İftixar hissilə vərəqlənən
sanballı nəşr
UNUDULMAZ TARİXİ
ŞƏXSİYYƏT NƏRİMAN NƏRİMANOVLA
BAĞLI ALBOM-KİTAB HAQQINDA DÜŞÜNCƏLƏR
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə
doktoru
Bütün zamanlarda tarixi şəxsiyyətlər,
ictimai-siyasi xadimlər mənsub olduqları xalqın milli
varlığının aynasında həmişə
böyük və əzəmətli görünürlər.
İctimai
şüurun, həyata baxışların yeniləndiyi, hətta
bəzən onlara münasibətlərin
haçalandığı vaxtlarda belə, bu şəxsiyyətlər
hər zaman tarixdə yaşayırlar. Çünki
bu böyüklüyü, əzəməti ehtiva edən dəyərlər
milli-bəşəri ideallarla bağlı olub və heç
zaman mahiyyətini itirməyib. Bu məfkurə
təbiətə, həyata gerçək yanaşmadan, insana
böyük inamdan yaranıb. Belə şəxsiyyətlərin
tarixən əbədi olmasının səbəbi də
heç şübhəsiz, burdan qaynaqlanır.
Elə buna görə də hər bir xalq
özünün tarixi şəxsiyyətlərinin,
aydınlarının ucada olması, onların təkcə
öz millətinə deyil, bəşərə məxsusluğu
ilə qürur duyur. Azərbaycan xalqının da minillərdən
üzü bəri tarixdə yaşayan görkəmli
simaları çoxdur. Təkcə onu demək kifayətdir
ki, xalqımız elmin, mədəniyyətin, ədəbiyyatın,
incəsənətin, ictimai-siyasi həyatımızın
bütün sahələrində bəşəriyyətə
zəkası, fitri istedadı, yaradıcılığı,
qüdrəti, mübarizliyi, eləcə də dövlətçilik
tariximizdə misilsiz xidmətləri ilə xariqələr
yaradan böyük dahilər bəxş edib.
Bu fikirlər
son bir neçə gündə həyat və fəaliyyətini
böyük maraq və ürək yanğısı, həm də
iftixar hissilə vərəqlədiyim "Nəriman Nərimanov"
albom-kitabından tanış olduğum XIX əsrin sonu və
XX əsrin əvvəllərində xalqımızın taleyində
böyük təbəddülatlar yaradan milli dirçəlişin,
oyanış dövrünün mənzərəsi,
bunların da zəngin faktlara və
arxiv sənədlərinə söykənən hadisələrindən
əxz etdiyim ictimai-siyasi dəyərlərdən yarandı...
Bir haşiyə. Gənclik illərindən nə az, nə çox, düz 20 il nəşriyyat sistemində işlədiyim illərdə xeyli mövzuda və müxtəlif janrlarda kitablarla tanış idim. Elə o vaxtlardan məni albom-kitab janrında yazılmış, tərtiblənmiş kitablar çox maraqlandırırdı. Onu da deyim ki, o zaman bu janrda özünün ideya və məzmunu, özünəxaslığı, tərtibatı ilə kitabçılıq mədəniyyətində yadda qalan nəşrlər azlıq təşkil edirdi. Üstəlik, albom-kitab dedikdə, ilk növbədə kiçicik bir annotasiya, yaxud giriş, fotolar və şəkilaltı sözlər anlaşılırdı. Bu janra yalnız belə bir prizmadan yanaşılır və bu nəşrlərlə bağlı ayrı təsəvvür yox idi. Uzun illər albom-kitablar bu məntiqlə hazırlanaraq nəşr olunurdu...
Demə, albom-kitab janrında mövzuya tarixilik və müasirlik baxımından yanaşmaqla necə böyük dəyərlər yaratmaq olarmış! Albom-kitablarda böyük bir dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini vermək, tarixi, ədəbi qəhrəmanı öz dövrü ilə birgə təqdim etmək, mövzunu fəsillərin, bölmələrin içərisində qruplaşdırmaq, yaxud oxucu düşüncəsində sistemləşdirməyin modelində işləmək və şəxsiyyəti yetişdirən zamanı canlı göstərmək (sözün, arxiv sənədlərinin, xatirələrin və əlbəttə ki, nadir və çox qiymətli olan tarixi fotoların müşayiətilə!) bu janra xüsusi bir möhtəşəmlik qazandırarmış.
