Rəsul Rzanın sənət qüdrəti
İsa HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
Mayın 19-u Xalq şairi Rəsul Rzanın doğum
günüdür. Bununla bağlı mayın 20-də şairin vətəni
Göyçayda Əli Kərim adına
şəhər parkında “Əbədiyaşar ədiblər”
kompleksinin açılışı olub. Kompleksə
Nizami Gəncəvidən bu günə qədər 20
şairin, o cümlədən, Rəsul Rza və Nigar Rəfibəylinin
büstləri daxildir.
Kompleksin
açılışında Göyçay rayon icra hakimiyyətinin
başçısı Mehdi Səlimzadə, Bakıdan gələn
qonaqlar - Yazıçılar Birliyinin sədri Anar, Birliyin Birinci katibi Fikrət Qoca, Sədrin
müavini Nazim İbrahimov, Milli Məclisin deputatı Aqil
Abbas, rayon ictimaiyyətinin nümayəndələri
iştirak ediblər. Yerli ifaçılar
şairlərin şeirlərini, sözlərinə yazılan
mahnıları səsləndiriblər.
İcra başçısı Mehdi Səlimzadə
Anarı 80 illiyi münasibətilə təbrik edib.
Bugünlərdə
“Elm və təhsil” nəşriyyatı filologiya elmlər
doktoru Yaşar Qasımbəylinin “Rəsul Rza və ədəbi
çağdaşları” kitabını çap edib. Kitabda Rəsul Rza və
V.Mayakovski, Nazim Hikmət, Maqsud Şeyxzadə
yaradıcılıqları arasında paralellər, Rəsul
Rzanın Səməd Vurğun,
Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə haqqında
fikirləri, gənc şairlərə qayğıkeş
münasibəti, xüsusilə 60-cılar nəslinə təsiri,
Rəsul Rza ədəbi məktəbinin yaranması təhlil
olunur.
Kitaba akademik İsa Həbibbəyli ön söz
yazıb. Həmin Ön sözü oxuculara təqdim edirik.
Azərbaycanda XX əsrə qədər sərbəst
şeirin müəyyən ənənəsi mövcud olub. Məşhur
“Kitabi-Dədə Qorqud” dastanlarında nəinki sərbəst,
hətta vəznli sərbəst şeir nümunələri də
vardır. Sonrakı bütün dövrlər
ərzində şeir həmişə zaman-zaman mövcud qəlibləri
yumşaltmaq, möhkəmlənmiş normaları dəyişmək,
qırmaq, azad və sərbəst olmaq proseslərini
yaşamışdır. Orta əsrlərdə
zəncirvarı əruz şeiri mühitində yanaşı
olaraq heca vəzninin ritmlərinin artması da şeirin sərbəstləşmə
uğrunda daxili mübarizəsinin konkret əməli göstəricisidir.
Fikrimcə, XX əsrdə sərbəst şeir
mərhələsinin başlanması Azərbaycan
poeziyasında əsrlər uzunu gedən şeirdaxili sərbəstləşmə
proseslərinin məntiqi nəticəsi idi. Sərbəst şeirin Azərbaycan ədəbiyyatında
xüsusi bir inkişaf mərhələsi səviyyəsinə
çevrilməsində isə xalq şairi Rəsul Rzanın
xidmətləri müasiri olmuş və sərbəst
şeirlər yazmış şairlərin hamısından
qat-qat çoxdur. Rəsul Rza (1910-1981) yeni
epoxada Azərbaycan sərbəst şeir məktəbini
yaratmış qüdrətli sənətkardır. Son yüzillikdə sərbəst şeir yazanlar
çox olsa da, onlardan heç biri Rəsul Rza səviyyəsinə
çata bilməmişlər. Görkəmli
Xalq şairi Rəsul Rza Azərbaycan ədəbiyyatında sərbəst
şeirin zirvəsində dayanır.
