Azərbaycan mədəniyyətində Həsənağa
Turabov fenomeni
Dünya
ədəbiyyatının görkəmli
nümayəndəsi Lev Tolstoy Anton Çexovun yaradıcılığı
haqqında belə deyib:
“Əgər bütün
rus ədəbiyyatı
təsadüf ucbatından
yoxa çıxsaydı
və təkcə Çexovun hekayələri
qalsaydı, bunlar əsl rus həyatı
barədə bütün
dünya xalqlarında
aydın təsəvvür
yaratmaq üçün
kifayət edərdi”.
Bu sözləri Azərbaycan
kinematoqrafiyasına beləcə
aid eləsək, yanlış
olmaz: Əgər bütün Azərbaycan filmləri təsadüf ucbatından yoxa çıxsa və yalnız Həsənağa
Turabovun oynadığı
filmlər qalsa, Azərbaycan filmoqrafiyası,
Azərbaycan həyatı,
düşüncəsi, dini-mental
düşüncəsi barədə
kifayət qədər
dolğun məlumat əldə etmək olardı.
Həsənağa Turabovu bir çox
şəkildə təqdim
etmək olar. Aktyor, Xalq artisti, “Şöhrət” ordeni laureatı, Ali Sovetin deputatı, rejissor, teatr direktoru - qısaca desək, görkəmli sənətkar...
Əsl adı Həsən olsa da, ağayana, aristokrat, zəhmli olmasından dolayı dostları aktyoru “Həsənağa” çağırıblar. Elə tamaşaçılar
da onu bu
cür xatırlayırlar.
O, 1938-ci il martın
24-də, Bakının Zərgərpalan
məhəlləsində doğulub.
Ailənin ilk övladı kimi
dünyaya gələn
Həsənin doğulması
toy-bayrama çevrilir.
Ondan qabaq bir neçə
uşaq olsa da, heç biri sağ qalmamışdı.
Deyilənə görə, adını
imam eşqinə Həsən
qoyurlar. Daha sonrasa
yenə bir oğlan uşağı dünyaya gəlir.
Evləri Dram Teatrının yaxınlığında
olduğu üçün
atası, Həsənlə
kiçik qardaşını
tez-tez teatra aparır. Bütün premyeralara, tamaşalara
birlikdə gedirlər.
Beləcə, Həsəndə teatra, aktyorluğa böyük həvəs yaranmağa başlayır.
Teatrlı, tamaşalı aurada,
sənətin sevildiyi
mühitdə böyüyən
Həsən Turabov hələ məktəbli
olarkən öz həyat yolunu seçir. Müxtəlif teatr dərnəklərinə
yazılır. Dərnəklərdə fitri istedadı, biliyi ilə fərqlənir. Məktəbdə əla qiymətlərlə
oxuduğuna görə
də müəllimlərin
sevimlisi olan gələcək aktyor məktəbi bitirəndən
sonra həyatını
tamamilə sənətə,
teatra bağlamaq qərarına gəlir.
Bu qərarın məntiqi davamı kimi, Azərbaycan İncəsənət İnstitutunun
Aktyorluq fakültəsinə,
tanınmış rejissor
Mehdi Məmmədovun sinfinə daxil olur.
Tələbə yoldaşlarının sözlərinə
görə, H.Turabov çox da fərqlənən
tələbə olmayıb. Özüsə
bu haqda belə deyirdi: “Hiss edirdim ki, aktyor
olmaq üçün
institutda vaxt itirmək lazım deyil”.
Elə buna görədir ki, hələ heç kəsin tanımadığı
Həsən universitetdə
oxuya-oxuya uşaqlıqdan
sevimli məkanı olan Akademik Milli
Dram Teatrına üz tutur. Orda ikinci, üçüncü
dərəcəli rollar
oynamağa, özünü
bir aktyor kimi yetişdirməyə çalışır. Teatr
mühitinin sehrini, teatr “mətbəxi”ni, kulisi öyrənməyə can atır.
Dərsini o vaxt teatrda çalışan Möhsün Sənani, Ələsgər Ələkbərov,
İsmayıl Osmanlı,
İsmayıl Dağıstanlı,
Ağaddaş Qurbanov,
Hökümə Qurbanova,
Leyla Bədirbəyli kimi canlı teatr məktəblərindən
alır.
Hələ tələbəlik dövründə
institutda “Hacı Qara” tamaşasını oynayan zaman izləyicilər
arasında olan Adil İsgəndərov səhnə əsərində
rol alan
Həsənağa Turabovun
oyununu bəyənir. Tamaşa başa çatdıqdan sonra onu yanına çağırıb deyir:
“Sən çox istedadlı aktyor olacaqsan, ancaq komik rollar yox,
dramatik rollar yaratmalısan”.
Bu məsləhət gənc,
həvəskar aktyorun
bütün gələcəyini
dəyişməyə bəs
edir. Bütün yaradıcılığı boyunca, demək olar ki, ancaq
dramatik obrazlar yaradır.
