Nafiə Abidin
Amerikadakı və Türkiyədəki nəvələri -
Əmin Abid-120
Nafiə
Abidin həbsi və sənədlər onun ömür yolu
haqqında
1938-ci il avqustun 11-də Nafiə
xanım SSRİ Cinayət məcəlləsinim 58/6 maddəsi
ilə - əksinqilabi iş aparmaqda, casusluqda ittiham olunur. Sən demə, Nafiə xanımın həbs
edilməsi haqda 6298 nömrəli order o tutulmamışdan
öncə yazılıbmış. DTK serjantı Avakova da Nafiə
xanımı axtarıb tapmaq və
həbs etmək haqda əmr verilibmiş. Avakova onu Batumda həbs edib Bakıya gətirir. Həbs
edilərkən 165920 nömrəli qızıl qol saatını, brilyant
sırğalarını, iki ədəd
qızıl üzüyünü və b. bəzək əşyalarını da əlindən alırlar.
Bakıda Nafiə xanımın
istintaqı başlayır. İstintaq heç də asan keçmir. İstintaq
işindəki pasportdakı şəklindən
yaraşıqlı və gənc bir
xanım baxır. İstintaq
təcridxanasında çəkilmiş şəkildə
isə o, qorxu və
həyəcan içərisində ətrafa baxan
qocalmış, sərxoş qadına bənzəyir. Verilən işgəncələr onu qısa müddətdə tanınmaz
şəklə salır. Bunu istintaq sənədləri də
göstərir. Verdikləri cəzanın
ağırlığına dözməyərək huşunu itirdiyindən istintaqa
fasilələr verilir. Həkim
müayinəsi zamanı ürək xəstəliyinə tutulduğu aydınlaşır. Lakin ondan əl
çəkmək istəmirlər. İstədiklərinə
də nail ola
bilmirlər.
KQB
arxivindəki üzərində "Nafiə Tevfik
Tanurun (həm də Şükrü
Əhməd) Əhmədovanın istintaq işi" yazılmış 269342 saylı qovluq saxlanılır. Oradan
aydın olur ki,
1903-cü ildə Tirananın təxminən 250 kilometr güneyindəki Yanya
şəhərində doğulan Nafiə
Yunanıstan Osmanlı imperiyasının tərkibindən
ayrıldıqda ailəsi ilə birlikdə İstanbula
köçür. Kiçik
yaşlarında atası Əhməd Şükrü
vəfat edir. Anası Zəhra Tevfik Tanurə ərə gedir.
Buna görə də bir
çox sənədlərdə
Nafiənin soyadı Tevfik Tanur
kimi də yazılır.
Yeddi
yaşında İstanbuldakı Camlıq liseyinə daxil olan Nafiə Tevfik Tanur on
səkkiz yaşında oranı bitirir. Bir il pedaqoji
kursda oxuduqdan sonra İstanbul Universitetinin tarix-ədəbiyyat
fakültəsinə daxil olur.
Burada Əmin Abidlə görüşür,
sevişir və ailə qurur.
İstintaq
sənədləri arasında saxlanan pasportdan Nafiə xanımın 1935-ci il fevralın 20-də pasport,
iyulun 23-də Azərbaycana gəlmək üçün viza
aldığı, avqustun 2-də İstanbuldan yola düşdüyü və həmin ayın
14-də Bakıya çatdığı görünür.
KQB
müstəntiqi nədən Nafiə Abidin
qohumu, Türkiyə Milli
Məclisinin rəhbəri Abdulhaluk Renda ilə maraqlanırmış?
KQB
müstəntiqi Nafiə xanımdan 1930-cu ildə
Türkiyəyə getməsinin səbəbini xəbər
alır. O, belə cavab verir:
"Ailənin yeganə qızı idim. Atam tez-tez anamın
xəstə olduğunu, məni
görmək istədiyini yazırdı, ona
görə getdim".
