Mirəli Seyidov - "Azərbaycan
xalqının soykökünü düşünərkən"
Görkəmli mifoloq-folklorşünas Mirəli
Seyidov bütün ömrü boyu Azərbaycan mifik təfəkkürünün
qaynaqları, xalq mərasimləri, etnogenez məsələləri
ilə ciddi məşğul olmuş, ümumtürk
mifologiyasının əsas qaynaqlarının, ortaq dəyərlərinin
müəyyənləşdirilməsi və təhlili sahəsində
azərbaycanşünaslıq elmi üçün son dərəcə
mühüm əhəmiyyət kəsb edən tədqiqatlar
aparmışdır.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Elmi Şurasının 18 sentyabr 2018-ci il 11
saylı iclasının qərarı ilə nəşr olunan
çox sanballı bir kitab (444 səhifə) bugünlərdə
"Elm və təhsil" Nəşriyyatında işıq
üzü görmüşdür.
Əməkdar elm xadimi Mirəli Seyidovun bu
kitabında xalqımızın soykökü ilə
bağlı məsələlər Azərbaycan müəlliflərinin
və tarixi dəlillərin yardımı ilə
aydın-laşdırılır, təfəkkür tərzi və
ilkin çağlardan onun keçib gəldiyi inkişaf yolu
izlənilir.
Əsərdə Azərbaycan xalqının
soykökündə duran qəbilələrin, qəbilə
birləşmələrinin çevrəyə münasibəti,
həyata baxışı, inamlar düzümü və
görüşlər silsiləsi, fikir dünyasındakı
çəkişmələrin ictimai-siyasi səbəbləri
araşdırmaya cəlb edilmişdir.
Alimin sovet dönəmində qələmə
aldığı bu fundamental əsər indi də öz elmi dəyərini
saxlamaqdadır. M.Seyidovun anadan olmasının 100 illiyi
münasibətilə yenidən çapa hazırlanmış
bu əsərin ön sözünün müəllifi akademik
İsa Həbibbəyli, elmi redaktoru filologiya üzrə elmlər
doktoru, professor Məhərrəm Qasımlı, məsul
redaktoru filologiya üzrə fəlsəfə doktoru Aygün
Bağırlıdır.
Əsərin əhəmiyyətini xüsusi
vurğulayan akademik İsa Həbibbəyli yazır:
"Görkəmli ədəbiyyatşünas və ictimai
xadim Mirəli Seyidov (1918-1992) haqqında düşünərkən,
ilk növbədə göz önünə başqa bir
qüdrətli elm xadimi gəlir: Abbas Zamanov! Titulsuz-filansız
demək olar ki, Abbas Zamanov elm sahəsində XX əsrin ən
görkəmli azərbaycançısı, mübaliğəsiz
böyük vətəndaş alim idi. Sovet hakimiyyətinin
hakim ideologiyasının hökm sürdüyü çətin
bir şəraitdə Abbas Zamanov həyatda da, elmdə də
özünün böyük vətəndaş
sözünü deməyi bacarmaq hünəri nümayiş
etdirmişdir. Haqqında söz açdığım Mirəli
Seyidov da Abbas Zamanov qədər açıq olmasa da, elmdə
ardıcıl olaraq azərbaycançı mövqedən
çıxış etməyin fərqli bir nümunəsini
göstərmişdir. Mirəli Seyidovun "Azərbaycan mistik
təfək-kürünün qaynaqları" (1983), "Azərbaycan
xal-qının soykökünü düşünərkən"
(1989), "Yaz bayramı" (1990), "Qam - şaman və
onun qaynaqla-rına ümumi baxış" (1994) kimi
fundamental əsərləri ciddi elmi-nəzəri əhəmiyyəti
ilə birlikdə, hər şeydən qabaq, sözün
böyük məna-sında Azərbaycançılıq abidəsi
olması ilə sə-ciyyələnir. Yəni Abbas Zamanovun həyatda
və elmdə nümayiş etdirdiyi millilik və vətən-daşlıq
mövqeyini Mirəli Seyidov sanballı elmi əsərləri
ilə qabarıq şəkildə nümayiş
et-dirmişdir.
Bu dəyərli əsər haqqında fikirlərini davam etdirən akademik İsa Həbibbəyli "Azərbaycan xalqının soykökünü düşünərkən" kitabı haqqında fikirlərini daha da dərinləşdirərək onu da qeyd edir ki, "...unu-dulmaz müəllimimiz Abbas Zamanovu xatırla-mağımın mühüm səbəblərindən biri də, bu və-təndaş alimin Mirəli Seyidovun elmi ideya-larını həmişə müdafiə etdiyini, əsərləri-nin üzə çıxması yollarında görünən və görünməyən maneələrin aradan qaldırılma-sında dönməz mövqe tutduğunu yaxından müşa-hidə etməyimlə əlaqədardır. Bu monoqrafiyanı azərbaycançılığın milli dövlətçilik ideologiyası kimi tətbiq olunduğu və yenidən konseptual şəkildə öyrənilməsi prosesində bizim üçün həm zəngin elmi mənbələr və həm də etibarlı bələdçi olduğunu vurğulayan hörmətli akademik onu çox mükəmməl bir tədqiqat əsəri sayır.
