Saqanı sevirsinizmi?   

 

“SALAM, KƏDƏR”İN MÜƏLLİFİNƏ FRANSA ƏDƏBİ MƏTBUATININ YENİ BAXIŞI

 

 

Seyfəddin Hüseynli ruscadan çevirib

 

Bir vaxt böyük qalmaqala səbəb olmuş “Salam, kədəradlı yığcam romanın yaranmasından 65 il keçir. Bu romanı kimsənin tanımadığı, hələ 18 yaşı tamam olmayan bir qız 1953-cü ilin yayında cəmi 6 həftəyə, özü şagird dəftərinə yazmışdı. Yetkinlik yaşına çatmadığı üçün onun yerinə naşirlərlə müqaviləni valideynləri imzalamış, qonorarını da onlar almışdılar: hər addımında böyüklərinin razılığı tələb olunurdu.

Romanın adını o, lap uşaqlıqdan şeirlərinə valeh olduğu Pol Elüardan götürmüşdü. Təxəllüsü isə çox sevdiyi Prustdan. İtirilmiş zamanın...” qəhrəmanları olan varlı, qayğısız, bildikləri kimi yaşamağa alışmış ər-arvaddanborc götürdüyübu təxəllüsün arxasından gənc yazıçının əfsanəvi gələcəyi boylanırdı.

Füsunkar balaca bədheybət” - Fransua Moriak onu belə adlandırmışdı. Saqanın ilk romanında dövrün əxlaqi meyarlarına tam biganəlik, bir seksual azadlıq şövqü hakimdir. Romanın yeniyetmə qəhrəmanı - Sesil əlini ağdan-qaraya vurmaq istəmir, təkcə öz burjua mühitinin ideallarını yox, feministlərin əxlaq anlayışını rədd edir, işləməyə, oxumağa meyli var. O, bugünü yaşayır, sabah haqqında qəti düşünmür.

Mühiti qəzəb bürümüşdü: “Rəvadırmı ki, avaragorluğa, tənbəlliyə, seksual azadlığa beləcə bəraət qazandırılsın?!”

Sesil tək deyildi. Kolettin 20-ci yüzilin əvvəllərində yaratdığı Klodinanı saymasaq (“Salam, kədərelə Kolettin öldüyü il çıxmışdı deyə, çox adam Saqanı onun davamçısı kimi görürdü), İkinci Dünya Müharibəsinə qədər romanlarda yeni nəsli, əsasən, oğlanlar təmsil edirdi. Savaşdan sonrakı illərin nəsrində isə yeni qəhrəman obrazı peyda oldu: açıq-saçıqlığa meyilli yeniyetmə qız! Simona de BovuarınQonaq”ında, SartrınKamillik yaşı”nda, Marqaret DürasınSakit okeana qarşı bənd”ində olduğu kimi. “Salam, kədər”in ardınca isə gənc qadınların etiraf məzmunlu yazıları axına çevrildi.

Bu romanda sərbəst ifadə üslubunun ənənəvi təhkiyə tərzi ilə uzlaşması qəribə görünür: çünki həmin dövrdə hakim olanyeni roman” anlayışı oturuşmuş nəsr normalarını rədd edirdi. Saqan sonralar etiraf etmişdi ki, forma xatirinə yazılan mətnləri oxumaq onu ölümünə darıxdırır. Buna görə modernizmi yox saymış, axıra qədər heç bir cərəyana qoşulmamışdı. Onu sıxışdırıb hansısadəyərlər sistemiçərçivəsinə salmaq istəyənlərdən uzaq duran, mövzu, janr, üslub seçimində sərbəstliyini qoruyan Saqanın bu davranışı, təbii ki, qıcıq doğurmaya bilməzdi. Saqanı əvvəlcə yalnızvarlı, kefikök adamların dünyası”na baş vurmaqda qınayırdılar. Mövzunu dəyişibbalaca adam”dan (“Süləngi”, 1980) söz açanda isə tənqid onun üstünə düşürdü ki, niyəbələd olmadığı mətləblər”ə girişir?

