40 il və 1 gecə
“Ulduz saatı” hər
xalqın da, hər ölkənin də, hər
yaradıcının da bəxtinə düşür.
Rizvanın alın yazısında həmin səadətli
anların məhz bu günə təsadüf etməsi
varmış.
2018-ci il oktyabrın 27-si mənim əziz dostum, bəstəkar
və müğənni Rizvan Sədirxanovun həyatının
ən unudulmaz günlərindən birinə çevrildi.
Bəlkə
də ən birincisinə!
Lakin təqvimin bu səhifəsi həm də Azərbaycan
musiqi mədəniyyətinin tarixində həmişəlik
qalacaq məsud bir gündür.
Çünki bu axşam səhnəmizin sevindirici yeni
bir hadisəsi baş tutub, Bakıda, Heydər Əliyev
Sarayında Azərbaycanın ilk rok-operasının
premyerası gerçəkləşib.
Düz
110 il əvvəl, 1908-ci ilin 25 yanvarında dahi Üzeyir bəyin
"Leyli və Məcnun"u ilə Azərbaycan operası
ilk qədəmini atdı.
İndi,
milli operamızın 110 yaşı tamam olanda isə sanki bu
bayrama, bu möhtəşəm yubileyə bir hədiyyə
olaraq Rizvan Sədirxanovun "Səyyah Sindbad" adlı hələlik
ilk və tək olan rok-operası nümayiş etdirildi.
Əlbəttə, illər keçəcək, Azərbaycanın
yeni-yeni rok-operaları yaranacaq və daha "Səyyah
Sindbad" yeganə rok-operamız kimi qalmayacaq.
Fəqət bundan sonra nə qədər bir-birindən
gözəl rok-operalar yaransa da, ilklik möhürü “Səyyah
Sindbad”dan aralanmayacaq, Rizvanın yazdığı həmişəlik
bu biçimdə birinci əsər deyə xatırlanacaq.
Bütün
başqa meyarlarla yanaşanda hər cür müqayisədə
kimisə ötmək mümkündür, haçansa ilkə
çevrilmişisə yox!
Bu, artıq mühümdən-mühüm tarix deməkdir.
Həm Rizvan Sədirxanovun taleyində, həm də
bütövlükdə mədəniyyətimizin yaddaş
kitabında.
2018-ci il oktyabrın 27-sini həyatımızın ən
fərəhli gecələrindən birinə çevirən
"Səyyah Sindbad" bu günə doğru 40 illik uzun bir
yolu aşaraq təşrif gətirib.
Rizvanın
könlünə gələcək "Səyyah
Sindbad"ı yaratmaq həvəsi düşəndə hələ
1978-ci il idi.
Və
nağılların, rəvayətlərin
dünyasındakı əsrarəngiz Sindbad niyyətlərinə
uzundan-uzun və sınaqlarla, müqavimətlərlə, sərgüzəştlərlə
dolu məsafələri adlayaraq yetişən kimi, Rizvanın
bu istedadla çağlayan əsəri də mənzil
başına hamıya səhnədən görsənəcəyi
günə dörd onilə sığan, sınaqlarla,
mübarizələrlə, biganəliklərlə,
dürlü maneçiliklərlə aşıb-daşan məşəqqətli
yolu qət edərək çatdı.
“1001 gecə” nağıllarında Şəhrizad hər
axşam ən maraqlı yerində hekayətini
yarımçıq kəsər, ardını söyləməyi
sabaha saxlardı.
Demirəm ki, bura yazımın ən maraqlı yeridir. Amma bir halda ki “1001 gecə”nin aləmindəyik, gərək onun səliqə-sahmanına
da uyğunlaşaq, onunla həmrəng olmasaq da, həmtərz
olaq.
Mən də
bu arada elə nağıldakı sayaq sözümü dincə
qoyuram və sizi dəvət edirəm 7 aydan da bir az öncə istənilən qəzetdən
sürətlə yayılıb-oxuna bilən səhifəmdə
yazdıqlarımla göz-gözə qalmağa. Çünki o gündən bu gün hələ belə
aydınca görünə bilməzdi. Bugündən
isə o günlərin içərisində hansı
narahatlıqlar vardı, asanca seyr edilə bilir.
2018-in
mart ayı başlanırdı və "Səyyah
Sindbad"ın səhnəyə gəlməsinə artıq
"yaşıl işıq"
yandırılmışdısa da, ötən illərin bir
sıra acı təcrübələri və dərsləri
bizə hər şeyə hazır olmağı da
pıçıldayırdı, xəfifcə xəbərdarlıq
da edirdi ki, son uğurlu nəticəyə, premyeranın
baş tutacağına nə qədər inansanız da, qəfil
dönüşlərə də hazır olun.
İçərimizdə bu qənaət də vardı
ki, əgər ötənlərdəki kimi, yenə nəsə
alınmasa, qəm yeməyə dəyməz. Ümidlə
yaşamaqda davam etmək gərəkdir.
Yarım
ildən də bir az o yandakı günlərə
sizi ona görə aparıram ki, biləsiniz yol daim və hətta
rəsmi “hə” vədindən sonra da necə
enişli-yoxuşlu olub.
Biləsiniz
ki, əvvəlki illərə nisbətdə möcüzə-filan
törənmədi, işlər yağ
kimi irəliləməyə üz qoymadı. Müşküllər
həmin minvalla o yazıdan sonrakı aylarda da o yazıdan
qabaqkı aylar və illərdə olduğu kimi davam etdi.
Lap son həftələrəcən baş verənlər
də narahatlıqlarımızın əbəs
olmadığını təsdiqlədi.
Hisləri tarım çəkən, səksəkə
oyadan hadisələrin biri o birini əvəzləyirdi.
