Zamana məxsus sənətkar...

 

Məryəm ƏLİZADƏ

Sənətşünaslıq doktoru, professor

 

Azərbaycan mədəniyyətinin tarixi inkişaf yoluna nəzər salanda belə bir qanunauyğunluq üzə çıxır: qos-qocaman mədəniyyətimiz söz üzərində bərqərar olunub. Və buna görə də sözün özəl çəkisi bütün başqa meyar və səciyyələrdən daha ağır və tutarlıdır.

 

Azərbaycanlı mentalitetində hər nə varsa, sözə bükülür, sözlə qıfıllanır, sözlə açılır, söz sözü izah edir, “söz-sözü çəkir”. Bu baxımdan, əsl tarixi ötən əsrin əvvəllərində başlayan Azərbaycan peşəkar teatrının da (1873-cü il) sözə bağlanması təəccüblü görünmür. Azərbaycan milli teatr tarixinin inkişafının bütün mərhələlərində məhz dramaturgiya - səhnə ədəbiyyatı teatrın inkişaf istiqamətini, meyl və tərcihlərini köklü şəkildə müəyyənləşdirib və buna görə də teatr tariximizi “nizamlamaq”dan ötrü “M.F.Axundov teatrı”, “N.B.Vəzirov teatrı”, “Ə.B.Haqverdiyev teatrı”, “H.Cavid teatrı”, “C.Məmmədquluzadə teatrı”, “C.Cabbarlı teatrı” ifadələrini həm də dəqiq sənətşünaslıq termini kimi qəbul edirik.

 

XX əsr Azərbaycan teatr tarixində “İlyas Əfəndiyev teatrı” ifadəsi, anlayışı və praktiki təzahürü danılmaz kulturoloji faktdır. “İ.Əfəndiyev teatrı” anlayışında 60-cı illərdə Azərbaycan teatr poetikası, Azərbaycan teatrının bədii-estetik prinsiplər cədvəli öz əksini tapır.

 

1954-cü ildə “Atayevlər ailəsində” adlı ilk orijinal pyesi ilə dramaturji fəaliyyətə başlayan İ.Əfəndiyev teatr tariximizin dördüncü sırf xalis dramaturqu olaraq (M.F.Axundov, H.Cavid, C.Cabbarlı) kəmiyyət və keyfiyyətcə zəngin dramaturji irsə malik sənətkar kimi özünü realizə edən, sözün əsl mənasında, söz adamıdır. Burada bir daha dəqiqləşdirək ki, söhbət təyinin elmi korrektliyindən gedir və əsas ədəbi peşəsi ilə (yazıçı) yanaşı, dramaturgiya ilə məşğul olan sənətkarların teatr prosesindən ötrü əhəmiyyəti inkar edilmir. Bu təyinin müəyyənləşdirilməsində isə korrelyat kimi Şekspir, Molyer, Lope de Veqa, İbsen, Metterlinq, Çexov və bu kimi sırf dramaturji fəaliyyətdə özünü realizə edən dünya dramaturgiyasının ünlü adlarından istifadə edilib.

 

Azərbaycan milli teatrını proses kimi götürdükdə, hətta onun təsisatlı (institusional) mərhələsini belə donmuş, statik hadisə kimi deyil, zaman içində bir hərəkət kimi təhlil etmək bu gün səmərəli və faydalıdır. Bu mənada, milli teatrşünaslıq elmi Azərbaycan teatrında konkret zaman kəsiyində İ.Əfəndiyev amilini və ya fenomenini məhz prosesimizin əbədi hərəkəti kontekstində araşdırmaq mərhələsindədir.

