Azərbaycan cümhuriyyəti-ABŞ: 99 il
əvvəlki zirvə görüşü
AZƏRBAYCAN XALQ
CÜMHURİYYƏTİ-100
Vilayət QULİYEV
1919-cu il mayın 28-də Azərbaycan Cümhuriyyəti
dövlət müstəqilliyinin birinci
ildönümünü təntənə ilə qeyd etdi.
Həmin
gün sevinc və həyəcanla dolub-daşan Bakıdan min
kilometrlərlə uzaqda - Parisdə bu təntənələrin
apogeyi sayıla biləcək mühüm bir siyasi hadisə
baş verdi - sülh konfransındakı Azərbaycan nümayəndə
heyətinin rəhbəri Əlimərdan bəy
Topçubaşov tarixə konfransın memarı və məşhur
“Vilson prinsiplərinin” müəllifi kimi daxil olan ABŞ
Prezidenti Vudro Vilson tərəfindən qəbul edildi. Azərbaycan
təmsilçilərinin 3 aylıq əzab-əziyyətdən
sonra Parisə yalnız 1919-cu il mayın 9-da gəldiyini nəzərə
alsaq, təxminən 20 gün sonra heyət
başçısının yeni dünya düzəninin tərtibi
baxımından əsas söz sahiblərindən biri, daha dəqiq
desək, birincisi ilə görüşməsi, şəksiz,
Cümhuriyyət dövrünün ən diqqətəlayiq
diplomatik uğurlarından idi. Həmin mühüm tarixi günü tam əsasla həm
də yüksək səviyyəli Azərbaycan-ABŞ
qarşılıqlı əlaqələrinin
başlanğıc nöqtəsi saymaq mümkündür.
Demokrat
partiyasından olan
Tomas Vudro Vilson (1856-1924) Birləşmiş
Ştatların 28-ci prezidenti idi. 1913-1921-ci illərdə
bu super dövlətə rəhbərlik etmişdi. Hakimiyyəti dövründə ABŞ Birinci
Dünya müharibəsinə qoşulmuşdu. Avropanın savaş sonu siyasi xəritəsi onun məşhur
14 prinsipinə əsaslanırdı. Silahlı
münaqişələri dinc yolla nizama salmaq istiqamətindəki
böyük səylərinə görə 1919-cu ilin
martında Nobel sülh mükafatına layiq
görülmüşdü. Paris sülh
konfransında iştirak edən Vilson Avropaya rəsmi səfərə
gəlmiş ilk ABŞ prezidenti idi. Universal beynəlxalq təşkilat
- Millətlər Liqası onun təşəbbüsü ilə
yaradılmışdı.
Keçmiş Rusiya imperiyasından ayrılaraq müstəqilliyini
elan etmiş digər yeni dövlətlər kimi Azərbaycan
Cümhuriyyəti də gələcək istiqlalının təmini
baxımından Vilsonun 5-ci prinsipinə böyük ümid bəsləyirdi. Həmin
prinsip keçmiş müstəmləkələrlə
bağlı bütün məsələlərin yerli
xalqın və müstəmləkə ağalarının rəyi
diqqətə alınmaqla tam azad və tərəfsiz həllini
nəzərdə tuturdu.
Vudro Vilsonun adı hələ dünyanın siyasi xəritəsinə
düşməyən Azərbaycan Cümhuriyyətinin liderini
qəbul etməsi sadəcə xoş təsadüfün,
yaxud güclülərin ani mərhəmətinin nəticəsi
deyildi.
İnadla sülh konfransına can atan, mənsub olduğu millətin
müstəqil yaşamaq istəyini beynəlxalq birliyə
duyurmağa çalışan Əlimərdan bəy hələ
İstanbuldan göndərdiyi məktub və müraciətlərlə
ABŞ prezidentinin diqqətini çəkə bilmişdi. ABŞ rəsmiləri, ilk növbədə isə
çox güman prezident özü bu sənədlərin
arxasında bütöv bir xalqın istəyinin, iradəsinin
dayandığını görmüş və müəyyən
həssaslıq göstərmişdi.
