ÇƏRÇİVƏ
Gözlərinə çəkilən
soyuq çərçivədi dünya.
Son anda anladın ki,
həyat dar çərçivədi.
Gecə
sürünüb düşür
bu sahilsiz işığın
divardakı kölgəsinə.
Nə yaxşı, Ay görünür,
ulduzlar var, sayrışan.
Xəyallar var,
səninlə pıçıldaşıb
danışan.
Vərəqlər olmayanda
şeiri əllərinə
yaz.
Bu da ömür yoludu,
vaxtı gedər,
qayıtmaz.
lll
quşları vaxtsız
uçan
dünyadı dünyamız...
budaqlar çılpaqlanar,
yuvalar da,
ümid də...
onda
sözlər dodaqlarından,
yollar ayaqlarından,
küçələr gözlərindən
qaçar...
qaçar,
qaçar,
durarsan baxa-baxa uzaqlara.
bir üzü ayrılıqdı hər
şeyin...
SƏNİN UŞAQ TALEYİN
Əldən-ələ keçdin, yavrum,
bapbalaca vücudunda
zamanın
barmaq izləri qaldı.
Alnındakı yazı
ağrın boyda
sınağa çəkdi
ömrünü.
Ana sevgisi kimi
düşdü daş üstünə,
qırıldı dünyan.
Onsuz da
qaranlıq məmləkətdi
balaca taleyin,
Batan günəşi
ya doğular,
ya doğulmaz...
Baxışlarından
qızaran üfüqlər,
gözlərindən
anasızlıq yağar,
islanar əllərin.
Bir məsumluğun çəkilməz
gözlərindən,
tərk etməz səni.
Əllərindən tutmaz ana sevgisi,
unutmaz kimsəsizlik.
Böyü, sevdalım, böyü...
VƏ BİR GÜN...
və bir gün düşəsən
sənin olmayan
bir ögey şəhərin yad qucağına.
sanasan özündən
xəbərsiz gəlib
ömrün tənhalığın
duracağına.
səni tanımaya yollar, küçələr,
vağzallar, qatarlar,
soyuq adamlar.
...susa ayrılığın
əlləri üstə
kimsəsiz hücrələr,
sahibsiz damlar.
qürbəti üşüdə
o yad şəhərin
don vuran körpəcə arzularını.
görəsən, ümidin
bəxt qapısına
illər gözləmədən
yağıb qarını.
və bir gün başlana yollar ayrıcı...
lll
köçüb gedən
quşlardan sonra
nə qalacaqsa,
səssiz-səmirsiz...
bir iz qalacaq
yollar üstündə,
bir vaxt yazılar vaxtın özündə.
göyü qucaqlayan
üfüqlər boyu
gözləri bərələr
soyuq zamanın.
Nəyin ağrısını çəkər
göy üzü?
gedən quşların
da,
susan vaxtın da
nədəni olmaz...
NOLAR...
Arzular hər şeyin başlanğıcıdı,
köksündə çırpınan
nəfəsin də...
Sən bir sevən ana,
darıxan qadın,
Ucalığından yağış
damlalanır,
bulud tökülür.
Belə
ucalıqdı həyatın
özü...
Nolar, bir gecə də
gəl həyatıma,
Silinsin ömrümün yanlış
səhifəsi...
Qoy mənim olsun
sənin ürəyinin
bakirəliyi.
Mən daha qorxmuram qaranlıqlardan...
ALDANA-ALDANA
Səni
axtardığım yol
düz olmadı,
Gəlirəm, ömrümə neçə
tin düşür.
Hər səhər keçirsən
ayrı küçədən,
Bizim küçəmizə
həsrətin düşür.
Sevdalı günlərin saatlarında
Vaxta öyrətdiyin
bir ayrılıq var.
Onu məndən ayrı kimsə anlamaz,
Təkcə göy üzündə quşlar oxuyar.
Qaçıram içimdə ilişib
qalan
Səmtini itirib susan
ümiddən.
Susuram gözümdə xəyala
dönən
Saçının ətrindən əllərinəcən.