Mübaliğəsiz deyim ki, belə kitabların ilkin və sanballı nümunələrinin yaranması ədəbiyyatşünas alim, professor Teymur Əhmədovun adı ilə bağlıdır. Başqa sözlə, o, kitabşünaslıq mədəniyyətində albom-kitab janrının yeni növ və üslubunu yaratmışdır, desəm, doğru olar. Sözümün maddi dəlili olaraq Teymur müəllimin son illər "Zəlimxan Yaqub", "Mirzə İbrahimov", "Mir Cəlal" (iki cilddə) albom-kitabları ilə tanışlıqdan sonra onların ideyasına, məzmununa, üslubuna, dəst-xəttinə görə bir-birindən fərqlənməsini, özəllik, özünəxaslıq kəsb etməsini hər biri haqqında yazdığım məqalələrdə də açmağa cəhd etmişəm. Bu günlərdə həmin albom-kitabların sırasına bir qədər əvvəldə qeyd etdiyim kimi, maraqlı, səviyyəli bir nəşr, "Nəriman Nərimanov" albom-kitabı da əlavə olundu.
Bu kitabın yaranması da göydəndüşmə olmamışdır. Nərimanovşünas Teymur Əhmədov neçə onilliklərdir ki, görkəmli ictimai-siyasi xadim, yazıçı, publisist, doktor Nəriman Nərimanovun həyat və fəaliyyətini, yaradıcılığını, ümumən ədəbi irsini tədqiq edir. Onu da xatırladım ki, Teymur müəllim N.Nərimanov haqqında ilk albom-kitabı ötən əsrin 70-ci illərinin sonunda nəşr etdirmişdir. Təbii ki, yeni nəşr tamamilə təkmilləşdirilmiş, müəllifin bu mövzu ilə bağlı hər zaman davam edən tədqiqat axtarışları, ən başlıcası arxiv sənədlərinə söykənmiş dəlilləri, eləcə də albom-kitab janrında özünün yaratdığı bir sıra keyfiyyətləri - yeni forma və ideyası, süjeti, tərtibatı, həm də böyük şəxsiyyəti daha dolğun, tam fərqli bir prizmadan təqdim etməsilə fərqlənir. Kitab N.Nərimanovun anadan olmasının 148-ci ildönümü münasibətilə nəşr olunmuşdur.
Bu ömür hardan başlanıb, hansı çətinliklərdən, əziyyətlərdən keçib? İctimai-siyasi xadimin, yazıçı, publisistin Vətənə, xalqa xidməti hansı mərhələləri əhatə edib? Bir sözlə, Nəriman Nərimanovun parlaq obrazına hansı prizmadan yanaşılıb? Bu kimi və buna bənzər suallara müəllif-tərtibçi Teymur Əhmədov ərsəyə gətirdiyi kitab-albomda özünün yeni və müdrik yanaşması ilə aydınlıq gətirir. Bu mənada ideyası, ictimai-siyasi, bədii dəyəri, yüksək səviyyəsi, nəfis tərtibatı ilə bizdə böyük maraq doğuran albom-kitaba olduğu-göründüyü kimi, qəhrəmanın həyat yoluna yeni baxışın işığında nəzər salmağı məqsədəuyğun saydıq.
Hər zaman qeyd etdiyimiz kimi, kitablara yazılan Ön söz bir növ oxucuya bələdçilik edir. Bu kitabda da həmin missiyanı həyata keçirən müəllif eyni zamanda, N.Nərimanovun həyatını, pedoqoji, ictimai-siyasi çalışmalarını, bədii yaradıcılığını, ümumən 30 illik fəaliyyətinin bütün məqamlarını nizamlı şəkildə xarakterizə edir. Görkəmli şəxsiyyətin, ictimai-siyasi xadimin ömür yolunun böyük səriştə, bacarıqla, ən ümdəsi də ictima-siyasi və bədii mündəricə, elmi-monoqrafik salnamə xüsusiyyətinə malik əsər kimi işlənməsi albom-kitaba özəllik və yeniliklə zəngin olan bir dəyər qazandırmışdır.
