Üç rəngli Bayraq
Azərbaycan Xalq
Cümhuriyyətinin
100 illiyinə
Havada
Bir əsin
külək yox.
Titrəmir, tərpənmir
ətrafda bir yarpaq belə.
Sükutu
əridən
şam da, çıraq da belə.
Əlimdə tutduğum
ağappaq varaq da belə.
Gözüm seçən qədər
yaxın da, uzaq da belə.
Kölgələr elə bil tablo -
düzülüb torpağın
üstə.
Dönüb boğazlarda
sanki nəfəs də.
... İçində
qəfildən bir bayraq
çırpınır qanadlanır,
uçurur məni
səmaya.
Bir də baxın,
Millətin,
Cümhuriyyətin
ruhundan qopan
üç rəngli
bayrağına.
Gör necə qaldırır
Himn oxuyan milyonları -
Azərbaycanı ayağa!..
O əllərə
Bir zamanlar
saçlarında gəzən
əl.
İllər ötdü
hər şey soldu,
xəzan oldu,
xəzan əl.
Artıq
nə o saçlar var,
nə də o ilıq əllər.
Məni
yaman incidir
"bir zamanlar"
-
yəni o illər.
Yerdən,
göydən,
o saçlardan, o əllərdən
qəm yağır.
Daha mənə ağı söylə,
nəğmə qoşub
oxuma.
İnsaf
elə,
girmə daha yuxuma...
Xatırlamaq həvəsi
Açdım səhəri
sabahın xeyir, dünya!
Sabahın xeyir, qardaş!
Elə sən də
məndən çox
uzaqlaşma,
təzə dost.
Gəl öyrəşək bir-birimizə
yavaş-yavaş.
Çalış,
əlimdən yapış.
Əl -
ələ, gedək çiyin - çiyinə,
ovuc - ovuca.
Meh vursun üzümüzə.
Arxamızca bir iz qoyaq.
Zaman ötəridir,
belə etsək,
bəlkə haçansa
xatırlanaq...
Bu səhər
Bir körpənin yuxusunda
qarıyır gecə,
əriyir gecə.
Günəş doğunca.
Süd qoxusu gələr
işığından səhərin.
Atar üstündən yuxunu
adamları
bu dalanın, bu küçənin.
Tanış gələr sənə
sifəti bu yoldan keçənin.
Nə qədər, düşünsən,
yorsan,
xatırlasan da dönə - dönə,
keçmişdə qalan
bu adamı tanımazsan.
heç özün
də bilmədən
gözlərin qıyılar,
əlin söykənər
çənənə.
Kül olan ocaq
Su suya qovuşar
Kürlə Araz tək.
Söz sözə yaraşar
dillə dodaq tək.
Dinlə
bu nəğməni,
dinlə sonacan.
Məni
tərk edənə,
tək qoyanacan.
Nə vaxtsa
sən duyan, anlayan
ürək susacaq.
Su da alışacaq,
su da yanacaq.
De kimə lazımdır
üzü dan yerinə
kül olan tənha bir ocaq?..
Ürəyim
Ürəyimin
həsrət dolu bir nəğməni
oxumağı gəlir.
Gözlərimin
qırpılmadan bir nəfəsi
sənə baxmağı
gəlir.
Dərdlərimin
bu axar suya qoşularaq
axmağı gəlir.
Axa - axa
oxumağı, baxmağı
gəlir.
Yetərmi,
bəsdirmi bu deyilənlər?
Qəm üstə köklənib
sənə söylənilənlər?..
Gecə, işıq və
günəş
Bu solğun işığın
kiməsə də xeyri yoxdur.
Gecənin bu vaxtı
ağlayan uşağın
günahı bir yana,
pənahı yoxdur.
Bu gecə sir dolu,
qarmaqarışıq.
İşıq axtarıram,
gur işıq.
... Dan yeri qızarır
günəşin ilk şəfəqləri
sancılır bədəninə
torpağın daşın...
Ələddin ƏZİMLİ
525-ci qəzet 2018.- 30 may.- S.7.