"XX əsr ədəbi
düşüncələr tarixi" təqdim olundu
Noyabrın 1-də Azərbaycan Universitetinin
müəllimi, ədəbiyyatşünas, professor Asif
Hacılının "XX əsr ədəbi
düşüncələr tarixi" xatirələr, manifestlər,
konsepsiyalar kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Univeritetində baş tutan tədbiri
giriş sözüylə universitetin Azərbaycan dili və ədəbiyyat
kafedrasının müdiri, dosent, kitabın redaktoru Ülviyyə
Rəhimova açıb.
O, universitetin Elmi Şurası tərəfindən
dərs vəsaiti kimi təsdiqlənmiş toplunun elmi-ədəbi
məziyyətlərindən danışıb, mənbə
kimi xüsusi dəyər daşıdığını dilə
gətirib: "Professor Asif Hacılının bu
kitabının Azərbaycan oxucusu, xüsusən də ədəbiyyatşünaslar,
filoloqlar, tədqiqatçılar tərəfindən yüksək
qiymətləndiriləcəyinə, dəyərli mənbə
kimi istifadə ediləcəyinə inanıram. Onun bu istiqamətdə
gördüyü işlər təqdirəlayiqdir".
Ü.Rəhimova müəllifə bu cür
elmi çəkisi olan əsərə görə təşəkkürünü
bildirib, yaradıcılıq uğurları arzulayıb, yeni
kitablar gözləntisini dilə gətirib: "XX əsr ədəbi
düşüncələr tarixi" kitabı Azərbaycan
Universitetinin vəsaiti hesabına nəşr olunub. Əslində,
kitab çoxdan hazır idi. Sadəcə olaraq Asif müəllim
təvazökarlıq edir, çapına tələsmirdi".
"Ümid edirəm ki, tələbələrimiz
də kitabın əhəmiyyətini dərindən
anlayacaqlar", - deyən kafedra müdiri
çıxış üçün sözü kitabın
müəllifinə verib.
A.Hacılı tədbir
iştirakçılarına təşəkkürünü
çatdırıb. Bildirib ki, kitab uzun iş prosesinin bəhrəsidir:
"Kitabdakı materiallar, tərcümələr, tezislər,
qeyd və şərhlər təxminən 10 ildən bəri
hazırdır. Amma bu kimi işlərdə nöqtə qoymaq
çətindir. Çünki hər dəfə nələrsə
əlavə etmək lazım gəlir".
Müəllif nəşrin ərsəyə gəlməsi
məqsədinə, adının seçilməsinə də
aydınlıq gətirib: "Ədəbiyyat nə qədər
ülvi sənət növü olsa da, cəmiyyətdən, həyatdan
ayrılmazdır. Ümumi tarixdən, mədəniyyətdən,
humanitar fikirdən doğur. Topludakı materiallarda XX əsrin
mənəvi, ruhani, fəlsəfi təbəddülatını
əks etdirməyə, keçən əsrin əvvəllərindən
başlayan qaynar ədəbi həyat, müxtəlif ədəbi,
dini cərəyanlardan, ədəbi məktəblərdən
tutmuş struktualizm, poststruktualizm, dekonstruksiyaya qədər
olan mövzuları əhatə etməyə,
düşüncə ədəbiyyatına konseptual
baxış sərgiləməyə
çalışmış, apokalipsis və mədəniyyət,
ölüm və mədəniyyət, din və mədəniyyət,
sivilizasiya və mədəniyyət kimi fərqli
yanaşmaları işıqlandırmışam".
Professor çıxışının sonunda
kitabın ərsəyə gətirilməsində kömək
göstərən Azərbaycan Universitetinə, rektor Səadət
Əliyevaya, topluda əməyi keçən hər kəsə
təşəkkürünü bildirib.
Kitabın rəyçisi professor Qorxmaz Quliyev
deyib ki, Azərbaycan ədəbiyyatı XIX əsrdən bu
yana iki dəfə fors-major vəziyyətlə
qarşılaşıb: "İlk belə halı Mirzə Fətəli
Axundov dəf etməyə çalışıb. XIX əsrin
ikinci yarısına qədər ədəbiyyatımızın
ancaq Şərqə çıxışı vardı.
Görkəmli mütəfəkkirimiz müxtəlif mətnlərlə
qərbə çıxış əldə etdi. Qərb
düşüncəsini, ədəbi terminlərini, qərb
dühalarını ölkə ədəbiyyatına gətirdi.
Amma bunlara rəğmən ədəbi söz, mətn, nəsr
yox vəziyyətindəydi. Onun flaqmanlığıyla
sözün əsl mənasında böyük Azərbaycan ədəbiyyatı
yaranmağa başladı. İkinci fors-major vəziyyət
Sovet rejiminin ideologiyası ilə bərqərar oldu. Ədəbiyyatımızın
dünyaya çıxışı bağlandı. Frans Kafka,
Marsel Prust, Fridrix Nitsşe kimi söz ustaları, fəlsəfənin
sütunları ilə tanış olmaq qeyri-mümkün idi.
Adam tanıyıram ki, Nitsşenin kitabını oxumaq
üçün Elmlər Akademiyasında kitabxanaçı
kimi çalışıb, ordan alman mütəfəkkirinin
kitabını oğurlayıb. Biz dünya ədibləriylə
mətnlərlə yox, sadəcə sitatlar vasitəsilə
tanış ola bilirdik. Müstəqillik illərindən sonra
yenidən dünyaya açılmaq üçün fürsət
əldə etdik".
