190 yaşlı həmdəmim: Tolstoy...
190 yaşı var imiş Tolstoyun... Bu ilin sentyabr ayında
bütün zamanların
və zəmanələrin
ən böyük yazıçılarından birinin
- Lev Nikolayeviç Tolstoyun
190 yaşı tamam oldu...
Təkcə rus yox, dünya
ədəbiyyatı klassikinin
istər bioqrafiyasına,
istərsə də yaradıcılığına nəzər
salanda rəqəmlər
əhəmiyyətini itirir. Adama elə gəlir ki, o, həmişə 100 yaşında qoca müdrikliyi ilə yaşayıb, heç vaxt cavan olmayıb...
Amma eyni zamanda, tərəddüd
edirsən, elə isə necə olub ki, bu
yüz yaşlı qoca hisslərin sehrini itirməyib, özünü gah uşağın, gah yeniyetmənin, gah müdrik ağsaqqalın,
gah da çılğın
aşiqin yerinə qoyub yazıb?! Bəli, yazıb, nəfəs dərmədən,
yorulmadan... Düz 90 cild!!! Bu günlərdə
rus tənqidçisi
Lev Aninnskinin müsahibələrindən
birində verdiyi adidən adi informasiya yerlə-yeksan etdi məni: 40 yaşımda Tolstoyun 90 cildliyini yenidən (yenidən e!) oxudum! Gizlətmirəm, paxıllıq
elədim, utandığımdan
yer tapmadım özümə, itirdiyim zamana heyifim gəldi... Amma sonra düşündüm
ki, axı biz kitablara-cildlərə, təkrarsız
əsərlərə doğru
getdiyimiz kimi, onlar da bizə
tərəf gəlməli,
bizə toxunmalıdırlar.
Peşəkarlıq iddiası
olan adam
üçün mütaliə
həm də işdir, əslində, daha çox işdir və bu mənada uyğun zamanın, məkanın, yaşın,
hətta ovqatın seçilməsi şərtdir.
Şübhəsiz, bu
“kövrək, həzin”
bəyanatlarımla özümə
bəraət qazandırmaq
niyyətindən uzağam,
sadəcə sevdiyim yazıçının, insanlıq
tarixinə ən çox təsir etmiş şəxsiyyətlərdən
birinin 190 yaşını
öz bildiyim, duyduğum və anladığım yerə
kimi “qeyd etməyimin” səbəbini
açıqlamağa çalışıram...
Duyduğum, anladığım Tolstoy isə xilasdı! Ağrılardan, qorxulardan,
hətta özündən
belə xilas... Bəzən nəsihətamiz
sözləriylə başına
ağıl qoyan ağsaqqal birdən hisslərinə, düşüncələrinə,
özünə belə
etiraf etmədiyin əndrəbadi arzularına
elə bir bəraət qazandırır
ki, göyün yeddinci qatına qalxırsan və deyirsən yox, bütün hallarda yaşamaq lazımdı...
Amma birdən də bütöv bir dünya içərisində
heçliyini anlayırsan,
söz-söz, cümlə-cümlə
sökür (əslində
qurur!), ən ibtidai halına qaytarır səni Tolstoy.
Dünya neməti, məişət, maddiyyat heç olur gözündə, sadə
birhüceyrəli orqanizm
kimi bir stəkan suda da yaşamaq, kirli gölməçədən
də oksigen “tapmaq” qüdrətini hiss edirsən! Bütün bunları Şərq Tolstoydan qat-qat qabaq edib şübhəsiz,
sufizmlə, İlahi həqiqətə can atmaqla...
Amma şərt necə deməkdi, bir də niyyət!
Lev Nikolayeviçin isə
yazıçı olmaq
niyyəti yox idi!!!
TOLSTOY -
ALLAH!
Yazıçının bioqrafiyasına nəzər
salanda bir uşaqlıq xatirəsi seçdiyi böyük yolun başlanğıcı
kimi diqqəti çəkir. Dörd balaca uşaq oyun oynayırlar, qardaşı Levi inandırır
ki, bağçanı
gəzib balaca yaşıl, sehrli çubuğu tapsa və o çubuqla kimə toxunsa, o adam xoşbəxt olacaq. Tolstoy uşaq
vaxtı bu çubuğu necə axtarmasını həyəcanla
təsvir edir və əsərlərini
oxuduqca həmin həyəcanın onu sonacan tərk etmədiyini görürsən.
Sanki bütün ömrü və yazdıqları məhz insanı, insanlığı
xoşbəxt edəcək,
işığa çıxaracaq
sehirli çubuğun
axtarışına sərf
olunub. Və mahiyyətə
varanda bu sehrli çubuq - İlahi həqiqətdən,
ədalətdən başqa
bir şey də deyil. Axı əslində, bütün sənətin,
ədəbiyyatın niyyəti
İlahi həqiqəti
anlamaq və bir az da “məngənəyə”
salmaq, özününküləşdirməkdir.