Bilmirəm
müstəntiq Nafiə xanımın dediyinə inanıb, ya inanmayıb. Mən isə faktlardan
başqa nəticə
çıxarıram. Belə ki, Nafiə
xanımın Türkiyəyə getməsi heç
də anasının xəstəliyi ilə bağlı ola bilməzdi. Xəstə olsaydı, Ankaradan Bakıya necə gələ
bilərdi? Bakıya gəlib qızı ilə
görüşübsə, Nafiə xanım nədən
anasının ardınca Türkiyəyə getməli idi?
Suallara cavab vermək üçün
sənədləri və dövrü
mətbuatı gözdən keçirmək kifayətdir. Belə ki, 1929-cu ilin
yanvarında Azərbaycanda gizli
fəaliyyət göstərən Müsavat
Partiyasının "Gənc Azər"
təşkilatının öndərləri Azərbaycan
Dövlət Siyasi İdarəsi (KQB)
tərəfindən həbs edilir. İstintaq zamanı Həsənağa
Axundzadə deyir: "Bir dəfə şagird Nigar Rəfibəyova (Azərbaycanın Xalq şairi Nigar Rəfibəyli - Ə.Ş.) mənə türk doktoru Riza Nur bəyin
kitabını verdi. Bu
kitabda doktor
Azərbaycandan bəhs edərkən yazıb ki,
Azərbaycan müstəqil olduğu
deyilsə də, faktiki olaraq
Rusiyanın müstəmləkəsidir. O (yəni Nigar Rəfibəyli - Ə.Ş.),
ümumiyyətlə, çoxlu türk jurnalı alırdı. Bilirəm ki, o, Bakı Pedaqoji Texnikumunun
müəllimi Əmin Abidlə yaxın olmuşdur".
İstintaqa cəlb edilmiş
Həşim Aslanov isə deyib:
"Əmin Abid 1927-28-ci illərdə
sinifdə türk şairi
Ömər Seyfəddinin "Bomba"
hekayəsini oxudu... Əmin Abid özünə yaxın bildiyi
şagirdlərə həmişə təklif edirdi
ki, türk
şairlərinin pantürkist
əsərlərini oxusunlar".
Sözsüz ki, bu ifadələrdən
sonra Əmin Abidi dinc buraxmamışdılar. Azərbaycan
Dövlət Siyasi İdarəsi (KQB)
nəinki Əmin Abidin, bütün
milli düşüncəli
ziyalıları təqib planı hazırlayır.
Azərbaycan Dövlət Siyasi
İdarəsinin (KQB) sədri Novruz Rzayev Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsi katibliyinə yazır:
"....Pedaqoji sahədə
təmizləmə zamanı əsas diqqəti
məktəblərdə millətçi-şovinizmi daha fəal yayan
müəllimlərə: Türk
ədəbiyyatı, ictimaiyyət və coğrafiya
müəllimlərinə yönəltmək
lazımdır".
Xalqın
ədəbiyyatı tarixini dərindən
öyrənən və təbliğ etməyə
çalışan Əmin Abidin dünyagörüşü,
yayımlatdığı məqalələr, oxuduğu
mühazirələr Sovet kosmopolit
məmurlarını qane etmirdi.
Onu daimi
nəzarətdə saxlamağa
çalışır, işdən çıxarır,
hörmətdən salmaq üçün
haqqında böhdan xarakterli
məqalələr çap
etdirirdilər. Əmin Abidi
Universitetdən və texnikumdan
işdən çıxarmışdılar. "Kommunist" qəzetinin 1930-cu il
yanvarın 17-də Ə.Ə. imzası ilə "Elmi aferist"
məqaləsi çap olunmuşdu,
başqa qəzet-jurnallarda da
əsərləri kəskin tənqid edilirdi.
Görünür, Nafiə xanımın valideynləri
vəziyyətdən xəbərdar idilər. Ona
görə Zəhra xanım qızına və
kürəkəninə yardım etmək üçün
1930-cu ildə Bakıya gəlir. Nafiə xanım
müstəntiqə verdiyi izahatda
deyir ki, anam Nuru bəyin
xanımı Bədriyyə ilə qohum idi. Anamın Bakıya gəldiyindən
xəbər tutan Bədriyyə xanım bizi evinə qonaq
çağırdı.
Sözsüz ki, evdə Nafiə xanımın, Əmin Abidin durumundan,
Azərbaycanda gedən ictimai-siyasi
proseslərdən də söhbət gedib.
