
Bu kontekstdə son illər həm Hüseyn Cavid
yaradıcılığının tədqiqi, həm də təbliği
sahəsində diqqətəlayiq fəaliyyəti ilə
seçilən Sona xanım Vəliyevanın “Hüseyn Cavid sənətinin
qüdrəti” adlı monoqrafiyasının həmin tədqiqatlar
silsiləsində özünəməxsus yeri vardır. Monoqrafiya
müasir humanitar-filoloji fikrin aktuallıq kəsb edən bir
sahəsinə həsr olunub. Əsərdə
H.Cavid yaradıcılığının spesifik xüsusiyyətləri,
ənənə və novatorluq məsələləri,
janrlararası əlaqə problemləri
araşdırılıb və kifayət qədər önəmli
nəticələr əldə edilib. Məsələnin
geniş aspektdə qoyulması, problemin həllində sənətkarın
yaradıcılığının bir bütöv halında
götürülməsi tədqiqatçıdan ciddi
hazırlıq, həmçinin, mövzuya həssaslıq və
bəlkə də böyük sənətkarın irsinə təəssübkeş
bir münasibət tələb edir. H.Cavid
şeirlərinin ideya-poetik xüsusiyyətləri, “Azər”
poemasında şeir və dramaturgiyanın janrlararası əlaqəsi,
faciə və dramların tədqiqində isə əfsanə
və romantik metod arasındakı qarşılıqlı
bağlılıq, romantik düşüncə sistemində
mif və reallıq münasibətlərinin öyrənilməsi
romantizmin nəzəri-estetik prinsipləri fonunda
araşdırmanın mərkəzində cəmlənir.
Tədqiqatçı
tarixi-müqayisəli metodu əsas götürərək,
şeirdə və dramatik əsərlərdə mətnlərarası
münasibəti, obrazın bədii mətnin strukturundakı
mövqeyini, əfsanə, mif, dini dəyərlər və ya
tarixi gerçəklərin romantik düşüncə ilə
əlaqələri, obrazların xarakterik özəlliklərinin
təşəkkülündə türkçülük,
turançılıq ideologiyasının təsiri, həmçinin,
H.Cavid yaradıcılığında boy göstərən sufi dünyagörüşünün yer
almasını araşdırmanın əsas məqsəd və
vəzifələri çərçivəsində önə
çəkir.
Tədqiqat
işində son illərin araşdırmalarında çox az təsadüf olunan təqdirəlayiq bir halla
qarşılaşırıq. H.Cavid
yaradıcılığı ilə yaxından-uzaqdan əlaqəsi
olan monoqrafik tədqiqatların, məqalə və hətta
konfrans materialların, demək olar ki, heç biri diqqətdən
kənarda qalmamışdır. Sona
xanım Vəliyeva H.Cavid irsini sistemli bir şəkildə
öyrənərək problemin tədqiqində romantizm və
poetika kontekstini, konkret bir dramın və ya faciənin
araşdırılması, dahi sənətkarın
yaradıcılığının dünya ədəbiyyatı
və ənənələri fonunda, ədəbiyyatşünaslığın
ümumi məsələləri içərisində tədqiqinin
bir neçə istiqamətini müəyyənləşdirmişdir.
Ümumiyyətlə, problemin qoyuluşu, obyektin
və predmetin müəyyənləşməsi, metodoloji
münasibətin düzgün seçimi baxımından
monoqrafiya kifayət qədər müfəssəl təsir
bağışlayır.
Monoqrafiyanın
“Poeziyadan dramaturgiyaya” adlanan ilk hissəsi “Gözəlliyin
romantikası”, “Adəmin yerə enməsi”, “Qoca türkün
monoloqu”, “Romantik şeirdə dialoq”, “Monoloq və
dialoqların vəhdəti: “Azər”, “Janrın imkanları” və
“İki Şeyx Sənan” kimi yarımbaşlıqlara
bölünür. “Azər” poemasının da monoloq və
dialoqun vəhdəti prizmasından araşdırmaya daxil edilməsi
və “Janrın imkanları”nın
müasir ədəbiyyatşünaslığın tələbləri
çərçivəsində öyrənilməsi tədqiqatın
elmi-nəzəri sanbalını nümayiş etdirir. H.Cavidin ilk
qələm təcrübələrindən sayılan “Bir rəsm
qarşısında”, “İlk bahar”, “Yadi-mazi”, “Dəniz
tamaşası” şeirlərində gözəlliyin və
xüsusən də təbiət gözəlliklərinin tərənnümü,
ideya-bədii dərki araşdırılır.