 

Yeni elmi düşüncənin əsaslarında duran Kvant fəlsəfəsi qeyri-səlis məntiqlə izah olunur, açılır və fövqəladə yeni, gözlənilməz qənaətlərə gəlməyə imkan verir. Çağdaş elmdə məhz bu yeni açılan perspektivlər teatrşünaslığı İ.Əfəndiyevin yaradıcılığını ənənəvi ədəbiyyatşünaslıq və ənənəvi teatrşünaslıq mövqeyindən deyil, “Zaman içində dalğa” fenomeni kimi araşdırmağa sövq edir. Odur ki, bununla bağlı tezisləri bəyan edərək, mətləbə keçməzdən öncə bir şeyi tam əminliklə və tam məsuliyyətlə demək olar:

 

İ.Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji yaradıcılığı, əsərlərinin teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər İ.Əfəndiyev dramaturgiyasına məhz yeni elmi konsepsiyaların araşdırma üsulları ilə yanaşmaq imkanını verir. Ən əvvəl ona görə ki, bu görkəmli yazar yaşadığı dövrün, yəni onun payına düşən zaman kəsiyinin, demək olar ki, əksəriyyətinin bədii-estetik, fəlsəfi, mənəvi-əxlaqi inikasını yaradıb və bu inikas, yəni pyeslərinin səhnə təcəssümü müasirlərinin düşüncə-duyğularını formalaşdırıb. Bu fakt aksiomdur və teatrşünaslığın məhz bundan çıxış etməsi qənaətbəxş sayıla bilər.

 

Çağdaş tələblərə cavab verən konsepsiyanın I tezisi aşağıdakı ola bilər:

 

- İnsan varolmasının dördüncü ölçüsü, boyutu olan Zaman özü-özlüyündə paradokslardan və fenomenlərdən ibarətdir. Zamanın bir neçə təzahür formaları var. Bunları düşündükcə, çox tez dəqiq elmi düşüncədən bədii-yaradıcı düşüncəyə keçməli olursan. Fiziki zaman, astronomik zaman, təqvimi zaman, psixoloji zaman, nisbi (relyativ) zaman, fərdi zaman, mücərrəd zaman. Paradoks elə burdan başlayır ki, bütün bu sadalanan anlayışlar bir sözdə - hamının rahatca istifadə etdiyi Zaman, vaxt söz-anlayışında birləşir. İstənilən sənət fenomenini məhz və yalnız Zaman anlayışını paradoks kimi qəbul edəndə cüzi də olsa, anlamaq mümkün olur.

 

“İ.Əfəndiyev fenomeni”ni açıqlamaq üçün bir sillogizm quraşdıraq:

 

1. İlyas Əfəndiyev mədəniyyət və incəsənətimizin fenomenidir.

 

2. Bu fenomen artıq paradoks kimi qəbul etdiyimiz Zamana məxsusdur.

 

3. Deməli, İ.Əfəndiyevin özünü, sözünü, yaradıcılığını, konkret əsərlərini və bütövlükdə əhəmiyyətini paradoks çərçivəsində araşdırmaq gərəkir.

 

Nəzərə alınsa ki, “paradoks” sözünün lüğəti mənası ilk baxışdan qəribə olan nə isə deməkdir, aydın olmalıdır ki, İ.Əfəndiyev irsinə bu rakursdan yanaşma da yalnız ilk baxışdan qəribə kimi dəyərləndirilə bilər.

 

İ.Əfəndiyevin dramaturji əsərlərinin adlarına müraciət edib, onları təklif olunan rakursdan analiz etmək kifayətdir ki, irəlidə açılan yeni məzmunların məna tutumunu açıq görək. Misal: “Sən həmişə mənimləsən” və yaxud “Boy çiçəyi” (əbədi zaman), “Məhv olmuş gündəliklər” (yazıya həkk edilmiş günlər), “Unuda bilmirəm” (yaddaş zamanı), “Bizim qəribə taleyimiz” (mistik zaman), “Atayevlər ailəsində” (nəsillər-zaman), “Sevgililərin cəhənnəmdə vüsalı” (infernal (o tay) zaman), “Büllur sarayda” (dondurulmuş zaman) və s.

 

İlyas Əfəndiyevin bütün pyeslərinin adlarını sadalamağa ehtiyac yoxdur, aydındır ki, bu material göstərilən aspektdən analiz üçün son dərəcə səmərəlidir, məhsuldardır.

