Azərbaycan ədliyyəsi: bir əsrlik
inkişaf yolu
Bu il
ədliyyə işçiləri 22 noyabr gününü
peşə bayramı kimi qeyd etməklə
yanaşı, Azərbaycan ədliyyəsinin 100 illik yubileyini
də bütün xalqımızla birlikdə
təntənəli şəkildə bayram etməyə
hazırlaşırlar.
Azərbaycan
ədliyyəsinin dövlətçilik tarixində
özünəməxsus yeri var. 100 il öncə
Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən təsis
edilən Ədliyyə Nazirliyi tam bir əsr böyük
inkişaf yolu keçib, ölkənin ədliyyə sisteminin
formalaşdırılması və inkişafı
üçün çox mühüm işlər
görülüb. Bu gün həmin inkişaf yoluna
nəzər saldıqda bu inkişafın nə qədər
çətin və mürəkkəb bir fəaliyyətin
nəticəsində, çox böyük fədakarlıqlar,
bacarıqlar sahəsində əldə edildiyi öz
təsdiqinin tapır. İlk vaxtlar kadrların, imkanların
məhdudluğu, şəraitin çətinliyi,
müstəqil dövlətin qarşısında duran qısa
vaxt ərzində həll edilməli mühüm
məsələlər ədliyyə sisteminin
formalaşdırılması, inkişafı üçün
çox böyük işlər görülməsini
tələb edirdi. Odur ki, ilk növbədə ədliyyə,
məhkəmə və istintaq strukturları bərpa edildi,
zəruri hüquqşünas kadrların hazırlanmasına
başlanıldı, müstəqil dövlətdə
qayda-qanunun bərqərar olması, eyni zamanda, yeni hüquq
sisteminin yaradılması üçün zəruri
qərarlar qəbul
edildi.
Xalq
Cümhuriyyətinin elan edildiyi ilk gündən
səmərəli fəaliyyət göstərən nazirliyin
fəaliyyətində ən mühüm
hadisələrdən biri noyabr ayının 22-də nazirliyin
əsasnaməsinin təsiqlənməsi oldu və bununla da
müstəqil, gənc dövlətdə ədliyyə
nazirliyinin qarşısında duran vəzifələr, bu
vəzifələrin icrası üçün verilən
səlahiyyətlər müəyyən edildi.
Ümummilli
liderimiz Heydər Əliyev tərəfindən verilən 11 noyabr
2000-ci il tarixli Sərəncamla 22 noyabrın ədliyyə
işçilərinin peşə bayramı günü kimi
təsis edilməsi ilə dövlətçiliyimizin
inkişafında mühüm olan daha bir hadisə
tarixiləşdirildi.
Ədliyyə
Nazirliyinin əsaslı surətdə yenidən qurulması,
ədliyyə sahəsində işin daha da
təkmilləşdirilməsi də məhz Heydər
Əliyevin 70-ci illərdə Azərbaycana
rəhbərliyə gəldiyi dövrə təsadüf edir.
Bildiyimiz kimi, 1920-ci ildə ölkə işğal
edildikdən sonra Ədliyyə Nazirliyi ləğv
edilmişdi. Yeni yaradılan Xalq Ədliyyə
Komissarlığının isə səlahiyyətləri
xeyli məhdudlaşdırılmış, hətta bu illər
ərzində iki dəfə ləğv edilib yenidən
təsis edilmiş, funksiyaları isə ayrı-ayrı
vaxtlarda məhkəmələrə və prokurorluq
orqanlarına verilmişdi.
Nazirliyin
gələcək inkişafı üçün
əlverişli şəraitin yaradıldığı
dövrdən başlayaraq isə mühüm qanunlar qəbul
olundu, Azərbaycan ədliyyəsinin inkişafını
təmin edən ardıcıl tədbirlərin həyata
keçirilməsi bu gün də davam edir. Bununla da nazirliyin
cəmiyyətdə rolu əhəmiyyətli
dərəcədə artmış oldu.
Bu gün
bütün ölkədə olduğu kimi, Ədliyyə
Nazirliyində də əsaslı islahatlar aparılması, bu
sahədə fəaliyyətin
təkmilləşdirilməsinin, ədliyyə
orqanlarının inkişafı sahəsində
genişmiqyaslı tədbirlərin həyata
keçirilməsinin şahidi oluruq. Heydər Əliyevin
dövlət quruculuğu xəttini uğurla davam etdirən
İlham Əliyevin ölkə prezidenti kimi fəaliyyət
göstərdiyi illər ərzində qəbul
edilmiş qanun, qərar və fərmanlar ədliyyənin
inkişafına yeni imkanlar yaradıb. 2006-cı ildə
nazirliyin yeni əsasnaməsi qəbul edilərək ona
hüquq mühafizə orqanı statusu verilib.
"Ədliyyə orqanlarında qulluq keçmə
haqqında" qanun, Ədliyyənin inkişafına dair
Dövlət Proqramı qəbul olunub.
