Susqunluq, yoxsa kommunikasiya: hansına
“qızıl” deyək?
Niyə kommunikasiya?
Bu gün kommunikasiya özünün “qızıl”
dövrünü yaşayır. İnformasiya-kommunikasiya
texnologiyalarının (İKT) sayəsində ünsiyyətə
o qədər məhkumuq ki, istəsək də ondan uzaq dura
bilmərik. “Kommunikasiya” - “communicatio” latın
mənşəli söz olub bir neçə məna ifadə
edir. Mahiyyətcə onlar bir-birinə çox
yaxındır - insanlar arasında informasiya mübadiləsinə
əsaslanan əlaqə mənasını ifadə edir. Lüğətləri və digər qaynaqları
araşdırmadan da deyə bilərik ki, ünsiyyətin əsas
məqsədi qarşılıqlı anlaşmanı təmin
etməkdir. Başqa sözlə,
kommunikasiya hər hansı problemin,
anlaşılmazlığın danışıq yolu ilə,
etik normalar əsasında toqquşmasız, qarşıdurmasız
həllinə hədəflənir. Buna nail
olmağın ən optimal yolu isə lap əvvəldən
müsahibini danışığa dəvət edərək
problem böyümədən həll yollarını birgə
axtarmaqdır. Susub, susub, sonra qəzəblə,
əsəbi halda çımxırmaq və ya
qışqırmaq kommunikasiya deyil. Əksinə,
normal kommunikasiyanı mümkünsüz edən hərəkətlərdir.
Kommunikasiya
“dəbdədir”, həm də dəbdədir
Kommunikasiya haqqında söz düşəndə daha
çox İKT, sosial media və oxşarları ağla gəlir. Amma hər
şey bununla bitmir. Verbal (yəni
sözlü, söz vasitəsilə) və qeyri-verbal yolla
mesaj göndərmək, xəbərləşmək, söhbətləşmək
o qədər dəb halına düşüb ki, dəbin
özü də ona “yoluxub”. Məsələn,
küçədə, ictimaiyyət arasında insanların
geyimlərinə diqqət yetirmək kifayətdir ki, bunun
şahidi olasan. Üzərində müxtəlif məzmunlu
yazılar -
mesajlar, qeyri-standart ideya və
yanaşmalar bildirən sözlər, fikirlər,
çağırışlar həkk edilmiş nə qədər
geyim görəcəksiniz. Qlobal şirkət və
korporasiyaların devizlərini xatırladan mesajları da geyimlərin
üzərində oxuya bilərsiniz - “Just do!” (“Nike”
şirkətinin devizini xatırladır), “Life is so good”
(LG-ninki kimi) və s. Son zamanlar bütün dünyada
yayılmış dəri döymələri - tatuları
xatırlatmaq yerinə düşər. Milli
mənsubiyyət, yaş, cins kimi göstəricilərdən
asılı olmayan döymələr kommunikasiyanın
qeyri-verbal forması sayılır. Kommunikasiyanın
bu formaları bir çox ölkələrdə elm sahəsi
kimi ciddi öyrənilir.
Stereotiplər - toplumca birgə, yoxsa eyni
düşünmə modeli?
Harada insan varsa, orada stereotiplər var, yəni
“daşlaşmış” düşüncə və davranış
qəlibləri. Həm də harada insan varsa, orada
anlaşılmazlıq var. Əslində, stereotiplərin
funksiyalarından biri də bu anlaşılmazlığı
azaltmaqdır. Hər bir toplum
üçün ümumi sayılan düşüncə
stereotipləri var. Məsələn, bu məqamda azərbaycanlı
bu cür düşünməlidir (danışmalı və
ya hərəkət etməlidir), gürcü bu cür,
fransız da o cür. Stereotiplər kommunikasiyada
böyük rol oynayır və o, lazımınca dəyərləndirilməlidir.
Sözsüz ki, stereotiplərin yaranması, toplumda “yaşam hüququ
qazanmasında” çox sayda amil rol oynayır. Bu amillərdən
biri də budur ki, stereotiplər insanları
düşünüb-daşınmaq, qərar qəbul etmək
“yükündən” və məcburiyyətindən azad edir. Adət-ənənələr
kimi, onlar da bir topluma mənsub olan insanları birləşdirmək
funksiyasını yerinə yetirir, başqa sözlə,
onların bir ağızdan danışan “dilinə”
çevrilir. Bu səbəbdən də
stereotiplərin güclü və dominant olduğu cəmiyyətlərdə
kommunikasiyaya, özəlliklə də verbal ünsiyyətə
xüsusi ehtiyac duyulmur. Problemi dinləmələr,
müzakirələr, başqa sözlə, verbal kommunikasiya vasitəsilə həll
etmək kimi əhəmiyyətli üsullar arxa planda qalır.