S.Vəliyevanın mətnə yanaşmasında
özünü büruzə verən həssaslıq və səriştə
ona “Yadi-mazi” şerinin dahi sənətkarın ilk qələm
təcrübələrindən olmasına rəğmən,
burada “romantik inikas üsulunun kifayət qədər yer tuta
bilməsindən” bəhs edir və bunu konkret obrazlarda baş
verən dəyişmələrlə sübuta yetirir. Monoqrafiyada
şeirdə romantik düşüncənin formalaşması
kimi “Hübuti-Adəm”, “Öksüz Ənvər”, “Bir
qızın fəryadı, yaxud zindan guşəsindən bir səs”
şeirləri təhlilə cəlb edir. Müəllif
“Hübuti-Adəm”i “Cavid romantizminin cücərməkdə
olan olan rüşeyimlərinin toplandığı poetik
nümunə” kimi dəyərləndirir və “romantizm
estetikasına aid uzaq məkanlara müraciəti” sonralar
“Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur” və “Xəyyam”
pyeslərində də izləyir. Sanki H.Cavid
şeiriyyəti müəllifin gələcək dramaturji
yaradıcılığı üçün ciddi bir
hazırlıq mərhələsi idi. Burada
sadəcə mövzu və ya dini-mifoloji təfəkkürdən
gələn obrazlar sistemi deyil, həmçinin, böyük
H.Cavidin bütün yaradıcılığı boyu izlənilə
bilən müəllif yaddaşı məsələsi də
ön plandadır.
Tədqiqatçı qeyd edir ki, “Hübuti-Adəm” H.Cavid
üçün başqa bir yolun da başlanğıcı
deməkdir.
O, yaranışın həqiqət mənbəyini tərənnüm
edirdi... H.Cavidin sonralar qələmə
aldığı “Peyğəmbər” pyesi öz
başlanğıcını “Hübuti-Adəm” şerindən
götürür”. Əsərdə təhlilə
cəlb edilən hər üç şeirdə də lirik qəhrəmanın
tənhalığı və bunun yaratdığı qəm,
kədər romantizmin estetikasından qaynaqlanır ki, müəllifin
də düzgün qeyd etdiyi kimi, həmin hal H.Cavid
yaradıcılığının bütün sonrakı mərhələsində
davam etdirilmişdir.
“Monoloq və
dialoqların vəhdəti: “Azər” adlı yarımbaşlıqda
monoloq və dialoqda dramaturji əlamətin öyrənilməsi,
həmçinin, “Azər” poemasının bu kontekstdə
araşdırılması ilə
qarşılaşırıq. Şeirlə
dramaturgiya arasında yaradıcılıqdaxili əlaqələrin
“Azər” poeması əsasında tədqiq olunması və
ümumiyyətlə, epik elementlərin lirik janrın
strukturuna və ya əksinə təsir etməsindən
qaynaqlanan dəyişikliklər poetik araşdırmaların
diqqətində olan məsələlərdəndir. Ədəbi növlər arasında baş verən
yaxınlaşma poemaya dramatik növün süjet və
konflikt özəlliklərini gətirir ki, bu da poemanın
strukturunda hərəkətlənməyə rəvac verir.
Xüsusən də romantizmdə janrlararası əlaqə
mövzu ilə deyil, məhz əsas normativlərin üslubla
bağlılığı ilə izah olunur. Təsadüfi deyil ki, vaxtilə V.Belinski romantik
poemanı lirika və dramatizmlə yoğrulmuş
qarışıq epopeya adlandırırdı. Poemanın da strukturundakı hərəkətlilik və
dəyişkənlik onun başqa janrlardakı elementləri qəbul
etməsinə şərait yaradır. “Azər”
poemasında monoloqların dialoqlara nisbətdə
üstünlük təşkil etməsindən danışan
müəllif haqlı olaraq bu nisbəti “əsərdə
dramaturji elementlərin daha geniş şəkildə
iştirakı ilə əlaqələndirir və
“dialoqların öz struktur məzmunu ilə
açıq-aydın” görünməsindən bəhs edir.