Təsadüfi
deyil ki, Birləşmiş Ştatların dövlət katibi
R. Lansing Fransa xarici işlər naziri, Azərbaycan nümayəndə
heyətinin Parisə gəlməsinə hər vasitə ilə
maneçilik törədən
S.Pişona 6 may 1919-cu il tarixli məktubunda öz
prezidentinin Ə.Topçubaşovun Antanta liderlərinə
ünvanladığı bəyanatla
ciddi maraqlandığını xatırladaraq Azərbaycan təmsilçilərinin
tezliklə Parisə gəlmələrinə və
konfransın işinə qatılmalarına imkan
yaratmağı xahiş etmişdi.
Bundan bir
neçə gün əvvəl - mayın 2-də isə
V.Vilson Fransa prezidenti J.Klemanso və Böyük Britaniyanın
baş naziri D.Lloyd Corcla görüş zamanı həmkarlarının
diqqətini Ə.Topçubaşovun rəhbərlik etdiyi heyətlə
bağlı məsələyə yönəldərək
demişdi: “Azərbaycan təmsilçiləri Parisə can
atırlar. Onların Konstantinopoldakı nümayəndə heyəti uzun
müddət Parisə gəlmək
üçün icazə gözləyib. Lakin
fransız hökuməti xeyli vaxt istənilən icazəni
verməyib. Gürcülər və digər Qafqaz
respublikalarının nümayəndələri artıq çoxdan Parisdədirlər və göründüyü kimi,
belə bir istisnaya əsas yoxdur”. İclasın protokolundan da göründüyü
kimi, ABŞ prezidentinin bu haqlı iradından sonra
Klemanso və Lloyd Corc “məsələni mütləq araşdıracaqlarını
bildirmişdilər”.
Aşkar ədalətsizliyə son qoyub Azərbaycan
nümayəndə heyətinin Fransa paytaxtına gəlişi
və sülh konfransının işinə buraxılması
ilə bağlı məsələlərdə əsas
söz sahibi kimi çıxış edən ABŞ
prezidentinin ilk imkan yarananda bu heyətin başçısını
şəxsən qəbul etməsi də tamamilə gözlənilən
və məntiqi idi.
Amma burada xoşbəxt
təsadüf də az rol oynamamışdı. Sülh
konfransındakı ABŞ heyəti, bütünlükdə
isə xoş niyyətli Amerika rəsmiləri ilə hələ
İstanbuldan başlanan işgüzar təmaslar öz müsbət bəhrəsini
vermişdi.
Mayın
20-də həmin dövrdə artıq general A.İ.Denikinin
Könüllü ordusunun işğalına uğramış
Şimali Qafqaz Dağlıları Respublikasının xarici
işlər naziri Heydər Bammat həmişə hörmətlə
yanaşdığı, böyük dostu və müəllimi
saydığı Əlimərdan bəyi sülh konfransındakı ABŞ nümayəndə
heyəti ekspertlərinin şərəfinə verilən səhər
yeməyinə dəvət etmişdi. Ziyafət
mayın 22-də Mirabeau otelində baş tutacaqdı.
ABŞ ekspertlər qrupunun tərkibinə siyasi məsələlər
bölməsini direktoru, professor V.L.Vasserman, Rusiya və
Polşa məsələləri
üzrə bölmənin direktoru, professor R.H.Lord, habelə
Şərq məsələləri üzrə müşavir
K.Maygol daxil idilər. Söhbət əsnasında
Azərbaycan və Dağlılar Respublikası nümayəndə
heyətləri başçılarının sülh
konfransının “xaç atası” kimi tanınan ABŞ
prezidenti ilə görüşünün təşkili məsələsi
ortaya çıxmışdı. Amerikalı rəsmilər
qəti söz verməsələr də, prinsip etibar ilə
qısa protokol təmasının
mümkünlüyünü istisna etməmişdilər.
Topçubaşovun təkidli münasibəti
onların tərəddüdlərinə son qoymuşdu.
Nəticədə Azərbaycan nümayəndə heyətinin
ABŞ prezidenti ilə görüşünün təşkili
ilə bağlı qarşı tərəfə rəsmi müraciət təklifi
ortaya atılmışdı.