Çünki insanlar yox, stereotiplər
“danışır”. Hər şeyi onlar həll
edir - stereotiplər. Belə vəziyyətlərdə
insanlara sadəcə bu stereotiplər sistemində öz rolunu
sona qədər “oynamaq” qalır.
Bəs birgə yaşayış qaydaları?
Əslində, biz demək olar ki, həmişə
insanlar arasındayıq. Başqa sözlə, buna məhkumuq.
İnsanlararası münasibətlərdə ənənəvi
yanaşma və stereotiplərin əsas funksiyası da
ümumi anlaşmanı təmin etməkdir. Lakin həyat müxtəlif gözlənilməz,
proqnozlaşdırıla bilinməyən “döngə”lərlə
zəngindir. Xüsusilə həyat tərzimizin sürətlə
dəyişdiyi bu günlərdə. O səbəbdən
də stereotiplər hər zaman faydalı olmaya bilər.
İnsanların birlikdə rahat və sülhsevər ortamda
yaşamaları istənilən dövrdə toplumların əsas hədəfidir. Hər hansı cəmiyyətin
tərəqqisi həm də bununla müəyyən olunur - bu
toplumda insanlar birgə yaşama qaydalarında nə qədər
nailiyyət əldə ediblər, bu qaydalar nə qədər
sivil və humanistdir, toqquşmalardan uzaqlaşma yolları necə
həll olunub? Toplumda anlaşmanı nələr,
hansı üsullar təmin edə bilər və s.
3 K -
kültür, klişelər və kommunikasiya
Hər bir kültür yaşam və düşüncə
tərzini (buraya adət-ənənələr də daxildir)
özündə birləşdirən mürəkkəb
sistemdir. Kültürləri bir-birindən ayıran,
onları özəl edən cəhətlər var. Təbii
ki, bizim kültürümüz də istisna deyil.
Utancaqlıq, onun həm nitqdə, həm də
davranışlarda nümayiş etdirilməsi
kültürümüzün əsasında duran prinsiplərdən
biridir deyə bilərik. Buna “ayıb kültürü” deyilir.
Bu cür səciyyənin kökündəki əsas
amil - tez-tez səslənən “ayıbdır” kəlməsidir.
Təbii ki, bu “ayıb kültürü” dildə
də öz əksini tapır. Təsadüfi
deyil ki, bizdə bəzi məsələlər haqqında daha
açıq, direkt danışarkən “türkün məsəli”
ifadəsi tez-tez işlədilir. Başqa sözlə, bir
azərbaycanlı “ayıb” sayıla biləcək fikri səsləndirərkən
“türkün məsəli” deyirsə, böyük ehtimalla,
ünsiyyət ortaqlarına “adətən biz belə demirik,
amma bunu başqa cür də deyə bilmirəm, türklərsayağı
birbaşa deyirəm” mesajı verir.
Danışmaq, bilmədiyini verbal olaraq (yəni fikrini
açıq - sözlə ifadə edərək) soruşmaq,
səni narahat edən məsələ haqqında fikrini deyib
durumu dəyişməyə cəhd etmək səylərinin
qarşısı adətən elə bu söz və ifadələrlə
alınır - ayıbdır, camaat nə deyər? Problemi həll
etmək üçün danışıq, müzakirə
yolunu seçməyib səssizliyə üstünlük verənlər
təbii olaraq fikir və hisslərini ifadə etmək
üçün uyğun effektiv söz, ifadə və
danışıq üsullarının axtarışına da
cəhd göstərmir, klişelərlə kifayətlənirlər.
Bunun məntiqi nəticəsi kimi dildə
çeşidli, çevik ifadə formalarının
yaranmasına və sabitləşməsinə ehtiyac
yaranmır.