Albom-kitabda N.Nərimanovun həyat yolunu işıqlandıran arxiv sənədlərinin dəyəri, həyat hadisələrinin, fotoların ifadə etdiyi mənaları, onların daşıdığı ictimai-siyasi, ədəbi-mədəni yükü - böyük ömrün yollarını "oxumağı", xatırlamağı yazı boyu başlıca bir xətt seçdik. Albom-kitabın ilk səhifəsindən onun bitkin bir tarixi, ictimai-siyasi, ədəbi düşüncəyə söykəndiyi aydın nəzərə çarpır. Kitabı vərəqlədikcə qarşımıza çıxan "Mən 14 aprel 1870-ci ildə Tiflisdə anadan olmuşam", "Məni 1882-ci ildə Zaqafqaziya müəllimlər seminariyasına qəbul etdilər", "Mən rus-tatar məktəbini açmaq məqsədi ilə Bakıya gəldim", "Mən 1894-cü ildə Bakıda ilk ucuz qiraətxana-kitabxana açmışam"... və beləcə, fəaliyyətinin sonunadək qəhrəmanın özünün ifadəsində həyat yollarına aydınlıq gətirilməsi sanki əbədiyyətə qovuşmuş dövlət xadiminin, xalq adamının səsini düşüncəmizdə canlandırır. Yəni əvvəldən axıradək dahi insan elə bil bu kitabı bizimlə birgə vərəqləyərək öz həyatını, ictimai taleyini nəql edir. Bu, albom-kitab janrında müəllif-tərtibçinin bədii tapıntısı olmaqla yanaşı, kitaba bənzərsiz olan forma, süjet gətirmişdir. N.Nərimanovun şəcərəsini, ulu babasından yol gələn kökün daşıyıcılarının, ailə üzvlərinin ilk səhifədən qarşımıza çıxan fotoları, geyim mədəniyyətləri milli varlıqlarını gözümüz önündə canlandırır. Bizi böyük ömrün yollarına bələd olmağa, N.Nərimanovun ictimai-siyasi, ədəbi taleyini öyrənməyə sövq edir. Eləcə də xəyalımızı yaxın keçmişə, milli düşüncənin, azərbaycançılıq məfkurəsinin formalaşmasının ilkin dövrünə aparır. Doğrudur, N.Nərimanovun ömür yolundan bütövlükdə, az və ya çox dərəcədə məlumatlı olsaq da, burda çoxlu sayda arxiv sənədlərinin, fotoların bir maddi varlıq kimi təqdim olunması, müəllifin dərin tədqiqatlarına söykənən fikirləri, çoxfaktlı hadisələri bu izləmələrə aydınlıq gətirməklə yanaşı, həm də oxucuda məmnunluq yaradır.
Bədii əsərlərdə olduğu kimi, bu elmi-monoqrafik xarakterli kitabda da cazibəli, bitkin bir süjet var. Yəni N.Nərimanovun uşaqlıq dövründən başlamış, ömrün son akkordları da daxil olmaqla, sonrakı xatirə həyatı tarixi-xronoloji ardıcıllıqla, siyasi-bədii dillə təsvir olunur. Başlanğıcdan yeniyetmə oğlanın fitri istedadı, qabiliyyəti, intizamlı olması müəllimlərinin onun gələcəyinə bəslədikləri ümidlərini doğrultması haqqında sənədlərlə tanışlıq təəssüratlarımızı dolğunlaşdırır. "Gənc Nərimanın məfkurəsi, mənəvi inkişafının ilk qaynaqları", M.F.Axundovun, eləcə də rus, Avropa klassiklərinin yaradıcılığına böyük marağı hələ ilk gəncliyindən onun ədəbi-ictimai şəxsiyyət kimi yetişdiyini göstərir.
N.Nərimanovun seminariyanı bitirməsi haqqında aldığı şəhadətnamə, Qızıl Hacılı kənd məktəbinə müəllim təyin olunması ilə bağlı sənədin və bu sıradan həyat yolu ilə tanışlığa pillə-pillə yol açan tarixi fotoların sıra-sıra əksi, sanki bir hekayət formasında təqdimi bizdə xoş təəssürat yaradır. Heç şübhəsiz, bu qədər fotoların üzə çıxarılması və sistemli şəkildə izlənilməsi, mətnlərlə dolğunlaşması müəllif-tərtibçinin uzun illərin axtarış zəhmətini ortaya qoyur.
