"Cümhuriyyət
tariximiz - qürurumuzdur"
BİLİK FONDU AZƏRBAYCAN XALQ
CÜMHURİYYƏTİNƏ SİLSİLƏ
TƏDBİRLƏR HƏSR EDİR
Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi haqqında"
16 may 2017-ci il tarixli Sərəncamından
irəli gələn tələblər Azərbaycan
Respublikasının Prezidenti
yanında Bilik Fondu tərəfindən uğurla həyata keçirilir.
Bilik Fondu 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli"
elan olunduğunu nəzərə alıb, Şərqdə ilk dəfə
qurulan demokratik respublika haqqında əhalinin daha dolğun bilgilərlə təmin olunması məqsədilə silsilə
tədbirlər keçirir.
Bu tədbirlər həm
məzmununa, həm coğrafiyasına, həm
də xarakterinə görə müxtəlifliyi
ilə seçilir.
Fondun İnformasiya
təminatı sektorunun
müdiri Xatirə Hüseynova və mətbuat katibi Ceyhun Musaoğlu qurumun Xalq Cümhuriyyətinə
həsr etdikləri tədbirlər barədə
maraqlı fikirlər söyləyiblər.
- Yəqin ki, Cümhuriyyətə həsr
olunan tədbirləriniz
hansısa plan əsasında
gerçəkləşir.
- X.Hüseynova: Əlbəttə.
Cənab Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il
tarixli Sərəncamından
sonra Bilik Fondunun İdarə Heyəti toplandı. Müzakirələr nəticəsində
belə qərara gəldik
ki, öncə Fondun əməkdaşları
Cümhuriyyət barədə
maariflənsinlər. Beləliklə,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası Tarix kafedrasının müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova qonağımız
oldu və demokratik respublikamız haqqında çox maraqlı bilgilər əldə etdik. Əməkdaşlarımız alim və mütəxəssislərlə birgə mühazirələrə,
görüşlərə, təqdimatlara cəlb olunanda bu bilgilər
gərəyimiz oldu.
- C.Musaoğlu: Firdovsiyyə
xanım, həqiqətən,
faktlara əsaslanan bilgilərini bizimlə bölüşdü. Müzakirələrin nəticəsi olaraq, "Cümhuriyyət tariximiz -
qürurumuzdur" layihəsini
hazırladıq və
bu layihə çərçivəsində yola çıxdıq.
Ümumiyyətlə, Bilik Fondu bütün maarifləndirici
tədbirlərini qabaqcadan
hazırlanmış və
İdarə Heyəti
tərəfindən təsdiq
olunmuş proqramlar çərçivəsində gerçəkləşdirir.
- X.Hüseynova: Cümhuriyyətə
həsr olunan tədbirlərimiz davam etməkdədir. İndiyədək 70-ə yaxın tədbir
keçirmişik. Müxtəlif rayonlardan gələn sosial sifarişlər onu deməyə əsas verir ki, bu rəqəmi
ilin sonuna qədər ən azı 100-ə çatdıracağıq.
Keçirdiyimiz tədbirlərin 6-sı elmi-praktik konfrans, 2-si beynəlxalq konfrans, 1-i
"dəyirmi masa"
formatında olub.
Digərləri mühazirələr, film nümayişləri, kitab
təqdimatlarıdır.
- C. Musaoğlu: Konfranslara bir sıra dövlət
qurumları da dəstək verib. "Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya
əsasları və müasirlik" mövzusunda
elmi konfrans AMEA-nın Fəlsəfə İnstitutu, "Cümhuriyyət
tariximiz - qürurumuzdur"
mövzusunda konfrans
AMEA-nın A.Bakıxanov
adına Tarix İnstitutu və Şabran Rayon İcra Hakimiyyəti, "Soyqırım
hadisələri müasir
elmi araşdırmalarda"
mövzusunda Beynəlxalq
Elmi Konfrans Gürcüstanın Tbilisi şəhərindəki
M.F.Axundzadə adına
Azərbaycan Mədəniyyəti
Muzeyi, Azərbaycanın
Gürcüstandakı səfirliyi
və Gürcüstan
Milli Elmlər Akademiyası, "Heydər
Əliyev və müasir Azərbaycan"
mövzusunda elmi-praktik
konfrans Şamaxı
Rayon İcra Hakimiyyəti,
"Cümhuriyyətimizin 100 ili" mövzusunda elmi-praktik konfrans Şabran rayon İcra Hakimiyyəti tərəfindən
dəstəklənib.
"Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda" III Beynəlxalq
Şagird Konfransı və "Azərbaycan
Cümhuriyyəti gənclərin
gözü ilə"
mövzusunda elmi-praktiki
konfranslar Fondun təşkilatçılığı ilə keçirilib.
- X.Hüseynova: Konfranslarda həm yerli, həm də xarici ölkə alimləri məruzələr
ediblər. İştirakçılar Cümhuriyyət dövrünün araşdırılaraq
öyrənilməsi və
təbliğ edilməsinə
xidmət edən çıxışları böyük
maraqla qarşılayıblar.
Alimlər ilk demokratik dövlətin
Türk dünyasına
nümunə olduğunu
bildiriblər. Konfranslarda geniş
fikir mübadiləsi aparılıb, tarixi gerçəkliklərdən həm
də nəticə çıxarılması tövsiyə
olunub. Əsas məqsədimiz maarifləndirmədir
və demək olar ki, hər
dəfə bu məqsədimizə nail ola bilirik.
- C.Musaoğlu: Yeri gəlmişkən, mayın
21-də AMEA-nın Neft
və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər
Şurası üzvlərinin
iştirakı ilə
"Azərbaycan Xalq Cümhuriyyəti dövründə
neft amili" mövzusunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində
Bakı Neft-Energetika Kollecində "dəyirmi
masa" təşkil
etdik. Tədbirdə İnstitutun gənc
alimləri maraqlı məruzələr səsləndirdilər.
Kollecin rəhbərliyi bu məruzələrdən dərs
prosesində də istifadə olunacağını
vurğuladı. Bu yanaşmadan çox razı qaldıq. Deməli, gördüyümüz işin
real təsiri oldu.
- Bəs mühazirələriniz
hansı bölgələri
əhatə edib?
- X.Hüseynova: 2018-ci ilin yanvar ayından başlayaraq, Bilik Fondu Oğuz, Xızı, Şamaxı,
İsmayıllı, Şəmkir,
Şabran, Salyan, Quba, Qusar, Cəlilabad,
Masallı, Abşeron rayonları və Gəncə şəhərində,
paytaxtın Binəqədi,
Suraxanı, Xəzər,
Səbail, Nizami, Yasamal, Xətai, Sabunçu, Qaradağ, Nəsimi, Nərimanov rayonlarında, eləcə
də Türkiyə, Rusiya və Gürcüstanda alim və tədqiqatçıların,
millət vəkilləri
və tanınmış
jurnalistlərin mühazirələrini
təşkil edib. Bu mühazirələrin təşkilində Fondun yerli nümayəndələri
və Bilik evləri yaxından iştirak ediblər.
Mühazirələrdən faydalananların sayı
10 mini keçib.
Fondun Monitorinq
və proqnozlaşdırma
qrupu və Sosioloji Sorğu Mərkəzi tədbirlərin
monitorinqini aparıb, iştirakçılar arasında
sorğular keçiriblər. Məlum
olub ki, "Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil
Azərbaycan Respublikasına
aparan 100 il", "Azərbaycan
Xalq Cümhuriyyətinin
Azərbaycanın dövlətçilik
tarixində yeri və rolu", "Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçiliyin ideya
əsasları və varislik", "Cümhuriyyət
tariximiz və müasirlik", "Cümhuriyyət
Parlamentinə gedən
yol", "Azərbaycan
Xalq Cümhuriyyətinin
mədəniyyət siyasəti",
"Müasir Azərbaycan
- Azərbaycan Xalq Cümhuriyyətinin varisidir",
"Azərbaycan Xalq Cümhuriyyəti dövründə
elm və təhsil",
"Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq
əlaqələri", "AXC dövründə qadınlar",
"Tarixin 100 ili - 100
ilin tarixi", "Cümhuriyyət dövrü
ədəbiyyatı və
onun təmsilçiləri",
"Maarifçilikdən Xalq
Cümhuriyyətinə: siyasi-fəlsəfi
aspektlər", "Azərbaycan
Xalq Cümhuriyyəti
sənədli filmlərdə",
"Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan
ədəbiyyatında", "Əhməd Cavad - İstiqlalımızın tərənnümçüsü",
"Cümhuriyyət dövrü
və mətbuat",
"Cümhuriyyət dövründə
musiqi" və başqa adını çəkmədiyim mövzular,
xüsusən, dinləyicilərin
böyük marağına
səbəb olub.
