Cümhuriyyət sənədlərinin
etibarlı saxlancı
Əsgər RƏSULOV
Filologiya elmləri doktoru, professor
“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və
olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif
etmək də olmaz, tariximizdəki qara ləkələri, qara
səhifələri unutmaq da olmaz”.
Heydər
Əliyev
Epiqraf seçilən kəlam müstəqil Azərbaycan
dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin
xalqımızın tarixinə və bu tarixin
yazılmasına ciddi münasibətinin göstəricisidir.
Həqiqətən də, xalq öz keçmişini
bilməyəndə, gələcəyini də qura bilmir. Keçmiş
isə, ilk növbədə, yaddaşlarda yaşayır.
Yazılı (kağız əsaslı və rəqəmsal),
görüntülü (kino-foto) və səsli (fono) arxiv sənədləri
isə xalqın milli-faktoloji yaddaşı, maddi-mənəvi
sərvətidir. Mükəmməl arxivi
olan xalqın etibarlı qorunan tarixi mirası var deməkdir.
Arxiv sənədləri bu baxımdan xalqın
öz tarixini öyrənmək, dərk etmək, ondan
faydalanmaq və ibrət dərsi götürmək
üçün əvəzsiz mənbələrdir.
Ümummilli lider Heydər Əliyevin aşağıdakı
müdrik düşüncəsi arxiv xidmətinin siqlətini,
arxiv sənədinin dəyərini, arxiv işinin siyasi və
elmi-tarixi əhəmiyyətini dəqiq və sərrast ifadə
edir: “Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu,
xalqımızın tarixini əks etdirən yeganə mənbədir.
İkinci də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün
çox mühüm amildir”.
Hal-hazırda
bilavasitə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin
tabeliyində sənədlərin istifadə edilmək məqsədilə
qəbulunu, saxlanmasını və uçotunu həyata
keçirən 6 dövlət arxivi (Azərbaycan
Respublikası Dövlət Arxivi, Dövlət Tarix Arxivi,
Salman Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxivi, Dövlət Elm və Texnika Sənədləri
Arxivi, Dövlət Kino-foto Sənədləri Arxivi, Dövlət
Səs Yazıları Arxivi), eləcə də Dövlət
Arxivinin 15 filialı, Naxçıvan Muxtar
Respublikasının Dövlət Arxivi, habelə 57 rayon (şəhər)
dövlət arxivi fəaliyyət göstərir. Bu arxivlərdə
15000-dən artıq fond, 3,7 milyona yaxın saxlama vahidi, 650
milyon vərəqdən artıq kağız əsaslı, 450
minə yaxın kino-foto və foto-video sənəd mühafizə
olunur.
Sözügedən
arxiv fondlarından 163-ü Azərbaycan Xalq Cümhuriyyətinin
may 1918 - aprel 1920-ci illər arasındakı fəaliyyəti
dövrünə aiddir. Azərbaycan Respublikasının
Dövlət Arxivində qorunan həmin fondlarda Cümhuriyyətin
quruluş mərhələsini, Parlamentinin və 5 Hökumətinin
Tiflis, Gəncə və Bakıdakı 23 aylıq fəaliyyətini
əks etdirən 26299 saxlama vahidindən ibarət arxiv sənədləri
qorunmaqdadır. Bu sənədlər, eləcə də
dövlət arxivlərinin müxtəlif fondlarında və
elmi-məlumat kitabxanasında mühafizə edilən sənəd
və materiallar şahidlik edir ki, XX əsrin ilk iki onilliyində
xalqımızın tarixində baş verən
taleyüklü hadisələr - Azərbaycan Milli
Şurasının yaradılması, dövlət müstəqilliyimizin
rəsmi Aktı olan “İstiqlal Bəyannaməsi”nin qəbulu,
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və Azərbaycanın
de-fakto müstəqil dövlət kimi tanınması - Şərqin ilk demokratik və
parlamentli dövlətində baş vermişdir. Bu
cahanşümul hadisələr millətimizin əsrlərboyu
öz içində daşıdığı azadlıq və müstəqillik
arzusunun gerçəkləşməsinin, suveren Azərbaycan
xalqının milli mənlik şüurunun özünə
qayıtmasının və öz müqəddəratını
təyin etməyə qadir olmasının sübutu idi.
Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasından 100 il
keçməsinə baxmayaraq, dövlətçilik tariximizdəki
rolu daima minnətdarlıq və qədirşünaslıqla
xatırlanmış, bu mirasa böyük diqqət və
ehtiramla yanaşılmışdır. Bu gün də
Cümhuriyyətin tarixi, onun görkəmli şəxsiyyətlərinin
fəaliyyəti dərindən öyrənilir, ideyaları təbliğ
edilir, təcrübələrindən bəhrələnilir.
Ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə
münasibət baxımından söylədiyi
aşağıdakı sözlər xalqımızın
dövlətçilik və müstəqillik fəlsəfəsini
izah edir: “Cümhuriyyətin tarixi təcrübəsi göstərir
ki, dövlət müstəqilliyini və suverenliyi əldə
etmək kifayət deyil, həm də onu bütün vasitələrlə
qorumaq və möhkəmləndirmək lazımdır.
İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət,
qazanılan uğurlar belə bir fikri əminliklə söyləməyə
əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə itirdiyimiz müstəqilliyi bir də
heç zaman əldən verməyəcək, onu qoruyub
saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik”.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik
ənənələrini davam etdirən xalqımız bu tarixi
varislik üzərində öz müstəqil dövlətini
yaratdı və ümummilli liderin qətiyyəti sayəsində
onu qoruyub saxlamaq mümkün oldu. Heydər Əliyev
güclü dövlət yaratmaqla yanaşı, özündən
sonra çoxşaxəli mütərəqqi islahatların
varisliyini uğurla təmin edəcək peşəkar lider də
yetişdirdi. Bu gün respublikamızda bütün sahələrdəki
dayanıqlı sosial-iqtisadi inkişaf və uğurlar,
ictimai-siyasi sabitlik və dövlətimizin dünyada artan
nüfuzu müstəqilliyimizin, eləcə də ulu öndərin
müəyyən etdiyi strategiyanı uğurla həyata
keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən
Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik
keyfiyyətlərinin, öz xalqına qəlbən
bağlılığının, milli dövlətçilik
fəlsəfəsinə, azərbaycançılıq
ideologiyasına və bütün demokratik ənənələrə
sadiqliyinin bəhrəsidir.
Azərbaycan
Xalq Cümhuriyyətinin Parlamenti və hökumətlərinin
fəaliyyəti dövrünə aid əvəzsiz mənbə
olan arxiv sənədləri və materialları ilk dəfə
toplu halda 1998-ci ildə Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin
80 illiyinin keçirilməsi haqqında” 1998-ci il 30 yanvar
tarixli və “Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin
nəşr edilməsi haqqında” 1998-ci il 22 fevral tarixli Sərəncamlarına
əsasən işıq üzü görmüşdür. Azərbaycan
Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan
Paşayevin redaktorluğu və bilavasitə rəhbərliyi
ilə hazırlanan və
ümumi həcmi 5000 səhifəyə yaxın olan 6 adda 7
cildlik topluda Azərbaycan Xalq Cümhuriyyətinin dövlət
idarəçiliyi, qanunvericilik fəaliyyəti, daxili və
xarici siyasəti, ordu quruculuğu, hüquq-mühafizə
sistemi və başqa mühüm sahələrdə
gördüyü işlər geniş əksini
tapmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin
tarixini öyrənmək üçün oxucuların və
tədqiqatçıların ixtiyarına verilmiş bu misilsiz
çoxcildlik mənbə ulu öndərin Azərbaycan
tarixinin şanlı səhifələrini yazan dövlət
xadimlərinin şərəfinə ucaltdığı ilk
möhtəşəm abidə idi.
Azərbaycan
Xalq Cümhuriyyəti şərəfinə sonrakı tarixi əhəmiyyətli
tədbirlər - 25 may 2007-ci ildə Bakıda
ucaldılmış “İstiqlal Bəyannaməsi” abidəsinin
açılışı, ikicildlik “Azərbaycan Xalq
Cümhuriyyəti Ensiklopediyası”nın nəşri, “Azərbaycan
Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” 2008-ci il 15
fevral tarixli və “Azərbaycan Xalq Cümhuriyyətinin 100
illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamlar
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı, xalqımızın tarixi
keçmişinin öyrənilməsini və dövlət
müstəqilliyimizin təbliğini daim diqqət mərkəzində
saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 15 illik fəaliyyəti dövründə həyata
keçirilmişdir.
Prezident
İlham Əliyevin ölkəmizin ictimaiyyəti tərəfindən
böyük rəğbətlə qarşılanan “2018-ci ilin
Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti
İli” elan edilməsi haqqında” 10 yanvar 2018-ci il tarixli Sərəncamında 100 il əvvəl
mayın 28-də Müsəlman Şərqində ilk
parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin
qurulması Azərbaycan xalqının həyatında misilsiz
hadisə kimi qiymətləndirilir. Cəmi iki ilə
yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin
zəngin dövlət quruculuğu təcrübəsi ilə
milli dövlətçilik tariximizdə silinməz izlər
qoyduğu, xalqın qəlbində azadlıq və istiqlal
duyğularını gücləndirməklə
respublikanın gələcək müstəqilliyi
üçün etibarlı zəmin hazırladığı
qeyd edilir. Prezident İlham Əliyevin yanvarın 10-da
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında 2018-ci ilin ölkəmizdə “Azərbaycan
Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə
fikirləri xalqımıza, onun tarixinə və bu
gününə verilən ən gözəl dəyərdir:
“Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik.
Yüz il bundan əvvəl müsəlman
aləmində ilk dəfə olaraq demokratik respublika
yaradılmışdır. Biz fəxr edirik ki,
bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha
bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan
xalqı böyük xalqdır, istedadlı xalqdır, azad
xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması və iki il ərzində
fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir
ki, hələ yüz il bundan əvvəl ən
ülvi demokratik dəyərləri nəinki bəyan edib,
öz praktiki fəaliyyətində onları təmin edib.
Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq
Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq
Cümhuriyyətinin bütün demokratik ənənələrinə
sadiqik və bu ənənələri yaşadırıq”.
Müstəqillik
illərində Azərbaycan Xalq Cümhuriyyətinə aid
arxiv fondlarında mühafizə olunan sənəd və
materiallardan 200-dən artıq elmi tədqiqatçı istifadə
etmiş, dissertasiya, monoqrafiya və məqalələr
yazmışlar. Milli Arxiv İdarəsi və
Dövlət arxivləri əməkdaşları tərəfindən
Azərbaycan Xalq Cümhuriyyətinə dair çoxcildlik sənəd
topluları hazırlanmış, yüzlərlə elmi və
publisistik məqalə qələmə
alınmışdır. “Azərbaycan Xalq
Cümhuriyyəti İli”ndə də çoxşaxəli tədbirlər
həyata keçirilir, toplular tərtib edilir, kitablar və məqalələr
yazılır. Əminik ki, bütün
bunlar şanlı tariximizin daha dərindən öyrənilməsinə,
xalqımızın, xüsusilə gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsinə, milli dövlətçilik və
azərbaycançılıq məfkurəsi ətrafında
daha sıx birləşməsinə xidmət edəcəkdir.
525-ci qəzet 2018.-
26 may.- S.12.