Verbal
ünsiyyəti, müzakirələri, barışcıl
söhbət tərzini həll yolu kimi önəmsəməyən
və ya görməyən toplumlarda xoşgörülü
yanaşmada da “axsamalar” ola bilər. Sadəcə
ona görə ki, ünsiyyət “ya ağ,
ya qara” formuluna əsaslanır. O zaman xoşgörülü
yanaşmanı mümkün edən söz və ifadələrin,
həmçinin, məntiqli dəlillərin
qıtlığı hiss oluna bilər. Belə
hallarda verbal ifadə üçün uyğun klişelər
tapılmadıqda istər-istəməz digər dillərdəki
ifadələr işlədilir. Cəmiyyətdə “Azərbaycan
dili zəngin dil deyil” fikrinin tez-tez təkrarlanmasının səbəblərindən
biri bu ola bilərmi? Başqa sözlə,
bir çox hiss və fikirləri ifadə etməkdə
çətinlik çəkərkən dili
günahlandıranlar mentalitetimizin bu yönünə diqqət
yetiriblərmi?
“Ayıb” haqqında danışmaq ayıbmı?
“Ayıb kültürü”nün kökündə duran
utancaqlıq, təşəbbüs göstərməkdən,
qərarlı olmaqdan çəkindirir, bu hərəkətlər
faydalı və zəruri olsa belə. “Ayıbdır!”
sözünün toplumsal səviyyədə və əksər
situasiyalarda dönə-dönə təkrarlanması
basqıya çevrilir. O da qeyd edilməlidir ki, bu tipli
kültürlərdə toplumdakı təbəqələrin
bir qismi, məsələn, qadın və uşaqlar, bu
basqıya daha çox məruz qalırlar.
Fikir vermisinizsə, türkcədə bizim utancaq kimi ifadə
etdiyimiz keyfiyyətə “utangaç” (utanqaç) deyilir. Güman ki, bu, iki feilin -
“utanmaq” və “qaçmaq” feillərinin “tandem”indən
yaradılıb. Utanan adam gerçəkdən
də qaçır - ünsiyyətdən, diqqəti
özünə cəlb etməkdən, çoxluq arasında
seçilməkdən, yəni özünüifadə ilə
bağlı olan hər bir hərəkətdən. O, həmişə
sıxılır, özünə qapandığına
görə ictimai yerlərdə dialoqa girməməyə,
müzakirələrə qoşulmamağa
çalışır. Bu isə həmin şəxsdə
ünsiyyət təcrübəsinin yaranmamasına səbəb
olur. Xüsusilə də ictimai kommunikasiya
üçün lazım olan keyfiyyətlər inkişaf etməmiş
qalır. Nəticədə qapanma daha da
güclənir, çünki müzakirəyə
qatılacağı halda onu davam etdirəcəyinə, məntiqli
dəlillər irəli sürə və özünü
müdafiə edə biləcəyinə əmin deyil. Beləliklə, o şəxs toplumda
danışıq yolu ilə həll edilməli olan mübahisəli
məsələlərin müzakirəsinə qatılmır.
Nəinki mübahisəli, hətta ən adi vəziyyətlərdə
belə - məsələn, kimə isə dəydikdə
üzr istəmək, kimə isə köməyinə görə
təşəkkür etmək və s. - ünsiyyətə
girməkdən qaçır.
Bu cəhət
kültürdə əsas və hətta üstünlük
verilən keyfiyyət olduqda isə vəziyyət qəlizləşir. Yuxarıda deyildiyi kimi, insanlar məsələni
danışıq və müzakirələr yolu ilə həll
etmək mərhələsini qaçırdıqlarına
görə, vəziyyət lap qəlizləşəndə
reaksiya verirlər. Bu zaman isə artıq
aqressiv metodlar işə düşür, yəni
dava-dalaş, təhqiramiz ifadələr və hərəkətlər
bol olur. Əslində, biz tez-tez bunun
şahidi oluruq. Xəbər saytlarında az
qala hər gün bıçaqlanma ilə bitən
münaqişələr haqqında məlumat görmək
olar. Münaqişənin həllinə yönəlmiş
xoşgörülü kommunikasiya üsullarının
qıtlığı və ya düzgün, yəni
qarşılıqlı hörmətə, etik normalara söykənən
ünsiyyət qaydalarına əhəmiyyət verməmək
bir çox problemlərin dava-dalaşla, qanlı hücumlarla
bitməsinə səbəb olur.