Əvvəlcə premyera 11 maya elan edilmişdi. Afişalar da
çap edilib şəhərdə müxtəlif yerlərdə
yapışdırılmışdı, biletlərin
satışı da başlanmışdı.
Sonra vaxtı dəyişdilər 28 sentyabra. Hərçənd
elan da etdilər ki, satılmış biletlər qüvvəsində
qalır.
Sonra müddəti bir də dəyişdilər 27
oktyabra və “qüvvətli” biletlər yenə başladı
gözləməyə.
1980-ci illərin ortalarında böyük bəstəkar
Müslüm Maqomayev haqqında kitab yazırdım,
bütün arxivi, əlyazmaları, gündəlikləri, məktubları
qarşımdaydı və ömrü boyu
yaşadığı ağrı və sevincləri onun nəfəsini
duyacaq qədər yovuqdan seyr edə bilirdim.
Özündən sonra, yəqin ki, ilk dəfə mənim
oxuduğum (uzaqbaşı bütün bu yadigarları qoruyub
saxlamış oğlu Cəmaləddin vərəqləmişdi
onları) gündəliklərində Müslüm bəy
bütün başınagələnləri, çəkdiklərini,
sarsıntılarını gün-gün tarixləşdirib.
Səhnəyə gəlişini səbirsizliklə
gözlədiyi “Şah İsmayıl”ın yolunda hər dəfə
qara bir daş peyda olurmuş.
Süründürməçiliklər, paxıl
badalaqlar, löyün-löyün pərdəarxası çəkişmələr,
məhkəməyə qədər çatan
dartışmalar ilk tamaşa gününə aparan yolu
acı bağırsaq kimi uzadır.
Sanki yol açılhaaçılda, nəhayət ki, təyin
edilmiş tamaşa günündə Hüseyn Ərəblinskini
qətlə yetirirlər. Premyera təxirə
salınır.
Digər dəfə opera binasında yanğın baş
verir.
Bayram baş tutmur.
Və Müslüm bəyin həmin günlərdəki
yaşantıları ilə əlaqədar əsəbi xətlə
yazdıqlarını oxuduqca onun içəridən necə
üzüldüyünü, nə qədər pərişan
olduğunu bütün göynərtisi ilə duymuşam.
Əlbəttə
ki, Rizvan da elə həmin sayaq üzdə özünü nə
qədər təmkinli aparsa, tox tutsa da, hiss edirdim bu təxirəsalmalar,
sanki yox yerdən pırtlayıb ortaya çıxan hər
yeni “əmma” onu nə qədər dilxor edir, hər növbəti
vaxt dəyişilməsi onun həssas ürəyini
“alınmaya bilər!” şübhəsi ilə necə
amansızlıqla sıxır.
Şükür ki, lap son günlərəcən ilk
rok-operanı qarabaqara güdən bütün maneələr
aşıldı, müşküllər hamısı geridə
qaldı, 40 illik intizar yolu şad bir gecəylə
tamamlandı.
Amma 7 ay
öncə...
Martın
1-dən 2-nə keçən gecə idi, gündüz bir
neçə saat Rizvanla dərdləşmişdik, musiqi dinləmişdik,
indi nə illah edirdim, o dalğadan çıxa bilmirdim, dostumu
düşünürdüm, gözümə yuxu əvəzinə
yenə lövhə-lövhə onun kino kimi həyatı gəlirdi.
Onun ömür-gün yoldaşı İradə
xanım da, qızı Kamilla da musiqiçidir.
Üstəlik, hələ balaca nəvəsində də
fitrətən musiqi istedadı var, təzə bir melodiya
eşidən kimi xoşuna gəlsə, dərhal əzbərinə
çevrilir.
Bütün bunlara görə bəstəkar və
müğənni Rizvan Sədirxanovun ilk əsas münsifləri
elə öz evinin içərisindədir.
Təzə nə yazsa, yeni nə oxusa, birinci onlar
eşidir və qiymətlərini də verirlər.
Evdən sonra ikinci və üçüncü münsif
də var ki, biri burada – Bakıdadır, digəri uzaqda –
Moskvada.
Amma məsafədən asılı olmayaraq Rizvanın nəinki
hər təzə əsəri, hətta həyatında
baş verən ən xırda yeniliklə bağlı həmin
evdən kənardakı iki münsif də yubanmadan agah olur.
Yəni xəbəri Rizvan özü
çatdırır. Çünki hər iki dost çox onillərdir ki,
onunla birgədir və ömrünün hər enişinə-yoxuşuna
bələddir.
Buradakı,
Bakıdakı dost mənəm, Moskvadakı – özü orada,
ürəyi həmişə Bakıda olan dost isə Azər
Cahangirov.
Rizvanın həyatının hər mərhələsinə
elə öz ömrümüzə olan kimi bələdik.
Uşaq
vaxtı həmişə daima sinif yoldaşlarının,
köhnə məhəllə dostlarının, sabit ev ünvanları olmasının həsrətini
çəkib.
Atası neftçi idi və bu ailənin həyatı
bir hərbçi ailəsinin taleyinə bənzəyirdi. Elə hey səfərdə
idilər. Və Rizvanın gələcək
sənəti də irəlicədən seçilmişdi –
atasının yolu ilə getməli idi. Orta
məktəbi qurtardı, caamat arasında AZİ deyilən
Neft-Kimya İnstitutuna – indiki Neft Akademiyasına daxil oldu,
yaxşı oxudu, dağ mühəndisi ixtisasını
qazandı. Tərbiyəli, sözəbaxan uşaq idi,
başqa cür də edə bilməzdi, amma indi təəssüflənir:
“Məni nə qədər geri salıblar valideynlərim!”
Elə uşaqlıqdan musiqinin aludəsi idi. Köhnə
bir patefonları vardı. Rəşid
Behbudovun oxusu yazılmış vala o qədər qulaq
asmışdı ki, daha cızıq-cızıq olmuş
valın xışıltıları arasında o məlahətli
səs güc-bəla ilə eşidilirdi.
