CÜMHURİYYƏTƏ
MƏHƏBBƏTLƏ
Türkiyədə yaşayan Azərbaycanlı
rəssamların yubiley sərgisi haqqında
Bu gün xəyalən hamımızın qürurla
xatırladığı 1918-ci ilə qayıtmalı olsaq,
onda öncə o vaxt müstəqilliyini
elan edən Azərbaycan Xalq Cümhuriyyətinin gələcəkdə
mövcudluğunun Bakının erməni-bolşevik
qoşunları tərəfindən işğalı nəticəsində
sual altına alındığını, belə ağır
günlərdə Türkiyədən Azərbaycana qardaş
köməyinin gəldiyini söyləməliyik. Görkəmli sərkərdə
Nuru Paşanın başçılığı altında
xilaskar Qafqaz İslam Ordusu çox qısa müddətdə
düşmənlərin məkrli niyyətlərini alt-üst
etdi və yeni hökumət üzvlərinin Gəncədən Bakıya
köçməsi ilə onun fəaliyyəti bərpa olundu.
Çox təəssüf ki, bu hökumətin 23
aylıq mövcudluğu və çox qısa bir zaman kəsiyində
gördüyü müsbət işlər sovet dönəmində
qadağalı mövzuya çevrildi və baş verənlər
cəmiyyətdən gizlədildiyindən demək olar ki,
unuduldu. Yalnız ölkəmizin ikinci dəfə müstəqillik
qazanması 1918-ci il hadisələrinin üzərindən sirr
qatını götürdü və bir qədər gec olsa da
kimin kim olduğu hamıya məlum oldu. Bu ilin ölkə
prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
"Cümhuriyyət ili” elan olunması da keçmiş
tariximizi şərəfləndirənlərin xatirəsinə
ehtiramın ifadəsi oldu. Türkiyədə yaşayan təsviri
və tətbiqi sənət
ustalarımızın Azərbaycan Xalq Cümhuriyyətinin
100, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 95 illiyinə həsr
olunmuş sərgisi də bu günlər qeyd etdiyimiz yubileylərə
ehtiramın yeni ifadəsi oldu. Yeri gəlmişkən deyək
ki, bu sərginin təqdimatı günü Maltəpə bələdiyyəsində
"Azərbaycan Xalq Cümhuriyyətini 100 illiyi”
parkının açılışı baş tutdu, Azərbaycan
və Türkiyə alimlərinin iştirakı ilə elmi
konfrans keçirildi.
İstanbulun Maltəpə bələdiyyəsinin
Professor Türkan Saylan adına Mədəniyyət Mərkəzinin
iri salonunda təşkil olunan sərgidə qırxa yaxın
Azərbaycan təsviri sənət ustasının müxtəlif
mövzulu əsərləri göstərilir. Onlarda çoxəsrlik
tarixə və zəngin bədii ənənələrə
malik olan milli incəsənətimizin ənənə və
müasirlik probleminin həlli kontekstində inkişafının
müasir durumunu qabarıq əks olunur. Əminliklə demək
olar ki, bu gün müxtəlif mövzulu və janrlı əsərlərinin bədii-estetik tutumunu dünyaya
özünəməxsus mənəvi dəyər kimi təqdim
edən çağdaş Azərbaycan təsviri sənət
ustalarının sələflərinin
onlara yadigar qoyub getdikləri zəngin bədii ənənələri
uğurla davam etdirdiklərini söyləməyə tam
haqları çatır.
Hazırda Türkiyənin müxtəlif şəhərlərində
tədrislə məşğul olan bu rəssamların əsərlərində
xalqımızın uzaq-yaxın keçmişinə qiyabi səyahətin
bədii ifadəsini görmək mümkündür. Yubiley tədbirlərinin
Türkiyədə keçirilməsində böyük əməyi
olan Əməkdar rəssam Teymur Rzayevin çəkdiyi
"Xudadat bəy Məlik-Aslanovun portreti” əsərində
Azərbaycan Xalq Cümhuriyyətinin ilk rabitə naziri təsvir
olunmuşdur. Duyulası reallıqla ifadə olunmuş bu
portretdə Xudadat bəyə məxsus cizgilərin
inandırıcılıqla ifadə olumasının nəticəsidir
ki, portret təzadlarla dolu zamana tutulmuş "bədii
güzgü”nün yaddaqalan əksi kimi qəbul olunur. Yeri gəlmişkən
qeyd edək ki, sərginin açılışı
günü bu portretin ilk tamaşaçıları
sırasında Cümhuriyyət nazirinin nəvəsi – Xalq
artisti, dirijor Ramiz Məlik-Aslanov da var idi...
Tanınmış fırça ustası Sərhəd
Rzayevin əsərləri də bizi xəyalən ötən
günlərə qaytarır. Onun yağlı boya ilə
çəkdiyi "Xatirə” əsəri tamaşaçısını
bu gün fəxrlə xatırlanan Xalq Cümhuriyyətinin
hakimiyyəti illərinə şahidlik etmiş nənəsi
ilə tanış edir. Tünd boyalarla işlənmiş
portretin cəlbediciliyini obrazın
işıqlandırılmış çöhrəsinə
yönəldən rəssam, kommunist rejimi dönəmini əsl
müstəqillikdən fərqləndirməyi bacaran
insanın yaşantılarını psixoloji
çalarlarının qabardılması ilə vəhdətdə
göstərməyə nail olmuşdur.