Burada utancaqlığı zərərli və ya
lazımsız bir cəhət kimi göstərmək niyyəti
yoxdur. Əlbəttə, bir sıra məqamlarda o da
çox faydalı və hətta zəruridir. Sadəcə hər şey qədərində və
yerində olmalıdır. Bir də toplumdakı bəzi
insanlar utancaq ola bilərlər, amma
hamının bu keyfiyyətə malik olması mümkün
deyil. Məntiq və ağıl qanunları bunu
istisna edir. O zaman utancaqlıq sadəcə göstərgə
keyfiyyətə çevrilir, yəni qondarma, saxta xarakter
alır.
Birgə
yaşayış qaydalarının “danışan dili” - verbal
ünsiyyət
İctimai yerlərdə kiminsə bilmədən kiməsə dəyməsi, bəzən zərblə toqquşması və sonra da üzr istəmədən keçib-getməsi halları ilə hamımız qarşılaşmışıq. Bir sıra ölkələrdə bu hərəkət - kiminsə narahatlığına səbəb olan çarpmaya görə üzr istəməmək - çox kobud hərəkət kimi qiymətləndirilərdi. Lakin zərblə kiməsə dəyərək sonra da sakitcə keçib-gedən insanımız əslində, üzr istəməyəcək qədər kobuddurmu? Bəlkə bunun başqa səbəbi var? Bəlkə o şəxs ürəyində səbəb olduğu narahatlığa görə özünü qınayır, amma bunu verbal ifadə etməyə, yəni dilinə gətirməyə çəkinir. Məsələ burasındadır ki, bizim toplumda insanlar bəzən adi məqamlarda belə verbal kommunikasiyadan qaçınırlar. Onlar ənənələrə uyğun davranırlar - yəni danışıb digərlərinin nəzərini özünə cəlb etməkdən, hisslərini, düşüncələrini sözlə ifadə etməkdən utanırlar. Qısası - stereotiplərə sadiq qalırlar.
Ölkəmizdə maraqlı və dramatik hadisələrin baş verdiyi yer - ictimai nəqliyyat, xüsusilə də avtobuslar. Fərz edək ki, siz əliniz dolu avtobusa minib kiminsə yanında əyləşirsiniz. Bu zaman əlinizdəkilərin yanınızda oturan şəxsə toxunması, bəzən isə onu lap kənara sıxılmağa məcbur etməsi mümkündür, çünki əşyakarınız həm çox, həm də böyükdür. Siz heç bir söz demədən eyni qaydada oturmağa davam edərsinizsə, bu, yanınızdakı şəxsi qıcıqlandıra bilər, çünki o, bu hərəkəti kobudluq sayacaq. Əksinə, əşyalarınızın ona mane olub-olmadığını soruşsanız, o, böyük ehtimalla “Yox, yox, mane olmur, narahat olmayın” deyə cavab verəcək və hətta bu yolla kömək etməyə çalışacaq. Bu, verbal kommunikasiyanın gücünə bir misaldır. Onlar - sözlər vəziyyəti kökündən dəyişə bilir. Təsadüfi deyil ki, bir çox inkişaf etmiş ölkələrdə “təşəkkür edirəm”, “zəhmət olmasa” kimi kəlmələri “sehrli sözlər” adlandırırlar.
Toplum həyatı, birgə yaşayış qaydaları nəzakətlilik və ədəb-ərkan qaydalarının da verbal yolla gerçəkləşməsinə güclü ehtiyac duyur. Verbal ünsiyyət fəaldırsa, söz yaradıcılığı da daha çevik və yaradıcı olur. Başqa sözlə, insanlar öz fikir və hisslərini daha dolğun və ətraflı ifadə edə bilirlər.
Artıq qeyd edildiyi kimi, biz həmişə
insanlar arasındayıq - evdə, işdə, nəqliyyatda,
dükanlarda və s. Təbii ki, insanlararası
ünsiyyət və təmas zamanı fərqli münasibətlər
yaşanır. Ünsiyyət ancaq problem həll etmək
üçün deyil, həm də informasiya mübadiləsi
aparmaq, kimin üçünsə faydalı olmaq, kimdə isə
pozitiv bir hiss oyatmaq üçün də lazımdır.
Bütün bunları gerçəkləşdirmək
üçün ən vacib vasitələrdən biri isə
verbal ünsiyyətdir. Barışcıl, anlaşmaya,
xoşgörüyə köklənən
ünsiyyət bir çox məqamlarda əsl möcüzələr
yarada bilir.
Təranə
MAHMUDOVA
BDU-nun
Beynəlxalq jurnalistika kafedrasının dosenti
525-ci qəzet.- 2018.-3 noyabr.- S.18.