İnstitut illərində musiqiyə əsirliyinin
nicatsız olduğunu anlayır. Asəf Zeynallı adına
orta-ixtisas musiqi məktəbinə daxil olmaq sevdasına
düşür. Ora qəbul olunmaq
üçün lazım olan bilikləri vardı, fəqət,
tələb olunan sənədləri düzəlmirdi.
Attestat istəyirdilər. Orta təhsil haqda bu
yekun sənədi isə heç institutu bitirəndən sonra
da özünə qaytarmayacaqdılar.
İstəyini evdən gizlədirdi. Malik Abbasov
adlı bir dostundan onun attestatını xahiş edir. Bütün
sənədlərini Malikin adına
hazırlayıb uğurla imtahan verir, olur “Asəf
Zeynallı”nın tələbəsi.
Bir il sakit, kimsə duyuq düşmədən
keçir.
O,
seçilən tələbələr sırasındadır.
...Musiqi
texnikumunun istedadlı tələbələrinin filarmoniyada
açıq konserti təşkil edilibmiş. Təbii ki,
“Malik Abbasov”un da çıxışı
proqrama daxil edilibmiş. Növbəsi
yetişir, səhnəyə qalxır, oxuyur,
alqışlanır.
Və
tamaşaçılar arasındakı köhnə
tanışlarından biri yaxınlaşır ona: “Sən ki
Rizvansan! Niyə bəs ad-familiyanı başqa
cür elan elədilər?”
Him-cimin xeyri olmur, bu sözü başqaları da
eşidir, məsələnin üstü açılır və
rəhmdillik göstərərək Rizvanı istedadına
bağışlayırlar. Qəziyyəni
şişirtmirlər, onu “Asəf Zeynallı”dan xaric etməklə
kifayətlənirlər, sənəd
saxtakarlığını institutuna xəbər vermirlər.
İş böyüsə idi, hətta ali
məktəbdən qovulmaq təhlükəsi də vardı. Hələ daha artığını demirəm.
Ertəsi
il hər halda mətləbinə
yetişir. Üsulunu tapıb institutdan attestatını
götürməyə nail olur.
...AZİ-ni
fərqlənmə ilə bitirib dağ mühəndisi
ixtisasına yiyələnəndə Asəf Zeynallı adına orta-ixtisas musiqi məktəbinin də
diplomu cibində idi.
Başlayır neft mədənlərində işləməyə.
“Bahar” dəniz neft yatağında üzən qazma
qurğusunun rəisi təyin edilir.
Daha sonra boruların istismarı üzrə elmi-tədqiqat
institutunda çalışır.
Sənətin romantikasından uzaq olan bu prozaik yerlərdə
işləyə-işləyə qəlbini,
varlığını daim duyğu selləriylə coşduran
musiqidən də ayrıla bilmir.
Rizvan taleyinə görə, bir növ, Bəxtiyara
oxşayır.
Lətif Səfərovun həmin məşhur “Bəxtiyar”
(“Sevimli mahnı”) filmində Tofiq Quliyevin misilsiz nəğmələrini
oxuyan neftçi Bəxtiyar Muradovun taleyinə.
Və əslində Rizvanın sənət aləmi ilə
sonrakı daha sıx ünsiyyətlərinin
yaranmasının əsas baislərindən biri elə o film, Rəşid
Behbudovun cazibəsi idi.
...Neftçiliyini
edə-edə 1982-ci ildə konservatoriyanın axşam bölməsinə
daxil olur.
Buranı da yaxşılardan biri kimi bitirir.
Rizvan
peşəsini mükəmməl bilən, sənətinin
sahibi olan neftçi idi və o vaxt dəniz neftçilərinin
maaşları bir az da yüksək idi. Odur ki, dolanışığı pis deyildi. Lakin ürəyi ona dinclik vermirdi. Arzusu idi ki, getsin İtaliyada təhsilini davam etdirsin.
Rizvanın
İtaliya prezidentinə oxumaları yazılmış kasetlə
birgə göndərdiyi məktubu da vaxtilə mənim iş
otağımda tərtib etmişdik və gözlədiyimizdən
də sürətli cavab Moskvadan gəlmişdi. Oradakı
İtaliya səfirliyindən yazırdılar: “Prezident sizin təhsil
haqqınızın dövlət hesabına ödənməsinə
göstəriş verib. Yeni dərs ilindən
Ozimo şəhərindəki Musiqi Akademiyasına dərs
almağa dəvət edilirsiniz”.
Hələ
SSRİ yerində idi, hələ 1989-cu il
idi.
...Ozimo
bir nəğməli şəhərdir ki, İtaliyanın səfalı
Maçerato əyalətinə daxildir. Nəğməkarları
bol Maçerato əyaləti bizim zavallı Şuşa
kimi bir yerdir. Ora dünya şöhrətli
maestro Benyamino Cilinin vətənidir.
Düz 28
il “Metropolitan opera”nın birinci tenoru
olmuş, dünya vokalı tarixində ən bahalı tenor
sayılan Franko Korelli də buralıdır. Uzun sözün
qısası, bizim əksər xanəndələr
Qarabağdan, Şuşadan çıxan kimi, Maçerato da
saf ab-havası ilə az qala hər nəfərə
səs bağışlayıb, bu hər nəfərdən
neçəsi isə üstəlik böyük şöhrətlərə
də qovuşub.
...Ozimo
Akademiyasında dünyanın müxtəlif ölkələrindən
olan 38 tələbədən yalnız birinin Rekanati şəhərində
keçirilən Benyamino Cili adına
müsabiqəyə göndərilməsi məsələsi
müzakirə olunanda Rizvanın seçilməsi təsadüf
deyildi. Oralarda adama adamına görə yox,
adamlığına (bu məqamda – istedadına, sənətinə)
görə qiymət verirlər.
