Cümhuriyyətimizin 100 illiyinə dəyərli
töhfə
“1920-ci
İLƏDƏK ALİ MƏKTƏBLƏRDƏ OXUMUŞ
AZƏRBAYCANLILAR” ENSİKLOPEDİK SORAQ KİTABI ZƏNGİN
VƏ MÖTƏBƏR QAYNAQDIR
Çar
hakimiyyəti müsəlmanların,
o sıradan Azərbaycan
türklərinin ali təhsil almasına hər vasitə ilə əngəl törədir,
hətta bəzi ali məktəblərə
qəbul olunmaq üçün şəxsən
çarın özü
onlara icazə verirdi.
Buna baxmayaraq azərbaycanlıların
savadlanmaq həvəsi
bütün maneələri
aşdı və soydaşlarımız Rusiya
imperiyası müsəlmanları
içərisində sayca
ən çox ali təhsilliyə
malik oldu.
Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsillimiz
olub. Bu günlərdə
müsəlman Şərqində
ilk demokratik dövlət
olan Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyinə ərməğan kimi çap edilən “1920-ci ilədək ali
məktəblərdə oxumuş
azərbaycanlılar” ensiklopedik
soraq kitabı həmin iddianın puç və yalan olduğunu ifşa edir. Kitabın müəllifləri
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov və filologiya üzrə fəlsəfə
doktoru, professor Ədalət
Tahirzadənin Bakıdan
başqa, Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallin, Tiflis... kimi şəhərlərdəki mərkəzi
arxivlərdə uzunmüddətli
gərgin araşdırmalar
aparıblar. Oradan gətirdikləri zəngin
məlumatlar, sənədlər
əsasında qələmə
alınmış bu kitabda çar, Cümhuriyyət və sovet dönəmində nəşr olunmuş çoxlu qəzet-jurnal materialları da ilk dəfə elmi dövriyyəyə cəlb
edilib və nəticədə 1920-ci ilədək
əsasən Rusiya və Avropanın ali məktəblərində
oxumuş 600-dən artıq
soydaşımız haqqında
ən dəqiq və geniş ensiklopedik-sorğu bilgi bankı yaradılıb.
“Təhsil” nəşriyyatında
nəfis tərtibatda hazırlanan kitabda Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) ali təhsilli bütün müsəlman
dövlət adamlarının
sənədli tərcümeyi-halı
ilk dəfə toplu halında ictimaiyyətə
təqdim edilir.
480 səhifədən ibarət
kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru,
AMEA-nın həqiqi üzvü, professor, Dövlət
Mükafatı laureatı
Yaqub Mahmudov, naşiri “Təhsil Nəşriyyat- Poliqrafiya”
MMC-nin baş direktoru Tural Axundovdur. I cildə ali təhsilli
azərbaycanlılardan yalnız
“A” hərfi ilə başlayan soyadlı vətəndaşlar daxil edilib.
Misir Mərdanov kitaba yazdığı “Varmış
millətimin xətti bu imzalar içində!”
adlı ön sözündə Azərbaycanın
1920-ci ildən öncəki
tarixinə qısa nəzər salıb, bu dövrdə xalqın elmə, təhsilə münasibətindən
danışaraq ümumiləşdirmələr
aparıb: “Çox sevinirik ki, xalqımızın
istər hərbi-siyasi,
istər mədəni,
istərsə də
elm və maarif tarixinə hansı dövrlərdən və
hansı bucaq altında baxsaq, qürur duya bilirik. Bizi bu qəti fikrə gəlməyə
sövq edən amillərdən biri də Azərbaycan təhsil tarixi ilə müntəzəm məşğul olduğumuz
zaman gəldiyimiz qənaətlərdir. Azərbaycanın təhsil tarixindən söz açmağa bizim mənəvi haqqımız var, çünki həm keçmiş təhsil naziri, həm də bu sahəni
hərtərəfli araşdırmış
bir alim kimi milli təhsil
tariximizə yetərincə
bələdik. 4 cildlik
“Azərbaycan təhsil
tarixi” kitabımızı
hazırlayarkən əmin
olduq ki, ən qədim dövrlərdən bu günümüzədək xalqımız
elm və təhsilə
yüksək qiymət
verib və onun qabiliyyəti nəinki qonşularımızdan
əskik deyil, əksinə, bir çox hallarda daha yüksəkdir...
Doğrudur, ümumən götürdükdə
qonşu gürcü və ermənilərlə
müqayisədə ali təhsil almış azərbaycanlıların
sayı həmin dövrdə çox az idi, çünki
yuxarıda qeyd etdiyimiz kimi, çarizm onların qarşısında yaşıl
işıq yandırmış,
bizim qarşımıza
isə aşılması
çətin olan kötüklər yuvarlamışdı.
Ancaq hətta bu obyektiv çətinliyi
də nəzərə
aldıqda azərbaycanlıların
ali təhsildə
geri qalmadığını,
mümkün olmayanı
mümkün etdiklərini
görürük. Əlinizdəki bu kitab dediyimizin
doğruluğuna əyani
sübutdur. Biz bu kitabla xalqımızın
ünvanına atılmış
bədnam ləkəni
təmizləməyə çalışmışıq
və zənnimizcə,
bunu bacarmışıq”.