Rəsul Rza əsrlərdən qırıq-qırıq
sızıb gələn ənənələri böyük
sürətlə inkişaf etdirərək, sərbəst
şeiri XX əsr Azərbaycan poeziyasında qanuniləşdirmək
missiyasını böyük şərəflə həyata
keçirmişdir. Məhz Rəsul Rzanın böyük
yaradıcı dühasının simasında sərbəst
şeir Azərbaycan ədəbiyyatının həmişəlik
ədəbi sərvətinə çevrilmişdir. Xalq şairi Rəsul Rza Azərbaycan sərbəst
şeirinin atasıdır. Rəsul
Rzanın sərbəst şeirləri Azərbaycan ədəbiyyatına
geniş fıkir və düşüncə sərbəstliyi
gətirmiş, lirikanın poetik formanın bəzi formal tələblərindən
xilas olmasına imkan yaratmışdır. Sərbəst
adlanmasına baxmayaraq, Rəsul Rzanın poeziyasında şeir
texnologiyası üçün zəruri olan şərtlərə
yaradıcı şəkildə əməl olunmuşdur.
Bu mənada Rəsul Rzanın sərbəst
şeirləri özünəməxsus yüksək sənətkarlıq
xüsusiyyətlərinə malik olan qiymətli poetik nümunələrdir.
Rəsul Rzanın sərbəst şeirləri
ilə Azərbaycan sərbəst şeiri özünün
inkişafının ən yüksək səviyyəsinə
çatmışdır. Azərbaycan
xalqının tarixi taleyi və XX əsr boyu çətin həyatın
real fəlsəfəsi Rəsul Rzanın poeziyasının nəbzində
döyünür.
Onun şeirlərində bir qayda olaraq sərbəst
şəkildə olsa da, qafiyə iştirak edir və
artıq sözə yol verilmir. Rəsul Rzanın
yaradıcılığında “ağ şeir” nümunəsi
də yox dərəcəsindədir. Xalq
şairinin sərbəst şeirləri ciddi vəzn
ölçüləri olmayan, misralarında obrazlı
fıkirlər ifadə edilən ictimai məzmunlu poetik örnəklərdir.
Məhəbbət mövzusunda
yazılmış şeirləri qiymətləndirilməklə
yanaşı, Rəsul Rza poeziyasında ictimai fikrin, vətəndaşlıq
mövqeyinin aparıcılıq təşkil etdiyi xüsusi
qeyd edilməlidir. Rəsul Rzanın adı
çəkiləndə ilk növbədə Azərbaycan ədəbiyyatının
ciddi vətəndaş sözü yada düşür. Sovet dövrünün mövcud çətinliklərinə
baxmayaraq, Rəsul Rza ədəbiyyatda Azərbaycanın
sözünü demək vəzifəsini yerinə yetirməyi
bacarmışdır.
Vətənin
qeyrətini çəkməyi və şöhrətini
yaşatmağı əsas vəzifəsi hesab edən şair
öz kökü ilə “bu torpağa” - Azərbaycana
bağlı olduğunu, məğrur dayanmağın məsuliyyətini
dərindən bildiyini bəyan etmişdir:
Mən
Vətənin
qoynundayam,
Vətən mənim qoynumdadır.
Həm
qeyrəti,
Həm
qayğısı,
Həm
şöhrəti -
Böyük
borcu Boynumdadır!
Boynumdadır!
Zəngin
neft ölkəsi Azərbaycanın sərvətlərinin
özününkü olmaması, Sovetlər
İttifaqının paytaxtında Nizami Gəncəviyə
heykəl qoyulmaması, ölkəsində nahaq və qanlı
repressiya vahimələrinin yaşanması, ana dilinin, ərazi
bütövlüyünün qorunması kimi vətəndaşlıq
cəsarəti tələb edən problemlər Rəsul
Rzanın əsərlərində özünün dərin əks-sədasını
tapmışdır. Bu baxımdan şairin
yaradıcılığında xüsusi yer tutan əsərlər
silsiləsini nümunə göstərmək olar. “Qızıl gül olmayaydı” poeması -
Mikayıl Müşfiqə böyük ehtiram, 37-ci ilə
acı bir rekviyemdir.
