Xeyirxah insan, fədakar alim, dəyərli
dekan
PROFESSOR
MƏHƏMMƏDƏLİ RAMAZANOVUN 60 YAŞINA
1980-ci ildə o vaxtkı Azərbaycan Dövlət
Universitetinin Fizika fakültəsini bitirib təyinatla göndərildiyimiz
Elmlər Akademiyasının laboratoriyalarının birinin
divarından asılmış plakatdakı bir cümlə diqqətimizi
cəlb etdi. Rusca yazılmış o cümlə tərcümədə
bu mənanı verirdi: "Elmin bilinməyən
yollarını kəşf etmək ancaq zəhmətkeş
beyinlərə nəsib olur".
Oxuculara haqqında söhbət
açacağımız şəxs bu ifadənin təsdiqinin
canlı nümunəsidir: professor Məhəmmədəli
Ramazanov. Son zamanlar elm və təhsil problemlərinə dair
televiziya kanallarında və digər mətbuat səhifələrində
gedən müzakirələrdə prinsipial və fəal
mövqe nümayiş etdirən, ömrünü elmə həsr
etmiş fədakar Azərbaycan ziyalısı - elm fədaisi.
Məhəmmədəli Ramazanov 1958-ci il
oktyabrın 31-də Qərbi Azərbaycanın Spitak rayonunun
Qursalı kəndində zəhmətkeş ailəsində
anadan olub. 1965-1975-ci illərdə həmin rayonun Qursalı kənd
orta məktəbində təhsil alıb. On uşaqlı ailənin
böyük oğlu olması Məhəmmədəli müəllimdə
himayəsində olanların məsuliyyətini çəkmək,
qayğı göstərmək və düzgün istiqamətləndirmək,
liderlik və rəhbərlik kimi keyfiyyətlərin
formalaşmasında mühüm rol oynayıb. Artıq orta məktəb
illərində o, zəkası və analitik təfəkkürünə
görə seçilir, rayonun bütün elmi və ictimai tədbirlərində
yaxından iştirak edirdi. Valideynləri və müəllimləri
də onun elmə, xüsusən də fundamental elmlərə
olan bu marağını sezir, bacarıq və qabiliyyətlərini
dəstəkləyirdilər. Qeyd edək ki, dərin ailə
kökləri, milli mənəvi dəyərlərə olan
münasibəti və böyüyüb boya-başa
çatdığı coğrafi bölgədən irəli gələn
vətənə və millətinə bağlılıq
duyğusu onun şəxsiyyət kimi formalaşmasında
böyük rol oynayıb. Orta məktəbi bitirən kimi
Bakı Dövlət Universitetinin, o zamanlar isə Azərbaycan
Dövlət Universitetinın Fizika fakültəsinə daxil
olur və 1980-ci ildə həmin fakültəni bitirir. O,
1981-1982-ci illərdə Azərelektroişıq İB-də
mühəndis-texnoloq, 1982-1986-cı illərdə Azərbaycan
SSR EA-nın Fizika İnstitutu nəzdindəki "Registr"
Xüsusi konstruktor bürosunda "Kompozit quruluşlar"
laboratoriyasında mühəndis, böyük mühəndis vəzifələrində
çalışıb. Əzmkarlığı və zəhmetkeşliyi
və yüksək intellekti ilə seçilən Məhəmmədəli
müəllim 1986-cı ildə həmin laboratoriyanın
müdiri vəzifəsinə irəli çəkilib və
1992-ci ilə qədər ora rəhbərlik edib. 1988-ci ildə
"yarımkeçiricilər və dielektriklər
fizikası" ixtisası üzrə "Polimer-pyezoelektrik
kompozisiyalar sistemində pyezoelektrik effektinin xüsusiyyətlərinin
formalaşması" mövzusunda namizədlik
dissertasiyası müdafiə edib. M Məhəmmədəli
Ramazanov 1993-cü ildən 2004-cü ilə qədər Fizika
İnstitutunda böyük elmi işçi, aparıcı elmi
işçi, 2004-2005-ci illərdə isə akademik Tofiq
İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi
İnstitutunun AMAKA İnzibati İdarə Heyətində
direktorun birinci müavini vəzifələrində
çalışıb. O, 2005-ci ildə təhsil
aldığı doğma universitetə qayıdıb və
tamamilə yeni bir istiqamət üzrə fəaliyyət
göstərəcək elmi tədqiqat mərkəzinin -
"Nanoaraşdırmalar mərkəzi"nin rəhbəri təyin
edilib. Qeyd edək ki, "Nanoaraşdırmalar mərkəzi"
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti, cənab
