Böyük dönüşə
yol açan tarixi çağırış
ÜMUMMİLLİ
LİDER HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN XALQINA 2 NOYABR
1993-cü İL TARİXLİ MİLLİ
SƏFƏRBƏRLİK MƏZMUNLU
MÜRACİƏTİNİN 25 İLLİYİ TAMAM OLUR
Emin
HƏSƏNLİ
QHT-lərə
Dövlət Dəstəyi Şurasının üzvü,
politoloq
Hər bir xalqın və dövlətin tarixində
həlledici, taleyüklü anlar, əsaslı
dönüş məqamları vardır. Bu kimi məqamlarda
xalqın önündə, dövlətin sükanı
arxasında güclü, müdrik liderlər olması həyati
önəm daşıyır.
Yalnız bu halda ən çıxılmaz
görünən böhranlardan qurtulmaq, ən çətin
sınaqlardan uğurla çıxmaq mümkün olur.
Dövləti və dövlətçiliyi qorumağa
çalışan qüdrətli, uzaqgörən liderlər
belə ağır dönəmlərdə ilk növbədə
öz xalqına, millətin yekdil dəstəyinə
arxalanırlar. Təbii ki, xalq da qurtuluş və
nicatını öz xilaskar liderinin göstərdiyi yolda,
apardığı siyasətdə gördüyü
üçün onu birmənalı şəkildə dəstəkləyir.
2 Noyabr 1993-cü il Azərbaycan xalqının və dövlətinin
tarixi taleyində belə bir həlledici dönüş məqamıdır.
Ümummilli Lider Heydər Əliyevin həmin gün televiziya və
radio ilə Azərbaycan xalqına müraciət etməsi, hər
bir azərbaycanlını doğma vətənin, müstəqil
dövlətimizin müdafiəsinə səsləməsi
1993-cü ilin 2 Noyabrını əlamətdar tarixə
çevirdi. Heç şübhəsiz, müasir dövlətçilik
tariximizdə xüsusi yer tutan bu hadisənin dəyər və
əhəmiyyətini tam dəqiqliklə anlamaq
üçün həmin dövrü yenidən xatırlamaq,
o dönəmdəki vəziyyətə bir daha nəzər
salmaq vacibdir.
Məlumdur ki, o ərəfədə
torpaqlarımız uzun zamandan bəri davamlı olaraq
düşmən işğalına məruz qalmaqda, dövlətçiliyimiz
ciddi təhlükə ilə üzləşməkdə,
milli əzm və iradəmiz amansız sınağa çəkilməkdə
idi. 1988-ci ildən etibarən aktiv mərhələyə
keçən erməni təcavüzü, respublikaya bir-birinin
ardınca naşı, zəif, bəsirətsiz insanların
başçılıq etməsi üzündən Azərbaycan
xalqı müdhiş fəlakətə düçar
olmuşdu. Respublika dərin iqtisadi və sosial-siyasi böhrana
yuvarlanmış, hər sahədə hərc-mərclik
yaranmışdı. Ümumiyyətlə, müstəqilliyin
bərpasından sonrakı dönəm mürəkkəb və
qarışıq mərhələ, dövlət
quruculuğuna başdansovdu yanaşıldığı
dövr kimi yaddaşlara həkk olunub. Eyni səriştəsizlik,
başıpozuqluq, səbatsızlıq ordu quruculuğu sahəsində
də özünü göstərirdi. Hərbi işdə
heç bir biliyi və səriştəsi olmayan, milli dövlətçilik
mənafeyindən uzaq adamlar Silahlı Qüvvələrdə
yüksək vəzifələrə təyin edilir, orduda
şəxsi mənafelər önə çəkilirdi.
Peşəkar zabit kadrlarının
çatışmaması, olanların da prosesdən kənarda
saxlanması həddindən artıq ağır nəticələr
vermişdi. Daxildə siyasi vəziyyətin qeyri-sabitliyi ilə
əlaqədar ordunun mütəşəkkilliyi olduqca
aşağı səviyyədə idi. Ordunun əsasını
təşkil edən hərbi hissələr müxtəlif
siyasi qrupların təsiri altında fəaliyyət göstərirdi.
Belə acınacaqlı şərait torpaqlarımızın
müdafiəsini təşkil etməyə imkan vermir, əksinə,
ordumuzun öz mövqelərini sürətlə itirməsinə
yol açırdı.
Fürsətdən bəhrələnən erməni
işğalçıları hücuma keçərək cəbhəboyu
ərazilərimizdə xeyli irəliləmiş,
rayonlarımızı zəbt etmişdi. Proseslərin
gedişatı göstərirdi ki, get-gedə
azğınlaşan düşmən durub-dayanmaq bilmədən
irəliləmək, yeni rayonlarımızı ələ
keçirmək niyyətindədir.