Gənc rəssam
Elçin Mustafayevin
"Cümhuriyyət gülləri” əsərində də
tamaşaçını nostalji hisslərinə
toxuna biləcək lirik
məqamlar duyulandır. Şaquli kompozisiyada "salxımlanan”
qızılgüllərin yaratdığı
duyğulandırıcılıq kifayət qədər cəlbedici
və yaddaqalandır.
Sənətsevərlərə
daha çox qrafik əsərləri ilə tanış olan Rasim Nəzirovun
yağlı boya ilə çəkdiyi
"Hayqırtı” tablosunda azadlıq uğrunda aparılan mübarizənin gərginliyini
duymaq mümkündür.
Ərlərini itirmiş qadınların
onları mübarizə meydanında əvəzləmələrini
əks etdirən kompozisiyada arzulanan əzmkarlıq və dinamika
forma-biçim ekspressiya
ilə ifadə olunmuşdur.
İstedadlı
rəngkar kimi tanınan Əfülfəz
Fərəcoğlunun "Faytonda söhbət”,
Ədalət Qaranın "Qarabağ
maralı”, Faiq Ağayevin
"Orta Mahur”, Fikrət
Haşımovun "Unudulmuş”, İlham Ənvəroğlunun "Dədəmin
dəvəsi”, Məhəmməd Yüzbaşyevin
"Qaçqınlar”, Məmməd Şirzadovun
"Novruz bayramı”, Rəhim Məmmədovun
"Məhəmməd Füzuli” və Pərvanə
Əlizadənin "Pəncərə” əsərlərində
xalqımızın şərəfli tarixinə göstərilən
bədii münasibət kifayət qədər
çoxçalarlıdır. Burada sevinc də var,
kədər də... vBelə ki,
görünənlər – müxtəlif ölçülü
və janrlı əsərlərin məna-məzmun
daşıyıcıları elə müəlliflərin məlum
hadisələrə, insanlara və motivlərə
fərqli yanaşmalarının nəticəsidir...
Rəsul Rzayevin "Avtoportret”ində, Rasim
Nəzirovun "Qətliam”ında, Sadıq Babayevin
"Barış”ında, Sabir Mehdiyevin "Ordubad”ında, Tariyel
Əlizadənin "Kədər”ində, Şahin
Məmmədovun "Barış baş tutdu” və Sərhəd Rzayevin
"Bayrama hazırlıq” tablolarında yaşanan həyat hadisələrinə
özünəməxsus müəllif yanaşması mövcud olduğundan, onlar tamaşaçını
duyğulandıran estetik qaynaq
kimi qəbul olunurlar.
Vahid Novruzovun "Folklor”, Ziyad Sultanovun "Gecəqondu”,
Yusif Əlizadənin "Gəlin”, Məhər
Bayramovun "Müdaxilə” və s. əsərlərdə isə görünənlərin
bədii-fəlsəfi tutumda təqdimatına
üstünlük verildiyini
görmək mümkündür...
Azərbaycanlı rəssamların
İstanbul sərgisinin tarixiliyini
şərtləndirən amillərdən biri
də ekspozisiyada keçmiş
və indiki nəsilləri mənən
qovuşdurulmasıdır. Sərginin
ekspozisiyasında Azərbaycan bayrağının ideya müəllifi olan
Əli bəy Hüseynzadənin (Turan) və
onun rəssam
övladlarının – Məhəmmədsəlim və
Feyzavər xanımın (o, sağdır)
əsərlərinin yanaşı nümayişi,
qənaətimizcə, sərgi təşkilatçılarının
yubileyə özünəməxsus rəng qatmaq istəklərinin əyani təsdiqidir. Zamanında Avropanın ən məşhur sərgi
salonlarının tamaşaçılarını heyrətləndirən
Məhəmmədsəlim Turanın və İstanbulda
yaşamaqla tez-tez fərdi
sərgiləri ilə sənətsevərlərin
görüşünə gələn Feyzavər Alpsarın bu sərgidə çox
maraqlı əsərləri nümayiş
olunur. 1910-cu ildən Azərbaycanı tərk
edən atanın və ata yurdunu
bir dəfə də olsa
görməyən oğul-qızının bir
sərgidə mənəvi "görüşü”,
doğrudan da, çox yaddaqalan hadisə
oldu. Düşünürük
ki, artıq tarixiləşən bu ekspozisiyanı bir qədər
də genişləndirilmiş şəkildə Hüseynzadələrin
və digər sərgi iştirakçılarının vətənində
– Azərbaycanda nümayişi çox yerinə düşərdi...
Ziyadxan Əliyev
Kaspi.-
2018.- 26-29 may.- S.13.