1992-ci il
noyabrın 3-ü ilə 6-sı arası böyük Cilinin
doğma şəhərində keçirilən həmin beynəlxalq
tenorlar müsabiqəsində Rizvan İtaliya, İspaniya,
İngiltərə, Fransa, ABŞ, Cənubi Amerikadan... olan 26
ifaçı arasında üstünlük qazandı və bu
zəfərin xoş sədası tezliklə Bakıda əks-səda
verdi.
İtaliyadan qayıdan kimi Fərhad Bədəlbəyli
Rizvanı konservatoriyaya işə
götürmüşdü.
Amma Rizvan
vətəndən uzaqlarda yarıac tələbəlik həyatına
birtəhər tab gətirmişdisə də, burada, Bakıda
10 dollara yaxın bir konservatoriya məvacibi ilə ailə
saxlamağın vüqar sındıran mənəvi
yükünə necə dözəydi?
1990-cı illərin əvvəllərinin böhranlı
ictimai-siyasi mühiti, qıtlıq,
qatmaqarışıqlıq, namüəyyənlik də o biri
yandan sıxırdı.
Operada çalışmaq istədi. Dinlədilər, bəyəndilər
və dedilər ki, “Təəssüf!”.
Nəyə təəssüf edirdilər?
“Tam layiqsiniz, əsl bizə gərək olan müğənnisiniz. Di gəl,
boş solist ştatımız yoxdur. İşin
tərsliyindən sizi təcrübəçi-stajor kimi də
götürə bilmirik, yaşınız çoxdur”.
Neyləyəsiydi
ki!
Başladı işıq ucu aramağa. Bəxti gətirdi,
ortabab güzəranını təmin edəcək babat məvaciblə
bir şirkətdə işə düzəldi.
Beləcə başladı Əlinin papağını Vəlinin
başına, Vəlinin papağını Əlinin
başına qoya-qoya ömür sürməyə.
3il, 5 il, 10 il...
Fikirləşirsən ki, o qədər sevgidən, o qədər
çalışmalardan, o qədər təhsildən sonra belə
yaşamaqla ürək partlar. Amma yox! Axı hər
gündüzdən sonra axşam da gəlirdi, gecə də
başlanırdı.
...Rizvan hər
axşam (mütləq!) pianonun arxasına keçir,
gününün uğurlu, ya uğursuzluğunu eyninə
almadan həmin andan ətrafı unudub öz aləminə
qapılır, məlum səslərdən o anacan kimsəyə
bəlli olmayan, hələ yalnız ona eşidilən,
könül oxşayan, hislərə sığal çəkən
səslər düzümü hörür.
3 il, 5 il, 10 il...
...İllər ötür, yaşın üstünə
yaş gəlir. Amma Rizvan uşaq təbiətini, məsumluğunu,
inamcıllığını qoruyub saxlayıb. Bəlkə elə bu yaxşıdır. Hər dəfə aldananda təəccüblənir.
Və saf qəlbi sınmasın deyə onu
növbəti dəfə ovuduram, “Hər şey yaxşı
olacaq! Çalış! İşlə!”
– deyirəm.
İnanır, gedir. Çalışır, işləyir və axşam zəng
çalır: “Vaxtın var üçcə dəqiqə?”
Telefonun dəstəyini
çəkib qoyur pianonun üstünə, başlayır lap
təzəcə bəstələdiyi bir melodiyanı, lap yenicə
əzbərlədiyi bir şeiri məlahətli avazı ilə
oxumağa (Böyük bəstəkarımız, unudulmaz Tofiq
Quliyev söyləyirdi ki, hələ 1930-cu illərdə
Bakıya cazı ilk gətirənlərdən olan alt
saksafonçu Pərviz Rüstəmbəyov belə edərdi.
Gecə yarısı zəng vurardı ki, Tofiq,
bağışla, oyatdım səni, qulaq asa bilərsən?
Və cavab gözləmədən başlayarmış
qonşuları oyatmağa.
Telefonun dəstəyini
yaxına qoyub saksafonunu götürər, təzə
yaratdığı caz kompozisiyalarını
çalarmış...).
Tanrı
Rizvana iki istedadı qoşa verib: səsi – gözəl dramatik
tenordur; bəstəkarlığı – başqa janrlardakı
işlərini bir kənara qoyaraq yalnız mahnı və
romanslarını göz önünə gətirsəm, bu
gün Azərbaycan, Şərq, rus və dünya şairlərinin
sözlərinə yazdıqlarının sayı 1000-ə
yaxınlaşır.
Bir neçəsini dinləyincə əmin olursan ki, bu
say çoxluğu qrafomanlığın nəticəsi deyil,
Rizvanın içərisində aşıb-daşan,
fışqırıb qalxan zəngin melodiya duyumu və
tapıcılığının bəhrəsidir.
Bir
müğənni kimi İtaliya səhnələrindən
tutmuş Bolşoy teatra, Bakı konsert salonlarınacan
çıxışları az olmayıb və
hər dəfə də dinləyənlərini məftun etməyi
bacarıb. Lakin çox təəssüflər
olsun ki, onun səsi Azərbaycanda geniş kütlələrə
dolğunluğu ilə yalnız son 10-15 ilin içərisində
çatıb. Bu da radioda ara-sıra səsləndirilən
oxularından daha əvvəl “Səmimi qəlbdən” və
“Şairin ürəyi” səs albomlarına görə. Hər iki diskdə bütün mahnı və
romansların həm bəstəkarı, həm
ifaçısı Rizvan özüdür. Oradakı əsərlərin bir qismini başqa
müğənnilər də oxuyub. Amma
Rizvan öz nəğmələrini elə təsirli
canlandırıb ki, əsərlərinin başqa
ifaçıları ilə müqayisədə onun
üstünlüyü aşkar sezilir.