İlham Əliyevin Rumıniyaya rəsmi səfəri
zamanı Bakı Dövlət Universiteti ilə
Rumıniyanın bir neçə universiteti arasında
nanotexnologiya elminin innovatik istiqaməti üzrə əməkdaşlığa
dair imzalanmış müqavilələr əsasında
yaradılıb. Azərbaycanın elm və təhsil
sferası üçün tamamilə yeni bir istiqamət hesab
olunan bir sahədə elmi-tədqiqat işlərinin təşkili
məqsədi ilə maddi-texniki bazanın
formalaşdırılması, laboratoriya modelinin qurulması, tədqiqat
prosesinin təşkili, idarə edilməsi və nəticələrinin
proqnozlaşdırılması kimi aktual məsələlərin
həllində şəxsi təşəbbüs
nümayiş etdirən Məhəmmədəli müəllim
bununla da Azərbaycanın elm və təhsil məkanında
nanotexnologiya tendensiyasının yaradıcılarından birinə
çevrilib. Təsadüfi deyil ki, o, cəmi bir ildən sonra
- 2006-cı ildə sözügedən istiqamətdə təhsilin
təşkili məqsədi ilə yaradılmış
"Nanomaterialların kimyəvi fizikası"
kafedrasının müdiri vəzifəsinə seçilib.
Qeyd etmək lazımdır ki, Məhəmmədəli
müəllim həmçinin,
2005-ci ildən BDU-nun Fizika Problemləri Elmi Tədqiqat
İnstitutunda direktor müavini vəzifəsini icra edib. O, hər
zaman öz üzərində çalışan proqressiv
ideyalı novatordur. İşlədiyi bütün strukturlarda
öz zəhmətkeşliyi, qətiyyəti, məqsədyönlüyü
ilə seçilib. Məhz bu səbəbdən 2012-ci ildən
etibarən ona BDU-nun Fizika fakültəsinin dekanı kimi
olduqca məsuliyyətli bir vəzifə həvalə olunub.
Elmi fəaliyyəti də olduqca zəngin və maraqlı olan
Məhəmmədəli müəllim 2009-cu ildə -
"kimyəvi fizika" və - "bərk cisimlər
fizikası" ixtisasları üzrə "Aktiv polimer mikro və
nanokompozitlərin quruluş və xassələrinin
formalaşmasında fazalararası hadisələrin rolu"
mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının 8 oktyabr 2010-cu il tarixli qərarı ilə
ona fizika üzrə elmlər doktoru elmi dərəcəsi, 17
fevral 2012-ci il qərarı ilə isə Kimyəvi fizika
ixtisası üzrə professor elmi adı verilib.
Professor M.Ramazanov hələ Sovetlər birliyi
dövründə əsasən tətbiqi xarakterli
araşdırmalarla məşğul olub və hərbi sənaye
kompleksi üçün keçmiş SSRİ Müdafiə
Nazirliyinin sifarişi ilə müəyyən fundamental tədqiqat
işləri yerinə yetirib. O, yüksək effektivliyə
malik aktiv kompozit strukturların alınması istiqamətində
tətbiqi xarakterli tədqiqat işləri aparıb və
böyük əhəmiyyətə malik elmi nəticələr
alıb. Azərbaycan EA-nın Fizika İnstitutunun nəzdindəki
XKB "Registrdə" işləyərkən dənizin
dibinin relyefinin təyini və dənizdə üzən
sualtı qayıqların yerinin müəyyən edilməsində
istifadə edilən hidroakustik antennaların
hazırlanmasında və tətbiqində birbaşa
iştirak edib və həmin işlər o vaxt hərbi sənaye
kompleksinin yüksək rütbəli mütəxəssisləri
tərəfindən yüksək qiymətləndirilib. Eyni
zamanda, professor M.Ramazanovun birbaşa iştirakı ilə
müxtəlif təyinatlı çeviricilər işlənib
və onlar uğurla tətbiq olunub. Pyezoelektrik mikrofonların
Bakıda M.İ.Kalinin adına Cihazqayırma zavodunda kütləvi
istehsalı təşkil olunub. Geniş tezlik, temperatur
intervalı və rütubət şəraitində işləyən
bu mikrofonlar müxtəlif sahələrdə öz tətbiqini
tapıb. Professor M.Ramazanov arterial dalğaları qeyd edən
tibbi təyinatlı cihaz yaradıb və bu cihaz nəbz
dalğalarının spektrini yazaraq damarlarda baş verən
bir sıra patoloji proseslər haqqında məlumat verir.