1960-cı
ildə ali
təhsilini başa vuran Həsən Turabov elə həmin ildən Dram Teatrında aktyor kimi fəaliyyətə başlayır, ömrünün
sonuna qədər bu teatrda çalışır.
1987-2001-ci illərdə teatrın direktoru, bədii rəhbəri vəzifələrində işləyir.
Onun rəhbərliyi dövründə
teatr əsaslı təmir edilir, neçə-neçə klassik
və müasir əsərlər səhnəyə
qoyulur. Azərbaycan teatrının ən
köklü qurumu kimi öz parlaq
dövrünü yaşayır.
O, Dram Teatrının yeganə seçkili direktoru olub. Direktorluğa iki namizəd varmış: Həsənağa
Turabov, Məlik Dadaşov. Teatrdaxili seçkinin nəticəsində
Turabov direktor seçilir.
Həmkarları fikirləşirlər ki, bu addım əslində,
Həsənağa Turabovun
ziyanına olub. Çünki artıq yaradıcılığa
kifayət qədər
vaxt ayıra bilmir, teatrın inzibati işlərinə başı qarışırdı.
Üstəlik, teatr kimi bir qurumu idarə
etmək asan deyildi. Ümumiyyətlə,
yaradıcı insanlarla
iş istənilən
yerdə çətindir.
Bu da aktyorun
səhhətinə mənfi
təsir edirdi.
Nəhayət, Turabov teatrdan gedir və gününün
çox hissəsini Teatr Xadimləri İttifaqında keçirir.
Səhnə fəaliyyətinə başladığı
ilk illərdən lirik-psixoloji
üslubuyla seçilən
aktyor, Azərbaycan və dünya dramaturqlarının əsərlərində
bir qayda olaraq baş rolları ifa edir. Ağasadıq Gəraybəyli,
İsmayıl Dağıstanlı,
İsmayıl Osmanlı,
Mehdi Məmmədov, Adil İsgəndərov kimi görkəmli sənətkarlarla tərəf-müqabil
olaraq fəaliyyətini
davam etdirir.
Səhnədə yaratdığı rollar
arasında “Kəndçi
qızı”nda Vahid, “Yaxşı adam”da Azər, “Hamlet”də
Hamlet, “Orman qızı”nda
Lionel, “Ölülər”də Kefli İsgəndər, “Xəyyam”da
Xəyyam obrazları xüsusilə yaddaqalandır.
Subyektiv olaraqsa ən parlaq rolunu Kefli
İsgəndər hesab
etmək olar.
Həsənağa Turabov bir sıra
bədii filmlərdə,
televiziya tamaşalarında
öz ustalığını
ortaya qoyub. “Yeddi oğul istərəm” filmindəki
Gəray bəy obrazını aktyorun kino yaradıcılığının
ən parlaq səhifəsi kimi qiymətləndirmək yanlış
olmaz. Bu barədə
aktyorla söhbət aparanlarasa çox təvazökarcasına belə
cavab verirdi: “Bu rejissorun seçimidir, mən yalnız onun dediklərini etmişəm”.
Əslində eləydimi? Əlbəttə, yox. Görkəmli aktyor ən xırda obrazdan tutmuş, baş qəhrəmana qədər bütün rollarına eyni məsuliyyətlə yanaşır, onun ruhunu hiss edir, can qoyurdu. Bütün rollarına öz improvizasiyasını, pozitivizmini qatırdı. Etiraz edən rejissorlarısa ən doğrusunu etdiyinə inandıra bilirdi. Çünki hər obrazı yaşatmağı, bu hissi tamaşa edənlərə də ötürməyi bacarırdı.
“Yeddi oğul istərəm”də Kələntər obrazını canlandıran İsmayıl Osmanlı rolu o qədər inandırıcı oynayır ki, nümayişdən sonra hər yerdə qınaq obyektinə çevrilir. Aktyor yoldaşının çətin vəziyyətdə olduğunu görən Həsənağa Turabov çıxış hazırlayır. Tamaşaçılara bunun sadəcə film olduğunu izah edir. Beləcə, İsmayıl Osmanlı rahat nəfəs ala bilir.
Qızı Sevinc Turabova deyir ki, atası Gəray bəy obrazı ilə ilk növbədə özünü ifadə edib: “Atam Gəray bəy obrazıyla öz həyatını yaşayıb. Elə bil, Gəray bəy özüdür ki, var. Xasiyyəti eyniydi. Mərd, qürurluydu. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Gəray bəy mənfi obraz olsa da, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar”.
Digər yaddaqalan rolu “Babək” filmində yaratdığı Afşin obrazıdır. Qəribədir ki, Afşin Gəray bəy kimi mənfi obraz olsa da, Həsənağa Turabovun müsbət xarakteri qarşısında “duruş gətirə” bilmir, izlərkən tamaşaçılarda müəyyən müsbət çalarlar doğurur.