Bir tərəfə baxanda elə belə də
olmalıdır.
Axı həmin əsərlərin hər biri not-not, səs-səs
əvvəlcə onun qəlbində yaranıb.
İndiyədək bir-birindən eşidimli o əsərlərinin
əksəriyyəti bütün Azərbaycana bəlli deyilsə,
mütəmadi olaraq radio-televiziyalarımızda səsləndirilmirsə,
göstərilmirsə, bu, qətiyyən Rizvanın təqsiri
deyil.
Ümumən bunca parlaq istedadı, bunca inadkar
işgüzarlığı, belə yüksək məhsuldarlığı
müqabilində Rizvan indiyədək nail olmalı
olduqlarının heç ondabirinə yetməyibsə, yenə
heç vəchlə bunda özü suçlu deyil.
Səbəbkar
hadisələrin ayrı cür yox, məhz bu sayaq olan
gedişi, təsadüflərin bu biçimdə
sıralanması, bir az bəxtin gətirməməsi,
bir az kimlərinsə laqeydliyi, bir az kimlərinsə həsədi,
hikkəsi olub.
Təbii, günahların bir qismi də mənim
boynumdadır ki, Rizvanın qarşısında ona yaraşan
qapıların açılmasına arzuladığım qədər
kömək edə bilməmişəm. Amma Allah
şahiddir ki, hər halda bacardığımı etməyə
daim çalışmışam. Gücüm
başqa şeyə çatmayanda həmdərd olmuşam,
ürəyimlə dayaq durmuşam, təsəlli vermişəm,
həvəsləndirmişəm, ruhlandırmışam.
Azər də
mənim kimi! Ancaq Azərin məndən bir
üstünlüyü var. Əvvələn, o, Rusiyada Rizvana
bu və ya digər dərəcədə aid olan hər mədəni
tədbirə, konsertə qatılmağa hökmən cəhd
edir və çox zaman da buna nail olur.
Bir də görürsən gecənin bir aləmində
telefonumuza onun belə tədbirlərdən isti-isti çəkdiyi
videolar çatdı.
Ləzzətlə
həm Rizvanı, həm Azəri minnətdarlıqla seyr edirəm,
belə operativliyin ilk növbədə olmalı olduğu mətbuatımızda,
radio-televiziyalarımızda olmamasına heyifsilənirəm…
Digər
tərəfdən, Azər dost uğuruna o qədər
geniş ürəklə şadlana, bunu bir an içərisində
o qədər geniş dairə ilə bölüşə,
sevincini, iftixarını, ürəyini dolduran fərəhi elə
coşqun tərzdə ifadə edə bilir ki, ona hər dəfə
yenidən vuruluram.
…Rizvan əslən
şuşalıdır. Bakıda böyüsə
də, Şuşada evləri olub və hər yay mütləq
ailəliklə ora gediblər.
Səs ata-baba yurdunun ona elə doğulandan bəxş
etdiyi nemət idi.
Rizvanda gələcəyin
yaxşı musiqiçisini hələ onillər öncə
həmin Şuşadaca unudulmaz bəstəkarımız
Süleyman Ələsgərov görmüşdü və
bunu uşağın atasına da söyləmişdi: “Sultan,
siz nahaq bu oğlana sadə baxırsınız. Onda əsl musiqiçi ürəyi var!”
Ata da fikirləşirdi ki, qarabağlıda səs də
olar, musiqi istedadı da və burada qeyri-adi heç nə
yoxdur.
Niyyəti idi ki, oğlu onun yolu ilə getsin, texniki
peşə seçsin, mühəndis olsun.
Kim bilir,
bəlkə elə o haqlıymış!
Musiqiyə
bağlanmasaydı, bəlkə Rizvan heç bu qədər,
bir ömrə sığa biləcəkdən də çox
həyəcanlar da yaşamazdı!
Ancaq orasını da düşünürəm ki,
musiqisiz də Rizvan heç vəchlə belə bəxtiyar,
belə özünütapmış olmazdı, bütün
çətinliklərinə rəğmən daxilən belə
rahat yaşaya bilməzdi.
Həm neftçi, həm müğənni olan Bəxtiyar
bir film qəhrəmanı idi ki, yaddaşımıza
böyük Rəşid Behbudovun məharətli oyunu və məlahətli
ifası ilə həkk olunub.
Amma həm
yüksək səviyyəli mühəndis, neftçi, həm
də gözəl müğənni, bəstəkar olan Rizvan
Sədirxanov haqqında indiyədək nə sənədli, nə
bədii film çəkilib.
Film onun gündəlik həyatıdır ki,
yaşayır.
Dursam onun tələbəlik dövrünün,
neftçilik illərinin, konservatoriya əyyamlarının,
İtaliyada təhsil aldığı zamanların, Bakıya
qayıdandan sonra 1990-cı illərin əvvəllərinin məchul
dönəmindəki yaşadıqlarının
sıra-sıra əhvalatlarını yazmağa, sərgüzəştlərlə
dolu kino bu həyatın yanında daha solğun görünər.
…“Min bir gecə” nağıllarının məşhur
Sindbadı ellər gəzdi, şəhərlər
dolaşdı, illəri qürbətlərdə sürdü.
30 il əvvəl
Rizvan mənə hələ 10 il öncə bəstələməyi
qət etdiyi “Dənizçi Sindbad” rok-operasından
danışanda, onunla qonşuluqda kirayə qaldığım
mənzildəki pianoda həmin yeni əsərin ilk
parçalarını çalanda haradan ağlıma gələrdi
ki, o vaxt mənə eşidilənlərin hamıya
çatması üçün hələ bundan sonra gərək
üç onillik keçə.
Əslində
50-60 ilə bərabər 30 il sular kimi, sellər
kimi ötüşdü.
