Dilçilik İnstitutunda türkiyəli professorla görüş

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, Hacəttepə Universiteti "Sözlük Araşdırmaları Mərkəzi"nin direktoru, professor Şükrü Haluk Akalınla görüş keçirilib.

 

Görüşdə AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətt üzrə inkişaf etdiyini nəzərə çatdırıb.

 

Akademik İsa Həbibbəyli  Şükrü Haluk Akalının müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb. Bildirib ki, Şükrü Haluk Akalın Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. Akademik onu da nəzərə çatdırıb ki, Şükrü Haluk Akalın Azərbaycanın mənafeyini, mövqeyini müdafiə edən şəxsiyyətlərdən biridir. Son illərdə onunla akademik  Möhsün Nağısoylu arasında qardaşlıq, dostluq münasibəti formalaşıb ki, bu da Türkiyə dilçilik mühitinin əlaqəsi deməkdir.

 

Sonra çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu bildirib ki, Şükrü Haluk Akalının Azərbaycan dilində səlis danışmağı Azərbaycan dilinə olan sevgisindən irəli gəlir. Yaxın gələcəkdə Haluk bəy Nəsimi adına Dilçilik İnstitutunun Fəxri doktoru adına da  layiq görüləcək.

 

Görüş çərçivəsində professor Şükrü Haluk Akalın "Çağdaş Sözlükçülükte Elektronik Sözlükler ve Türk Dilinin Elektronik Sözlükleri" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Türkiyə türkcəsində elektron sözlüklərdən 1990-cı illərdən istifadə olunmağa başlanılıb. Ş.H.Akalın, həmçinin, 12 cildlik "Türkiyə türkcəsinin dialektoloji  lüğət"inin əhəmiyyətindən  bəhs edib.

 

Daha sonra çıxış edənlər Azərbaycan-Türkiyə elmi ədəbi əməkdaşlığından danışıblar.

 

525-ci qəzet  2018.- 30 may.- S.7.