“Janrın təkamülü” adlanan
yarımbaşlıqda H.Cavidin əsərlərinin janr
xüsusiyyətləri, “Şeyx Sənan” qəzəli və
eyniadlı mənzum dramı fərqli bir prizmadan
işıqlandırılır. Sona xanım Vəliyevanın:
“H.Cavid şair-filosof, dramaturq kimi də, publisist kimi də nədən
yazırsa-yazsın, ilk növbədə xalqa, millətə zəruri
şəkildə vacib olan məsələlərə toxunur. Bu prosesdə ədəbi janr, forma onun
üçün vasitədir. Bu vasitəni
effektiv bir təsir gücünə gətirə bilmək
üçün o, bəzən eyni bir əsərində
müxtəlif janr elementlərinin ortaq imkanlarından istifadə
edir” - mülahizəsi konkret nümunələr əsasında
təsdiqini tapır. “İki “Şeyx Sənan” adlı
yarımbaşlıqda tədqiqatçının səsləndirdiyi
“Azərbaycan ədəbiyyatı tarixində Nizamidən və
Füzulidən sonra ərəb əfsanəsinin romantik metod əsasında
bədii əsərə çevrilməsi Hüseyn Cavidin
adı ilə bağlıdır” fikri müəllifin həm
H. Cavid yaradıcılığına, həm də
bütünlükdə Azərbaycan ədəbi fikrinə dərin
bələdliyindən xəbər verir.
Monoqrafiyanın
“Əfsan ilə romantik metod” adlı hissəsi “Əfsanə və
romantik metod”, “Əfsanəvi qəhrəman: “Şeyx Sənan”
faciəsi”, “Şeyx Sənan və Dərviş”, “Şeyx Sənan
və Xumar” kimi yarımbaşlıqlara bölünür ki,
burada aparıcı obrazların bədii mətndəki rolu
araşdırılır. Bu fəsildə Şərqin qədim
məhəbbət əfsanəsi “Leyli və Məcnun”un N.Gəncəvi və M.Füzuli tərəfindən
qələmə alınan poemalarında əfsanənin bədii
əsərə transformasiyası, “Şeyx Sənan”da əfsanə
və faciənin vəhdəti, əsərdə sufizmlə
bağlı elementlər, multikultural dəyərlər
araşdırılır. İddiaçı əsərdəki
yuxu, xəyal motivlərini və əsərin “Əlavə”
hissəsində qəhrəmanların uçuşu səhnəsini
“əfsanə və romantik metodun vəhdətini təmin edən
əsas amil kimi” izah edir. “Əfsanəvi qəhrəman:
- Şeyx Sənan” hissəsində N.Gəncəvi və
M.Füzulinin “Leyli və Məcnun” poemalarındakı obrazlar
arasındakı fərqli və oxşar məqamlara
aydınlıq gətirilir. İddiaçının
“H.Cavidin Şeyx Sənanı öz romantik əhvali-ruhiyyəsi
ilə Nizaminin və Füzulinin yaratdığı Məcnuna
oxşayır, amma Məcnun deyil. Xüsusilə,
Şeyx Sənanın simasında məhəbbət və
dinin qarşılaşması onu öz sələflərindən
ciddi şəkildə ayırır” fikri məlum mətnə
yeni yanaşma kimi diqqət çəkir.
Müəllifin əfsanəvi mövzunun ədəbiyyata
gətirilməsini milli yaddaşa, xalq ruhuna üz tutulması
və XX əsrin əvvəllərində ədəbiyyata
yeni ab-havaya gətirilməsi fikri də diqqəti çəkir. Monoqrafiyada
Şeyx Sənanla dərviş obrazı sufizmin təcəssümü
kimi təqdim edilir. Seyx Sənanla dərviş
obrazları arasında paralellik aparan müəllifin mülahizələri
bədii mətnin içərisindəki gizli və alt qatda cəmləşən
məqamlara da aydınlıq gətirir. Dərvişin
Şeyx Sənanla kəsişməyən, ayrılan
yolları birincinin həqiqətə vardığını,
ikincinin isə həqiqət axtarışında olması ilə
izah etmək mümkündür.