Gəncliyimizi
özü ilə apararaq getdi...
Və Sindbad doğma sahilə lövbər
atmaqçün qayıdır.
Daha dəqiqi – qayıtmaq üzrədir (mötərizəni
açaraq bir daha xatırladıram ki, bu sözləri indi
deyil, 7 ay qabaq yazırdım).
Azərbaycan musiqi mədəniyyəti tarixində son dərəcə
əlamətdar bir hadisəyə səbəbkar
olmaqçün qayıdır (Burada da hər ehtimala görə
dəqiqləşdirim – qayıtmaq üzrədir!).
Rizvan Sədirxanov musiqi tariximizdə bir ilkə imza
atır.
“Səyyah Sindbad” bizim birinci milli rok-operamızdır.
Bu, elə
tarixçədir ki, 40 il yol gəlmiş
o müsafirə heç kəs şərik ola bilməz!
Bu
uğur mənim istəkli dostum, dəyərli Azərbaycan bəstəkarı
və müğənnisi Rizvan Sədirxanovun halal qismətidir!
Bir
neçə il öncə, növbəti
yeni il ərəfəsində Rizvanla yeni bir mahnı yazdıq.
Həmin mahnının adı “Ümid var” idi.
Əlbəttə,
hər yeni il sabahlara üz tutan diləklər
oyadır. Ancaq o vaxt yazdığımız həmin
nəğmə bitən ilin son gecəsində səslənməkçün
nəzərdə tutulsa da, əslində ilin hər bir
gününə aid idi.
Ümidsiz yaşamaqmı olar? Nə qədər
ümidlər var, biz də varıq. İnsan
ümidlər tükənəndə bitir. Lakin orası da var ki, gərək ümidlər elə
illərcə ümid olaraq da qalmasın, həm də həyatda
öz yerini tapsın.
Aydan-aya, ildən-ilə adlayan ümidlər insanı
daxilən yora da bilir, nimdaşlaşan ümidlər daha yeni
ümidlərə doğru qanadlanmaqdan yadırğamağa da
sövq edir, ruhu süstləşdirir.
Mənim nəzərimdə Rizvan qəti ümidin,
nikbinliyin, son ucda hər diləyin işığa
çatacağına sarsılmaz inamın ən bariz örnəyidir.
İlk gəncliyindən belə olub və həmin
mühüm keyfiyyət durmadan ona daxildən güc verib.
Yazıb-yaradıb, qarşısına çıxan
aşırımlar onu ləngitsə də, sındıra,
kökdən sala bilməyib.
Layiq olduğu ucalıqlar və özünüifadə
imkanı ondan əsirgənsə də, nə inciyib, nə
bezib, nə usanıb, nə umu-küsü edib.
Bütün bu – bəzən bədxah, bəzən
riyakar, bəzən sadəcə ögey münasibətlər
– Rizvanın təmkinini, varlığındakı nəcibliyin
müvazinətini laxlatmaqda aciz qalıb.
Kimsə
onun istedadını görməyibsə, ya görməzliyə
vurubsa, etiraf etmək istəməyibsə, Rizvan
başqalarını qınamayıb, qeyrilərindən
heç nə ummayıb, səbəbi özündə
axtarıb, fikirləşib ki, deməli, bir az da çox
çalışmaq, görməyənlərin də görməsindən
ötrü daha artıq bəstələmək, oxumaq, qan-tər
tökmək gərəkdir.
Daha bir təzə bəstəsini bitirib, onu
tamamlayınca bir ayrısını başlayıb, daha bir nəğmə
oxuyub, onu lentə yazdırınca başqa biri üzərində
işləməyə girişib.
İnanıb ki, geci-tezi var, mütləq onu da görəcəklər,
eşidəcəklər.
İnanıb
və ona görə də yeni yaradıcılıq
üfüqlərinə sarı can
atıb, əvvəlkindən də neçə qat artıq səy
göstərib.
Bu
açılan güllərin,
Bu dönən
fəsillərin,
Bu dəyişən
illərin
Hər birində ümid var.
Köhnələnlər
gedəcək,
Yeni günlər gələcək.
Gülməyənlər güləcək.
Gedənlərdə
xatirə,
Gələnlərdə
arzular,
Təzə
gündə ümid var…
Gülümsəyir
sabahlar,
Hər
sabahda ümid var!
Rizvan Sədirxanov
Azərbaycan insanına bu gün və sabah
üçün çox sovqatlar tədarük edib.
Rizvanın hələ hamıya eşidilməmiş nəğmələrinin,
romanslarının miqdarı yüzlərlədir.
Mən əminəm ki, gün çatacaq, Rizvanın
seçmə əsərlərindən ibarət konsertlər
Bakıda da, Moskvada da, dünyanın neçə ölkəsinin
böyük konsert salonlarında, səhnələrində də
veriləcək.
Mən hələ başqa məşhur
ifaçıları qoyuram bir kənara. Rizvanın
özünün yetirmələri bu gün dünyanın ən
məşhur, ən sayılıb-seçilən səhnələrindədir
və onların sırası günü-gündən
sıxlaşmaqdadır.
Ən azı onların ifasındakı coşqu dolu
Rizvan bəstələrindən ibarət konsertlərə
şahid olacağıq.
Bizlər
də, Rizvanın özü də!
Amma ən böyük arzu və ümid “Səyyah
Sindbad”la bağlıdır.
Rizvan 40 ilin intizarından, ümidlərindən sonra Azərbaycanın
əvvəlinci rok-operasını xalqla
görüşdürməyin astanasındadır.
Ümid və arzu isə bundan ibarətdir ki, musiqi həyatımızda
xoş hadisəyə dönə biləcək bu əsər
ovsanadan çıxarılmasın. Əsl operaya
yaraşan tərzdə səhnəyə gəlsin.