Əsərin I fəslində - "Əski
köklər" bölməsində "kökləri
araşdırarkən, tarixçiləri, etnoqrafları,
filoloqları çoxdan düşündürən "mən
kiməm", "babam kimdir" kimi çətin, mürəkkəb
sorğuya imkanımız daxilində cavab verməyə
çalışacağıq. Bu gün keçmişi
öyrənməklə, onun keçdiyi yolu
araşdırmaqla, gələcəyi işıqlandıran ən
böyük cığıra yiyələnmiş oluruq. Keçmiş
bu günün, bu gün isə gələcəyin bələdçisidir,
- deyirdi görkəmli alim Mirəli Seyidov. Azərbaycan
filologiyası elmində mifoloji tədqiqatlar istiqamətinin əsaslarını
yaratmış M.Seyidov təqdimatında mifik təfəkkür
xalqın soykökünün milli mənşəyini müəyyən
edən əsas faktorlardan biridir.
Monoqrafiyanın "Köklərin, bir sıra
görüşlərin və doğma dillərin
çarpazlaşmasına baxış" adlı II fəslində
oxuyuruq: "Azərbaycan xalqının soykökündə
duran güclü qəbilələrdən biri də
Buntürk-lər//Bunturqlardır. Bu böyük, adlı-sanlı
qə-bilənin eradan qabaq dördüncü yüzillikdə
Azərbaycanda və onun qonşu ölkələrində
yaşa-ması haqqında bilgi vardır. VII-IX yüzil-liyin
"Kartlinin müraciəti" anonim əsərində
deyilir: "Nə vaxt İsgəndər (Makedonlu) Lota-nın
oğlanlarının nəslini qaçmağa məcbur etdi və
onları yarıgecə ölkəsinə
sıxışdırdı, orada öncə qəddar, qəzəbli
Buntürklərə tuş oldu. Onlar Kür
çayının sahilində yaşayır-dılar; dörd
şəhərdə yerləşmişdilər. Onla-rın
şahı duruş gətirə bilməyəcəyindən
uzaq-laşdı. Bu zaman xaldeylilər tərəfindən
köçü-rülmüş Honlar gəldilər;
Buntürklərin hökm-darından bac ödəmək şərtilə,
yer istədilər və Zanavanda yerləşdilər... Bir qədər
keçəndən sonra Aleksandr gəldi. O, şəhərlərdən
üçünü və qalaları darmadağın etdi və
honları qı-lıncdan keçirdi... Sonra Aleksandr Sarkineni
tutdu, bundan sonra isə Buntürklər oranı tərk edərək,
çəkilib getdilər".
Bu dəyərli elmi əsərin sovet
dövründə çap olunmuş ilk variantı barədə
1989-cu ildə Xalq şairi Sabir Rüstəmxanlının
çox qiymətli fikirlərini bu gün bir daha yada salmaq mənbə
və dəlilin tarix üçün nə qədər
böyük əhəmiyyət
daşıdığını vurğulamaq da yerinə
düşər: "Gələcək bütün
böyüklüyü və gözlənilməzliyi ilə
keçmişin sarsılmaz özü-lü üzərində
dayanır. Gələcək keçmişin şagir-didir və
müəllimini nə qədər yaxşı dərk etsə,
o qədər güclüdür. Nə qədər can atsa da,
keçmiş adlı kökündən qopa bilməz və
bütün yeni ça-larları, boyalarına baxmayaraq, o,
zaman-zaman öz keçmişini təkrar edir.
Buna görə də ilkinliyə gedən yol, əslində,
gələcəyə gedən yola işıq salır. Mirəli
Seyi-dov bu həqiqətə tapınan və ömrünü
bu işə bağ-layan adamdır. Soyumuzun beşik yurdunu,
be-şik nəğməsini, sözümüzün, ruhumuzun
ilk ifa-də şəkillərini axtara-axtara o özü də
bir il-kinlik, saflıq nümunəsinə, şaman
duaların-dan, qopuz iniltilərindən, varsağı, bayatı
hikmətindən yonulmuş Ozan babaya dönüb. İl-lər
keçdikcə, Mirəli Seyidov da
araşdırdığı epik qəhrəmanlıq
dastanlarımızdan qopub gə-lən bir xalq müdrikinə,
öz işinin cünunu olan bir ağsaqqala çevrilib,
"dədələşib".
Bizcə, artıq şərhə heç bir
ehtiyac yoxdur. Çünki böyük alim M.Seyidovun 100 illik
yubileyinin yüksək səviyyədə keçirilməsi və
əsərinin yenidən nəşr olunması deyilənlərin
əyani sübutudur.
Töhfə
TALIBOVA
Filologiya üzrə
fəlsəfə doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma
şöbəsinin müdiri
525-ci qəzet 2018.- 1 noyabr.- S.6.