Albom-kitabın yeni bir struktura malik olması ilk səhifələrdən bizdə maraq doğurmuşdu. Əsərin ideya məzmununa istiqamət verən fikirlər, istedadlı bir gəncin yüksəliş yollarını, ictimai-siyasi fəaliyyətini, ədəbi yaradıcılığını əks etdirməsi bu böyük şəxsiyyəti bizə daha da doğmalaşdırır. Həyatının bütün mərhələlərini gözlərimiz qarşısında canlandırır. Müəllim kimi fəaliyyətə başladığı Qızıl Hacılı kəndinin və məktəbinin fotoları xəyallarımızı uzaqlara çəkib aparır...
1891-ci ildə N.Nərimanovun Bakı həyatı başlayır. Əslində, XIX əsrin sonlarında, milli oyanış dövrünün ilkin çağlarında onu bu sənaye şəhərinə gətirən səbəb xalqına böyük mənada xidmət etmək arzusundan yaranmışdı. Nərimanov belə bir vaxtda Bakıda rus-tatar məktəbi açmaq fikrində olmuşdur. Çox keçməmiş buna nail olan müəllim Azərbaycan və rus məktəbləri üçün dərsliklər yazmağın da qayğısına qalmışdır. Onun "Mən 1894-cü ildə Bakıda ilk ucuz qiraətxana açmışam" fikri mədəni-maarif işlərinə diqqət yetirdiyini göstərir. O, yoxsul uşaqlara kömək məqsədilə hər il tamaşalar təşkil edir, özü də komediyalar yazırdı. O, Bakının mədəni həyatı ilə yaxından tanış olduqca bu sahədə bir neçə istiqamətdə çalışır. Pedaqoji fəaliyyətlə yanaşı, teatra dərindən maraq göstərməsi, xalqın gözünün açılmasında məhz teatrın böyük faydası oluğunu dərk edən Nərimanovun o zaman Bakıda fəaliyyət göstərən Həbibbəy Mahmudbəyovun teatr truppası ilə yaxınlığı da həyata keçirmək istədiyi məqsədləri ilə bağlı idi... Beləliklə, 1895-ci il yanvarın 15-də dramaturqun Tağıyevin teatrında tamaşaya qoyulan ilk əsəri "Nadanlıq" pyesi olur. Onun teatrla bağlılığı, bu sənətin xalqa aşıladığı tərbiyəvi əhəmiyyəti mətbuatda dərc etdirdiyi məqalələrində də öz əksini tapmışdır. O, belə bir fikri böyük bir yanğıya vurğulayırdı ki, "teatr tərəqqisinə çalışmalı, çünki millətini sevən şəxs milli teatrını da gərək sevsin". N.Nərimanov publisist yazılarla müntəzəm olaraq, "Əkinçi", "Kaspi", "Hümmət", "Zəhmət", "Həyat", "Tərcüman" kimi mətbuat orqanlarında çıxış edirdi.
N.Nərimanov xalqın gözünün açılması, dünyada baş verən siyasi hadisələrdən bəhs edən məlumatlardan xəbərdar olmalarından ötrü Bakıda "Nəriman qiraətxanası"nın açılmasına nail olur. Bunu təsdiq edən şəhadətnamə, eləcə də 10 il bu şəhərdə "bacarıqlı müəllim, görkəmli yazıçı, tərcüməçi, alovlu jurnalist, istedadlı aktyor kimi" həyatının bir çox məqamlarını əks etdirən çoxlu sayda məlumat-foto-sənədlər düşüncəmizə aydınlıq gətirir. Burda XIX əsr Bakısının böyük bir mənzərəsi, Nikolayevski küçəsindən bir görünüş də bizə N.Nərimanovu xatırladır.
