Fikrət Qoca misralarının
kinomuzdakı ahəngi
“Gənclik illərimdə ilk şeirlərimi çap
etdirərkən çox istəyirdim ki, şeirlərimə
musiqi bəstələnsin. Amma bəzi şair dostlarım məni
inandırdı ki, şeirlərim musiqiyə yatmaz: “Sənin
misraların sərtdir, dəmir parçaları,
şüşə qırıntıları kimidir. Onları tül kimi zərif musiqiyə bükmək
olmaz”.
Moskvada oxuyarkən seminar müəllimim Lev
İvanoviç Oşanin idi. Oşanin Rusiyanın ən
gözəl, populyar mahnılarının mətn müəllifi
idi. Lev İvanoviçlə çox
yaxın, ata-oğul kimi mehriban, söhbətdə isə
açıq, səmimi idik. Bir dəfə soruşdu:
- Şeirlərinə mahnı bəstələnibmi?
Dedim: -
Xeyr, yox. Heç cəhd etməmişəm.
- Niyə?
- Deyirlər,
mənim misralarım oxumağa yaramaz. Sərtdir,
kobuddur. Musiqi zərif şeydir deyirlər.
- Əvvəla, musiqi də həm kobuddur, sərtdir, həm
də zərifdir, kövrəkdir. Mən hər semestr sənin
şeirlərini oxuyub özlüyümdə təhlil edirəm.
Hər dəfə də əla qiymət
yazıram. Ona görə əla qiymət
verirəm ki, sən hər mövzuya yaraşan don biçirsən.
Forma məzmunu tamamlayır. Forma
məzmunun içindəki gizlinləri qabardır, üzə
çıxardır, hətta gözə
çarpdırır. Bu, səndə var. Sənin şeirlərində
sərt musiqi üçün də, zərif, kövrək musiqi üçün
də söz var. Bir cəhd elə. Alınacaq”.
Bu xatirəyə
Xalq şairi Fikrət Qocanın “Seçilmiş əsərləri”nin VII cildində rast gəldim. Həmin
cild bütünlüklə şairin mahnı mətnlərinə
həsr olunub.
Mahnıda musiqidən də öncə sözlərə
fikir verən, sözlərini anlamadığı heç bir
mahnını dinləyə bilməyən biri kimi mahnı mətnləri
və onların müəllifləri həmişə diqqətimdə
olub. Etiraf edim ki, ən sevdiyim və ən tez əzbərlədiyim,
tez-tez zümzümə etdiyim Azərbaycan
mahnılarının çoxunun mətni Xalq şairi Fikrət
Qocaya aiddir. Onun geniş
yaradıcılığından əlavə, bu sahəyə
töhfəsi o qədər çoxdur ki, bu haqda ayrıca
söz açmaq lazım gəlir. Ancaq
görünür, şair özü əvvəllər bu
mahnı mətnlərinə ciddi yaradıcılıq məhsulu
kimi yanaşmırmış. Əlbəttə, gətirdikləri
arqumentlər də kifayət qədər tutarlı və
ağlabatandır: “...İlk günlərdən mahnı mətnlərimi
şeir kitablarıma salmadım. Mənim
anlamımda onlar şeir deyil. Doğrudur,
istisnalar var. Amma mahnı kollektiv zəhmətin bəhrəsidir.
Burda ən azı üç adam
iştirak edir: bəstəkar, şair, müğənni. Yekunda mahnı üç yaradıcı insanın
birgə məhsuludur. Yazdığım
şeirdə onların təklifinə görə düzəlişlər
edirəm. Nəticədə itirir və ya
qazanırsa da, hər halda tək mənim olmaqdan
çıxır. Həmin kitabıma
şeiri bəstəkarın musiqisi, müğənninin səsi
ilə qoymaq mümkün deyil. Hətta mənim
əvvəl çapdan çıxmış kitabımdan
mahnı yazılmış bəzi şeirləri də gələn
şeir kitabıma salmırdım, çünki musiqi
yazılanda istər-istəməz şeir deformasiyaya
uğrayır, ilkinliyini itirir”.
Ancaq şairin yazdığı şeirlər musiqiyə
mətn olmaqla kifayətlənmir. Zaman keçdikcə onun mətnləri
Azərbaycan filmlərinin də sountrekinə, fon
musiqisinə çevrilir. Hətta bəzi filmlər
məhz onun sözlərinə yazılmış mahnılarla
tanınmağa başlayır. Elə günü bu
gün də...