Bir də, aralıqda yaş məsafəsi,
Nə qəm ötə bilir, nə ağrı ötə...
Biz də ki, günləri
kütə veririk
Aldana-aldana bu boş söhbətə...
DÜŞÜR
Niyə qəribədi bu göylər belə?
Nə yağsa saçıma, yağan ağ
düşür.
Bir addım atmamış, bina qoymamış
Yollar da qarşımda baş-ayaq düşür.
Baxdığım dünyanın arazı
vardı,
Gözlərimdən sızıb, gözəl axardı,
Ağrılar, həsrətlər nə
bəxtiyardı,
Hər gecə
içimə çaparaq
düşür.
Bir də, bir də
olur bir boşluq yarı...
Gözlərim aldanıb çəkir
yolları,
Xəyalım dolanır ortalıqları,
Bəxtimə, günümə bir qıraq düşür.
EYNƏYİMİN
GÖZLƏRİNDƏ
Eynəyimin gözlərində
böyüdü çəkdiyim
rəsmlər,
küçələr,
adamlar,
boşluqlar...
Baxdım, ha baxdım.
Məni aldadırmış dördgözlü
zaman.
Nolar, qınamayın,
bircə an baxın...
Eynəyimin gözləriymiş aynalar,
divarlar,
şəkillər,
kölgələr.
Tanı
hər şeyi, gözlərim,
Eynəksiz baxışlarda
rəngində olur həyat...
BİR YAĞIŞ YAĞACAQ
Bir də o gedəndən ömründə olmaz...
Düşər əllərindən, gedər
arın da.
Ovutmaz, uyutmaz xatirələrin,
Çəkilməz yollardan baxışların
da.
Bir yağış yağacaq,
islanar gözün,
Yandırar ovcuna düşən damlalar.
Sənin
bu halına səssiz küçədən
Tənhalıq içindən sükut boylanar.
Bir yağış yağacaq,
çətirin olmaz,
Saatlar üşüyər
yağan yağışda.
Uzaqda bir yaxın xəyal görünər,
Gözlərin üzülər bu aldanışda.
Bir yağış yağacaq...
GECİKİRSƏN
Qırılmış ürəyin,
sınmış sevincin...
Bir gün
sığınmağa kiçicik
odan,
Bir gün dayanmağa
dayaq,
söykəncək
axtarmadın heç...
Dərdləşməyə barı
bir kölgən də yox.
Sevir göz yaşını zaman,
Yıxır ümidini həyat,
susursan.
Susma saatları intizar çəkir,
Qatar çoxdan gedib,
sən gecikirsən.
Bu vağzal,
adamlar,
tapdanan relslər...
BELƏ YAZMAMIŞDIN
Addımları aparan,
dayandıran qürurmuş.
Ayrılan yollar
ümidləri qırırmış.
Doğum
otaqlarında
ölüm yazan əllərdə
körpə haraylarını
udur soyuq divarlar.
Cənnət yolu uçulur
ayaqların altında.
Bir addım geri sayır
saatlar zamanından,
Bir həyatı yetirmək
bitirməkdən çətinmiş.
Nə deyir yellənməyən
uşaq yelləncəkləri?
Belə deməmişdin Sən...
Belə yazmamışdın Sən
alın yazılarını...
İçimdə gizlətdiyim
ağrı sancır sinəmi,
Göz yaşlarına susmaq
unutqanlıq deyil ki...
YENƏ
GƏLDİM
Yenə gəldim əllərimin istisilə,
göy üzünün soyuğunu duya-duya.
Xəyallar quş qanadları kimi
çırpılır divarlarına göyün.
Ağ-ağ şəhərlərin ardınca
boz dumanlı saatlar,
qara-qara gecələr var bu şəhərdə.
Varlıqla yoxluq arasında
susan həqiqətin
bir addımlığındadı hər şey,
gözlərdəki ümidi
itən yollar da...
İndi
xatirə qəhrəmanı
olmaq istəməz kimsə
Bu şəhər
son dayanacaq deyil axı...
Qədiməli
ƏHMƏD
525-ci qəzet 2018.- 31 may.- S.8.