N.Nərimanov 1905-ci il hadisələrinin tüğyan etdiyi vaxtlarda Odessada tələbə və zəhmətkeşlərin tətillərində iştirak edir. Bu, gələcəkdə onun inqilabçı kimi yetişməsinə, dünyagörüşünün formalaşmasına öz təsirini göstərir. Həmin dövrdə Odessanın küçələrində etiraz nümayişləri, eləcə də Qafqazda, Odessada getdikcə geniş vüsət alan üsyan ocaqları da bunu bir daha təsdiq edirdi. "İzvestiya" qəzeti özünün 1925-ci il 22 mart nömrəsində yazırdı: "Burada, Odessada Nərimanovun gələcəkdə inqilab rəhbərinin parlaq fəaliyyətinə çevriləcək inqilabi yolu aydın nəzərə çarpırdı". Və az sonra belə bir əhval-ruhiyyə ilə Bakıya dönən N.Nərimanov artıq bir inqilabçı kimi yetişdiyindən xalqın həyatında daha böyük qüvvə ilə fəaliyyət göstərir. 1906-1908-ci illərdə burda "mürəkkəb ictimai-siyasi şəraitdə inqilabi fəaliyyətini davam etdirir". "Nicat" Maarif xeyriyyə Cəmiyyətinə daxil olur və mədəni geriliyə qarşı mübarizəsini gücləndirir, "fəhlə kursları, teatr və konsert tamaşaları, ədəbi dərnəklər, elmi mövzularda mühazirələr təşkil edir". Kitabda Nərimanovun inqilabi fəaliyyəti, xalq işi uğrunda mübarizəsi dolğun verilmişdir. Bu fikrin işığında izlədiyimiz ömür yolu - N.Nərimanovun müxtəlif illərdə tələbə yoldaşları, əqidə dostları, ictimai-siyasi xadimlər, görkəmli sənət və ədəbiyyat nümayəndələri, həmçinin, xalq arasında görünməsi, alovlu vətənpərvərin, mübariz insanın, görkəmli yazıçı-publisistin, doktorun keşməkeşli həyatını böyük ideallara söykənmiş mahiyyətilə əks etdirir.
İran inqilabçılarının görkəmli nümayəndələri ilə əlaqədə olan, onlara məsləhətlər verən, yol göstərən Nərimanov bu inqilabın rəhbərlərindən birinə çevrilir. Onun bu fəaliyyəti təbii ki, jandarmın diqqətindən kənarda qala bilməzdi. İnqilabi fəaliyyətinə görə, 1909-cu ildə Metex qalasına salınması və burdan da "zərərli fəaliyyətinə görə" himayəsində yaşayan qardaş və bacısı uşaqları ilə Həştərxana sürgün olunması, əslində N.Nərimanovun inqilabi, mədəni, ictimai fəaliyyətinin yeni dövrünün təməlini qoymuşdur. Kitabda Həştərxanın XX əsrin əvvəllərinin görünüşü, yazıçı-publisistin yaşadığı evin, fəaliyyətdə olduğu yerlərin fotoları həyat və fəaliyyətinin axarını səciyyələndirir. Burda yaşadığı iki il ərzində o, tatar xalqının maarif və mədəniyyətinə yaxından köməklik göstərmişdir. Ziyalılarla görüşləri, orada təşkil etdiyi teatr trppasının aktyorları ilə yaxınlığı həyatının bir işgüzar dövrünü də sənədlərin, fotoların fonunda tarixiləşdirmişdir.
Sürgündən sonra Bakıya qayıdan N.Nərimanov Azərbaycan dilində nəşr olunan "İqbal", "Bəsirət", "Açıq söz", "Yeni iqbal" qəzetlərində əsasən tibbə dair, eləcə də ictimai-siyasi mövzularda maarifləndirici məqalələrlə çıxış edirdi. Onun həyatı, yaradıcılığı ilə bağlı bütün fəaliyyətinin tarixini canlı şəkildə əks etdirən albom-kitab ömür yolunun zənginliyi ilə ibrətamizdir. Fotolardan, mətnlərdən o da məlum olur ki, Nərimanov dövrünün ədəbi şəxsiyyətləri ilə yaradıcılıq münasibətində olmuş, onların əsərləri barədə də mətbuatda öz fikirləni bildirmişdir.
1917-ci ildə Rusiyanı bürüyən inqilab dalğası bütün Zaqafqaziyaya, Azərbaycana da öz təsirini göstərmişdir. Bu inqilabın tarixi mahiyyətini dərk edən Bakı bolşevik Partiya Komitəsi N.Nərimanovun rəhbərliyi altında "Hümmət" qəzetinin nəşrinə nail olur. Burda alovlu vətənpərvər, publisist inqilabi mövzuda yazdığı məqalələrlə xalqın gözünün açılmasına, öz hüquqlarını dərk etməsinə çalışırdı. Albom-kitabda 1917-1918-ci illərdə Hümmət bolşevik partiyasının və "Hümmət" qəzetinin yerləşdiyi iki əzəmətli bina tarixi hadisələrə şahidlik etməsilə bizə doğmadır. Bakı Xalq Komissarları Sovetinin fəaliyyəti dövründə görülən işlər, dağılmış təsərrüfatı sahmana salmaqan ötrü Bakının timsalında verilən dekretlərin burda öz əksini tapması Nərimanovun fəaliyyətinə daha bir istiqamətdən işıq salır. Onun rahatlıq bilmədən gecə-gündüz çalışmaları səbəbindən xəstələnməsi, Həştərxana müalicəyə göndərilməsini əks etdirən fotolar və mətnlər bizi həyəcanlandırır.
