Yeddinin yanında sıfır
VƏ YA ƏLİ ƏMİRLİ
NİYƏ BU QƏDƏR ARXAYINDIR?
Niyə 70 yox, yeddinin yanında
sıfır?! Bu suala kimdən cavab istəsəniz, belə deyəcək: 70 yaşı
Əli Əmirliyə
rəva görmürəm.
Ya da Əli Əmirlini
70 yaşa yaraşdırmıram.
Elə Rəşad
Məcidin səsində
də həmin təəccüb, həmin
məhrəm-doğma inamsızlıq
vardı. “Feysbuk”da
kiçik təbrik statusumu oxuyub zəng vurmuşdu ki, doğrudan, Əli Əmirlinin 70 yaşı olur?! Sonra da vərdişkarı
olduğumuz iynəli-istiotlu
zarafat:
- Dramaturgiyanı təhvil verib cavanlara, siz də bir
yazını ona çox görürsünüz.
Hə, bu yazını sifarişlə
yazıram. Amma bir redaktorun bir dramaturq, bir əziz adam haqqında elədiyi bu sifarişi yerinə yetirmək o qədər xoş, o qədər gözəl ki… Adam var, onun haqqında xoş söz demək, ürək yazısı yazmaq vicdan işi,
qələm borcudur.
Məsələn, Əli
Əmirlidən yazmaq kimi...
***
Teatr özü
boyda sevgi, özü boyda qayğıdır. Həm də o ucalıqda
işıq. Bu sevgini-qayğını ürəkdə
gəzdirib işığı
gələcəyə daşımaq
hər adama nəsib olmaz. Bunun üçün seçilməlisənmi,
əl-əlbət, bundan
ötrü doğulmalısanmı,
heç şəksiz.
Əli Əmirli mənim üçün həmin
o işıqaparan birisi.
Başqa kim?
20 ildə Azərbaycan
dramaturgiyası və
teatrının ağırlığını
çiyinlərində ləyaqətlə
daşıyan insan.
Neçə-neçə istedadlı aktyor
məhz onun pyeslərində tanınıb,
sevilib, qəbul olunub.
***
Bəlkə bir ay tez, bəlkə
bir ay gec olar. Amma üç
il əvvəl
olduğu yadımdadır.
Əli Əmirli ilə müsahibəyə getmişdim.
Yenə teatrdan, dramaturgiyadan danışdıq, dərdləşdik
və siqaret alışdırmaq üçün
havaya çıxanda söz-sözü çəkdi
mədəni mühitdəki
təmənna mərəzinə.
Mən cavan, o, adamların hər üzünə bələd dünyagörmüş.
Nə gizlədim: istədim Əli Əmirlidən söz alım, adamlar haqqında olan qənaətimə onun dilindən təsdiq tapım. Siqaretdən bir dərin
tüstü çəkib
susdu. Və bunu başa düşməyə nə
var: Əli Əmirli ömrü boyu özü ilə məşğul olub. Başqaları onu maraqlandırmayıb.
Deyəsən, elə
həmin görüşümüzdə
idi, hələ də unutmadığım
bir cümlə demişdi:
- Heç kimdən heç nə istəmə... Bu, mənim prinsipimdir. Tələbələrimə də deyirəm
ki, layiq olduğunuz hər şey özü sizi tapacaq. Geci-tezi ola
bilər, amma mütləq tapacaq. Ələbaxan olanda, təmənna
güdəndə şax
gəzmək olmur.
Həə... İlahi, şax gəzməyi
bacarmaq nə qədər böyük xoşbəxtlikdir, necə
əzəmətli könül
rahatlığıdır.
***
Əli Əmirli
tələbələrini öz
doğması sayan müəllimdir. Bildiyini əsirgəməyən, öyrəndiyini gizlətməyən,
o sevgili balaların hər uğuruna sevinməyi bacarandır.
Klassik müəllim obrazı ona yaddır. Az-çox tanıyıram, ona görə belə əminəm. Danlamağı, məsləhət verməyi,
öyüd-nəsihət eləməyi
xoşlamaz. Bəs düsturu
nədir? Yetər ki,
tələbələr bütün
işlərində məsuliyyətli
və ciddi olsunlar. Hə, ciddilik onun
kredosu.
***
Gəldik tale məsələsinə. Bu, mübhəmdir, sirlidir.