Saqanın ilk romanının uğur qazanmasına Parisdəki iki nüfuzlu naşirin - Qallimarla Jülliar arasındakı rəqabət təkan vermişdi. Birincinin bəlli bir üstünlüyü vardı, Jülliara isə mübarizədə önə keçmək üçün yeni qüvvələr, yeni istedadlar gərəkdi. “Salam, kədər” tam vaxtında gəlmişdi. Qallimar onu elə-belə, candərdi oxuyur, hövsələsiz qız da əlyazmasını geri alıb Jülliara aparır, o isə romanı cəmi iki ay sonra - 5 mart 1954-cü ildə çapa imzalayır. İki yüz minlik tiraj həmin ilin sonunacan tükənir. Saqan əfsanəsi belə yaranır. Jülliar bu əfsanəyə yol açmaqla qalmır, jurnalistləri cəlb edib onu ustalıqla dəstəkləyir.

Saqan öz qəhrəmanları ilə çiyin-çiyinə duran, həm məşhurluğuna görə mediaya çox borclu olan ilk fransız yazarlarındandır. Yaradıcılıqda “bestseller fabriki”nə çevrilmiş olsa da, kütləni onun romanlarınınmı, yoxsa qalmaqallı həyatınınmı daha çox cəlb etdiyini demək çətindir. Sen-Trope, havaya sovrulan pullar, kazino, alkoqol, narkotik... Arsız adamların qayğısız həyatı... Saqan, özü demişkən, yalnız pullardan, maşınlardan, viskidən bəhs edən bir komiksin qəhrəmanına çevrilmişdi. Keyfim kök olanda bu halım mənə ləzzət verir. Əhvalım pozulanda isə qıcıqlandırır...” - radioya 1956-cı ilin avqustundakı açıqlamasındandır bu sitat. Medianın gətirdiyi şöhrət ona çox böyük tiraj qazandırır. Yeni bir romanı çıxdısa, son model “Ferrari”nin pulu hazırdır. İş bununla bitmir. Narkotik üçün pul lazımdır. 1957-ci ildə ağır maşın qəzasına düşəndən sonra xəstəxanada morfiyə dadanır, ömrünün axırına qədər tərgitmir (xəstəxana gündəliyini 1964-də “Zəhərliadıyla nəşr etdirib).

1962-ci ildə Rene Jülliar ölür, Saqan başqa nəşriyyatla anlaşır. Amma onunharınlamış varlıların darıxmağı”ndan söz açan yeknəsəq romanlarına maraq öləzimişdi, tirajı düşürdü. Fransızlar özlərinə yenibütlərtapmışdılar. 1968-in may hadisələri isə cəmiyyəti təpədən-dırnağa titrədib, insanları yeni məsələlər, yeni ideyalar barədə düşünməyə sövq etdi. Əfsanələşmək mumiyalanmaq kimidir: qurudub qaxaca döndərirlər. Saqan haqqında ədəbi tənqid öz rəyini biryolluq vermişdi, heç vaxt da dəyişmədi: bəlli ölçüdə istedad, yüngül akvarel üslubu, incə psixologizm, ancaq son dərəcə səthi, dayaz düşüncə... Tezbazar xərclənən naşir avanslarını doğrultmaq xətrinə yazılan ortabab romançalar... Elə bil müəllif, yazdığını tezcə bitirməyə çalışır ki, qələmi yerə qoyub avara dostlarının keyf məclisinə qoşulsun. Yazıçılıqla bir araya sığmayan həyat tərzi... Ciddi yazıçıdan çox, “şirin həyatovqatlı bir personaj...