Tarix əbədi yaddaşdır. Onun təhrifi, eləcə də unudulması yolverilməzdir, xəyanətdir. Bu mənada XI Qızıl Ordunun zirehli qatarlarla Bakıya gəlməsi, təntənəli qarşılanması, Nərimanovun Qızıl Ordunun əsgərləri arasında görünməsi, həm də xalqla ordunun arasında dincliyin, əmin-amanlığın olmasını tənzimləyirdi. Bu tarixi hadisənin fotolarda və sənədlərdə, çıxışlarda əksinin oxuculara təqdim olunması müstəqillik dövrünün ideyası ilə səsləşməsə də, tarixə doğru-düzgün mövqedən yanaşıldığını göstərir.
Səhifələri çevirdikcə böyük ömrün yollarında bir çox hadisələri əks etdirən, bir maraqlı xətt boyunca inkişafını səciyyələndirən rəsmi sənədlər, görkəmli adamların fikirləri ilə qarşılaşırıq. Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov qəzaları gəzərək zəhmətkeş əhalinin vəziyyəti ilə tanış olur, onları dinləyir, "ehtiyac və tələbləri ilə ciddi maraqlanır, eyni zamanda, xalqa yeni hökumətin apardığı siyasətin mahiyyətini şərh edirdi". O, hər yerdə böyük məhəbbət və coşqu ilə qarşılanırdı. Kəndlilər bu insanpərvər xadimə inanır, onun söhbətlərini, tövsiyələrini maraqla dinləyirdi.
1920-ci ildə Bakıda Şərq xalqlarının I qurultayını açmaq şərəfi də Nərimanova nəsib olmuşdur. Onun burda söylədiyi nitqi: "Bəşəriyyət tarixində birinci dəfə qocaman Şərqin nümayəndələri bir yerə toplaşıb öz minillik dərdini, ələmini söyləməyə imkan tapmışdır", fikirləri zənnimizcə, qurultayın gedişinə bir istiqamət vermişdir. Burda bir məsələni də xüsusi olaraq qeyd etməliyik ki, XX illərin əvvəllərinin Azərbaycanı, Bakının ictimai-siyasi, mədəni həyatında baş verən hadisələr, vətən və xalq aşiqi olan mübarizlərin fəaliyyətinin N.Nərimanovun timsalında (çünki ölkənin həyatındakı heç bir hadisə, dəyişikliklər ondan kənarda baş verməmişdir) işıqlandırılması, tarixi sənədlərin, müxtəlif məzmunlu fotoların, mətnlərin ardıcıl şəkildə işlənməsi kitaba böyük dəyər qazandırmışdır.
N.Nərimanovun siyasi fəaliyyəti onun böyük, əlahiddə bacarığa, səriştəyə və güclü intuisiyaya malik bir dövlət xadimi olduğunu göstərirdi. Onun V.İ.Leninə göndərdiyi məktublarında müsəlmanların taleyinə həssaslıqla yanaşmağın zəruri olduğunu bildirməsi, eləcə də Azərbaycanın mərd, vətənpərvər oğullarını (generallar Mehmandarov və Şıxlinski) təhlükələrdən, təzyiqlərdən qorumaq məqsədilə Moskvaya, rəhbərin sərəncamına göndərməsi də bu cəhətdən diqqəti cəlb edir.
Tiflisdən başlayan yolun Bakı, Odessa, Həştərxan, Moskva marşrutları ilə böyük bir nəhrin içərisində onun mübarizələrdə keçən həyatının ən xırda detalları, məqamları da nəzərdən qaçırılmadan mətn-foto birliyində yaddaşımıza işıq salır. Bakıda elə bir mədəni, ictimai hadisə olmur ki, Nərimanov özünün ideyası, maddi-mənəvi köməyi ilə orda görünməsin. M.Ə.Sabirin heykəlinin açılışında onun "... ilk dəfə Sabiri yad edən və ona heykəl dikəldən biz kəndli və fəhlə tərəfdarı olduq", fikri böyük şairə xalq məhəbbətini ifadə etmişdir. Nərimanov Türkiyə ilə bağlı olan siyasi məsələlərdə olduqca həssas, sayıq davranırdı. Bunun bariz nümunəsi olaraq, Türkiyəyə qarşı daim qıcıqlı olan Leninə göndərdiyi məktubunda böyük uzaqgörənliklə yazırdı ki, əgər indi türklərdən üz döndərsək, biz bütün müsəlman şərqində nüfuzumuzu itirərik. Həm də bizim üçün fəlakətli nəticələr verə biləcək Şərq cəbhəsi açmış ola bilərik.