Əsərin yazıldığı 1956-1960-cı illərdə
“bu mövzu qadağandır” qrifi ilə xüsusi şəkildə
nəzarət altında olan ciddi məsələlərdən
biri idi. “Babək” poeması - Azərbaycan xalqının arxa
plana keçirilmiş qəhrəmanlığının
yenidən müasir düşüncənin “gündəminə”
gətirilməsi mənasını daşıyırdı.
Poemanın yazıldığı 1977-ci ildə ölkəmizdə
yaradılmış milli-tarixi yaddaşa qayıdış
prosesinin imkanlarından istifadə edilərək diqqət mərkəzinə
çəkilən Babək mövzusu
düşünülmüş bədii vasitələrlə
milli azadlıq məsələsinin ana xətti kimi mənalandırılmışdır:
...
Qarşıda, gələcəkdə
Vətən
uğrunda hələ
Daha qəti,
amansız
Qurtuluş
əsrləri,
Döyüş günləri vardı.
Bu
günün qurbanları
Sabaha yadigardı.
Rəsul
Rzanın “Mirzə Cəlilin nisgilləri” şeir silsiləsi
“Anlamaq dərdi”nin bədii-fəlsəfi dərkidir.
Bu, - Cəlil Məmmədquluzadə sənətinin
mahiyyəti və müasirliyi haqqında dərin mənalı
poetik uvertüradır. Xalq şairi ürək
ağrısı ilə deməyə bilməyib ki:
“Ölülər ölüb qurtarmayıb hələ”; “Bəlkə
də qaytardılar” - nə mülk-maaş, nə yatır, nə
dəyirman dərdi idi. Bu, sorağı qanlı yollarda itən
insan dərdi idi; “Qulaq asın Mirzə Cəlilin” sözünə:
“İnsanda insan oyadın!” Müxtəlif illərdə
yazılmış “Anamın laylası” (1959), “Ölülər”,
“Zeynəbin qisası”, “Nazlılar”, “Bəlkə də
qaytardılar”, “Kamança”, “Anamın kitabı” (1967) silsiləsi
Azərbaycan şeirinin Cəlil Məmmədquluzadə ruhlu
yeni bir Ölülərnaməsidir. Rəsul
Rzanın satirik şeir silsiləsi də Molla Nəsrəddin
məktəbinin müasirlik imkanlarının genişliyini və
əhəmiyyətini yeni çalarla ifadə edən
düşündürücü və kəskin poetik örnəklərdir.
Rəsul Rzanın satirik şeirləri “Molla Nəsrəddin”
- Cəlil Məmmədquluzadə kimi “baltanı dibindən
vuran” əsərlərdir. “Anlamaq dərdi” şeiri həm
Cəlil Məmmədquluzadə silsiləsinin fəlsəfəsi,
həm də Rəsul Rza sənətinin qayəsidir:
Kimi təzə
paltardan qorxur,
Kimi kəfəndən.
İskəndəri soruşdunuz məndən?
İskəndər
içərdi,
Ləqəbi də Kefli İskəndərdi.
Gecə-gündüz
düşündürərdi onu
Diri ölülərin dərdi.
Yoxsa o da
nə qəmlənər,
Nə içərdi.
Ömrü
ölülər içində
Sakit-səssiz keçərdi.
Qınamayın İskəndəri.
Yaman olur anlamaq dərdi.
