Alim adının aydın gerçəkliyi

Filologiya üzrə elmlər doktoru Məhəmmədəli Mustafayev elmi mühitdə öz imzasını təsdiq edib, ədəbiyyatşünaslıq sahəsində sözü, mövqeyi olan alim kimi tanınıb. Onun həyat və fəaliyyət yolu zəngindir.

1958-ci ildə Gürcüstan Respublikası Dmanisi rayonunun Az Gəyliyən kəndində dünyaya göz açıb. İlk təhsilini doğulduğu kənddə alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda Dil-Ədəbiyyat ixtisası üzrə ali təhsil almış və təyinatla beş il Dmanisi rayon Yuxarı Qarabulaq kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.

Tələbəlik illərindən elmi işə olan maraq və qabiliyyətinə görə müəllimlərinin diqqətini çəkmiş, ona elm sahəsində yaradıcılıqla məşğul olmağı tövsiyə etmişlər. Akademik Kamal Talıbzadənin dəvəti ilə 1983-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur

1989-cu ildə Kamal Talıbzadənin rəhbərliyi ilə "Azərbaycan sovet ədəbiyyatşünaslığında XIX əsr ədəbiyyatının tədqiqi problemləri (Akademik Feyzulla Qasımzadənin yaradıcılığı əsasında)" mövzusunda yerinə yetirdiyi tədqiqat işini müvəffəqiyyətlə müdafiə etmiş və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Bu, ilk monoqrafik tədqiqatından M.Mustafayev elmi işə ciddi münasibət bəslədiyini və geniş məlumata, biliyə yiyələndiyini, təhlil və tədqiqat bacarığını sübut etmişdir. O, tədqiqatının mərkəzində Feyzulla Qasımzadənin yaradıcılığını saxlamaqla müqayisəli planda Azərbaycan ədəbiyyatşünaslığının tarixinə də ekskurslar etmiş, M.F.Axundzadədən başlayaraq, F.Köçərli, S.Mümtaz, Ə.Abid və başqalarının bu sahədə olan fəaliyyətlərini də araşdırmaya cəlb etmişdir. Eyni zamanda, Feyzulla Qasımzadənin tədqiqatlarından sonrakı mərhələdə ədəbiyyatşü-naslığımızda XIX əsrlə bağlı araşdırmaları da diqqətdən kənarda saxlamış, mübahisəli məqamlara öz münasibətini bildirmiş, ümumittifaq miqyasında gedən prosesləri Azərbaycan ədəbiyyatşünaslığı ilə əlaqələndirmişdir. Feyzulla Qasımzadənin yara-dıcılığına sovet ədəbiyyatşünaslarının münasibətini araşdırarkən ondan bəhs edən tədqiqatçıların özlərinin də elmi, ideoloji mövqeyinə aydınlıq gətirməyə çalışmışdır.

Apardığı tədqiqatlarla XIX əsr ədəbiyyatının dinamikasını mənimsəyən M.Mustafayev filologiya üzrə elmlər doktorluğu dissertasiyasında ("XIX əsr ədəbi-tarixi prosesi Azərbaycan ədəbi-nəzəri fikrində və ədəbiyyatşünaslıqda") XIX əsrin bütün mərhələlərini və mərhələlərin təyinedici prinsiplərini ədəbiyyat tarixinin nəzəri problemləri kontekstində araşdırır. Müstəqillik dövrünün verdiyi imkanlar nəticəsində problemə daha elmi mövqedən yanaşır, sovet ideologiyasının XIX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində ədəbiyyatşünaslığı yönləndirdiyi yanlış dəyərləndirmələri müəyyənləşdirib üzə çıxarır, yeni faktları və arxiv materiallarını tədqiqata cəlb edir.

XIX əsr öz mürəkkəbliyi ilə seçilən ədəbi mərhələyə malikdir; klassik ənənə ömrünün davamına onu uzatmağa, yeni ədəbi nəsil isə sahib olduğu məkanın və gücün daha da artmasına çalışırdı. Maarifçi realizmin bir ədəbi cərəyan kimi formalaşması, divan ədəbiyyatının onunla bəzən uzlaşaraq, bəzənsə çəkişərək yaşaması ədəbi-tarixi prosesin tədqiqini və öyrənilməsini aktuallaşdırır. Doktorluq dissertasiyasında Məhəmmədəli Mustafayev XIX əsr Azərbaycan ədəbiyyatının bütöv ədəbi-tarixi proses kimi tədqiqata cəlb edir. Bir əsrlik ədəbiyyat tariximizin bir əsr yarımlıq ədəbiyyatşünaslıq tariximizdə öyrənilməsinə aydınlıq gətirir. 

M.Mustafayev ədəbi tənqid tarixini və XIX əsr Azərbaycan ədəbiyyatını zəngin arxiv materialları ilə bilən nadir tədqiqatçılardandır. O, fenomenal yaddaşa malikdir və tanış olduğu, üzərində işlədiyi materialları unutmur, dəqiqliklə yadında saxlaya bilir. Müəllifi olduğu monoqrafiyalar - "Akademik Feyzulla Qasımzadə", "XIX əsr ədəbi irsi ədəbiyyatşünaslıqda", "Ədəbiyyatımızın xan çinarı", yüzdən yuxarı məqalə tədqiqatçının araşdırmalarında faktlara və elmi prinsiplərə xüsusi əhəmiyyət verdiyini göstərir.