Həmin vaxt Azərbaycanda kütləvi
həbslər gedirdi. Nuri
bəy Nafiəni həbs olunmaqdan qurtarmaq üçün ona viza verib
Türkiyəyə yola salmağa
razılıq verib. Anası
gedəndən az sonra
Nafiə xanım da Türkiyəyə yola düşüb.
Nafiə
xanım müstəntiqin sualına cavab olaraq deyib ki,
Türkiyədə olduğu
müddətdə atalığı Tevfik
Tanurun işlədiyi dəmiryol
idarəsində çalışıb. 1935-ci ildə
yenidən Bakıya, ailəsinin yanına qayıdıb.
Müstəntiqi
Nafiə xanımın təxribatçılıq, casusluq fəaliyyətindən çox
onun Türkiyədə rəhbər
vəzifədə işləyən qohumları
maraqlandırıb. Müstəntiq dəfələrlə
Nafiə xanımdan ikinci dəfə
Türkiyədən Bakıya gəlməsi üçün
necə, hansı vasitələrlə viza
aldığını, qohumlarının harada
işlədiyini xəbər alıb. Buradan aydın olur ki, 1930-cu
illərdə Türkiyədən Azərbaycana gəlmək
istəyənlərin viza alması heç də asan deyilmiş. Nafiə xanım
müstəntiqə verdiyi cavabda
ona viza almaqda ana
tərəfdən qohumluğu çatan Abdulhaluk Rendanın
kömək etdiyini deyib.
Bu iş üçün Abdulhaluk Renda dəfələrlə Moskvada
- Xarici İşlər
Komissarlığında kimlərəsə ağız
açıb.
Abdulhaluk Renda
haqqında bilgi əldə edən
müstəntiq Nafiənin atalığı (istintaqda
atası kimi göstərilir -
Ə.Ş.) Türkiyə Dəmiryollar İdarəsində baş mühasib
işləyən Tevfik Tanur,
onun qardaşları - Ayvalıq
şəhərindəki "Ziraat"
Bankında işləyən İsmayıl Tanur
və haradasa mühasib
işləyən Kamil Tanurla da
bərk maraqlanıb, hətta evdar
qadın olan anası Zəhranın
tərcümeyi-halını da
dəqiqləşdirib.
İstintaqın
gedişini diqqətlə gözdən
keçirəndə aydın görünür
ki, Nafiəni ittiham
etdikləri casusluq suçu
bir kənara buraxılıb. Ən çox müstəntiqləri onun
qohumları, xüsusən də Abdulhaluk Renda maraqlandırb. Buna
görə də belə güman
etmək olur ki, DTK-ya Nafiədən çox
Abdulhaluk Renda
lazımmış.
1881-ci il oktyabrın 29-da Yanyada doğulan Mustafa Abdulhaluk Renda
milliyətcə türkdür. 1903-cü
ildə İstanbuldakı Mülkiyə Məktəbini (Siyasi fənlər fakültəsini) bitirib. Rodosda və Ege adalarında
müəllimlik, Balkandakı bəzi rayonlarda
kaymakanlıq, Bitlis, Kastamonu
və Hələbdə valilik edib. 1917-ci ildə Daxiliyyə Nəzarəti
müstəşarlığına gətirilsə də, az sonra yenidən
Hələbə vali göndərilib.
1918-ci ildə ingilislər onu Malta adasına sürgün
edirlər. Sürgündən sonra ikinci Türkiyə Böyük Millət Məclisinə
Çankırıdan millət vəkili seçilib.
1924-cü il oktyabrın 2-dən
1934-cü ilin fevralın 3-dək
müxtəlif fasilələrlə Maliyyə və
Müdafiə Naziri işləyib. 1935-ci il martın 1-də TBMM sədri seçilib. İstintaqda
Nafiə xanın Abdulhaluk Rendanın
maliyyə naziri işlədiyini deyib. Əslində, həmin vaxt
Abdulhaluk Renda TBMM
sədriydi. 1946-cı il avqustun
5-dək Məclis başqanı olan Mustafa Abdulhalik Renda 1948-ci ildək dövlət naziri işləyib.