Azərbaycan
ədliyyəsinin inkişafında və uğurlu
fəaliyyətində nazirlikdə yeni qurumların -
Ədliyyə Akademiyasının, regional ədliyyə
idarələrinin, müxtəlif reyestlərin yaradılaraq
fəaliyyət göstərməsinin böyük
əhəmiyyəti var. 2006-cı ildə ölkə
Prezidentinin ədliyyə orqanlarının inkişafına
dair fərmanına uyğun olaraq yaradılan və
fəaliyyət göstərən regional ədliyyə
idarələri bölgələrdə ədliyyə
orqanlarının işini əlaqələndirir,
bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarəti həyata keçirir, onlara metodiki köməklik
göstərir, qeydiyyat və notariat işinin,
məhkəmə qərarlarının icrasının
təşkilində iştirak edir. Bu qurumun fəaliyyətinin
səmərəliliyi belə bir qurumun yaradılmasının
zəruri olduğunu bir daha təsdiq edir.
Ədliyyə
Akademiyası yaradıldıqdan sonra fəaliyyəti daha da
genişləndirilib. Burada ilk dəfə ədliyyə
orqanlarında qulluğa qəbul edilənlərin, prokuror
və müstəntiq vəzifələrinə, habelə
vəkillik fəaliyyəti ilə məşğul olmaq
istəyən namizədlərin də icbari təlimi
aparılır.
Azərbaycan
ədliyyəsinin inkişafını
təsdiqləyən, göstərən uğurlar
bütün sahələri əhatə edir. Ölkənin
bugünkü inkişafı ilə addımlayan, mühüm
hüquqi islahatlar nəticəsində əhaliyə
göstərilən hüquqi xidmətin həcmi və
səviyyəsi genişlənən sahəsindən biri də
notariat orqanlarının fəaliyyətidir. Son illər
ölkədə sosial-iqtisadi yüksəliş
nəticəsində vətəndaşlarımıza mülki
hüquqi münasibətlərdən irəli gələn
məsələlərin həlli üçün geniş
imkanlar yaranmışdır. Bu hal notariat orqanlarında
rəsmiləşdirilən notariat hərəkətlərinin
sayının durmadan artmasında öz əksini tapır.
Notariat sahəsində aparılan islahatların nəticəsi
olaraq ölkəmizdə beynəlxalq təcrübəyə
uyğun xüsusi notariat institutu yaradılmışdır ki,
bu da notariat hərəkətlərinin
rəsmiləşdirilməsinə öz töhfəsini verir.
"Elektron
notariat" və "Vətəndaşlıq
vəziyyəti aktları"
avtomatlaşdırılmış qeydiyyat informasiya
sistemləri qurularaq notariat kontorları və qeydiyyat
orqanları vahid elektron şəbəkədə
birləşdirilib. Bunun nəticəsidir ki, notariat
hərəkətlərinin rəsmiləşdirilməsi xeyli
dərəcədə sadələşdirilib. Qeyd etsək ki,
bu qaydada notariat hərəkətlərinin aparılmasına
yalnız inkişaf etmiş ölkələrdə rast
gəlmək mümkündür, inamla deyə bilərik
ki, ölkəmizdə notariat sahəsində bu yenilik
daha bir uğurun nəticəsi kimi
qiymətləndirilməlidir.
Prezidentin
təşəbbüsü ilə yaradılan və
Azərbaycan brendi sayılan "ASAN xidmət"
mərkəzlərində ədliyyə orqanları da
müxtəlif mühüm xidmətlər göstərir
ki bunlardan biri də notariat
hərəkətlərilə əlaqədar
vətəndaşlara göstərilən xidmətdir.
Əhaliyə
göstərilən hüquqi xidmətin
səmərəliliyinin artırılması məqsədi
ilə elektron xidmət köşkləri notariat
orqanlarında istifadəyə verilib. Notariat kontorlarında
ödənişlərin həmin köşklər vasitəsi
ilə aparılmasının təşkili vətəndaş
məmnunluğunu təmin edir.
Ədliyyə
orqanlarının fəaliyyət
göstərdiyi sahələrdə yaradılan
yeniliklər, qazanılmış
uğurlar davamlıdır və ölkəmizdə həyata
keçirilən hüquqi islahatlar nəticəsində
Azərbaycanda ədliyyə orqanlarının
fəaliyyəti müasirləşmiş, əhaliyə
göstərilən hüquqi yardımın səviyyəsi
yüksəlmişdir. Ədliyyə sisteminin inkişafı
ölkəmizdə həyata keçirilən geniş
islahatların real təzahürüdür.
Bu
əlamətdar gündə bütün ədliyyə
işçilərini, veteranlarımızı peşə
bayramı münasibəti ilə təbrik edirəm, onlara
şərəfli və çətin
peşələrində uğurlar, ədliyyə
oranlarında şərəflə xidmət etmiş
veteranlarımıza can sağlığı arzulayıram,
xalqımızı isə Azərbaycan ədliyyəsinin bir əsirlik
yubileyi - böyük bayram münasibəti ilə təbrik
edirəm.
Səadət
NƏCƏFOVA
Dövlət
notariusu, ədliyyə müşaviri
525-ci qəzet 2018.- 1 noyabr.- S. 4.