Nərimanovun bütünlükdə ictimai-siyasi fəaliyyətini, ədəbi-bədii yaradıcılığını əhatə edən kitabda önəmli olan bir xüsusiyyət də sənədlərin, fotoların, tərtibat elementlərinin məzmun və ideyasının mətnlərdə ifadə olunmasıdır. Nərimanovun nitqləri, məruzə və çıxışları xalqın ictimai şüuruna bir ziya təki saçılırdı. O, ölkədən kənarda keçirilən tədbirlərdə də dünya müsəlmanlarının ictimai-sosial vəziyyətindən çıxış edirdi. 1922-ci ildə Azərbaycan nümayəndələri ilə Genuya Beynəlxalq konfransında iştirakı və bununla bağlı qələmə aldığı təəssüratları fəaliyyətinin ictimai-siyasi məqamlarının bir çox istiqamətdən öyrənilməsinə yol açır.
1922-ci il N.Nərimanovun həyatında, ümumən ölkədə bir sıra mühüm siyasi hadisələrin baş verməsi ilə yaddaqalandır. Həmin ildə Zaqafqaziyanın birinci Sovetlər qurultayında Zaqafqaziya İttifaq Sovetinin Zaqfederasiyasının ali orqanı - Zaqafqaziya Mərkəzi İcrayə Komitəsi seçildi. Həmin ilin dekabrında SSRİ-nin yaradılması haqqında qərar qəbul edildi. Ayın 30-da isə I Sovetlər qurultayı ali qanunverici orqanı - SSRİ MİK-ni seçdi. Onun dörd sədrindən biri N.Nərimanov seçildi.
1923-cü ildən N.Nərimanovun Moskva həyatı başlayır. Burda o, dövlət və partiya aparatında ictimai fəaliyyətini davam etdirir. Az keçmir ki, ona RSFSR Xalq Milli İşlər Komissarlığında işləmək təklif olunur. Nərimanov burada Xalq Xarici İşlər Komissarlığı yanında Yaxın Şərq müsəlmanları şöbəsinin müdiri, bir qədərdən sonra isə RSFSR Xarici İşlər Komissarının müavini vəzifəsində işləyir. O, mərkəzi mətbuatda - "Pravda", "İzvestiya" qəzetlərində siyasi, ictimai mövzularda, günün aktual məsələləri ilə bağlı çıxışlar edir. N.Nərimanov illərin gərgin, üzücü yorğunluğundan sonra imkan tapıb, həyat yoldaşı Gülsüm xanım və oğlu Nəcəflə Kislovodskidə istirahət edir. Burda da həmkarları, dostları ilə əlaqələrini səngitmir. 1925-ci il yanvarın 14-də Şərqşünaslıq İnstitutunda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Nəriman Nərimanovun ədəbi-ictimai və siyasi fəaliyyətinin 30 illiyi şərəfinə təntənəli iclas keçirilir, əsərlərinin yubiley nəşri işıq üzü görür. Ona bir çox yerlərdən təbriklər gəlir. İlk dəfə müəllim kimi fəaliyyətə başladığı Qızıl Hacılı kəndinin ümumi yığıncağının təbrik teleqramı onu duyğulandırır... Kitabda N.Nərimanovun həyat və fəaliyyətinin yarıda qırılması, ömür yolunun bitdiyi - cismani yoxluğu və bundan sonra tarixin yaddaşında əbədiləşərək davam edən həyatı böyük ehtiramla, qədirkeşliklə xatırlanır. Bütün bunlar süjetli bir əsərin siyasi, elmi, bədii, həm də mənəvi dəyərlərlə zənginliyi baxımından olduqca maraqlı və təsirlidir.