Filmə mahnı yazmaq həm bəstəkar, həm də
şair üçün çox zəhmətli və
böyük məsuliyyət tələb edən işdir. Burada hər iki müəllif
təkcə musiqini, poeziyanı deyil, eləcə də kinonu,
ekran işini, aktyor oyununu, rejissor yozumunu gözəl bilməli,
mətn yazdığı filmin ruhunu tutmalı, əgər
yazdığı mahnı hansısa obrazın dilindən ifa
olunacaqsa, onun xarakterini, psixologiyasını dərindən bilməlidir.
Bu mənada Fikrət Qocanın mahnılarına
mətn yazdığı filmlər xarakterikdir. Onun yazdığı şeirlər bəzən
filmin ümumi ruhunu, mövzusunu, ifadə etdiyi mətləbi
özündə ehtiva edirsə, bəzən də
ayrı-ayrılıqda obrazları səciyyələndirir.
Və şairin ən böyük uğuru da
odur ki, hər iki halda bu ağır işin öhdəsindən
ustalıqla gəlir.
Azərbaycan filmləri içərisində ən
sevdiklərimdən biri “Qayınana”dır. Bu ilk baxışdan adi ailə-məişət
mövzusu kimi görünən filmin alt qatlarında əslində,
çox böyük mətləblər, cəmiyyətimizin
çəkidə kiçik, mahiyyətdə isə çox
böyük problemləri əhatə edən film, həm də
özünün musiqiləri ilə özəldir.
Dahi bəstəkar Tofiq Quliyevlə Fikrət Qocanın
birgə çalışdığı filmlərdən olan
“Qayınana” da həm bəstəkarın, həm də
şairin yaradıcılığında önəmli səhifələrdən
biri hesab olunur.
Məhz bu iki dahi şəxsin əməyi sayəsində
filmi izləməyib təkcə mahnılarını dinləmək
belə kifayət edir ki, söhbətin nədən getdiyini, nələr
baş verdiyini anlayasan, sujeti özlüyündə təsəvvür
edə biləsən. Burada hər obraz həm
də oxuduğu mahnılarla sevimlidir. Onlar
öz xarakterlərini məhz mahnılarda açırlar.
Bu da təbii ki, müəlliflərin ən
böyük uğurudur. Onlar burada nə
Fikrət Qocadır, nə Tofiq Quliyev.
Bütünlüklə “Qayınana”nın
fərqli, məzəli, komik, dramatik, kələkbaz
obrazlarıdır.
Filmin
baş qəhrəmanı Cənnət xala (Nəsibə
Zeynalova) oğlunun arvadı, diş həkimi olan gəlini
Sevdayla yola getmir. Onu sevmir, ondan zəhləsi
gedir. Halbuki Sevda həm işgüzar
xanım, həm gözəl həyat yoldaşı, həm
qayğıkeş ana, həm də itaətkar gəlindir.
Amma nə etsə də, özünü
qayınanasına sevdirə, qəbul etdirə bilmir. Niyə?
Bax, bu sualın cavabını biz Cənnət xala
Sevdanı qovandan sonra evinə gətirilən ikinci gəlin
haqqındakı mahnısından alırıq. Oğlunun dostu
İlqarın (İlham Namiq Kamal)
“Sevinsənə,
gülsənə,
Gül gəlin tapdım sənə.
Barmaqları
qızıldır,
Özü də bəy qızıdır.
A bəxtəvər
qaynana,
Nə durmusan, dur oyna.
Yormalıyır
biləyi,
Yıxıq evin dirəyi.
Dövləti
çox, sözü az,
Dindirməsən
danışmaz” -
- mahnısına Cənnət xala qol
qaldırıb oynayır və cavabında deyir:
“Qurban
olum gəlnimin
Dövlətinə, varına.
Bəy
olub, bəy nəslindən
Seyid babalarına.
Gözün
dəyər, ay bala,
Axşam
vaxtı de bir görək:
Maşallah, maşallah, mübarəkdi”.
Deməli, ona Sevda kimi savadlı, ədəbi gəlindən
daha çox, nəsli nəcabəti olan, varlı, cehizi
çox olan gəlin lazımdır. Bu da Cənnət
xalanın xarakterindəki şöhrətpərəstlikdən,
tamahdan irəli gəlir.