 

I tezis: Yuxarıda göstərildiyi kimi, İ.Əfəndiyev parlaq ədəbi debütünə rəğmən (roman və s.) özünü dramaturgiyaya həsr edən və sözün bu mənasında, ötən əsrin ikinci yarısında yeganə xalis dramaturqdur. O da məlumdur ki, dramaturji əsərin bütün məziyyətləri, ideya və duyğuları teatr səhnəsinin konkret zaman-məkanında realizə olunur. Bu baxımdan çağdaş teatrşünaslığı maraqlandıran ikinci məsələ “İ.Əfəndiyev fenomeni”nin xronotop - yəni zaman-məkan vəhdətinin göstəriciləridir. Bu göstəriciləri müəyyənləşdirmək birinci məsələdən nisbətən asandır. Çünki İ.Əfəndiyevin dramaturgiyasında milli düşüncəmizdə mövcud olan bədii xronotopların əksəriyyəti (kənd, şəhər, dağ, aran, meşə, kabinet və s.) öz əksini tapıb. Milli teatrşünaslığın bugünkü tələblərini nəzərə alanda İ.Əfəndiyevin dramaturgiyasındakı xronotop məsələsinə müxtəlif rakurslardan yanaşılma məhsuldar olan teatrşünaslıq problemi kimi dəyərləndirilməlidir.

 

II tezis bilavasitə İ.Əfəndiyevin yaradıcılıqla məşğul olduğu konkret tarixi dövrlə bağlıdır. XX əsrin ikinci yarısında Azərbaycanda, SSRİ-də və dünyada baş verən mənəvi xassəli problemlər İ.Əfəndiyevin dramaturgiyasında öz əksini tapıb. Sirr deyil ki, bu dövrdə zatən istedadlı və ləyaqətli sənətkarlar, obrazlı desək, “düz sözü” ya zarafata salıb deyirdilər, ya da dövr haqqında deyilən düz sözü qorumaqdan ötrü onun ətrafında yayındırıcı şirmalar qururdular. İndi dövr yetişib və biz İ.Əfəndiyevin dramaturji əsərlərində quraşdırıcı şirmaları aradan götürüb, əsərlərinin “xalis mahiyyəti”ni, dərin fəlsəfi mənalarını adekvat, yəni necə var açıqlaya bilirik. Sözügedən bu əməliyyatların nəticəsində, əminəm ki, oxucu-tamaşaçıların gözü qarşısında hardasa yeni, bəlkə də gözlənilməz İlyas Əfəndiyev canlanmaqdadır...

 

A.Çexovun rus teatrı üçün dəyəri hansı siqlətdədirsə, heç şəksiz ki, İlyas Əfəndiyevin də Azərbaycan teatrı üçün dəyəri məhz o miqyasdadır.

 

Azərbaycan dramaturgiyasında “lirik-psixoloji təmayül”ün yaradıcısı, bununla da milli teatrımızda lirik-psixoloji istiqamətin inkişafına təkan verən İlyas Əfəndiyev dövrünün görkəmli rejissoru Tofiq Kazımovla iş birliyi sayəsində yeni aktyor və rejissor nəslinin yetişməsinə də güclü bir zəmin yaratmış oldu.

 

İ.Əfəndiyevin, əslində, gələcəyə ünvanlandırdığı mesajlar bu gün tamaşaçı tərəfindən həssaslıq və dəqiqliklə qəbul edilməkdədir. Bu işdə isə Azərbaycan teatrının, ilk növbədə, rejissorların üzərinə böyük məsuliyyət düşür.

 

İ.Əfəndiyevin əsərləri yalnız Azərbaycan oxucularına və seyircilərinə deyil, həmçinin, dünya xalqlarının ədəbiyyatsevər nümayəndələrinə də yaxşı məlumdur. Müəllifin nəsrinin və dramaturgiyasının əcnəbi dillərə tərcümə tarixi keçən əsrin 50-ci illərindən başlayır. İlyas Əfəndiyev yaradıcılığının  işığını, poetikasını, bədii-estetik siqlətini, İlyas Əfəndiyev dünyasının mənəvi parametrlərini bütövlükdə özündə əks etdirə bilmiş ən bariz, xarakterik örnəklər ingilis, rus, alman, tacik, ispan, fransız, çex, eston, slovak, Litva, gürcü dillərində nəşr olunmuşdur. Hətta kumik  ədəbiyyatında da İlyas Əfəndiyevin tərcümə edilmiş əsərləri özünə layiqli yer almışdır.