H.Turabovun “Axırıncı aşırım”, “Çarvadarların izi ilə”, “Ürək... Ürək...”, “Sevinc buxtası”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da ifa tərzilə seçilir.
Həm rejissor, həm də baş rol ifaçısı olduğu “Qanlı zəmi” filmində çəkiləndə bəziləri etiraz edib ki, bu obraz üçün Həsən Turabov çox yaşlıdır. Filmin digər rejissoru olan Əbdül Mahmudov bu məsələyə belə aydınlıq gətirib: “Bəzi ağzıgöyçəklər çox söz danışdı. Amma Qaçaq Nəbi də cavan oğlan olmayıb. Filmin çəkilməsində Həsənin böyük rolu olub. Həmin vaxt Adil İsgəndərovu kinostudiyadakı işindən çıxarmışdılar. Tələbəsi olduğum üçün mənə də film çəkməyə icazə vermirdilər. Həsən o vaxt kino işlərinə nəzarət edən mötəbər şəxslərin yanına gedib icazə aldı”.
Dostlarının sözlərinə görə, Həsənağa Turabov şahmat oynamağı çox sevər, uduzanda da özünü elə aparardı ki, guya uduzan o yox, rəqibidir. Başqa qəribəliyisə siqaretlə bağlıydı. Hər gün iki qutu siqaret alır, bir qullab alıb tullayır, niyəsini soruşandasa siqaretin onu darıxdırdığını deyirmiş...
Turabovun əsas xoşbəxtliyi şəxsiyyət kimi bütövlüyündə, bu bütövlüyün yaradıcılığına da sirayət etməsindəydi. Rolları arasında ayrı-seçkilik qoymur, hər birini ən kiçik xırdalığına qədər canlandırmağa, həyatilik qazandırmağa çalışırdı. Ona görə də onun obrazları film lentində, teatr səhnəsində qalmırdı. Ayaq açıb küçəyə çıxır, əhalinin arasına qarışır, yaşayırdılar.
Aktyor cəmi 64 il yaşayıb. Bu 64 ildə Azərbaycan kinosuna, teatrına əlindən gələn qədər xidmət etməyə çalışıb. Parlaq obrazlarla Azərbaycan tamaşaçısının yaddaşına hopub, Azərbaycan incəsənət tarixinə adını qızıl hərflərlə yazmağı bacarıb. Amma yenə də bütün sənət arzularını həyata keçirə bilməyib, canlandırmaq istədiyi obrazları yarım qalıb.
Ömrünün son illərində Ağa Məhəmməd Şah Qacar rolunu oynamaq istəsə də, əcəl imkan verməyib. 10 il sonrasa - 2013-cü ildə Dram Teatrında 75 illik yubileyi keçiriləndə sənətkarın bu arzusunu nəzərə alıb “Qacar” tamaşasını onun yubileyinə həsr ediblər. Baş roldasa daha bir görkəmli sənətkarımız - Fuad Poladov...
Son çəkildiyi filmlərsə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun “Ailə” və Eldar Quliyevin “Nə gözəldir bu dünya...” filmləri olmuşdu.
Həsənağa Turabovun xəstəliyi və ölümü haqqında bir neçə versiya var. Ən yayğınısa oğlunun həlak olmasına dözməməsidir.
Yaxınları deyirlər ki, onu böyük oğlu Daşqının dərdi öldürüb. Daşqın Siyəzəndə cinayət axtarış bölməsinin əməliyyat müvəkkili işləyib.
1997-ci ilin martında tutmaq istədikləri, narkotik təsiri altında olan cinayətkar avtomatla atəş açır. 6 güllə yarası alan Daşqın xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilmirlər. Atəş açan şəxs kimi öldürdüyünü biləndən sonra etiraf edir ki, qarşısındakının kim olduğunu bilsəydi, heç vaxt atəş açmazdı.
O vaxta qədər
sağlamlığından şikayət etməyən sənətkarın
səhhəti bu hadisədən sonra pisləşməyə başlayır. Həkimlər
məsləhət görürlər ki,
tezliklə əməliyyat olunmalıdır. Amma
heç kəs əməliyyatı boynuna götürmək istəmir, deyirlər
ki, ürəyi çox
zəifdir, sağ qalma
şansı azdır. H.Turabov İrana aparılır. Dilindən
yazılı iltizam alınandan sonra əməliyyat olunur.
Həkimlər bundan sonra
10 il də yaşayacağını desələr
də, heç 4 il
yaşamır. 2003-cü ilin fevralın
23-də uzun sürən xəstəlikdən
sonra dünyasını dəyişir. Kino və teatr sənətimizdəki
Turabov fenomeninin isə
ömrü əbədididr.
Cavid
QƏDİR
525-ci qəzet.- 2018.-3 noyabr.- S.23.