Yaxşı cəhətdir ki, o, araşdırmalarında ədəbiyyatşünaslığımızın kölgədə qalan tərəflərinə işıq salır, müxtəlif ədəbi mərhələlərdə milli ədəbiyyat tariximizin dinamikasına, tədqiqatçılarının elmi töhfələrinə həssaslıqla yanaşır, onları bir-biri ilə əlaqələndirərək nəzəri müddəalar irəli sürür. Əmin Abid 20-30-cu illərdə axundovşünaslığın bir elm kimi formalaşmasında müstəsna xidmətlər göstərib, dramaturqun yaradıcılığına ayrıca monoqrafiya həsr edib, ədəbi-tənqidi yaradıcılığını aşkara çıxarıb. Bu gün monoqrafiya bütöv şəkildə əlimizdə olmasa da, zamanında ayrı-ayrı hissələri mətbuatda işıq üzü görüb. Məhəmmədli Mustafayev doktorluq dissertasiyasında bu məsələlərə də aydınlıq gətirib, arxiv araşdırmaları ilə onları üzə çıxarıb axundovşünaslığın yaranmasında Əmin Abidin rolu və mövqeyini müəyyənləşdirib. 

M.Mustafayevin alim kimi özünəməxsusluğunu şərtləndirən əsas cəhətlərdən biri də ədəbiyyatşünas alimlərin əməyinə həssas münasibət bəsləməsidir. O, Feyzulla Qasımzadə və Bəkir Nəbiyev haqda monoqrafiyalar müəllifi olmaqla bərabər, eyni zamanda, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, Yaşar Qarayev, İsa Həbibbəyli, Şamil Salmanov, Qəzənfər Paşayev, Nizami Cəfərov, Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə və başqalarının yaradıcılıq yolunu, elmi fəaliyyətini əks etdirən məqalələr müəllifidir. Öz yaşıdlarının da yaradıcılıq uğurlarına ürək genişliyi ilə yanaşır, onların əsərlərinə, elmi fəaliyyətinə münasibət bildirir, monoqrafiyaları haqda resenziyalar yazıb çap etdirir.

80-ci illərin əvvəllərində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbi tənqid tarixi" şöbəsi fəaliyyət göstərirdi. Akademik Kamal Talıbzadənin rəhbərlik etdiyi həmin şöbənin yetirmələrindən biri də Məhəmmədəli Mustafayevdir. Bu da faktdır ki, indiyə qədər Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin mərhələləri bir sistem olaraq tam öyrənilməyib. Düzdür, 20-30-cu illər, müstəqillik dövrü ədəbiyyatşünaslığımız ədəbi tənqidimiz haqqında müəyyən tədqiqatlar olsa da, 40-50-ci və 60-80-ci illər Azərbaycan elmi-nəzəri fikrinin tarixi və problemləri kifayət qədər araşdırılmayıb. O, elmi-nəzəri fikrimizin tarixini, ənənələrini həmişə diqqət mərkəzində saxlayır, sistemli ədəbiyyatşünaslıq və tənqid tarixi yaratmaq üçün uzun illərdir ki, səmərəli fəaliyyət göstərir. Müxtəlif jurnallarda elmi-nəzəri fikrimizlə bağlı sanballı məqalələr dərc etdirir.

Hər hansı bir ədəbi mərhələnin səciyyəsini, həmin dövrün ictimai-mədəni mühitini bilmədən o mərhələdə yetişən yazıçının ədəbi irsi haqqında tam obyektiv fikir söyləmək mümkün deyil. A.Bakıxanovdan da, M.F.Axundzadədən də, N.Vəzirovdan da, ədəbiyyatşünaslıq və tənqid tariximizdən də yazanda o, bir qayda olaraq ədəbi-mədəni mühitdən, dövrün kontekstindən, tarixilik və müasirlik prinsipindən çıxış edir.  

Məhəmmədəli müəllimin elmi yaradıcılığının bir istiqamətini də xalq yaradıcılıq ənənələrinin (xüsusən heca vəzni və heca vəznli janrların) yazılı ədəbiyyatda yaşama şəkillərinin tədqiqi problemləri təşkil edir. O, hazırda Ədəbiyyat Nəzəriyyəsi şöbəsində bu problemlər üzrə araşdırmalar aparır.

M.Mustafayev 2012-ci ildən aparıcı elmi işçi kimi fəaliyyətə başladığı (hazırda Ədəbiyyat nəzəriyyəsi şöbəsində baş elmi işçidir) İnstitutumuzun təşkilati işlərində və yeni kadr hazırlığında da yaxından iştirak edir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi Seminarının üzvü və Ədəbiyyat nəzəriyyəsi şöbəsinin Elmi Seminarının rəhbəridir. Elmi rəhbəri olduğu doktorant və dissertantlar var.

Elmi yaradıcılıqla bərabər, Məhəmmədəli Mustafayev müxtəlif mətbuat orqanlarında ("Azərbaycan məktəbi", "Folklor və etnoqrafiya" (jurnalın elmi katibidir) jurnalı və "Ədalət" qəzeti), universitetlərdə (Odlar Yurdu Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti) on illərlə ölçülən əmək stajına malikdir. Hazırda Sumqayıt Dövlət Universitetinin professorudur (0,5 ş.v.), tələbə və magistrlərə Avropa ədəbiyyatşünaslığının müasir problemləri, Azərbaycan ədəbiyyatşünaslığının tarixi və metodologiyası, Tənqid tarixi, XIX əsr Azərbaycan ədəbiyyatı fənlərini tədris edir.

Məhəmmədəli müəllim bədii yaradıcılıqla da məşğul olur, çap etdirmək marağında olmasa da, gözəl şeirlər müəllifidir. O, aydın mövqeyi olan, dövlət və millət qarşısında, işlədiyi müəssisədə məsuliyyətini hiss edən ziyalılarımızdandır.

Tahirə MƏMMƏD

Filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet  2018.- 2 noyabr.- S.8.