 

Azərbaycan müstəqillik qazandıqdan sonra isə İlyas Əfəndiyev sözün əsl mənasında dünya masştabında, dünya çapında tanınan bir yazar, şöhrətli bir dramaturq olmuşdur.

 

İlyas Əfəndiyevin yazdığı 20 pyesdən düz 19-u Azərbaycanın və eləcə də dünyanın  müxtəlif  teatrlarının səhnəsində uğurla oynanılmışdır. Azərbaycan Milli Dram Teatrının müasir tarixi isə birbaşa şəkildə onun adı ilə bağlıdır. İlyas Əfəndiyevin bu teatrın səhnəsində son 70 il ərzində tamaşaya hazırlanmış “İşıqlı yollar” (1947), “Bahar suları” (1948), “Atayevlər ailəsi” (1954), “Sən həmişə mənimləsən” (1964), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Mahnı dağlarda qaldı” (1972), “Qəribə oğlan” (1973), “Xurşidbanu Natəvan” (1981), “Büllur sarayda” (1983), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Hökmdar və qızı” (1994), “Boy çiçəyi” (2011) və başqa pyesləri çağdaş teatr təfəkkürünün inkişafına güclü təsir göstərmişdir. Məhz lirik-psixoloji dram janrının nəzəri-estetik prinsipləri, bədii qayəsi bu pyeslərin poetikası, arxitektonik quruluşu əsasında ədəbiyyatşünaslıq və teatrşünaslıq tərəfindən müəyyənləşdirilərək öyrənilir.

 

“Sən həmişə mənimləsən” (1964) pyesi müəyyən bir dövrün, epoxanın, zamanın simvoludur, rəmzidir, 60-cı illərin məişət romantikasının, lirik-psixoloji münasibətlər şəbəkəsinin güzgüsüdür, adi insan yaşantılarının teatral poeziyasının ifadəsidir. Bu pyes dünyanın 60-cı illər mənzərəsində azərbaycanlı mənəviyyatını, türk əxlaqını əks etdirən bədii bir sənəddir. Müasir azərbaycanlı psixologiyasının ekzistensional mündəricəsinin öyrənilməsi yolunda ilk bələdçi məhz “Sən həmişə mənimləsən” pyesidir. Bunlardan əlavə, “Sən həmişə mənimləsən” pyesi Azərbaycan teatr mədəniyyətində yeni estetik mərhələnin başlandığını müjdələyib, yeni rejissuranın, yeni aktyor ifaçılığının meydana gəlməsini şərtləndirib, Azərbaycan milli dramaturgiyasının çağdaş axtarışlarının dəyərli təzahürü kimi əlamətdar olub, teatrımızın həm repertuar siyasətinin istiqamətlənməsinə kömək edib, həm də onun sonrakı inkişafı üçün mühüm estetik koordinatları müəyyənləşdirib. Elə 1964-cü ildəcə bu pyes əsasında hazırlanan tamaşanın fantastik uğuru onu müasir Azərbaycan teatrının özünəməxsus “Qağayı”sına çevirdi. Müəllifin pyeslərinin uğurlu səhnə taleyini Azərbaycan teatr tarixində konkret bir dönüş, konkret bir mərhələ olduğunu dərk edən teatrşünaslıq isə “İlyas Əfəndiyev teatrı” terminini elmə daxil edir. “İlyas Əfəndiyev teatrı” anlayışında 60-cı illərdə Azərbaycan teatr poetikası, Azərbaycan teatrının bədii-estetik prinsiplər cədvəli öz əksini tapır.