Bu mənada yaradıcı
adamların Allahlıq
iddiası da başa düşüləndir.
Tolstoyun isə dinlə, Allahla münasibəti fərqlidi...
Çünki o, hər şeydən
əvvəl azadlıq
carçısı, təbliğatçısı,
mücahididi. Az qala bütün
əsərlərindən azadlıq
ideyası qırmızı
xətlə, bu və ya digər
şəkildə keçir.
90 cildlik külliyyatında
üçcə romanı
olan yazıçı
bu əsərlərin
hər üçündə
azadlıq haqqında düşüncələrini bir
cür ifadə edir. “Hərb
və Sülh”də Napoleonizm ideyasını izah etməklə kütlənin, xalqın bir adamın qərarları, iradəsi
ilə heç zaman xoşbəxt olmayacağını sübuta
yetirir. Həqiqətən Tolstoydan əvvəlki
də, sonrakı da tarix bu
fikri dönə-dönə
təsdiqləyir. Və əslində,
Tolstoy daha sonrakı zamanlarda Hitlerlərin, Stalinlərin liderliyinin insanlığa gətirəcəyi
faciələri fəhm
edib yazır. Çünki məhz XIX əsr
rus ədəbiyyatı
insanı bütün
böyük ideyalardan
və qələbələrdən
öndə görürdü;
Mixayıl Lermontov “Zəmanəmizin
qəhrəmanı” romanında
yazırdı ki, insan ruhunun, hətta ən kiçik ruhun belə tarixi bütöv millətin tarixindən daha maraqlı və faydalıdır. Fyodor Dostoyevski
isə “Karamazov qardaşları”nda
“bütün dünyanın
xoşbəxtliyi günahsız
bir uşağın yanağındakı bircə
damla göz yaşına dəyməz”
- yazırdı. Tolstoy isə
az qala
bütöv yaradıcılığını
məhz bu ideyaları deyir və həmin düşüncələr onu
hətta Allaha, əslində, kilsəyə
qarşı da çıxarırdı. Bir sözlə,
azadlığı məhdudlaşdıran
nə varsa, yaddı ona, onun əleyhinədir.
Bütün zamanlarda kilsənin
üzərinə düşən
əsas vəzifə sadə adamlarla Allah arasında körpü yaratmaq olub, amma əslində belə idimi, yox! Tolstoy bunu gördüyü, anladığı
üçün kilsəyə
qarşı çıxırdı,
Allaha asi
olurdu. Yəni bir sözlə; fərqi yoxdur, kim boğur
azadlığı - hökümət
ya kilsə, Tolstoya düşməndi,
heç fərq etməz kim idarə edir, Allah ya Napoleon, yaddı yazıçıya... Bu mənada Tolstoy İslamı
dinlərin ən mükəmməli sayırdı,
özü islamı qəbul etməsə də, islami dəyərlərə əsərlərində
yer verirdi. Və bu təzadlı
fikirlərinə görə
incidilirdi, əsərləri
senzuranın qayçısından
keçirdi, hətta
son anda jurnallardan səhifələr cırılırdı...
Amma bununla belə, Tolstoyun İlahi varlığa, ədalətə aid düşüncələrini
anlamağa çalışmağımız
üçün “Etiraf”
əsərindən bir
parçanı gətirirəm:
“Bu məqamda mən özümə nəzər saldım, baş verənlərə diqqət etdim və bu cür yüz dəfələrlə ölüb dirilməyim yadıma düşdü. Yalnız Allaha inandığım anlarda yaşadığımı anladım. Əvvəl də belə olub, indi də belədir: Allah haqqında düşünən kimi yaşayıram, onu yaddan çıxaran, ona inamımı itirən kimi ölürəm. Bu ölüb dirilmələr nədir axı?! Axı mən ona inanmayanda yaşamıram, axı mən onu tapacağıma inamımı itirsəydim, çoxdan öldürərdim özümü. Mən həqiqətən yaşayıram, onu hiss etdiyim, axtardığım zamanda yaşayıram”.
Yazıçı sadəcə
inamı təbliğ edir, insan
nəyəsə inanaraq
yaşamalıdır. İnanmırsa, yaşamır deməli
və bu mənada “Etiraf”
əsərində Allahı axtarmaqdan, onun haqqında düşünməkdən
söhbət gedirsə, bu “resepti” bütün başqa dəyərlərə aid etmək olar...
Söhbət düşüncələrini, arzularını,
varlığını BİR olana bağlamaqdan gedir. Və burda hər şey var, o
BİR olandan asılılıq -
azadlığın boğulması, ona
inandığın üçün
xoşbəxtlik, onunla nəfəs
aldığın üçün yaşamaq arzusu və onu gözdən itirən kimi,
ümumiyyətlə itirmək qorxusu duyan kimi ölüm
sevdası... Hə, ölüm!
PƏRVİN
525-ci qəzet.- 2018.-3 noyabr.- S.16-17.