Ə.Topçubaşovun prezident V.Vilsona bu məqsədlə
yazdığı məktub eyni gündə, səhər yeməyindən
cəmisi bir neçə saat sonra ABŞ təmsilçilərinə
təqdim olunmuşdu. Sənəddə deyilirdi: “Qafqaz Azərbaycanı
dövləti cənab Əlimərdan bəy
Topçubaşovun sədrliyi ilə bir neçə
tanınmış şəxsdən ibarət nümayəndə heyətini Parisə göndərməyi
qərara almışdır. Heyətin məqsədi
ümumi sülh müqaviləsinin imzalanması ilə
bağlı cari müzakirələrə qatılmaq, eyni
zamanda, liberal prinsiplərin Azərbaycana da şamil edilməsinə
nail olmaqdır. Bizim dövlət Qərbdəki
diskussiya mərkəzlərindən çox uzaqda yerləşsə
də, aparılan müzakirələrdə hər hansı
şəkildə iştirakdan böyük məmnunluq
duyardı.
Bu məqsədlə
də nümayəndə heyətinin sədri Sizdən
qısa auidensiya istəməyi özünə şərəf
bilir və inanır ki, nəcibliyiniz, hadisələrə
anlayışlı münasibətiniz bu xahişə diqqətlə
yanaşmağınıza və yardımçı
olmağınıza təsirsiz qalmayacaq”.
Müraciətə çox tez baxılmışdı. Beş gün sonra, mayın
27-də Rusiya və Polşa məsələləri üzrə
ekspert R.H.Lord prezident Vilsonun Azərbaycan və Dağlılar
Respublikalarının diplomatik nümayəndə heyətlərinin
başçıları ilə “görüşdən məmnunluq
duyacağı” ilə bağlı Ə.Topçubaşova
cavab məktubu göndərmişdi. Məktubda
görüşün mayın 28-də, saat 14.30 dəqiqədə
Fransa paytaxtının Birləşmiş Ştatlar
meydanı, 11 ünvanda yerləşən və prezident Vilsonun
yaşadığı oteldə baş tutacağı
bildirilirdi. Təbii ki, görüş vaxtı amerikanlar tərəfindən
müəyyən olunmuşdu. Çox ehtimal ki, onlar Azərbaycanın
İstiqlal Bəyannaməsinin mayın 28-də qəbul edildiyi barədə
məlumatlı olduqlarından Ə.Topçubaşov və həmkarlarını
xoş sürprizlə təəccübləndirmək
istəmişdilər.
Görüşün
keçirildiyi məkana gəldikdə isə söhbət
Parisin mərkəzində, Zəfər Tağının bir
neçə yüz addımlığında yerləşən
və fransızca “Place des Estets Unites” adlanan meydandan gedir. Lakin göstərilən ünvanda otel deyil, ABŞ
prezidentinin müvəqqəti iqamətgahı yerləşirdi.
Sülh konfransında iştirak məqsədi ilə ikinci dəfə
Parisə gələn Vudro Vilson 1919-cu il
martın 14-dən iyunun 28-nə qədər həmin
ünvandakı The Bischoffsheim Building adlı sarayda
yaşamışdı. Memar Ernest Sansonun layihəsi əsasında
1895-ci ildə tikilmiş möhtəşəm saray dövrün fransız maliyyəçisi
Raphael Louis Bischoffsheimin ailə mülkü idi. Cümhuriyyət
nümayəndə heyəti də ABŞ prezidentini məhz
burada ziyarət
etmişdi.
Tərcüməçi
Əli Qafarov Ə.Topçubaşovun diqtəsi ilə
hazırlanmış memorandum mətnini prezident Vilsonun diqqətinə
çatdırandan sonra Əlimərdan bəy özü ana dilində
aşağıdakı bəyanatla çıxış
etmişdi: “Azərbaycan nümayəndə heyəti
adından Böyük Amerikanın prezidenti
qarşısında, onu şəxsən görməyimizdən
və xalqların dinc yanaşı mövcudluğu ideyasının
təşəbbüskarını salamlamağımızdan
duyduğumuz xoşbəxtlik hissini dilə gətirmək istəyirəm.
Sizin bəyan etdiyiniz müdrik prinsiplər əsrlər
boyu yadellilərin zülmü altında iztirab çəkmiş
xalqların yenidən oyanmasına, dirçəlməsinə
təkan vermişdir.