Yəni sadəcə oxumaların
sıralandığı bir konsert kimi deyil, dekorasiyalar, əlbisələr,
göz oxşayan sanballı bədii tərtibatı ilə bir
opera əsərinin bütün tələblərinə
müvafiq tamaşa kimi!”
(Və bu sətirləri də o vaxt təsadüfən
yazmamışdım. Çünki belə təkliflər də
edilmişdi ki, “Səyyah Sindbad” elə konsertvarı bir tərzdə
yola verilsin getsin. Hər ifaçı öz geyimində
səhnəyə çıxsın, ona aid olan hissəni
oxusun, vəssalam! Bunca bəsit!).
***
...Axırıncı
zəng çalındı.
Zal qaranlıqlaşdı.
Bir işıq dilimi səhnəyə, pərdə
üzərinə dikəldi.
Yeni və ilk rok-opera hələ pərdə
açılmamış başlanırdı.
Pərdənin
bu üzündə cərəyan edənlərin az sonra oradan bizə görünəcəklərə
aidiyyəti həm var, həm yox idi.
Hər hansı aidiyyəti yox idi ona görə ki, pərdənin
bu üzündə başqa zaman idi, pərdənin o tərəfində
ayrı həyat.
Amma pərdənin
bu üzündə qaçışan matrosların, bu tələs-tələsdə
onların ayağına dolaşan və elə geyim-kecimindən
gəmi adamı olmadığı görünən
kişinin az sonra pərdənin o tərəfində
cərəyan etməyə başlayacaq ömür-gün
hekayəti ilə birbaşa bağlantısı da var.
Bosman
qaçhaqaçda o qərib və qəribə adama irad da
tutur: “Ey, qoca, mane olma, bura sənin yerin deyil!”
Lakin doğrudanmı bu göyərtə o dalğın
adamın yeri deyildi?
Az sonra
bir qadın da qoşulur o ixtiyara.
Ardınca gəlir. Bilir ki, onu harada axtarsa, elə buralarda tapa
bilər.
Bilir ki, dənizdən, yosun ətrindən,
dalğaların şırıltısından, gəmidən,
dənizin göyə birləşirmiş kimi genişliyindən
ötrü darıxınca istəklisi bura – sahilə, növbəti
səfərə hazırlaşan gəmilərə
yaxınlaşır.
– Yenə
burdasan, Sindbad?
– Hə,
burdayam, gəncliyimlə görüşə gəlmişəm.
O
xanımın “Sindbad” dediyi şəxs az
öncə tamaşaçıların elə bu qiyafədə
– kostyumlu, qalstuklu, bəyaz saçlı, eynəkli – dəhlizdə
rastlaşdıqları, girəcəkdə dayanaraq yeni
tamaşaya baxmağa gələn qonaqları qarşılayarkən
gördükləri adamdır.
Bəstəkar
Rizvan Sədirxanovun özü!
Elə qadın da müasir geyimdədir. Amma
aktrisadır.
Məndən olsa, o qadının əvəzinə də
həmin məqamda səhnəyə aktrisa yox, elə
Rizvanın həyat yoldaşı İradə xanımı
çıxarardım.
Axı
nağıl-tamaşada uzun illərin həsrəti ilə
sevgislisi Sindbadı gözləyən Zəhra kimi, İradə
xanım da 40 ildir ki, hər həyəcanı Rizvanla – öz
Sindbadı ilə birgə yaşayıb, bu munis günün gəlişini
daim elə onun qədər səbirsizliklə gözləyib,
“Səyyah Sindbad”ın səhnəyə
çıxacağı ana qədər çəkilən
bütün nisgilləri illərcə onunla müştərək
yaşayıb.
Və
premyera günü, həmin anlarda zalda, tamaşaçılar
arasında yox, səhnədə Rizvanının yanında
olmaq onun da haqqı idi!
... Çox keçməyəcək, “Səyyah
Sindbad”ın tam Azərbaycan versiyası da yaranacaq. Hələlik əsər əsasən ruscadır.
“Əsasən” ona görə ki, bu operada ruscadan savayı
ingilis, italyan, çex dillərində də ariya və nəğmələr
səslənir (Rizvan xarici müəlliflərin, fərqli
dövrlərin şairlərinin – Konfutsinin, Vilyam Kolricin, Yozef
Sladekin, Nikolay Qumilyovun, Alessandro Milaninin mətləbə
uyğun misralarını əsərin məzmununa uyğun
istifadə edib, hamısını da elə
yazıldığı dildə. Mən də Azərbaycan
variantında onları saxlayacağam, amma indiki variantdan fərqli
olaraq, həmin şeirlərin hansısa bəndlərini ya
ekvoritmik tərcümədə, ya da onların tərzində
improvizə edilmiş bəndlər halında mətnə əlavə
edəcəyəm ki, dinləyənlər bu ariyaların
bilavasitə mənasından da hali olsunlar. Daha yalnız proqramdakı bilgidən öyrənməsinlər
ki, əcnəbi dildə səslənən bu oxunun anlamı nədir).
Bir
neçə onillik boyu, “Sindbad”ı ürəyində, zehnində
daşıdığı bütün müddətcə hər
dərdi-sərini mənimlə bölüşmüş
Rizvana ötən il, tamaşanın
baş tutacağıyla bağlı söhbətlər ciddiləşməyə
başlayanda söylədim ki, elə bu variantda da əsərdə
ana dilində parçaların səslənməməsi
düz olmaz.
Hazırlayacağımız bütöv Azərbaycan
variantı öz yerində, gəl bura da ən azı iki
parça əlavə edək ki, əsər Azərbaycan
dilində başlanıb, Azərbaycan dilində də bitsin.
Çünki ilk milli rok-operamızda bir neçə
xarici dilin olub ana dilinə etinasızlıq göstərilməsi
qətiyyən yaramaz.