Bütün ömrünü Azərbaycan xalqının azadlığına, xoşbəxtliyinə, mədəni inkişafına həsr edən görkəmli ictimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nəcəf oğlu Nərimanov 1925-ci il martın 19-da gözlərini həyata əbədi yumur. Bu barədə hökumətin məlumatı verilir. Onun dəfni SSR İttifaqı Mərkəzi İcraiyyə Komitəsi rəyasət heyətinin qərarı ilə təşkil olunur. Diplomatik korpus üzvləri öz hökumətləri adından Xarici İşlər Xalq Komissarı Çiçerinə başsağlığı verirlər. N.Nərimanovun İttifaqlar Evinin Sütunlu salonunda qoyulmuş cənazəsi ilə vidalaşmaq üçün insanlar axın-axın gəlirlər. Mərhum Kremlin divarları önündə dəfn olunur...
Bütün bunların albom-kitabda foto-şəkillər və mətnlərlə təfərrüatı ilə yer alması Nərimanovun həyatının ən incə, xırda detalına qədər bələd olmaq istəyənlər üçün qürurla, həm də kövrəkliklə müşayiət olunan məqamlardı... Bu kitaba özəllik bəxş edən amillərdən biri kimi, Nərimanovun fiziki yoxluğunu bildirən, müşayiət edən foto və mətnlərdən sonra ömrün davamını, əbədi varlığını andıran müxtəlif məzmunlu fikirlərin, fotoların oxucuda nikbinlik yaradacağı şübhə doğurmur. Burda Nəriman Nərimanovun oğlu Nəcəfə məktubu oxucunu həyəcanlandırır, qəlbini riqqətə gətirir. Həyat yoldaşı Gülsüm xanımın tərcümeyi-halının kitabda yer alması - N.Nərimanovdan sonra yaşadığı ağır həyatı, xəstəliyi, yeganə oğlu Nəcəfi II Dünya müharibəsində itirməsi bu ailənin həyat tarixçəsi ilə tanış olan hər bir insanı kövrəldir, duyğulandırır. Bir təskinlik odur ki, Onun yaşadığı ömrün mənası bir-birini əvəz edən nəsillər üçün böyük həyat məktəbidir. Göz yaşı içində doğulan ümidi duymaq və yaşamaq da gözəldir! Çünki əbədiyyətin ünvanları o qədər genişdir ki! Bu səbəbdən də albom-kitabın ideyasına dolğunluq gətirən çoxlu sayda arxiv sənədlərinin ifadə etdiyi elmi, ictimai-siyasi dəyərlərin tərbiyəvi əhəmiyyəti də böyükdür...
Ulu öndər Heydər Əliyevin iştirakı ilə N.Nərimanovun 100 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq, adına olan küçədə abidəsinin açılışı, Həştərxan vilayətinin Nərimanov şəhərində N.Nərimanovun heykəli, Bakıda ev muzeyinin, Gürcüstanda xatirə muzeyinin yaradılması, əsərlərinin yeni nəşrləri, haqqında yazılmış bədii əsərlər, tədqiqatlar... Albomun son səhifələrində isə Nərimanovla bağlı aşkar edilmiş yeni sənədlərə əsasən yazılmış kitabların təqdimi onunla bağlı araşdırmaların bitmədiyini söyləməyə əsas verir...
Bu albom-kitabda düşüncəmizə zənginlik gətirən cəhətlərdən başlıcası Nərimanov dövrünün fonunda, böyük bir zaman nəhrinin içərisində görkəmli şəxsiyyətlər, maarifpərvər ziyalılar, ictimai-siyasi xadimlər, ədəbiyyat-sənət adamlarının mühiti ilə birgə öz əksini tapmasıdır. Əlbəttə, vətən və xalq işi uğrunda yorulmaz mübarizəsi ilə Nərimanov cəmiyyətin bütün təbəqələrinin həyatına böyük təsir göstərmişdir. O, həmin dövrdə ölkənin ictimai-siyasi, mədəni həyatı ilə bağlı olduğundan hansısa bir sahəni Nərimanovsuz təsəvvür etmək belə mümkün deyil. Bu mənada haqqında böyük təəssüratlarımızın yığcam əksi olan bu yazıda XIX əsrin sonları və XX əsrin əvvəllərinin canlı mənzərəsindən əxz etdiyimiz tarixi dəyərlərin böyük mündəricəli "Nəriman Nərimanov" kitab-albomu ilə tanış olacaq hər bir azərbaycanlının qəlbində iftixar hissi oyadacağına inanırıq.
525-ci qəzet 2018.- 31 may.- S.6.