Biz uzaq Qafqazdan,
buradan bir neçə min lyö (köhnə fransız uzunluq
ölçüsü, 1 lyö 4,5 kilometrə bərabərdir
-V.Q.) məsafədə yerləşən Azərbaycandan gəlmişik.
Cənab prezident, bu addımı azad və
müstəqil həyata qovuşmaq yolunda özündə
böyük güc, qüvvə tapan xalqımızın
müqəddəs arzularını, şəxsinizə bəslədiyi
dərin hörmət və minnətdarlıq hisslərini
çatdırmaq üçün atmışıq.
Cənab
prezident! Qüdrətli Amerikanın ən
nüfuzlu şəxsi kimi sizə üz tutaraq xahiş etmək
istəyirik ki, ölkəmiz və insanlarımız
haqqında bilgini ilk növbədə özümüzdən
alasınız. Çünki tez-tez istər
Avropa, istərsə də Amerika mətbuatında
xalqımızla bağlı çoxlu səhv, yanlış,
qərəzli məlumatlar yayıldığının
şahidi oluruq. Doğrudur, bizi hələ
kifayət qədər tanımırlar. İlk
dəfədir ki, Avropadayıq. Lakin sərbəst,
müstəqil həyat üçün tələb edilən
hər şeyə malik olduğumuzu hüzurunuzda tam əminliklə
bəyan etməyə özümdə cəsarət
tapıram” (Əlimərdan bəyin çox güman ki,
şifahi söylədiyi nitqin əlyazması qorunub
saxlanmayıb. Misal gətirilən hissə
onun Paris arxivində saxlanan rusca mətndən tərcümə
olunub -V.Q.)
Ə.Topçubaşov çıxışında daha
sonra doğma xalqının səsinin sülh konfransından
eşidilməsi və Millətlər Liqası
üzvlüyünə qəbul edilməsi ilə bağlı
xahişlərini dilə gətirmişdi.
O, siyasi təmayülündən asılı olmayaraq Azərbaycanın
heç bir vəchlə Rusiyanın tərkibində qalmaq istəmədiyini,
yalnız öz parlamentini və hökumətinin idarəçiliyi
altında yaşamaq niyyətini qətiyyətlə
vurğulamışdı. Çox güman, natiq prezident
Vilsonun “dünyanın kiçik hissələrə
parçalanmasının” əleyhdarı olduğunu bildiyindən
qəbul zamanı Qafqaz xalqlarının - azərbaycanlı,
erməni, gürcü və dağlıların konfederativ
dövlətdə birləşməsi ideyasına da rəğbətlə
yanaşdıqlarını xüsusi diqqətə
çatdırmışdı.
Çıxışının sonunda Əlimərdan bəy
əvvəlcədən hazırladığı memorandumu
ABŞ prezidentinə təqdim etmiş və onun sənəddə
əksini tapmış tələblərin yerinə yetirilməsi
ilə bağlı köməyinə ümid bəslədiklərini
bildirmişdi.
Memorandumda
Rusiyadakı bolşevik çevrilişindən sonra Azərbaycanın
üzləşdiyi çətinlik və məhrumiyyətlərdən
- xalqın hüquqlarının tapdalanmasından,
daşnak-bolşevik alyansının cinayətlərindən,
azərbaycanlıların soyqırımına
uğramalarından, şəhər və kəndlərin
xaraba qoyulmasından, bütün bunlardan cana
doyan xalqın nəyin bahasına olursa olsun öz milli dövlətini
qurmaq qətiyyətindən söz açılırdı.
Daha sonra H.Naxçıvanski, S.Mehmandarov,
Ə.Şıxlinski, İ.Usubov kimi məşhur
generalların, habelə minlərlə azərbaycanlı əsgər
və zabitin Birinci Dünya müharibəsində
ABŞ-ın da daxil olduğu koalisiyanın - Antantanın tərəfində
ümumi düşmənə
qarşı qəhrəmanlıqla vuruşduğu qeyd edilirdi.
Artıq tarixi zəfərin
qazanıldığı bir şəraitdə Azərbaycan
xalqının hərb zamanı göstərdiyi fədakarlığın
layiqincə qiymətləndirilməsinin zəruriliyi fikri
vurğulanırdı.
