Əli Əmirlinin 70 illik
yubileyinə həsr olunmuş tədbir
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin təşkilatçılığı
ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində
Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Əməkdar
incəsənət xadimi Əli Əmirlinin 70 illik yubileyinə
həsr olunmuş tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə
Azərbaycanın Xalq artisti, Teatr Xadimləri
İttifaqının sədri, Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov,
xalq artistləri, "Şöhrət" ordeni
laureatları‚ Prezidentin fəxri təqaüdçüləri
Afaq Bəşirqızı, Şükufə Yusupova, sevilən
aktyorlar, xalq artistləri Hacı İsmayılov, Səidə
Quliyeva, teatr rejissoru, əməkdar incəsənət xadimi Bəhram
Osmanov, əməkdar artist Məsmə Aslanqızı,
rejissor, aktyor Şərif Qurbanəliyev və digər qonaqlar
iştirak ediblər.
Aparıcı tədbir
iştirakçılarını salamlayaraq,
yazıçının həyat və
yaradıcılığı haqqında geniş məlumat
verib. Daha sonra yubilyarın sənət dostları
yazıçı-dramaturqun yaradıcılığından
danışıblar , onunla bağlı xatirələrini
bölüşüblər. Bildirilib ki, Ə.Əmirli
"Ərizə", "Meydan", "Cəza", "Bala,
bəla sözündəndir?", "Ağqoyunlular və
qaraqoyunlular", "Onun iki qabırğası",
"Yeddi məhbusə", "İtkin ər", "Səhnədə
məhəbbət", "Varlı qadın",
"Mesenat" və sairə pyesləri Bakı teatr səhnələrində
tamaşaya qoyulub. O, hekayə, povest və romanlardan ibarət 7
kitabın müəllifidir.
Həmçinin, “Bala başa bəla” televiziya
tamaşasından və “Mesenat”, “Köhnə ev”
tamaşalarından maraqlı fraqmentlər nümayiş olunub
Sonda Ə.Əmirli səhnəyə dəvət
olunub. O, tədbir təşkilatçılarına və
tamaşaçılara öz minnətdarlığını
bildirib. Görkəmli sənətkara yubiley münasibəti
ilə Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi tərəfindən plaket təqdim olunub.
Qeyd edək ki, yaradıcılıq
uğurlarına görə Əli Əmirli 2000-ci ildə beynəlxalq
”Humay İlahəsi” mükafatına layiq görülüb.
2015-ci ildə isə ona Əməkdar incəsənət
xadimi fəxri adı verilib. 1981-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan
Teatr Xadimləri İttifaqının üzvüdür.
Hazırda "Azərbaycan" ədəbiyyat
jurnalının redaksiya heyətinin və Dövlət Gənc
tamaşaçılar Teatrının bədii şurasının
üzvüdür. Ə. Əmirli 1999-cu ildən pedaqoji fəaliyyətlə
məşğuldur.
Müşfiq, Şahanə.
525-ci qəzet 2018.- 2 noyabr.- S.7.