 

İlyas Əfəndiyevin nəsri də Azərbaycan ədəbiyyatının zirvələrindən biridir. Ilyas Əfəndiyevin ədəbi-bədii irsi XX əsr azərbaycanlısının təfəkkürünün, düşüncələrinin, psixologiyasının, ictimai-sosial həyatının, məişətinin, yaşantılarının, duyumlarının aynasıdır, problemlərinin, ağrı və acılarının, iztirablarının, iftixarının və günahının arxividir, öyrənc yeridir. Rəsmi şəkildə 1939-cu ildən ədəbiyyata gələn müəllif ta dünyasını dəyişənə qədər yazıb-yaratmış, qələmini yerə qoymamışdır. Odur ki, İlyas Əfəndiyev haqlı olaraq ədəbiyyatımızın fəxri sayılır. Təsadüfi deyil ki, bu gün İlyas Əfəndiyevin nəsri, dramaturgiyası, teatr fəaliyyəti barəsində ədəbiyyatşünaslıqda və teatrşünaslıqda yazılmış məqalələri, resenziyaları, esseləri, bədii-publisistik oçerkləri, monoqrafiyaları, elmi-tədqiqat araşdırmalarını bir yerə toplayıb ayrıca kitabxana yaratmaq mümkündür. Belə yazıların sayı 1000-i çoxdan keçmişdir və maraqlısı budur ki, İlyas Əfəndiyevin zəngin bədii irsinin öyrənilməsi və tədqiqatı hələ də davam edir, edəcəkdir də.

 

lll

 

Bir daha vurğulamaq istəyirəm ki, indi dövr yetişib və bu gün  biz İ.Əfəndiyevin əsərlərindəki quraşdırıcı şirmaları aradan götürüb, onların “xalis mahiyyəti”ni, dərin fəlsəfi mənalarını adekvat, yəni necəvar açıqlaya bilirik. Amma onu da etiraf edim ki, bu istər teatrşünas, istərsə də rejissorlar üçün o qədər də sadə əməliyyat deyil...

 

Azərbaycan teatrında ilk dəfə bu mürəkkəb sənət əməliyyatını rejissor  Azər Paşa Nemət realizə etdi və Yeni Zamanın tamaşaçılarını gözlənilməz İlyas Əfəndiyevlə (klassikin gücü də hər dəfə yeniləşməyə qadir olması ilə ölçülür!) görüşdürə bildi. Sözügedən görüş, söylədiyim kimi, İlyas Əfəndiyev dünyasının mənəvi parametrlərini bütövlükdə özündə əks etdirən “Boyçiçəyi” (iki hissəli lirik dram) tamaşası konteksində baş verdi. Azər Paşa parlaq teatr hadisəsinə çevrilən bu tamaşası ilə bir daha təsdiqlədi ki, İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji yaradıcılığı, əsərlərinin teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər onun dramaturgiyasına məhz yeni teatr konsepsiyalarının üsulları ilə yanaşmaq imkanı verir. Gəlin görək, milli dramaturgiyamızın yaraşığına çevrilən bu pyes Azər Paşa kimi qüdrətli rejissorun YENİ ZAMANı güzgüləyən teatr düşüncəsini necə qidalandırdı?

 

Heç şəksiz ki, “Boy çiçəyi” pyesi insan varolmasının dördüncü ölçüsü olan ZAMAN və onu güzgüləməyi bacaran rejissor üçün cazibəli  görünməyə bilməzdi. 1964-cü  ildə ustad rejissorumuz Tofiq Kazımov tərəfindən hazırlanan “Sən həmişə mənimləsən” tamaşasının əfsanəvi uğurunun bu günə qədər əsl sənət nümunəsi şöhrətini itirməməsi və onun müasir Azərbaycan teatrının həm özünəməxsus “Qağayı”sına, həm də ətrini əbədi qoruyan boyçiçəyinə çevrilməsi faktı da, görünür ki, Azər Paşanı cəlb edən “sirlər”dəndir. Və bir də görünür ki, sadaladığım və yaxud sadalaya bilmədiyim bir çox mətləbləri, gizli qatları ilə “Sən həmişə mənimləsən” Azər Paşanı cəlb etdi və o, “İlyas Əfəndiyev fenomeni”ni milli teatr prosesinin əbədi hərəkət kontekstində araşdırma məqamının yetişdiyini duydu. ...Beləliklə də, Azər Paşanın rejissor düşüncəsi artıq paradoks kimi qəbul etdiyimiz  Zamana məxsus  olan   “İlyas Əfəndiyev  fenomeni”ni  “Boyçiçəyi”   müstəvisində (ƏBƏDİ ZAMAN), irəlidə açılan yeni məzmunların məna tutumu konteksində görümlü etməyə yönəldi...