Bəziləri ömür boyu şedevr yaratmağa doğru gedirlər, Saqanın isə yolu şedevrdən başlanmışdı. O, öz şöhrətiniuzun sürən təsadüf”, romanlarını isəəlüstü yazılan xoş əhvalatlaradlandırırdı. Sürətlə, həm asanlıqla yazır (ikinci romanı olanTutqun təbəssüm”ü ikicə aya bitirmişdi), haqqında deyildiyi kimi, özününsəssiz musiqi”sini ləzzət içində bəstələyirdi. Yazanda özünü xoşbəxt hiss edirdi. Gərək bu işi sevəsən, onda yazmaq istəyi hər şeyi üstələyir” - bunu da 1956-dakı radiosöhbətdə demişdi. Uzun illər sonra avtobioqrafik kitabıMənim ən gözəl xatirələrim”də Saqan bir vurğulamışdı ki, həyatının ən mühüm keyfiyyəti ədəbiyyatdır, yazıçılıqdır.   

Yaradıcılığının ən sərt tənqidçisi elə Saqan özü idi. 1998-ci ildə çıxan son yazılarının birində iyirmiyə qədər əsərini yenidən oxuyub təhlil etmiş, onların yarandığı dövrdəki mühiti, insanları xatırlamış, amma qətiyyən özünü təmizə çıxarmağa cəhd göstərməmişdi.

Fiziki zəifliyinə, nizamsız həyat tərzinə, alkoqol narkotikə düşkünlüyünə rəğmən, Fransuaza Saqan 69 il yaşadı. İyirmi roman, on pyes, mahnı mətnləri (Jülyett Qreko ilə Conni Holidey üçün) yazdı. Ölümündən indi 15 ilə yaxın vaxt keçən Saqanın kitabları, demək olar, daha satılmır, pyesləri çoxdan oynanılmır, mahnıları da unudulub. 2008-ci ildə onunla bağlı bioqrafik film ekrana çıxdı. Ancaq onun qəhrəmanı hansı Saqandır: gerçəkmi, uydurmamı?

Oğlu Denis 2010-cu ildə Fransuaza Saqan adına ədəbi mükafat təsis edib, amma Sen-Jermendə yayılmış tərəfkeşlik mərəzi üzündən, münsiflər heyətini hər il dəyişməyə, üstəlik, son dəqiqəyəcən gizli saxlamağa qərar verib.

Əfsanədən nə qaldı? Həyata yelbeyin münasibət... Saqan özlərinə heyfi gəlməyən, uzun yaşamağa can atmayan, doğruya-yanlışa baxmayıb mümkün qədər “cavanlıq etmək” istəyən insanların ifratçılığı zövq mənbəyi, həyatın mənası bildikləri və artıq arxada qalmış bir dövrün təcəssümüdür. 1987-ci ildəki bir müsahibəsində o deyirdi: “Həyatın gözəlliyi bundadır ki, ifratçılıq üçün daima yeni imkanlar açır”. Oğlu isə Saqanın ölümündən sonra belə demişdi: “Fransuaza iri burjuaziyaya mənsub idionu xilas edən də bu oldu”. Başqa sözlə, Saqanı yaxşı tərbiyə alması və yaxşı zövqə sahib olması xilas etmişdi. Pula saymazyana münasibəti - pul insana xidmət etməlidir, insan pula yox - də bundan irəli gəlirdi, ölçü-biçini sevməməsi də. Müasir yazıçıların az qala hər romanda mütləq özlərindən dəm vurmaq şakəri də məhz bu səbəbdən Saqana yad idi. Onun aləmində, “yazmaq özünü unutmaqdır!” 

Tənqidçilər Fransuaza Saqanı ədəbiyyatda da, həyatda da zəriflik timsalı sayırlar. Onun ilk romanı - “Salam, kədər” isə, hər necə olsa da, fransız ədəbiyyatında öz yerini tutub.

*Yazının başlığı Fransuaza Saqanın “Bramsı sevirsinizmi?” əsərindən gəlir.

Sim-sim.az

 

525-ci qəzet.- 2018.-3 noyabr.- S.19.