Həmin ağır, mürəkkəb dönəmdə
xalqımız müdrik seçim edərək öz dahi
övladının - qüdrətli şəxsiyyət, nəhəng
siyasi xadim Heydər Əliyevin hakimiyyətə
qayıdışını, Azərbaycan Respublikasının
Prezidenti seçilməsini yenicə təmin etmişdi.
Ölkə məhz belə gərgin vəziyyətdə
ikən Ümummilli Lider Heydər Əliyev 1993-cü il
Noyabrın 2-də Azərbaycan xalqına, ölkə ictimaiyyətinə
son dərəcə təsirli bir müraciət
ünvanladı. Çağırış ruhlu, milli səfərbərlik
məzmunlu bu müraciət müasir dövlətçlik
tariximizdə və ordu quruculuğu salnaməmizdə parlaq bir
səhifə oldu.
Ulu Öndər xalqı dövlətçiliyimizin
qorunmasına, ərazi bütövlüyümüzün
müdafiəsinə səslədiyi bu müraciətində
mövcud hərbi-siyasi şəraiti dəqiq xarakterizə edərək,
ordu quruculuğu ilə bağlı məsələləri,
qarşıda duran təxirəsalınmaz vəzifələri
aydın və hərtərəfli şəkildə müəyyənləşdirdi.
Azərbaycanda ordu quruculuğunun əsaslarını
müəyyənləşdirən bu müraciətdə hərbi
quruculuğun dünya təcrübəsi öz əksini
tapmışdı. Eyni zamanda, burada hərbi
çağırış və səfərbərliklə
bağlı ümdə məsələlər, bu sahədəki
Azərbaycan reallıqları, milli xüsusiyyətlərlə
bağlı cəhətlər də yer almışdı.
Strateji planda ordu quruculuğunun bütün
istiqamətləri: ordu və dövlət, ordu və xalq,
çağırış-səfərbərlik işi və
ictimaiyyət, hərbi quruculuq və maddi baza, hərbi iş və
mənəviyyat, ordu quruculuğunda milli kadrlar, nizam-intizam kimi
vacib məsələlər tamamilə aydın və
anlaşıqlı şəkildə əks olunmuşdu.
Dahi liderin ölkədəki mürəkkəb
vəziyyətin səbəblərinə də toxunulan
müraciətdə, eyni zamanda, həmin vəziyyətdən
çıxmağın yolları da detallı qaydada göstərilmişdi.
Bu tarixi müraciət, onun parlaq nəticələri
xalqın öz dahi liderinə haqlı inam və
etimadının, dövlət rəhbərinin isə doğma
xalqına ümid və güvəncinin misli görünməmiş
nümunəsinə çevrildi.
Müraciət yeni ordu quruculuğunun nəzəri
əsaslarını müəyyənləşdirən
mühüm bir sənəd, qeyd etdiyimiz kimi, ilk növbədə,
xalqa, vətəndaşlara ünvanlanmış hərarətli
çağırış idi. Ulu Öndər bu müraciətlə
bütün xalqı, etnik və siyasi mənsubiyyətindən
asılı olmayaraq, hər bir vətəndaşı Vətənin
müdafiəsi kimi müqəddəs vəzifə, ali amal
naminə sıx birləşməyə
çağırırdı. Onun bu
çağırışı cəmiyyətdə
böyük əks-səda doğurdu, xalq bu müraciətə
böyük ruh yüksəkliyi ilə cavab verdi.
Ümummilli Lider 2 Noyabr 1993-cü il tarixli
müraciətinin ardından vətəndaşlarla bu
mövzuda silsilə görüşlərə start verdi. Ulu
Öndər müraciətdə yer verdiyi məsələlərlə
bağlı ictimaiyyət nümayəndələri,
müharibə veteranları, siyasi partiyaların nümayəndələri
ilə məsləhətləşmələr apardı. Beləliklə,
yeni ordunun formalaşdırılması üçün ideya
şəklində olan fikirlərin həyata keçirilməsinin
uğurla təmin olunmasına başlandı.
Nöqsanların aradan qaldırılması
üçün təxirəsalınmaz qərarlar qəbul
edildi, zəruri addımlar atıldı, orduda komplektləşdirmə
işlərinə diqqətlə baxıldı, idarəetmə
strukturları yeniləndi, bir sözlə, ordu quruculuğunda
ciddi dönüşün əsası qoyuldu. Silahlı
Qüvvələrə yeni, təmiz bir nəfəs gəldi,
şəxsi heyətdə yüksək ovqat, əsl canlanma
yarandı.
