Hacı Xanməmmədovun
yaradıcılığı haqqında məruzələr
dinlənildi
Dünən Azərbaycan Bəstəkarlar
İttifaqında görkəmli
bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə
həsr olunmuş elmi konfrans keçirilib.
Tədbiri Bəstəkarlar İttifaqının
katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov açaraq görkəmli bəstəkarın ömür
yolundan, zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki,
1918-ci ildə Dərbənddə
dünyaya göz açan Hacı Xanməmmədov 1952-ci ildə
Qara Qarayevin bəstəkarlıq sinfini
bitirib. Onu diplom işi tar və orkestr üçün konsert olub. Tar konserti bəstəkarın yaradıcılığında
əsas xətti təşkil edib və ömür boyu beş
tar konsert yazıb. Bu konsertləri hər
biri sevilə-sevilə
tanınmış ifaçılarımız
tərəfindən ifa
olunub. O, həmçinin,
kamança və orkestr üçün konsertin ilk müəllifidir.
Hacı müəllimin yaradıcılığının
əsas hissəsini xalq çalğı alətləri üçün
əsərlər təşkil
edib. Onun orkestr üçün
“Azərbaycan eskizləri”,
“Bayram” süitaları,
bir neçə rəqs, orkestrin müşayiəti ilə
səslənən bütün
mahnılarını qeyd
edə bilərik.
Xüsusilə, H.Xanməmmədovun yaradıcılıq tapıntıları
onun “Azərbaycan eskizləri” süitasında
və “Simfoniyetta”da bariz nəticəsini verib.
H.Xanməmmədovun həm də gözəl mahnılar müəllifi olduğunu söyləyən natiq deyib ki, onun
100-dən çox mahnısı
tanınmış müğənnilərimizin
repertuarında layiqli yer tutur. Bu mahnıların mətnini
görkəmli şairlərin
şeirləri təşkil
edir. Xüsusilə, bəstəkarın lirik mahnıları xalqımız arasında geniş yayılıb.
Bu baxımdan “Yaşa
könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”,
“Gözünə qurban”,
“Güllü”, “Ceyran”,
“Getmə, amandır”,
“Oxu, sevgilim” və s. gözəl örnəklərdir.
Bəstəkarlar İttifaqının katibi
diqqətə çatdırıb
ki, H.Xanməmmədov
görkəmli bəstəkar,
dirijor olduğu kimi, eyni zamanda,
təcrübəli pedaqoq
idi. Onun professional musiqi kadrlarının
tərbiyəsində mühüm
xidməti olub.
O, qırx ildən artıq bir dövrdə Bakı Musiqi Texnikumunda dərs deyib, 1957-ci ildən isə indiki Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında çalışıb.
O, “Xalq çalğı
alətləri” kafedrasının
dirijorluq üzrə professoru, son illərdə
isə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının
məsləhətçisi idi.
Diqqətə çatdırılıb ki, Hacı müəllim
müxtəlif illərdə
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru,
Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışmış,
bir bəstəkar və ictimai xadim kimi çox
faydalı işlər
görüb. Bu fədakar sənətkarın
xidmətləri layiqincə
qiymətləndirilib. O, Əməkdar incəsənət
xadimi, Xalq artisti fəxri adlarına, “Şöhrət”
ordeninə layiq görülüb.
Tədbir bəstəkarın yaradıcılığına
həsr olunan məruzələrin dinlənilməsi
ilə davam edib.
ŞAHANƏ
525-ci qəzet.- 2018.-3 noyabr.- S.13.