Müəllif layihənin yaranmasından
və gedişatından,
araşdırmaların aparıldığı
şəhərlərdən söz açıb, oxucuları layihənin planı ilə tanış edib: “Bakı Avrasiya universitetinin professoru Ədalət Tahirzadənin unudulmuş ziyalılarımız haqqında
xüsusən “525-ci qəzet”dəki
müntəzəm çıxışları
diqqətimizi cəlb etmişdi. 2012-ci ildə
təhsil naziri işlədiyimiz zaman onunla görüşdük
və çıxışlarını
“Azərbaycan müəllimi”
qəzetində davam etdirməsini və ümumən bizimlə əməkdaşlıqetməsini təklif etdik. Tezliklə Ə.Tahirzadənin
“Azərbaycan müəllimi”ndə
ali təhsillilərimizlə
bağlı silsilə
yazıları dərc
olundu...
Uzun müzakirələrdən sonra
qərara gəldik ki, 1920-ci ilədək- Azərbaycanda sovet hakimiyyəti qurulanadək
ali məktəblərdə
oxumuş soydaşlarımızı
müəyyənləşdirək.
Əlbəttə, layihənin nəhəngliyi
və çətinliyi
ilk baxışdan aydın
idi, ancaq qarşılıqlı əməkdaşlıq
sayəsində bu işin öhdəsindən
gələ biləcəyimizə
bir-birimizi inandırdıqdan
sonra layihənin planını hazırladıq. Plan 3 başlıca
bənddən ibarət
idi:
- dünya arxivlərindən
tələbələrin sənədlərini
toplayaraq məlumat blankı yaratmaq;
- toplanmış materialı sistemləşdirərək
nəşrə hazırlamaq;
- hazır materialları kitab şəklində nəşr etdirmək...”
M.Mərdanov qeyd edir ki, bu kitaba
1920-ci ilin 28 aprelinədək,
yəni Azərbaycan Cümhuriyyəti süquta
uğradılıb sovet
hakimiyyəti qurulanadək
ali məktəblərdə
oxumuş azərbaycanlılar
haqqında məlumatlar
daxil edilib. 1919-cu ildə Azərbaycanda ilk dəfə yaradılmış
Bakı Dövlət Universitetinə daxil olan, o cümlədən, Cümhuriyyət hökumətinin
1920-ci ilin yanvarında
ali təhsil
almaq, yaxud ali təhsilini başa vurmaq üçün dövlət
təqaüdü ilə
əcnəbi ölkələrə
göndərdiyi 100 tələbənin
adı isə kitaba daxil edilməyib.
Ancaq həmin tələbələr
içərisində 1920-ci ilədək müxtəlif
ölkələrdə və
müxtəlif kurslarda
oxuyanlar vardı ki, bu kitabda
yalnız həmin tələbələrdən söz
açılıb.
Ön sözdə qeyd olunur ki, hazırda
arxiv sənədlərinə
və başqa qaynaqlara əsasən dəqiqləşdirilən 1920-ci ilə qədər ali məktəblərdə
oxumuş 907 nəfər
azərbaycanlının adı
bəllidir. Ancaq bu siyahının
özü də tam deyil və müəlliflər
inanır ki, zaman keçdikcə yeni-yeni soydaşlarımızın
adı bu siyahıya əlavə ediləcək.
1920-ci ilədək ali
məktəblərdə oxumuş
azərbaycanlıların ad-soyadlarını və onlar haqqındakı qaynaqları hələ
1970-ci illərin başlanğıcında
indiki BDU-da oxuduğu zamandan qeyd etməyə başladığını deyən
Ədalət Tahirzadə
kitaba yazdığı
“Əlində dəmir
əsa, ayağında
dəmir çıraq...”
adlı ön sözündə arxivlərdəki
araşdırma prosesi
haqqında geniş məlumat verib. O qeyd edib ki,
axtarışlara öncə
Ukrayna arxivlərindən
başlanılıb. Çünki
tarixçilərimiz oranın
arxivlərində daha
az olublar.
Daha sonra müəllif digər şəhərlərdəki
araşdırmalarını bütün təfsilatları
ilə oxucularla bölüşür. O, Sankt-Peterburqdakı axtarışı
zamanı maraqlı bir fakta rast
gəldiyini qeyd edir: “Sankt-Peterburq arxivlərində çalışarkən
başımızı dik
tutduracaq çox fərəhli bir fakt ortaya çıxdı-
Rusiya imperiyası üzrə təkcə Peterburq Universitetində oxuyan bütün müsəlman tələbələrin
YARIDAN ÇOXU Azərbaycan türküdür!”
Kitabın nəşrə hazırlanması prosesində müəlliflərlə birgə AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Günel İsayeva, Nərgiz Əliyeva, Səbinə Salmamova, Leyla Fərzəliyeva və Aygün İsayevanın da əməyi qeyd olunub.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-26 may.-S.9.