“Sarı dana və balaca qız” şeiri Rəsul Rza
realizminin sərt üzünü və düz
sözünü kəskin şəkildə ifadə edir. Hələ
altmışıncı illərdə bu şeirdə sovet
rejiminin “illik planın” yerinə yetirilməsini insan taleyindən
üstün tutması ciddi surətdə tənqid
edilmişdir. Göytəpə kəndində
xəstələnmiş sarı danaya göstərilən diqqət
və qayğının vətəndaşa bəslənilən
münasibətdən yuxarıda dayanmağı realist cizgilərlə
ifadə olunmuşdur. XX əsr Azərbaycan
ədəbiyyatında mövcud rejimə qarşı “Sarı
dana və balaca qız” şeirində olduğu qədər
açıq və sərt bədii nümunə göstərmək
çətindir. Bu şeirin o zamanın
senzurasının gözündən necə
yayındığını təsəvvür etmək
çətindir. “Sarı dana və balaca
qız” şeiri sovet üsul-idarəçiliyinin əleyhinə
yazılmış sarkazmdır. Bu, ictimai-siyasi və ədəbi
mühitdə “Xruşşov istiləşməsi”
dövründə Azərbaycan ədəbiyyatında meydana
çıxmış ciddi tənqidi-realist əsərdir:
“Baytar dedi: tez olun! ...İsti su gətirin ayaqlarına! Damcı dərman da lazımdır Qulaqlarına.
Nüsxə yazıldı bir qarış.
Maşın ürkək keçi kimi
sıçradı. Sədrin buyruğu
ağzından çıxmamış. Handan-hana
qoca mühasib gəldi. Baxdı, ah çəkdi, Dedi: -
Yazığın gəlsin bizə Sarı dana!
Amandır, bu zülmü eləmə İllik plana! Üç gün, üç gecə Gülxara
ayrılmadı Sarı danadan. ...Nə evinə gedə
bildi, nə urvalıq apara bildi Uşaqlara dəyirmandan. Tənzifə qıymadı ürəyi Dananın
qarnına bağladı Gəlinlik şalını. Sədr
hər axşam, hər səhər Şəxsən
soruşdu dananın əhvalını.... Əhvalat uzundur, nə
deyim, Bəsdir bunu desəm: Dana ölmədi azardan. Ancaq
Gülxaranın Qaragöz kiçik qızı... Beşcə qulac bez aldılar bazardan.
Dünya, Zaman və İnsan haqqında bənzərsiz
düşüncələr Rəsul Rza sənətinin
cövhəridir. Rəsul Rza həm də mükəmməl
bəşəri poeziya yarada bilmişdir. Rəsul
Rza dünya haqqında düşüncələrinin qüvvətli
orijinal və sərbəst ifadəsi olan şeirlərində
bəşəriyyətin ərzi-halı poetik baxımdan mənalandırılmışdır.
Rəsul Rza Azərbaycanda yaşayıb-yaradan
dünyamiqyaslı müasir şair idi. Yaxud
belə demək də doğru olar ki, Rəsul Rzanın
timsalında XX əsrin görkəmli dünya şairləri
sırasında Azərbaycan özünəlayiq yer tuta
bilmişdir. Dünyanın real mənzərəsini
ayıq-sayıq görən və proseslərin
gedişatını doğru-düzgün göstərən
şair, ümumiyyətlə, insanlığın keşiyində
dayanmağın çağırışlarını səsləndirmişdir.
Rəsul Rza şeirlərində bəşəriyyətin
müqəddəratına mənsub olduğu xalqın taleyinin
işığında nəzər salaraq bədii ümumiləşdirmələr
aparmışdır:
Dünyanın anlaşılmayan Çox işi var.
Yollarının
səbr, inad, inam istəyən
Nə qədər
Enişi var, yoxuşu var.
Din
davası, torpaq davası,
Rütbə,
qazanc, otaq davası...
Başqa-başqa
sahmanlı
İnsanların
Qara, ağ davası
İstək
dustaqlığı,
İmkan dustaqlığı.
Dərya-dərya
imkanlardan verilən
Nemət
cirəsi
Pay
qaşığı.
Mənim
qayğım, mənim gücüm,
Mənim sınağımdır.
Mənim çağımdır.
Məşhur “Rənglər” silsiləsi dünya sərbəst
şeirinin Azərbaycanda yaranan böyük sənət
şedevrlərindən biridir. “Rənglər” sərbəst
şeirləri, ümumiyyətlə, XX əsr sərbəst
şeirində yeni və böyük sənət hadisəsidir.