Ə.Topçubaşov və H.Bammatı dinlədikdən
sonra prezident V.Vison qısa cavab nitqi söyləmişdi. Nümayəndə heyətinin
sənədlərində cəmisi bir neçə cümlə
ilə əks olunmuş çıxışında o,
aşağıdakıları demişdi: “Cənablar, sizinlə
görüşməyə və tələbləriniz barədə
öz dilinizdən eşitməyə şadam. Lakin ölkənizin
müstəqilliyi məsələsi rus məsələsinin
tam nizama salınmasından əvvəl həll oluna bilməz.
Buyurun, memorandumlarınızı sülh konfransına təmin
edin. Mən onları öyrənəcəyəm.
İnanıram
ki, tələbləriniz
təmin olunacaq.
Mənə çatdırmaq üçün yeni məlumatınız
olduğu təqdirdə sizi hər zaman dinləməyə
hazıram”.
Böyük ümidlər bəslənən
görüş konkret vədlə başa çatmasa da,
yüksək himayədən məhrum Azərbaycan Cümhuriyyəti,
yaxud artıq müstəqilliyini itirmiş Şimali Qafqaz
Dağlılar Respublikası üçün ciddi diplomatik
uğur idi.
Azərbaycan
Cümhuriyyəti Nazirlər Şurası sədrinə
göndərdiyi 8-10 iyun 1919-cu il tarixli 7
saylı hesabatda Ə.Topçubaşov nümayəndə heyətinin
sülh konfransındakı fəaliyyətinin yaddaqalan məqamlarından
biri kimi amerikalılarla görüşü və orada toxunulan
məsələləri diqqətə çatdıraraq
yazmışdı:
“Ən diqqətəlayiq hadisə prezident Vilsonun
nümayəndə heyətimizi qəbul etməsi
sayılmalıdır. Çünki adətən həm o, həm
də Antantanın digər dövlət
başçıları nümayəndə heyətləri ilə
şəxsən görüşmürlər. Prezident Vilson
müxtəsər danışdı və cavab olaraq bizə
aşağıdakıları bildirdi:
1. Onlar
dünyanın kiçik hissələrə bölünməsini
istəmirlər.
2. Qafqazda
federasiya yaradılması ideyasının dəstəklənməsi
bizim üçün daha məqsədəuyğun olardı.
3.
Yaranmış Konfederasiya Millətlər Liqasının
tapşırığı ilə hər hansı bir dövlətin
himayəsi altında ola bilərdi.
4. Bizim məsələmiz
rus məsələsindən əvvəl həll edilə bilməz.
Sonda
prezident Vilson konfransın adına memorandum
(“Qafqaz Azərbaycanı nümayəndə heyətinin
sülh konfransından tələbləri” adlananki ingilis və
fransız dillərində əhatəli memorandum Ali Şuraya
1919-cu ilin avqust ayında təqdim edilmişdi - V.Q.) verməyimizi təklif
etdi. Bizimlə görüşməyindən, ölkəmiz
haqda məlumatlar almağından məmnun qaldığını
bildirdi və hər zaman ünsiyyətə hazır
olduğunu dedi.
Qəbul mənim kiçik yazılı məruzə
(memorandum - xatırlatma) təqdim etməyimlə başa
çatdı.
Həmin məruzədə Azərbaycanın
müstəqilliyinin tanınması, nümayəndə heyətimizin
sülh konfransının işində iştirakına icazə
verilməsi və Azərbaycanın Millətlər Cəmiyyəti
üzvlüyünə qəbul olunması ilə bağlı
tələblərimiz əksini tapmışdı. Biz, həmçinin, Azərbaycan
Respublikasının keçmiş çar Rusiyasının
borclarından öz payına düşən hissəni ödəməyə
hazır olduğunu bəyan etdik. Eyni
zamanda bildirdik ki, Azərbaycan ərazisində Kolçak
hakimiyyətinin tanınması qeyri-mümkündür, burada
yalnız Azərbaycan Parlamenti və hökumətinin hakimiyyəti
legitimdir.
Görüş hamıda xoş təəssürat
yaratdı. Qəbul günü təsadüfən Azərbaycan
Respublikasının müstəqilliyinin elan olunmasının
ildönümünə təsadüf etmişdi (28 may). Biz həmin günü Dağlı Respublikası
nümayəndə heyətinin üzvləri ilə birlikdə
ümumi naharla başa çatdırdıq”.