Ona görə ən yaxşısını özü
bilir. Görək
hələ nə deyir:
- Ömürdən, taledən
narazı olmaq naşükürlükdür. Mən bir
qayda olaraq, özümdən yuxarı
yox, aşağı baxıram. Onda həqiqi mənzərəni
daha yaxşı görür, onu düzgün qiymətləndirməyə
çalışıram. İnsanın həyatı həm
də onun taleyidir, bunları bir-birindən ayırmaq düzgün olmazdı.
İnsan
öz taleyini ağlına, xarakterinə,
fərasətinə, intellektinə
uyğun olaraq özü yaradır.
Kim necə yaşayırsa,
ona da layiqdir.
***
Teatr və dramaturgiya nə qədər elitardırsa,
Əli Əmirlinin xarakteri, təbiəti, dünyagörüşü də
ona adekvatdır. Nə qədər
kədərli də olsa, bizim cəmiyyətdə
elitarlıq, kübarlıq,
əsilzadəlik... davamını
özünüz gətirin.
Məsələn, “bazar qiyməti”ndən
aşağıdır, hə?!
***
Əli Əmirlini bir daha tanıyaqmı? Tanıyaq! Doğum ili: 1948. Ağdamın Novruzlu kəndində babalarından qalma evdə göz açıb. Uşaqlığı babası Məşədi Əlinin ikimərtəbəli evində keçib. Ev də, nə ev... O qədər böyük ki, sovet hökuməti böyük külfətə cəmi bir otağı rəva görmüşdü. Yerdə qalanı da olub kolxoz idarəsi, kənd xəstəxanası. Əli Əmirli xiffət içində böyüyüb. Bunun səbəbini yazmıram, özündən soruşarsınız. Söhbəti dayısı Məmməd Əmirovdan salın, yerdə qalanına qulaq verin. Bir də əsas odur, bizim hamımız kimi məktəb vaxtı dəqiq fənləri yaxşı oxumayıb. Deyim ki, bu, mənim üçün təsəlli yeri oldu. Sizin üçün yox?! Tələbəliyi çətin keçib. Yataqxana, fəhləlik, zavodun ucuz yeməkxanasında nahar... İlk hekayəsi 1971-ci ildə 75 min tirajla çap olunan “Azərbaycan” jurnalında işığa çıxıb. Əli Əmirli sevgisini də universitetdə tapıb. Yarızarafat-yarıciddi qəbul edin, bu da məhrəmdir, ona görə özü danışsın: “Qəbulda tarixdən imtahan verərkən təsadüfən yanaşı düşmüşdük. O vaxtdan yadımda qaldı. Sonrakı imtahanlarda onu görmədim. Adını bilmədiyimdən siyahıya baxıb qəbul olub-olmadığından da xəbərim olmadı. İlk dərs gününün birinci saatında qızların içində onu görməyəndə qəbul olunmadığını düşündüm. İkinci saatda gəlib çıxdı. Onun diqqətini cəlb etmək, rəğbətini qazanmaq üçün çox çalışdım. Nəhayət, səbrim, hövsələm, inadkarlığım çoxsaylı maneələrə qalib gəldi. Axırıncı kursda evləndik. Tanışlığımızın əlli, birgə həyatımızın qırx beş ili tamam olur”.
***
Yeddinin yanında sıfır və ya Əli Əmirli niyə bu qədər arxayındır? Ona görə arxayındır ki, ədalətli insanlara inanır. İnanır ki, ədalətli insan heç kəsin haqqına girməyəcək, heç kəsin tikəsini əlindən almayacaq. Onun prinsipi həm də budur: mənimkinə dəymə, səninkini istəmirəm. Əli Əmirli üçün ədalət və mərhəmət hissi ən nəcib insani keyfiyyətlərdir. Özü deyir ki, yardım eləmək imkanına malik olan və bu fürsətdən istifadə etməyi bacaran insan xoşbəxtdir. Bu, həyatdan həzz almağın ən ali mərtəbəsidir.