Ya da
filmin ən məzəli mahnılarından biri - Cənnət
xalanın qardaşı oğlunun öz bibisi
üçün oxuduğu mahnıda bibi-qardaşoğlu
münasibətləri ən gözəl şəkildə əks
olunur:
Bibi, bibi,
can bibi,
Can sənə
qurban bibi.
Həna
yaxım başına,
Olarsan cavan bibi.
Pulları
çin-çin bibi,
Sir-sifəti cin bibi.
Bibi: Nə
dedin, ay avara?
Dedim
göyərçin bibi.
Bibi: Necə-necə
ay avara?
Dedim
göyərçin bibi.
Ya da Cənnət
xalanın ikinci gəlini Afətin, həqiqətdə isə
müğənni Zərifənin ifa etdiyi “Məhəbbətin
çırağı” mahnısı onun xarakterindəki
özgüvəni, şıltaqlığı, sevgi dolu,
eşq dolu qəlbini tamaşaçıya açıb
göstərir. O zamana qədər Cənnət xalanın
başına oyun açan Afət bu mahnısı ilə
tamaşaçının ürəyinə yol tapır və
əbədi yaddaşına həkk olur:
Gözəl
həyat sevən duyan ürəkdi,
Mənim eşqim ən zərif bir çiçəkdi.
Solmaz
qarda, yağışda,
Keçər
qayadan, daşdan,
Solar sərt bir baxışdan.
Bir
xoş sözdən bütün aləm dəyişər,
Acı sözdən saçlarıma dən düşər.
Məhəbbətdən
doğuldum,
Gözəllikdən
yoğruldum,
Yolunda işıq oldum.
Filmin
final səhnəsindəki “Mehribanlıq” mahnısı isə
nəinki təkcə “Qayınana”nın,
eləcə də az qala böyük bir məmləkətin,
insanlığın uzun illərdir hər fürsətdə
oxuduğu “ailə marşına” çevrilib. Bütün
film boyunca söz-söhbətin, konfliktin,
narazılıqların, mübahisələrin əskik
olmadığı ailə sonda Cənnət xalanın
kiçik kələk vasitəsilə “dərs alması” nəticəsində
xoşbəxt sonluğa yetir. Və bu an
Tofiq Quliyev-Fikrət Qoca şedevri bütün obrazların
dilindən süzülməyə başlayır:
Mehribanlıq
səadətdir,
Səadəti yaşadağın.
Ömrün
şövqü məhəbbətdir,
Məhəbbəti yaşadağın.
Üstümüzdən
keçdi külək,
Şən zarafat şirin kələk.
Biz
mehriban ailəyik,
Gəlin, dostlar, deyək, gülək.
Tofiq Quliyev və Fikrət Qoca işbirliyi təkcə
“Qayınana” ilə kifayətlənmir.
Fikrət
Qocanın sözlərinə yazılmış mahnılar və
o mahnıların oxunduğu filmlərdən danışarkən
içimdəki bir səs hey durmadan oxuyur:
Ürəyimi atsam da,
Öz qəlbimi
atmaram,
Sənə
olan eşqimi
Sənə də alçaltmaram.
“Baladadaşın
ilk məhəbbəti” filmindən (Emin Sabitoğlu) olan bu
mahnı illərdir nə qədər sevgililərin ilk sevgi
etirafına çevrilibsə, “Uşaqlığın son gecəsi”
filminin məşhur musiqisi “Gəl, ey səhər” (Polad
Bülbüloğlu) zamanın ən gözəl
çağını, dünyanın günəşə
qucaq açdığı o müdhiş dəqiqələri
sözün və musiqinin ecazkar vəhdətində əks
etdirir:
Yenə
bu səhər
Günəş
nur yerə ələr,
Bir təzə
nağıl
Başlar
dünya...”
Fikrət Qoca yaradıcılığı həm
Azərbaycan ədəbiyyatının, həm musiqisinin, həm
də kinemotoqrafiyasının əvəzsiz incisidir. Elə bir inci ki, onsuz hər üç incəsənət
sahəsi boş, yarımçıq olardı. Bu
yaradıcılığa ən düzgün qiyməti isə
xalq özü verir. Şairin dili ilə desək, “...
yaxşı mahnı yanmır, itmir, ölmür, xalqın
ürəyinə yol tapıbsa yaşayacaq. Müəlliflərini
itirsə də, xalq mahnısı kimi yaşayacaq.
Xalqımızın yaradıcılıq xəzinəsini zənginləşdirəcək.
Məncə, bizim istəyimiz də budur”.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2018.-3 noyabr.- S.12.