Tarixi
görüşdən dörd ay sonra - 1919-cu il sentyabrın
25-da Əlimərdan
bəy 1916-1918-ci illərdə Tərəqqipərvərlər
partiyasından ABŞ konqresinin üzvü olmuş Valter Marion
Çandler (1867-1935) vasitəsi ilə prezident Vilsona yeni məktub
ünvanlanmışdı. Məktubun yola
salınmasından bir gün əvvəl - sentyabrın 25-də
isı Parisdəki Azərbaycan nümayəndə heyəti ilə
Çandler arasında müqavilə imzalanmışdı. Müqaviləyə əsasən,
sonuncu heyətin Vaşinqtonda rəsmi təmsilçisi, habelə
Cümhuriyyətinin dövlət müstəqilliyinin
tanıdılması istiqamətində siyasi-təbliğati
işlər aparmaq üçün müşavir təyin edilmişdi.
Odur ki, prezident Vilsonun əvvəl də
tanıdığı keçmiş konqresmeni artıq rəsmən
Azərbaycanın maraqlarını qoruyan siyasətçi kimi
dövlət başçısına yenidən təqdim etmək
zərurəti yaranmışdı.
Əlimərdan
bəy ABŞ Dövlət başçısı ilə bir
neçə ay əvvəlki qısa görüşü
xatırladaraq məktubunun əvvəlində yazırdı:
“Bu il mayın 28-də Azərbaycan Respublikasının
sülh nümayəndə heyəti Parisdə Sizinlə
görüşmək şərəfinə nail oldu. Həmin gün təsadüfən Qafqaz Azərbaycanının
paytaxtı Bakı olmaqla müstəqil demokratik respublika elan
edilməsinin ildönümü ilə üst-üstə
düşmüşdü. Bu xoş təsadüf və
Azərbaycan nümayəndələrinə göstərdiyiniz
isti münasibət bizim böyük gözləntilərlə
yanaşdığımız 28 may bayramının əhəmiyyətini
daha da artırdı”.
Müstəqilliyə qovuşmaq istəyən digər
xalqlar kimi azərbaycanlıların da qüdrətli Amerika
dövlətinin ədalətli mövqeyinə ümid bəslədiklərini
vurğulayan müəllif prezident Vilsonun simasında ölkəsinin
gələcək müstəqilliyinin və azad həyatının
təminatçılarından birini gördüyünü
yazırdı.
Yuxarıda
qeyd edildiyi kimi, nümayəndə heyəti may ayındakı
görüş zamanı lazımi materiallar
olmadığından prezidentə yalnız qısa memorandum təqdim
etməklə kifayətlənmişdi. Sentyabra
doğru isə vəziyyət dəyişmişdi.
Nümayəndə heyətinin səyi nəticəsində
ingilis və fransız dillərində özünə ölkə
haqqında geniş məlumat ehtiva edən “Claims of the
delegation of of the Caucasian Azerbaijan”, “La Republique de l`Azerbaidjan du
Caucase”, “Situation economique et financiere de l`Azerbaidjan du Caucase”,
“Composition antropologique et ethinique de l`Azerbaidjan du Caucase” kimi
broşürlərlər çap olunmuş və
yayılmışdı. Müvafiq xəritə və
diaqramlarla birlikdə bu nəşrləri ABŞ prezidentinin
diqqətinə təqdim edən Ə.Topçubaşov məktubunun
sonunda yenə də tarixi 28 may 1919-cu il
görüşünə qayıdaraq yazırdı: “Azərbaycan
nümayəndə heyəti ilə vidalaşarkən sülh
konfransında təmsil etdiyimiz azərbaycanlıların tələbləri
ilə tanış olmadığınızı bildirdiniz. Ona görə də cənab prezident, icazə verin əlavədə
sizə bəzi aşağıdakıları təqdim edim” -
deyə adlarını çəkdiyimiz kitabları
sadalayırdı.