Professor
T.Məmməd neosufizm mərhələsinin
başlanğıcına aid etdiyi H.Cavid
yaradıcılığını və xüsusən də
“Şeyx Sənan” əsərində dərvişin
özünü tanıtmasını belə şərh edir:
“Dərvişin cavabının hər bir misrası sırf təsəvvüfi
anlam daşıyır. Təsəvvüfdə
divanəlik ilahi eşqə düşmə, pərvanənin
özünü nura doğru atıb, nurda
varlığını yox etmək mənasındadır.
Dərviş də vaxtilə Sənanın keçdiyi
məqamları keçmişdir”. Bu
qarşılaşmada həm Dərvişin, həm də
Şeyx Sənanın birləşdiyi nöqtə həqiqət
mərtəbəsidir. Həqiqətə
gedən yolda Dərvişin keçdiyi mərhələləri
birər-birər yaşayan Şeyx Sənan daxilindəki ikiləşmədən
xilas olmaq üçün ondan gizlin tutduğu əsrarları
açmasını diləyir. Dərvişin
ona göstərdiyi yol İlahi varlığa, O-nun
sonsuzluğuna bürünüb, Onda yox olmaqdan keçir, bu
yoldan caymaq, başqa xülyalara dalmaq mübah deyil.
Nədir yalnızlıq?! Anlarsın, düşünsən.
Bu rəmzi get də sor, Allahdan öğrən! - deyən Dərvişin Şeyx Sənanla növbəti görüşü əsərin dördüncü pərdəsində baş verir ki, tədqiqatçı bu məqamı haqlı olaraq belə şərh edir: “Şeyx Sənan yeni qiyafədədir və deməli, zahirən dəyişmiş, ikincisi, ətrafında şeyxlər və xocalar yoxdur... Şeyx Sənan tamamilə yeni bir statusdadır”. Şeyx Sənandakı bu fərqli dəyişimi Dərviş onun həqiqət aləminə yolçuluğu ilə izah edir. Bu məqamda Sənan Məcnunla eyni mərtəbəyə yüksəlir ki, burada S.Vəliyevanın Nizaminin və Füzulinin yaratdığı Məcnun obrazlarına münasibəti və dəyərləndirməsinin məqsədi, məramı özünü aydın büruzə verir.
Monoqrafiyanın “Mif və reallıq” adlanan hissəsində “İblis” faciəsi, “Uçurum” pyesi, “Şeyda” və “Knyaz” əsərləri tədqiq edilir. Bu fəsildə “H.Cavidin İblis obrazı istər Avropa, istər ərəb ədəbiyyatında, istərsə də dünyanın digər xalqlarının ədəbiyyatında, hətta mifoloji düşüncədə olan iblisdən tamamilə fərqlənir” - deyən Sona xanım Vəliyeva mif və reallığın toqquşmasında cəbərut aləminə yüksəlib, sonra oradan enən Arif obrazını da “Arif idealla real arasında qalan obrazdır. Bu, onun romantik qəhrəman kimi formalaşmasının da əsasıdır” şəklində dəyərləndirir. Müəllif Arif - İblis qarşıdurmasını əks etdirən bütün məqamları eyni müstəviyə gətirir, Arifi və İblisi öz sözləri ilə addım-addım açır, kimliyini, məramını yeni baxış bucağından dəyərləndirir.
“Həyatda və mənəviyyatda uçurum” adlanan hissədə H.Cavid yaradıcılığında önəmli yeri olan müəllif yaddaşı məsələsinə toxunan tədqiqatçı yazır: “H.Cavid və ədəbi irsinin poetika sistemi mükəmməl bir bədii sistemdir və onu təmin edən amillər - obraz da, süjet də, hətta ayrıca götürülmüş hər hansı ifadə də bir-biri ilə əlaqəli şəkildə həmin mükəmməlliyə xidmət göstərir”. “Uçurum” pyesinin yazıldığı tarixi situasiyanı, Azərbaycanda milli məfkurənin formalaşması və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amilləri nəzərə alan S.Vəliyeva H.Cavid yaradıcılığında bütünləşən Milli İdeal məsələsinə ciddi önəm verir: “H.Cavidin qələmə aldığı əsərlər milli-əxlaqi problemlərin qorunmasından başlayaraq min il sonra da istər milli-türkçülük, istərsə də bəşəri dəyərlərin təbliği və inkişafı baxımından aktual olaraq qalacaqdır”.