Daha sonra Ümummilli Lider Heydər Əliyev cəbhə
boyunca yerləşən hərbi hissələrə
yollandı, həm əsgər və zabitlərimizlə, həm
də yerli ictimaiyyətlə görüşlər
keçirdi. Silahlı Qüvvələrin yenidən
formalaşdırılmaqda olan hissə və bölmələrinin
vəziyyəti, cəbhə qayğıları,
döyüş əhval-ruhiyyəsi şəxsən ölkə
Prezidentinin, Ali Baş Komandanın iştirakı ilə yerindəcə
yoxlanıldı. Təcili görülməli olan işlərin
icrası üçün konkret tapşırıqlar müəyyənləşdirildi.
Heydər Əliyev Azərbaycan
torpaqlarının müdafiəsi üçün bir tərəfdən
bütün dövlət orqanlarını hərbi-təşkilati
işə səfərbər etdi, onların gərgin və
davamlı fəaliyyətinə nail oldu. Digər tərəfdən
isə, bütövlükdə xalqı Vətənin
müdafiəsinə səfərbər edərək, əhali
ilə ordu arasındakı əlaqələri gücləndirdi,
cəbhədə vuruşanlara diqqət və qayğıda
ciddi canlanma baş verdi.
Bu müraciətdən sonra Azərbaycan ordusunun döyüş hazırlığı və imkanları qısa vaxt ərzində xeyli yüksəldi. 1993-cü ilin sonu - 1994-cü ilin əvvəllərində hərbi sahədə böyük müsbət dəyişikliklər müşahidə olundu. Məhz həmin vaxt ölkənin Silahlı Qüvvələri Ermənistan hərbi birləşmələrinə qarşı uğurlu hücum əməliyyatları keçirərək, Ağdam, Füzuli, Kəlbəcər rayonlarının işğal altındakı ərazilərinin bir hissəsini geri aldı. Həmin əməliyyatlardan sonra Ermənistan ordusunun irəliləməsi birdəfəlik dayandırıldı. Atəşkəsdən sonra Azərbaycan Silahlı Qüvvələrinin klassik ordu quruculuğuna, eyni zamanda, ən müasir standartlara uyğun təşkili üçün imkanlar yarandı və həmin istiqamətdə fəaliyyət bu günə qədər də davam etməkdədir. Ordumuzun bu yaxınlarda qazandığı Aprel və Günnüt zəfərləri də Ulu Öndər Heydər Əliyevin 2 Noyabr 1993-cü il tarixli şanlı müraciətinin yol açdığı uğurların məntiqi davamıdır.
Bu gün fəxrlə demək olar ki, o tarixi
müraciətdə nəzərdə tutulmuş və
dövlətimizin inkişafı naminə irəli
sürülmüş bütün prinsiplər uğurla
gerçəkləşdirilib. Ordu-xalq, ordu-dövlət,
ordu-vətəndaş cəmiyyəti kimi mühüm istiqamətlərdə
çox ciddi irəliləyişlər əldə edilib.
Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu ordu quruculuğu 15 ildən artıqdır ki, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin yenilməz əzmi və
iradəsi, davamlı diqqət və qayğısı nəticəsində
günbəgün inkişaf edir.
Ölkəmizdə Səfərbərlik və
Hərbi Xidmətə Çağırış sahəsində
də böyük dönüş mərhələsi məhz
Ulu Öndərin 2 Noyabr 1993-cü il tarixli müraciətinin nəticəsi
olaraq başlanıb. Dahi Heydər Əliyevin bu müraciəti
həm müvafiq strukturlarda çalışan, xidmət edən
kadrların, həm də ümumən vətəndaşların
hərbi çağırış və səfərbərlik
barədə anlayışını xeyli genişləndirdi və
dərinləşdirdi. Bu sahədə fəaliyyətin
günün, hətta yaxın gələcəyin tələblərinə
uyğun qurulması, vətəndaşların ordu
sıralarına yüksək vətənpərvərlik
duyğuları ilə yollanması prosesinin əsası məhz
Ulu Öndərin 2 Noyabr 1993-cü il tarixli
çağırışı ilə qoyuldu. Ümummilli
Liderin xalqa müraciətinə əsasən, Azərbaycanda hərbi
çağırış və səfərbərlik işi
tamamilə yeni keyfiyyət müstəvisinə keçdi, bu
sahədə davamlı islahatlara start verildi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı
ilə 13 fevral 2012-ci ildə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yaradılması da, heç şübhəsiz,
Ulu Öndər Heydər Əliyevin tarixi müraciətinin məntiqi
bəhrəsidir. Gənc nəslin vətənpərvərlik
tərbiyəsi və orduda xidmətə
hazırlığının, vətəndaşların hərbi
xidmətə çağırışının,
Silahlı Qüvvələrin yeni
çağırışçılarla komplektləşdirilməsinin
təşkili yönündə Dövlət Xidməti
mühüm nəticələr əldə edib və bu istiqamətdə
yeni nailiyyətlər naminə inamla fəaliyyət göstərməkdədir.
525-ci qəzet 2018.- 1 noyabr.- S. 4.