Prezident Vilson Parisdə olduğu dövrdə onlarla
nümayəndə heyəti qəbul etmiş, yüzlərlə
insanla görüşmüşdü. Təbii ki,
hamını yadda saxlamaq mümkün deyildi. Amma
maraqlıdır ki, Azərbaycan nümayəndə heyəti
ilə görüş onun yaddaşında xüsusi iz
buraxmış və prezident ABŞ-a qayıtdıqdan sonra
ölkəsinin vətəndaşları üçün hələlik
ekzotik bir yer kimi görünən “Adjurbadjanı” (70 il tərkibində
olduğumuz Sovet İttifaqı liderlərinin ölkəmizin
adını necə əcaib şəkildə tələffüz
etdiklərini yada salsaq, bu deyiliş tərzi
yanlışlığına baxmayaraq, o qədər də qəribə
görünməməlidir - V.Q.) müxtəlif münasibətlərlə
bir neçə dəfə xatırlamışdı.
Məsələn,
1919-cu il sentyabrın 10-da Şimali Dakota
ştatının mərkəzi Bismark şəhərində
yerli ictimaiyyətin nümayəndələri ilə
görüşü zamanı prezident Vilson Paris səfərindən
və sülh konfransındakı fəaliyyətindən bəhs
edərkən Azərbaycan heyəti ilə
görüşünü ayrıca vurğulayaraq demişdi:
“Parisdə
olduğum dövrdə topladığım təcrübə
haqda dəfələrlə danışmışam, amma bir daha təkrar
etməliyəm. Demək olar ki, həftənin
bütün günləri nümayəndə heyətlərinin
qəbul etməkdən özgə işim olmurdu. Onlar haradan idilər?
Aralarında sadəcə Fransa, yaxud digər yaxın ölkələrdən
olan heyətlərə deyil, az qala
dünyanın hər yerindən gəlmiş insanlara təsadüf
edilirdi. Əvvəllər də bir neçə
dəfə qeyd etdiyim ki, təmsilçilər dünyanın
elə yerlərindən gəlirdilər ki, həmin vaxta qədər
oraların adını əsla eşitməmişdim. Hətta bəzən düşünürəm ki, məktəbdə
oxuduğum illərdə bəlkə bu insanlar dedikləri
coğrafiyada yaşamırdılar. Məsələn, bu vaxta qədər
siz heç Azərbaycanın adını eşitmişdiniz?
Yüksək şəxsi ləyaqət hissinə malik bir
neçə xoş simalı insan mənimlə
görüşmək üçün Azərbaycandan gəlmişdi.
Ölkələrinin harada olduğunu onlardan
soruşmağa risk etmədim, amma sonra gizlicə xəritədə
axtarıb tapdım və gördüm ki, bura Qafqazın cənubunda
yerləşən çox firavan vadidir, böyük və qədim
sivilizasiyaya malikdir. Həmin adamların
danışdıqlarından haqqında bəhs etdikləri məsələlərlə
bağlı geniş biliyə malik olduqlarını
anladım, lakin mənim onların işləri ilə
bağlı heç bir məlumatım yox idi. Digər tərəfdən, onlar Amerikanın
mövqeyinə də bələd idilər. Ona görə də yanıma gəlib
kömək üçün əli uzadaraq deyirdilər: “Biz
Amerikanın nəzərlərinin üstümüzdə
olmasını istəyirik, Amerikanın yardım və məsləhətinə
ehtiyacımız vardır” (bax. hhtp.www.presidensy.ucsb.edy)
Bir
neçə gün sonra, sentyabrın 18-də San Fransiskoda
seçiciləri ilə görüşən ABŞ prezidenti
yenidən Ə.Topçubaşovun rəhbərlik etdiyi
nümayəndə heyətinin timsalında
tanıdığı Azərbaycanı və bu uzaq ölkədən
gəlmiş insanlarla təmasın öz üzərində
buraxdığı pozitiv təəssüratı
xatırlayaraq demişdi: “Siz Azərbaycanın harada yerləşdiyini
bilirsiniz? Deməli, günlərin birində
yanıma əsən Azərbaycandan olan bir neçə nəfər
çox ləyaqətli və maraqlı centlmen gəlmişdi.
Mən bu adamlarla eyni dildə - fikir və ideyalara hörmət,
azadlıq düşüncəsinə, hüquq və ədalətin
aliliyinə ehtiram dilində söhbət etdim”.