 

lll

 

XXI əsr, Akademik Milli Dram Teatrı, 2 noyabr 2011-ci il. Tamaşanın müəllifi, rejissoru və rəssamı Azər Paşa Nemət. Yeni “Boyçiçəyi” əfsanəsinin yaranma tarixi...

 

Pyes iki dəfə doğulur: bir yazıldığı gün, bir də ki, premyera günü... Nə qədər özümüzü inandırsaq da ki, pyes teatrsız, səhnəsiz də yaşaya bilər, görünür, bu inamımız özümüzü aldatmaq istəyindən doğur.

 

2 noyabr 2011-ci il biz milli teatrımızda “Sən həmişə mənimləsən”in 1964-cü ildən sonrakı ikinci möhtəşəm doğuluş tarixini qeydə aldıq (hərçənd ki, bu pyes həm milli, həm də xarici rejissorlar tərəfindən dəfən-dəfən səhnələnib...).

 

“Sən həmişə mənimləsən” pyesi Azər Paşanın quruluşunda özünün teatral - zaman “geyimi”ni sonsuzluğa qədər dəyişmək potensialını bir daha ortalığa qoydu... XXI əsr öz yeni teatr qanunlarını diktə etdi və Azər Paşa  çağdaş teatr mədəniyyətinin və sənətkar şəxsiyyətinin (həm rejissor, həm də aktyor) masştabının inkişaf dərəcəsini parlaq biruzə verən  bu tamaşada özünün düşüncə-konsepsiyasını dəqiq rəsm edən rejissor qrafikasını da sərgiləyə bildi.

 

Beləliklə də, Azər Paşanın və aktyorların səmimi, sevgi dolu münasibəti yeni, naməlum, haradasa daha sərt İlyas Əfəndiyevi XXI əsrə gətirdi və  “Sən həmişə mənimləsən”ə (“Boyçiçəyi”) ikinci dəfə əsl teatral yanaşma, yozum baş verdi.

 

İnanıram ki, Azərbaycan teatrı XXI əsrdə İlyas Əfəndiyev dramaturgiyasına əsl teatral yanaşmaları ilə teatr tariximizi zənginləşdirməkdə davam edəcək...

 

İ.Əfəndiyevin ədəbi istedadının genetik kökləri milli ədəbiyyatın ən dərin qatlarından “şirələnərək” institusional mədəniyyətin faktı olan teatr sənətinin ədəbi əsasına, dramaturgiyaya hikmətli sözün enerjisini ötürməyə müvəffəq oldu. XX əsrin II yarısında yaşayan soydaşlarımız İ.Əfəndiyevin səhnədən söylədiyi monoloqları və dialoqları dinlədi, düşündü, əxz etdi. Bu monoloqların mənəvi əhatə dairəsində formalaşan dramaturgiyamızın yeni nəsli öz yaradıcılıqları ilə inkişaf prosesinin dialektikasını təsdiqləmiş oldu. Mədəniyyətimizin zaman zəncirbəndinin qırılmazlığını məhz bu cür münasibət təmin edir.

 

Odur ki, sözlü adam İ.Əfəndiyevin sözləri bu gün də eşidilməkdədir və heç şəksiz ki, sabah da eşidiləcəkdir.

 

 

525-ci qəzet.-2018.-26 may.-S.14.