O, son 10 ildə dünya elminin prioritet istiqamətlərindən
biri olan nanotexnologiya istiqamətində bir sıra maraqlı
elmi-tədqiqat işləri aparıb. Bakı Dövlət
Universitetində nanotexnologiya istiqaməti üzrə, xüsusən
də miniatür sensorlar sahəsində yeni nanokompozit
strukturların alınması və texnikanın müxtəlif
sahələrində tətbiqi yönündə ciddi elmi-tədqiqat
işlərinin aparılmasına rəhbərlik edir. Professor
M.Ramazanovun tədqiqat sahəsi bununla məhdudlaşmır, o,
həm də canlı sistemlərdə nanohissəciklərin
rolu, yaratdığı fəsadlar, həyat fəaliyyəti üçün
təsir mexanizmi istiqamətində ciddi araşdırmalar
aparır, şiş hüceyrələrinə dərman maddələrinin
sağlam hüceyrələri zədələmədən
daşınması istiqamətində, tibb sahəsində tədqiqatları
həyata keçirir. Professor M.Ramazanovun tədqiqat işləri
bir başa tətbiqə yönəlmiş, fundamental xarakterli
işlərdir. Təsadüfi deyildir ki, bu gün o, Azərbaycan
Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə
sıx əməkdaşlıq edir. O, müharibə şəraitində
olan ölkəmizin təhlükəsizlik sisteminin
yaxşılaşdırılması sahəsində müdafiə
xarakterli tədqiqat işləri aparır və bu işlər
mütəxəssislər tərəfindən yüksək
qiymətləndirilir. Tanınmış alim tədqiqat
apardığı sahənin, ölkəmizin təhsil sistemi
üçün kifayət qədər yeni olduğunu, eyni
zamanda, bu sahənin öyrənilməsinin vacibliyini nəzərə
alaraq, kadr hazırlığı məsələsinin
aktuallığını da gündəmə gətirib və
bu istiqamətdə vacib işlər görüb. Gənc nəslin
intelektual səviyyəsinin artırılması, onların gələcəkdə
hərtərəfli və peşəkar mütəxəssislər
kimi formalaşması prosesinin parta arxasından başladığını
nəzərə alan M.Ramazanov dəfələrlə öz
bilik və qabiliyyətləri ilə seçilən,
istedadlı məktəb şagirdlərinin dünya elm
olimpiadalarına hazırlanmasında yaxından iştirak edib.
Professorun rəhbərliyi ilə vətənimizi
dünyanın dörd bir tərəfində keçirilən
nüfuzlu beynəlxalq olimpiadalarda qururla təmsil edən gənc
istedadlar, istər təqdim etdikləri elmi layihələrin
çəkisinə, istərsə də hazırlıq səviyələrinə
görə hər zaman fərqlənməyi bacarıb, öz
bilik və bacarıqlarını nümayiş etdirərək
yüksək nəticələr əldə edib və Azərbaycan
bayrağının elm müstəvisində daha da zirvələrə
ucalmasına nail olublar. Professor M.Ramazanovun bir alim, bir müəllim
kimi fəaliyyəti təbii olaraq, ali təhsilin müxtəlif
pillələri ilə bağlıdır. O, rəhbərlik
etdiyi Fizika fakültəsinin təkcə idarəcilik məsələlərini
öz üzərinə götürməmiş, eyni zamanda,
Fizika fakültəsinin "Nanomaterialların kimyəvi
fizikası" kafedrasının professorudur və tədris
prosesində bilavasitə iştirak edir. Belə ki, alim BDU-da
nanotexnologiya sahəsində bakalavr və magistrlər
üçün "Nanoquruluşlu materialların kimyəvi
fizikası", "Atom mikroskopiyasının əsasları",
"Nanomaterialların alınması üsulları" və
s. fənlərdən mühazirə və məşğələlər
aparır, buraxılış, magistr və doktorluq
dissertasiyalarına elmi rəhbərlik edir. Bununla