Q.Quliyev deyib ki, artıq dünyanı sözlə
qavraya bilmərik, çünki çox gecikmişik:
"Dünyanı mətn şəklində qavramaq
lazımdır. Təqdimatına
yığışdığımız kitabın dəyərini
hələ anlaya bilmirik. Bax, dünyanı mətnlə
qavramaq üçün ən dəyərli mənbələrdən
biri bu topludur. Bu, sadəcə yolun
başlanğıcıdır. Görülməli çox
işimiz, öyrənməli çox ədəbi material var.
Asif Hacılının "XX əsr ədəbi
düşüncələr tarixi" xatirələr, manifestlər,
konsepsiyalar toplusu bu yolda mayak rolu oynayacaq. Bu gün alim yox,
maarifçi olmaq lazımdır. Çoxu alim olmaq
iddiasındadır, amma mətn olmadan alim olmaq
mümkünsüzdür. Ədəbiyyatşünaslarımız,
filoloqlarımızın görməli olduğu iş məhz
budur. Asif Hacılı bir ədəbiyyatşünas kimi bunu
çox gözəl anlayır və artıq bu istiqamətdə
inamlı şəkildə irəliləyir. Buna görə dəyərli
filoloqumuza yalnız təşəkkür etmək
qalır".
Ədəbiyyatşünas alim, professor Bədirxan
Əhmədli bildirib ki, Azərbaycan Universitetində zaman-zaman
bu tip tədbirlərin, təqdimatların keçirilməsi
onu göstərir ki, ali təhsil ocağı artıq filoloji
mərkəzə çevrilməyə başlayıb:
"Qorxmaz Quliyev Azərbaycan ədəbiyyatının
fors-major vəziyyətindən danışdı. Mənsə
ədəbiyyatşünaslığımızın fors-major
halına toxunmaq istəyirəm. Hər gün elmi ədəbi
məqalələr, monoqrafiyalar oxuyuram. Bu mətnlərdə
hər hansı elmi, nəzəri fikrə rast gəlmək
mümkünsüzdür. Hamısı publisistik
yanaşmalardan ibarətdir. Elm faktlar, teoremlər, sübutlar tələb
edir. Bütün bunlar onu göstərir ki, ədəbiyyatşünaslığımız
Sovet dövründə qazanmış olduğu elmi istiqamətləri
sürətlə itirməyə, publisistikanın bir qoluna
çevrilməyə başlayır. Keyfiyyətdən daha
çox kəmiyyətə önəm verilir".
Asif Hacılının görkəmli ədəbiyyat
nəzəriyyəçilərindən olduğunu
vurğulayan çıxışçı nəzərə
çatdırıb ki, o, yanaşmalarında əsas istiqamət
kimi Avropa ədəbiyyatşünaslığını
götürür: "Düz olan da elə budur. Başqa
yolumuz yoxdur. "Bizdə heç bir "izm" yaranmır.
Bütün nəzəri postulatlar Avropadan gəlir. Bu cəhətdən
Asif müəllimin fəaliyyətini keçən əsrin
40-50-ci illərindəki Mikayıl Rəfili, Əli Sultanlı
kimi alimlərin fəaliyyəti ilə müqayisə etmək
olar. Onlar da daha çox maarifçilik funksiyasını yerinə
yetirirdilər. Bu mənada, Asif Hacılının
sözügedən kitabı ali məktəblərdə, ədəbiyyatla
məşğul olan qurumlarda maraqla qarşılanacaq. Müxtəlif
"izm"lərin ortaya çıxarılmasında, onlara
münasibətin formalaşmasında məhək daşı
rolunu oynayacaq".
Misir Mədəniyyət Mərkəzinin rəhbəri
Əhməd Sami Elaydi qeyd edib ki, bu tip kitabların ərsəyə
gəlməsi müxtəlif xalqları
yaxınlaşdırır, ədəbiyyatlar arasında
körpü rolu oynayır, tədqiqat üçün obyektləri
göz önünə gətirir. Kitabı vərəqləyəndə
çox vacib ədəbi materialların, nəzəri biliklərin
olması aydın görünür. Bu tip kitabları dərindən
mənimsəməli, sonra yeri gələndə əxz
etdiyimiz məlumatları tətbiq etməliyik".
Mərkəz rəhbəri Azərbaycan
Universitetinin elmi fəaliyyətinə də toxunub. Bildirib ki,
universitet həmişə sanballı tədbirlər, nəşrlərlə
gündəmə gəlir, ölkənin elmi həyatına
töhfələr verir.
Universitetin dosenti Fərhad Mədətov nəşrin
faydasından danışıb: "Bu cür elmi nəşrlər
ədəbiyyatla məşğul olanlara, alimlərə
hava-su kimi lazımdır. Çünki alimlərimiz, ədiblərimiz
bu kitabdan yola çıxaraq ədəbiyyatımızı, ədəbiyyat
nəzəriyyəmizi daha da zənginləşdirə bilərlər.
Kitab öz hərtərəfliliyi ilə seçilir. Təkcə
mündəricata nəzər salanda hətta Azərbaycan ədəbiyyatında
olmayan cərəyanlardan, ədəbi məktəblərdən
söz açıldığı aydın olur".
Cavid QƏDİR
525-ci qəzet 2018.- 2 noyabr.- S.7.