Rəsul Rzanın “Rənglər” şeirləri
ilə geniş mənada dünya sərbəst şeiri yeni rəng,
yeni səviyyə qazanmışdır. Bədii
düşüncənin və intellektual qavrayışın dərin
siyasi-fəlsəfi mühakimə ilə vəhdətindən
yoğrulmuş “Rənglər” şeir silsiləsində
bütöv bir epoxanın düşüncəsi ifadə
olunmuşdur. Hər misrası ciddi,
düşündürücü, obrazlı düşüncələrdə
əks-səda tapan bədii ümumiləşdirmələrdən
yaranmış “Rənglər” sərbəst şeir silsiləsində
ifadə edilən mətləblər və mühakimələr
rəngindən asılı olmayaraq bütün insanlar
üçün də müasir səslənir. “Rənglər” poetik silsiləsi - bədii
sözün ağır yüklü qafiləsidir. Nazim Hikmətin dediyi kimi, “bu poeziyada tamamilə
özünəməxsus bir yoldur”. Rəsul
Rzanın “Rənglər” silsiləsi dünya sərbəst
şeirində yeni hadisədir. Bu şeirlərdə
ayrı-ayrı rənglərin müxtəlif
çalarları vasitəsilə həyatın və
insanın dərin qavrayışları ifadə olunmuşdur.
“Rənglər”də hər misra xüsusi bir mətləbi
mənalandırır. Böyük istedad
ondadır ki, Rəsul Rza “Rənglər” silsiləsinin
bütün misralarında dərin fikirləri bənzərsiz,
obrazlı ifadələrlə əks etdirmişdir. Eyni
zamanda, şair hamıya məlum olan rənglərin naməlum
çalarlarını kəşf etmişdir: “Ağ rəngin
sevinc çaları”: çiçəkli bahar budağı,
göyərçin qanadları, Quzey qarı; “Şirmayı”:
Ölümdən gələn qazanc, zindan
barmaqlığı, İlməklikəndir, Məftilli
qırbac, Naxışlı yeddi kürəciklərin yeddi
illik zəhməti. Ağrıdan ulayan ölkələrin Səkinəsi,
Səlmanı, Əhmədi; “Püstəyi”: Ala gözlərdə
kədər; “Xurmayı”: Müstəmləkələr;
“Kürən”: Cənublu ağaclar; “Badımcan”: Əyyaş
burnu; “Sürməyi”: Aylı gecədə qarlı dağ təpəsi;
Yaxud “Sumağı”: Döyüşdən
çıxmış Qıratın nalı.
“Rənglər” silsiləsinin bədii müqəddiməsi
olan “Uvertüra” həm də bu şeirlərin
finalıdır, yekunudur. “Uvertüra” Rəsul Rzanın “Rənglər”
fəlsəfəsini ümumiləşmiş şəkildə
ifadə edir. “Uvertüra” - rənglərin
qammasıdır. “Uvertüra” - rənglərdə ifadə
olunan mətləblərin “amması”dır:
Rənglər
könlümüzdən keçir,
İsti, sərin küləklər kimi.
Nəğmələr,
sözlər, səslər
Qəlbimizə
dolur
Müxtəlif rənglər kimi.
Rənglər
xatirələr oyadır,
Duyğular oyadır.
Gördüyümüzdən
artıq görmək istəməsək,
Hər rəng adicə boyadır.
Rənglərin
də musiqi kimi
Ahəngi var.
Ağrının,
sevincin, ümidin də
Rəngi var.
Düşündükcə açılır.
Əlvan səhifələri rənglərin.
Canlanır
gözümdə rəngi
Ömrün,
mübarizənin,
Qəlbin,
nifrətin,
Gecənin,
səhərin
Və insan taleyinin.
Xalq şairi Rəsul Rzanın
yaradıcılığı Azərbaycan şeirinin də,
dünya poeziyasının da fərqli rənglərini təbii
şəkildə, bütün əlvanlığı ilə əks
etdirən böyük sənət hadisəsidir. Şairin “hansı
şeirim, hansı sözüm yaşayacaq məndən sonra”
sualının bir cavabı var: Rəsul Rza sənətinin
qüdrəti onun milliyində və bəşəriliyində,
eyni zamanda, bədii ifadə baxımından bənzərsizliyindədir.