- Onda sizdə mühazirələri maraqla
qarşılanan alimlərin
də adları olmamış deyil...
- C.Musaoğlu: Əlbəttə
müəyyənləşdirmişik. Öncədən onu deyim ki, Bilik Fondunun
Lektorlar qrupunun üzvləri olan alim və mütəxəssislərin
sayı 400-dən artıqdır.
Biz onların hər birinə yüksək dəyər və qiymət veririk. Sadəcə çıxışları ilə auditoriyanın marağına səbəb
olan bir neçə lektorun adını xüsusi ilə çəkmək olar. Alim və tədqiqatçılardan
Möhsün Nağısoylu,
Misir Mərdanov, İlham Məmmədzadə,
Anar İsgəndərli,
Tofiq Mustafazadə, Alxan Məmmədov, Firdovsiyyə Əhmədova,
Qalib Sayılov, Yeganə İsmayılova,
Nuridə İsmayılova,
Nardanə Yusifova, Boran Əziz, Mətanət Şəkixanova,
millət vəkilləri
Aydın Mirzəzadə,
Hikmət Babaoğlu,
KİV rəhbərləri Rəşad Məcid, İlham Quliyev, Vüqar Rəhimzadə, Akif Aşırlı auditoriyanın həsrətlə
gözlədiyi mühazirəçilərimizdəndir.
- Bəs hansı filmlərin təqdimatlarını
keçirmisiniz? Cümhuriyyət ilinə həsr olunan nəşrləriniz
olubmu?
- X.Hüseynova: Bilik Fondu ilə "ARB Aranfilm" studiyasi arasında əməkdaşlıq
çərçivəsində sənədli filmlərin mütəmadi olaraq müxtəlif məkanlarda
nümayişini təşkil
etmişik. "Sarmaşıqlı
məzarlar", "Parisdən
məktublar", "Gizli
istiqlalçılar", "Həqiqətin özü",
"Düdəngədən Münhenə" filmləri
tamaşaçıların marağına səbəb
olub. KİV bütün
bu təqdimatları geniş şəkildə
işıqlandırıb.
- C.Musaoğlu: Bilik Fondunun Ölkədaxili layihələr sektoru tərəfindən "Azərbaycan
Xalq Cümhuriyyəti:
100 suala 100 cavab" adlı məlumat kitabçası tərtib
edilib və tarixçi alimlər tərəfindən çapa
tövsiyə olunub. Bununla yanaşı, Cümhuriyyətə
həsr olunmuş şagird konfransının
materilları da nəşrə hazırdır.
- X.Hüseynova: Sektorun nəzdində fəaliyyət
göstərən Sosioloji
Sorğu Mərkəzi
ölkənin müxtəlif
bölgələrində fəaliyyət
göstərən bir
sıra orta, orta-ixtisas və ali məktəblərdə
təhsil alan yüzlərlə yeniyetmə
və gəncin iştirakı ilə
"Gənclikdən soraq"
layihəsi çərçivəsində
"Azərbaycan Xalq Cümhuriyyəti haqqında
bildiklərimiz" mövzusunda
bilik yarışmaları
keçirir.
Maarifləndirici tədbirlərimiz davam etdirilir. Bilik Fondunun dəstəyi ilə bölgələrdə fəaliyyət
göstərən Oğuz,
Qax, Şəmkir, İsmayıllı, Ağdaş,
Astara, Ağstafa, Tərtər və Nardaran Bilik evlərində, Bilik Fondunun nəzdində fəaliyyət göstərən
"Tariximizi öyrənək
və öyrədək"
Gənclər Klubu və "Gənc jurnalistlər" Klubunda mütəmadi tədbirlər
hazırlanır.
"Azərbaycan Xalq Cümhuriyyəti İli"nin başa çatmasına hələ
çox var. Qarşıda
bizi yeni konfranslar və elmi seminarlar, silsilə mühazirələr
və müzakirələr,
film və kitab təqdimatları, intellektual
müsabiqələr və
elmi turlar gözləyir.
Alim və tədqiqatçıları qürurumuz
olan Cümhuriyyət tariximizlə bağlı maarifləndirmə işində
bizə dəstək göstərməyə, gənclərimizi
bu dəstəkdən
faydalanmağa dəvət
edirik.
525-ci qəzet 2018.- 30 may.- S.5.