yanaşı, nanotexnologiya istiqaməti üzrə magistr və
doktorantura pilləsində Avropa tədris normalarına cavab verən
yeni ixtisasların açılması, dərslik və dərs
vəsaitlərinin hazırlanması və s. məsələləri
uğurla həll edir. Onun elmi rəhbərliyi və rəsmi
opponentliyi ilə 14 doktorant öz dissertasiyasını
uğurla müdafiə edib və fəlsəfə doktoru elmi
dərəcəsi alıblar. O, hal-hazırda fəlsəfə
doktoru üzrə 4, elmlər doktoru üzrə isə 5
doktorantın elmi rəhbəridir. Məhəmmədəli
müəllim 547 elmi əsərin, 24 ixtiranın, 1 dərsliyin
və 2 dərs vəsaitinin müəllifidir. "Perspektiv
Nanokompozitlər: Növləri, xassələri və tətbiqləri"
adlı monoqrafiya (Advanced Nanocomposites: Types, Properties, and
Applications. Nova Publisher, Nyu York, 2013, 334 p.) ABŞ-ın Nyu-York
şəhərindəki "Nova Publişer" nəşriyyatı
tərəfindən çap edilmişdir. O, 2017-ci ildə
Elsevier nəşriyyatı tərəfindən çap
edilmiş "Antimicrobial Nanoarchitectonics" adlı
monoqrafiyanın bir fəslinin həmmüəllifidir. Onun
230-dan artıq məqaləsi nüfuzlu xarici elmi jurnallarda, o cümlədən,
onlardan 112 məqalə Tomson Reyter Agentliyinin siyahısına
daxil olan və yüksək İmpact Factora malik jurnallarda
çap olunub. Professor M.Ramazanov 20-yə yaxın iri büdcəli
qrant layihəsinin həmmüəllifidir. Qeyd etmək
lazımdır ki, məhz bu qrantların büdcəsi
hesabına BDU-da Azərbaycanda analoqu olmayan
"Nanoaraşdırmalar" laboratoriyasının texniki
bazası zənginləşdirilir, onlarla gənc tədqiqatçının
yeni tədqiqat ideyaların formalaşması və elmi
münasibətlərin qorunması məqsədi ilə
müxtəlif dünya ölkələrinə qısa və
uzun müddətli səfərləri təşkil olunur.
Bütün bunlarla yanaşı, görkəmli alim "Trends
in Nanotechnology & Material Science", "New Materials, Compounds
and Applications", "Progress in Petrochemical Science",
"Fiziçeskoe obrazovanie v VUZax" beynəlxalq
jurnallarının və "Bakı Universitetinin xəbərləri-News
of Baku State University" jurnalının A-Fizika-riyaziyyat elmləri
seriyasının redaksiya heyətinin üzvü, "Journal of
Low Dimensional Systems" beynəlxalq jurnalının isə
redaktor müavinidir. Elmi Tədqiqatların Əlaqələndirmə
Şurası Fizika problemləri üzrə Elmi Şuranın,
Azərbaycan Respublikasının Müdafiə Sənayesi
Nazirliyinin Elmi-Texniki Şurasının üzvü, BDU-nun
Fizika fakültəsinin və BDU-nun Fizika Problemləri
İnstitutunun Elmi Şuralarının sədri və BDU-nun
Fizika fakültəsində fəaliyyət göstərən
D.01.012 dissertasiya şurasının sədr müavinidir.
Məhəmmədəli müəllim 2009-cu
ildə, BDU-nun 90 illik yubileyi münasibətilə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin kollegiyasının qərarı
ilə "Fəxri fərmanla" təltif olunmuş, 2012-ci
ildə "İlin alimi", 2013-cü ildə isə
"İlin dekanı" seçilmiş, 2014-cü ildə
BDU-nun Böyük Elmi Şurasının qərarı ilə
2013-cü ildə elmi işlərin yerinə yetirilməsinə
görə rəhbərlik etdiyi "Nanomaterialların kimyəvi
fizikası" kafedrası BDU üzrə "İlin
kafedrası" adına layiq görülmüşdür.