***
Əli Əmirlinin pyesləri təkcə Azərbaycanda tamaşaya qoyulmayıb. Əsərləri rus, türk, tacik, qazax, qırğız və sair dillərə tərcümə olunub, tamaşaya hazırlanıb. Bu gün Akademik Milli Dram Teatrında Əli Əmirlinin “Şah Qacar”, “Ah, bu uzun sevda yolu”, Gənc Tamaşaçılar Teatrında “Hasarın o üzü”, Dövlət Musiqili Teatrında “Nuri-didə Ceyhun” tamaşaları oynanılır. Bu tamaşalar haqqında yazmaq bir ayrı vaxtın işidir, ona görə sizə zəhmət, mənə xəcalət, yolunuzu teatr kassasından salın. Divin canı şüşədə olduğu kimi dramaturqun, rejissorun, aktyorun və ümumən teatrın da canı kassadadır. Teatr məbəddir deyib də, gəlişigözəl sözlərlə xəsislik etmək bir başqa tamaşa, bir başqa məzhəkə. Əli Əmirlidən danışırdım axı, yubiley yazısında bu nə giley, bu nə deyinmək?!
***
İndi saat yeddini keçib. Mən işdə oturub Əli Əmirlinin yubiley yaşına hədiyyə etmək istədiyim bu yazının sonunu düşünürəm. Necə bitirməli? Hə, görün nəyi xatırladım? Bu əhvalatı bəlkə Mustafa Mərdanovun, bəlkə Mirzağa Əliyevin xatirələrindən oxumuşam, bilmirəm. Qələtim varsa, İlham Rəhimli bağışlasın. Demək, 20-ci illərin sonunda “Azdrama”da “Şeyx Sənan” tamaşaya hazırlanıb. Abbas Mirzə Şərifzadə və Ülvi Rəcəb dublyor olublar. Nümayişlərin birinə biletlər satılıb, tamaşanın başlanmasına iki saat qalıb. Abbas Mirzə xəbər göndərib ki, Ülvini tapın, xəstə yatıram, gələ bilməyəcəm. İki daşın arasında Ülvi Rəcəbi haradan tapmalı? Çayçıya adam göndərirlər, yoxdur, bazara uşaq yollayırlar, görünməyib. Camaat gəlib, on beş dəqiqə sonra tamaşa başlanmalıdır. Yahu, nə etməli?! Teatrın ədəbi hissə müdiri Cəfər Cabbarlı rejissora (deyəsən, Aleksandr Tuqanova) deyib ki, məni qrimləyib saqqal yapışdırsınlar, “Şeyx Sənan”ı özüm oynayacam. Tuqanov risk etməyib. Ədəbi hissə müdirinin artistlik etməsi təhlükəli idi. Tamaşa təxirə salınmasın deyə, Cəfər Cabbarlı Aleksandr Tuqanova dil tökürmüş.
- “Şeyx Sənan”ın sözlərini əzbər bilirəm. Mən razı olmaram ki, həmkarım Cavid əfəndinin tamaşası təxirə salınsın.
Lütfən, bu cümləni bir də oxuyaq: “Mən razı olmaram ki, həmkarım Cavid əfəndinin tamaşası təxirə salınsın”.
Mənim üçün bundan böyük sənət və həmkar təəssübkeşliyi yoxdur. Əli Əmirli mənim aləmimdə bunca sənət və həmkar təəssübkeşidir.
***
... Həm də onu da düşünürəm ki, mənim Əli Əmirli ilə şəklim yoxdur. Yaxşı, bu yazını hansı şəkillə verməli? “Azdrama”nın tamaşa zalında o qədər yanaşı otur, foyesində gəzişib dərdləş, balkonunda siqaret tüstülət, amma əl boyda kağız-xatirən olmasın. Əlbəttə, həyat fotolardan daha gözəl, daha maraqlıdır. Bunu həm də bəraət üçün yazıram.
***
Niyə 70 yox, yeddinin yanında sıfır? Bu suala kimdən cavab istəsəniz, belə deyəcək: 70 yaşı Əli Əmirliyə rəva görmürəm. Ya da Əli Əmirlini 70 yaşa yaraşdırmıram. Kimsə deyib ki, çox yaşamağın yolu qocalıqdan keçir. Kim deyir ki, Əli Əmirli qocadır?! Əl-əlbət, mən demirəm, siz də deməyin! Və bu da bir tamaşanın sonu. Ən yaxşısı Əli Əmirlini səhnəyə dəvət etməkdir.
Alqışlar...
Alqışlar...
Alqışlar...
Cavid
ZEYNALLI
525-ci qəzet.- 2018.-3 noyabr.- S.15.