Bu meyarlara cavab verən böyük sənət
ölməzdir.
Azərbaycan ədəbiyyatşünaslıq elmində
xalq şairi Rəsul Rza haqqında qiymətli elmi əsərlər
yazılıb nəşr edilmişdir. Filologiya
üzrə elmlər doktoru. Yaşar
Qasımbəylinin “Rəsul Rza və ədəbi
çağdaşları” kitabı xalq şairinə həsr
olunmuş əhəmiyyətli monoqrafik tədqiqatdır.
Kitabda Rəsul Rzanın böyük sənətinə
yüksək elmi qiymət verilməklə bərabər,
şairin müasirləri ilə əlaqələri geniş
şəkildə araşdırılıb ümumiləşdirilir.
Məsələnin qoyuluşu ilk növbədə
müasiri olmuş görkəmli sənətkarlara, ünsiyyət
saxladığı yaradıcı insanlara Rəsul Rzanın
münasibətini aydın surətdə görməyə
imkan verir. Həm də müasirlərinin
Rəsul Rzanın şəxsiyyətinə və sənətinə
obyektiv elmi münasibəti, heyranlıq hissləri və qiyməti
də monoqrafiyada öz əksini tapır. Ən
yaxşı cəhətlərdən biri də ondan ibarətdir
ki, Yaşar Qasımbəyli Rəsul Rza və
çağdaşları məsələsini şəxsi
münasibətlərin, qarşılıqlı əlaqələrin
aydınlaşdırılması ilə birlikdə müxtəlif
coğrafiyalarda yaşayıb-yaratmış adlı-sanlı
yaradıcı şəxsiyyətlərin ədəbiyyat və
sənət, yazıçı və zaman haqqındakı
ortaq görüşlərinin, onların yaradıcılıq
əlaqələrinin öyrənilməsinə istiqamətləndirmişdir.
Beləliklə, “Rəsul Rza və ədəbi
çağdaşları” kitabı geniş mənada xalq
şairinin epoxasına və ədəbiyyatına həsr
olunmuş monoqrafiya şəklində meydana
çıxmışdır.
Problemin öyrənilməsi üçün əhatə
etdiyi sənətkarların geniş coğrafiyası Yaşar
Qasımbəylinin elmi maraq dairəsinin və mütaliəsinin,
tədqiqat sferasının miqyasını təsəvvür
etməyə imkan verir. Yaşar Qasımbəyli bu kitabı ilə
Azərbaycan ədəbiyyatının şəxsiyyətləri
və proseslərinə qlobal miqyasda baxmağı və elmi
qiymət verməyi bacaran mükəmməl
dünyagörüşə malik tədqiqatçı
olduğunu nəzərə çarpdırır.
Bütün
bunlara görə filologiya elmləri doktoru Yaşar Qasımbəylinin
“Rəsul Rza və ədəbi çağdaşları”
monoqrafiyası görkəmli xalq şairi haqqında meydana
çıxan qiymətli tədqiqat əsəri olmaqla bərabər,
həm də Azərbaycan ədəbiyyatının
üfüqlərinin genişliyini və əhəmiyyətini
diqqət mərkəzinə çəkən dəyərli
elmi araşdırmadır. Kitab Rəsul
Rzanın sənət qüdrətini sənətkar və
zaman miqyasında oxuculara təqdim edir.
Xalq şairi Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli yaradıcılarından biri olmaqla
yanaşı, həm də dünya poeziyasında özünəməxsus
yeri olan novator sənətkardır. Böyük şairin
dərin ictimai məzmuna və orijinal bədii formaya malik olan
bənzərsiz sənəti Azərbaycan ədəbiyyatının
dünya şeir mədəniyyətinin inkişafındakı
rolunu və yerini nümayiş etdirir.
Rəsul Rza sərbəst şeir məktəbi
yaşayır, şairin böyük sənət ənənələri
yaradıcılıqla davam etdirilir.
525-ci qəzet 2018.- 26 may.- S.10.