Professor M.Ə.Ramazanov "Nüvə texnologiyası sahəsində
təhsilin və kadr hazırlığının təşkili"
şəbəkəsinin (STAR-NET) Rəyasət Heyətinin,
MDB-nin Nanotexnologiya üzrə İnnovasiya Mərkəzinin
İdarə Heyətinin üzvüdür. Onun Azərbaycan elm
və təhsili üçün xidmətləri yalnız
universitet çərçivəsi ilə məhdudlaşmır,
o, daim təhsilimizin problemləri ilə maraqlanır, problemlərin
dünya təcrübəsinə əsaslanan həlli
yollarını araşdırır və harda olmağından
asılı olmayaraq daim öz mövqeyini bildirir. Professor
M.Ramazanov elmin ictimailəşdirilməsi və daha geniş
dinləyici kütləsinə çatdırılması
üçün respublika mətbuatında qəzet səhifələrində,
televiziyalarda dəfələrlə elmi publisistik məruzələrlə
çıxış edib. Onun təhsil problemləri və onların
həllinə dair yaradıcı ideyaları dövlət
strukturları və xarici ekspertlər tərəfindən rəğbətlə
qarşılanmaqdadır. M.Ramazanov, eyni zamanda,
qayğıkeş ailə başçısıdır. Onun
ailəsində Azərbaycan elminin gələcək
simaları, istedadlı və fəxr ediləcək layiqli vətəndaşlar
yetişir. Övladları bu gün dünyanın müxtəlif
ölkələrində Azərbaycanımızı şərəflə
təmsil etməkdədirlər. Böyük oğlu Əhməd
Ramazanlı Türkiyədə Orta Doğu Texnik Universitetinin
Makina mühəndisliyi fakültəsini bitirib və
hal-hazırda Hacetteppe Universitetində magistr təhsili
alır, həmin universitetdə kompüter mühəndisi kimi
kvant mexaniki hesablamalarla məşğul olur. Kiçik
oğlu İlqar Ramazanlı bakalavr təhsilini Türkiyədə
Orta Doğu Texnik Universitetinin eyni zamanda iki fakültəsində
- Komputer mühəndisi və Tətbiqi riyaziyyat - fakültələrində
alıb və hər iki fakültəni fərqlənmə
diplomu ilə bitirib. Magistratura təhsilini İsveçrənin
Lozanna şəhərində İsveçrə Federal
Texnologiya İnstitutunun Tətbiqi Riyaziyyat fakültəsində
alıb və fərqlənmə diplomu ilə bitirib.
Hal-hazırda ABŞ-da Carneqie Melon Universitetində doktoranturada
təhsil alır. Ağıllı komputerlərin nəzəriyyəsi
ilə məşğul olur.
Soltan Hacıbəyovun hamı tərəfindən
sevə-sevə dinlənilən "Karvan" simfonik
muğamı vardır. Sonralar həmin əsərə çəkilən
kliplərdə bir qayda olaraq dəvə karvanının səyahəti
göstərilir. Fikrimizcə, bu əsər daha çox
ömür karvanına həsr olunub. Hər bir karvanın
getdiyi mənzilə itkisiz çata bilməsi onun
sarvanının məharətindən asılıdır. Bizim
hər birimiz öz ömür karvanımızın sarvanıyıq.
Bu mənada qətiyyətlə demək olar ki, professor Məhəmmədəli
Ramazanov öz ömür karvanını həyatın
bütün fırtınalarından, təlatümlərindən
məharətlə keçirib apara bilən bacarıqlı
bir sarvandır. Özü də bütün bu uğurlar həyatın
ona bəxş etdiyi hədiyyə olmayıb, müstəsna
olaraq şəxsi əzmkarlığı,
inadcıllığı və zəhmətkeşliyi
hesabına əldə etdiyi nailiyyətlərdir.
31 oktyabr 2018-ci ildə M.Ramazanovun 60 yaşı tamam oldu. Bu münasibətlə Fizika fakültəsinin dekanlığı, fakültə əməkdaşları, dostları, tələbə yoldaşları onu ürəkdən təbrik edir, ona cansağlığı arzulayırlar. Əminik ki, professor M.Ramazanov hələ bundan sonra da Azərbaycanda elm və təhsilin daha yüksək səviyyələrə qaldırılması istiqamətində aparıcı rol oynamaqda davam edəcək, yeni-yeni nailiyyətlərlə bizləri - onu qəlbən sevənləri və hər kiçik uğurunu şadyanaqlıqla qarşılayanları sevindirəcəkdir.
Tələbə
yoldaşları adından:
Məhəmməd
MƏHƏRRƏMOV
Bakı Dövlət
Universitetinin Fizika fakültəsinin dekan müavini;
Fərhad
MİRZƏYEV
Tətbiqi
riyaziyyat və kibernetika fakültəsinin "İqtisadi
kibernetika" kafedrasının müdiri
Mustafa MURADOV
"Nano
Araşdırmalar Mərkəzi"nin müdir müavini
525-ci qəzet 2018.-
1 noyabr.- S.6.