Nafiə xanımın həbsdən azad edilib,
Türkiyəyə dönə bilməsində yəqin ki, Mustafa Abdulhalik
Rendanın da rolu olub. Çünki xalq düşməni kimi
həbs olunan və
güllələnənlərin arvadlarına adətən
səkkiz il həbs cəzası verilirdi. Nafiə
xanıma da səkkiz il
həbs cəzası verilmiş
olsaydı, o, cəza evindən 1946-cı ilin avqustunda azad edilməliydi.
1938-ci ilin avqustundan
başlayan istintaq 1939-cu il aprelin 28-də başa
çatıb. Zaqafqaziya Hərbi Prokurorunun Azərbaycan SSR
Daxili İşlər Komissarlığı üzrə
köməkçisi, 2-ci dərəcəli hərbi
hüquqşünas Kurbanov yazıb:
"N.Ş.Əhmədovanın əleyhinə
toplanmış sübutların xarakterini nəzərə
alaraq bu işin məhkəmə dindirilməsinə
göndərilməsini mümkünsüz sayıram. Bunun üçün də
N.Ş.Əhmədovanın işinin SSRİ XDİK
yanında xüsusi məşvərətə
göndərilməsinə razıyam".
Kurbanov istintaqın
gedişində Nafiə xanımı ittiham etməli faktlar
olmadığını gördüyündən işi
məhkəməyə göndərməyi münasib
bilməyib. Xarici ölkə vətəndaşı, xalq
düşməni kimi güllələnmiş bir
şəxsin xanımının da azadlığı
haqqında qərar qəbul etməyə cəsarət
etməyib. Vəziyyətdən çıxmaq
üçün işi SSRİ XDİK yanında xüsusi
məşvərətə göndərilməsinə
razılıq verib.
Sonda isə
vəzifəsini və rütbəsini, hətta adını
və atasının adını göstərməyi belə
unudan İvanov 14 nömrəli protokoldan
çıxarışı imzalayıb. Orada yazılıb:
"Əhmədova Nafiə Şükrü qızı
çox təhlükəli ünsür kimi islah-əmək
düşərgəsində saxlansın. Cəza
müddəti 1938-ci il avqustun 11-dən hesablansın".
İstintaq
materiallarından aydın olur ki, Əmin Abidin dindirilməsi
başqaları ilə müqayisədə o qədər
də uzun surməyib. Belə ki, həbsindən 99 gün
sonra, yəni oktyabrın 21-də saat 21.30-da
güllələnib. Bundan nə qohumların, nə də onu
tanıyanların xəbəri olub. Güllələnmə
hökmü verilməyən Nafiə xanımın
istintaqı isə səkkiz ay on yeddi gün çəkib.
İstintaq zamanı
Əmin Abid Türkiyə vətəndaşı olan, alban
qızı Nafiə Tevfik Tanur qızı ilə evli
olduğunu bildirib. Başqa bir evliliyindən,
qızının varlığından isə söz
açmayıb. (AMEA Azərbaycanda Elmi İrsin Toplanması
və Sistemləşdirilməsi Mərkəzi Arxivindəki
şəxsi işində də qızı haqqında bir bilgi
yoxdur). Nafiə xanım da istintaqda Əmin Abidin ikinci
arvadı və qızının olduğu haqqında heç
bir bilgi verməyib
İstintaq
materiallarında və başqa sənədlərdə
Əmin Abidin Nafiə ilə evlənməsinin tarixinə rast
gəlmədik. Əmin Abidin qohumlarının
bağışladığı şəkillərinin birinin
arxasında Nafıə xanımın "Sevgili annemə.
Nikahdan sonra: Qızınız. 1341" qeydi var. Buradakı
tarixi miladiyə çevirdikdə 1923-cü ilə uyğun
gəlir. Nafiənin 1922-ci ildə İstanbul Universitetinə
qəbul olunduğunu bildiyimizdən 1923-cü ildə Əmin
Abidlə evlənməsini doğru tarix hesab etmək olar.
(Ardı var)
525-ci qəzet.-2018.-1
noyabr.-S.8.