ABŞ
prezidentinin 100 il əvvəl dediyi bu sözlər çətin
dönəmdə ölkəmizi və xalqımızı hələ
heç kəsin tanımadığı, yaxın buraxmaq istəmədiyi
dövrdə beynəlxalq münasibətlər sistemində təmsil
edən insanlarla
qürur duymağa əsas verir.
Haqlı
olaraq ortaya belə bir sual çıxır: Cümhuriyyət
diplomatlarına, onların təmsil etdikləri ölkəyə
bu qədər maraq və ehtiramla yanaşan prezident Vilson Azərbaycanın
müstəqilliyinə etibarlı qarant ola
bilərdimi? Cümhuriyyətin de-yure
tanınmasına və Amerikanın himayəsi altında gələcək
siyasi mövcudluğuna təminat verə bilərdimi? Tarixin təcrübəsi göstərir ki, bu tipli
suallara müsbət cavab vermək çətindir. Çünki böyük siyasətdə şəxsi
simpatiya çox vaxt heç nəyi həll etmir. Dövlət mənafeləri, siyasi və qlobal
maraqlar əksər hallarda nüfuzlu liderlərin şəxsi
simpatiya, yaxud antipatiyalarını arxa plana
sıxışdırır.
Obyektiv səbəb
də var - 1919-cu ilin sentyabrında prezident Vilson ciddi xəstələnmiş,
oktyabrın 2-də isə ağır insult keçirmişdi.
Nəticədə bədəninin bir tərəfini
iflic vurmuş, sağ gözü görmə qabiliyyətini
itirmişdi. Prezidentliyinin son
aylarını əlil arabasında keçirməli
olmuşdu. Xəstəliyi onun qismən də
olsa, böyük siyasətdən çəkilməsinə və
dünyanın siyasi mənzərəsini dəyişə biləcək
qərarlar verməkdən uzaqlaşmasına gətirib
çıxarmışdı. Vudro Vilsonun
Rusiyanın gələcək aparıcı siyasi-idarəedici
qüvvəsi kimi Müvəqqəti hökumətə dəstək
aksiyası da uğursuzluqla nəticələnmişdi.
1920-ci ilin əvvəllərində ABŞ keçmiş
Rusiya ərazisindəki bütün hərbi qüvvələrini geri çağırmaq məcburiyyətində
qalmışdı. Bu isə imperiya əsarətindən xilas
olmağa can atan
xalqların milli müstəqillik istəyinə
düşmən kəsilmiş bolşeviklərin əl-qolunu
açmışdı. Millətlər Liqası ideyası konqres tərəfindən
qəbul edilməmişdi. Məşhur 14
prinsipindən isə yalnız 4-ü siyasi təcrübədə
həyata keçirilmişdi.
Polşanın və Çexiyanın müstəqilliyinə
verdiyi töhfəyə görə Vilsonun adı bu ölkələrdə
böyük minnətdarlıqla yad edilir. Hələ
1921-ci ildə Varşava universiteti onu - 5 cildlik “Amerika
xalqının tarixi” əsərinin müəllifini və məşhur
Prinston universitetinin keçmiş rektorunu öz fəxri
professoru seçmişdi. Minnətdar
çex xalqı isə 1928-ci ildə Praqada ABŞ prezidentinin
abidəsini ucaltmışdı.
Təəssüf ki, Vudro Vilson Azərbaycan Cümhuriyyətinin
taleyində belə nəcib tarixi rol oynaya bilməmişdi. Lakin o, Paris
sülh konfransı Ali Şurasının 5 üzvü
içərisindən Azərbaycan heyəti ilə təmasa
girən yeganə dövlət başçısı idi.
Ölkəmizlə səmimi şəkildə
maraqlanmışdı. Fikrimcə, sadəcə bu
faktların özü ilk müstəqillik dövrü
diplomatiyamızın uğurlu xarici siyasətindən və
ABŞ-ın Azərbaycan Cümhuriyyəti ilə münasibətlərindən
bəhs edərkən prezident Vudro Vilsonun adını müəyyən
hörmət və ehtiramla çəkməyə əsas
verir.
Budapeşt, may, 2018.
525-ci qəzet.-2018.-26
may.-S.18-19.