Kitabın “Peyğəmbər və əxlaqi dəyərlər” adlı hissəsində “Müqəddəs qəhrəman: “Peyğəmbər” və “Peyğəmbərin Tanrı eşqi”, “Peyğəmbər və Şəmsa” kimi yarımbaşlıqlara ayrılır. Burada müəllifin: “Peyğəmbər” pyesi sübut etdi ki, H.Cavid romantizm cərəyanının tələblərindən qat-qat üstün dəyərləri əks etdirən bir sənətkardır və H.Cavid yaradıcılığı yeni fəlsəfi düşüncələrin ifadəsidir” qənaəti böyük şair və dramaturqun Şərq mədəniyyəti və ədəbiyyatı ənənələrinə bağlılığı və zamana qarşı dayanıqlığının formulunun milli və mənəvi dəyərlərə söykənməsini təsdiq edir, həmçinin, Peyğəmbər və Şəmsa obrazlarını toqquşan ideyalar zəminində tədqiq edir. Bu hissədə Səlma, Maral, Afət obrazlarını, humanist, faciə və romantik qəhrəman tiplərini araşdıran S.Vəliyeva ciddi elmi-nəzəri nəticələr əldə edir.
Monoqrafiyanın “Tarixi və həqiqət” adlanan son hissəsində H.Cavidin “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” əsərləri araşdırmaya cəlb edilir ki, burada da problemin qoyuluşu və həlli araşdırıcının kifayət qədər səriştəli olmağından xəbər verir. “Topal Teymur”, “Səyavuş” və “ Xəyyam” əsərlərinin nümunəsində H.Cavid yaradıcılığında tarixi gerçəkliklə romantik bədii həqiqət əlaqəsinin reallaşmasından bəhs edən tədqiqatçı eyni zamanda H.Cavidi tam haqlı olaraq Nizaminin və Füzulinin “ideya müasiri” kimi dəyərləndirir. Bu fəsildə Əmir Teymur hökmdar, Səyavuş sərkərdə qəhrəman kimi araşdırılır. “Tarixi mövzu və sənətkar obrazı” adlı yarımbaşlıqda H. Cavidin “Xəyyam” dramı nəzəri təhlilə cəlb edilir.
Mədəniyyətin zənginliyi və milli mənəvi köklərə, bütövlükdə ənənəyə bağlılıq böyük şəxsiyyətlərin yetişməsində aparıcı xətlərdəndir. Milli ideala xidmət edən şəxsiyyətlər də yaşadıqları zamanı dərk etməkdə və bunu milyonlara çatdırmaqda, eyni zamanda, tarixin fəlsəfəsini anlamaqda müasirlərinə və gələcək nəsillərə yol göstərməyə qadirdirlər. Qüdrətli şəxsiyyəti və misilsiz yaradıcılığı ilə seçilən Hüseyn Cavidin ədəbiyyatımızda və mədəniyyətimizdəki önəmli yerini dəfələrlə vurğulayan, millətin təşkilinə nail olmaqla tarixin ən təlatümlü zamanlarında xalqı səfərbər edən, yüksək ideyalarla varlığında cəmiyyətin amalı və qayəsini əks etdirən Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi qətiyyətli, xalqın rifahı və dövlətçiliyimizin çiçəklənməsi naminə yorulmadan fəaliyyət göstərən, tarix və xalq qarşısında cavabdehlik duyğusu daşıyan siyasi lider kimi hər zaman müasirlərinə və gələcək nəsillərə böyük bir duyğu aşıladı: xalqa və onun milli-mənəvi sərvətlərinə münasibətdə TƏƏSSÜBKEŞLİK. Sona xanım Vəliyevanın bu duyğularla yaşamış və yaratmış Cavid əfəndi kimi nəhəng bir sənətkarın yaradıcılığının öyrənilməsi istiqamətində “Hüseyn Cavid sənətinin qüdrəti” monoqrafiyası cavidşünaslığa və ümumən Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfədir.
Pərvanə
BƏKİRQIZI
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin baş elmi işçisi, filologiya üzrə
elmlər doktoru
525-ci qəzet 2018.-
26 may.- S.16;24.