Rizvan dərhal razılaşdı və mən də təxminən
onun razılaşdığı sürətlə iki şeir
yazdım.
Biri
Sindbadın lap başlanğıcda səslənən və
baş verəcəklərə müqəddiməyə
dönəcək oxusu, digəri də də sonda onun və
digər iştirakçıların ifa edəcəyi
vüsal nəğməsi. Əslində rok-operanın son
adı da elə bu şeirin sərlövhəsindən
doğdu:
Hər
bir gedilən yolun
Əvvəli var, sonu var.
Nə yol
bitər, nə arzu,
Nə qədər
canda can var.
Suallarla
doludur
Hələ
seçmədiyin yol
Səni
hey cəzb eləyər
Hələ keçmədiyin yol.
Hər
yolun arxasında
Min suala cavab var.
Ömür
boyunca bitməz
Nə suallar, nə yollar.
Yollar
eniş-yoxuşlu,
Mən yolların yorğunu.
Sınağı
çox olsa da,
Mən yolların vurğunu.
Axşamlar
Günəş deyər:
“Mən batıram, sən də yat.
Sabah yola
çıxmaqçü
Dincəl, güc yığ, Sindibad!”
Səyyahların
səyyahı,
Tarix yazan
Sindibad,
Hünər
göstər, yollar aç,
Yadigar qoy
sən də ad!
Səyyah
Sindibad!
… Son 1 il boyu Rizvan hansı zəhmətlərə
qatlaşdı, nə qədər həm sevincli, həm
qanıqara günlər yaşadı, – hamısına
şahidəm.
Söz yox, ildən-ilə deyil, onildən-onilə qalan
bu əsərin, nəhayət ki, işıq üzünə
çıxmasında Mədəniyyət naziri Əbülfəs
Qarayevin Rizvana, onun yaradıcılığına çox
xeyirxah, diqqətcil münasibətinin xüsusi yeri var.
Moskvada
yaşaya-yaşaya köhnə dostumuz, böyük Qara
Qarayevin yadigarı bəstəkar Fərəc Qarayev də həmişə
Rizvanın yanında idi, imkanı çərçivəsində
ondan himayəsini əsirgəmir, həmişə ürək-dirək
verir, həvəsləndirirdi.
Nazirliklə bəstəkar arasında müqavilə
bağlandı və Rizvana bu əsərindən ötrü
4800 manat müəllif haqqı yazıldı. Zəruri
vergilər çıxılandan sonra əlinə təmiz 4575
manat pul gəldi.
Və bu vəsaitlə o, rok-operanın səhnəyəqədərki
bütün məsrəflərini qarşılamalı idi.
Rizvan
Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyində işləyir və buradan
aldığı məvacib də sən deyən böyük
deyil.
Qabaqlar fərdi dərs verdiyi tələbələri
olurdu, sön dövrdə isə bütün günü opera
ilə məşğul olduğundan daha həmin məşğələləri
də aparmağa vaxt tapmır və ayrı bir gəlir mənbəyi
də yoxdur.
Amma müqavilə imzalanandan sonra Rizvan həddən ziyadə
sevincli idi, hər maddi sıxıntını adlamaq
üçün nəsə bir yol tapmağa hazır idi,
çünki operasının səhnədə görünməsinə
ilk dəfə idi ki, bunca ciddi təməl və fürsət
yaranmışdı.
Bəstələnmiş parçalar əvvəlcə
oranjiman edilməli, ifalar studiyada yüksək keyfiyyətlə
yazılmalı idi.
Oranjimanın, ifaçıların hər birinin
çalğı və oxu haqqının, eləcə də
studiya kirayəsinin ümumi məbləği əslində
Rizvanın guya müəllif haqqı kimi aldığı
qonorardan beş-altı dəfə çox edirdi.
Və bu işlərin görülməsindən
ötrü rəsmən hansısa vəsaitin ayrılması
nəzərdə tutulmurdu.
Hamısı Rizvanın öz öhdəsinə
düşürdü.
Müğənnilərin
hamısı tam təmənnasız oxumağa, gələcək
tamaşada da eyni cür heç bir ödəniş gözləmədən
səhnəyə çıxıb rollarını ifa etməyə
can-başla razılıq verdi.
Hamısı Rizvan kimi bir maestro ilə işləməkdən
zövq alırdı və məmnun idilər ki, tarixi hadisənin,
ilk Azərbaycan rok-operasının birinci ifaçıları
məhz onlar olacaqlar.
Lakin bununla belə, oranjiman, studuiya
yazılışları, montaj üçün ikiqat güzəştlər
edilsə də, on min manatdan artıq xərc
çıxdı.
Xahiş gözləmədən, kiçik də olsa,
maddi köməyini əsirgəməyən dostlar Rizvana
özləri müraciət etdilər.
Vaxtilə Rizvan Bakıdakı bir italyan firmasında tərcüməçi
işləyirdi. Həmin şirkət Azərbaycandakı fəaliyyətlərini
çox illər bundan qabaq yekunlaşdıraraq
yığışıb getsə də, etibarlı dost və
sənət aşiqi Renato Formenti Rizvanla əlaqələrini
kəsmir, ondan diqqətlərini əsirgəmir.
Elə bu yazılışlar gedişində də onun
yolladığı qardaş köməyi xərclərin xeyli
hissəsini bağlaya bildi.
Bəlkə də kimsə irad tutdu ki, belə
ayrıntılara varmağın nə mənası?
Ola bilər, mümkündür ki, böyük sənətdən
söhbət gedirkən bunlar bəlkə də
xırdaçılıqdır.
Lakin
birisinə şəfa tapmaqçün hava-su kimi hansısa
dava-dərman lazımdırsa, onları almağa pulu yoxsa,
heç kəsə də ağız açmaq istəmirsə,
bu əsnada hansısa nəcib insan xeyirxah təklif gözləmədən
qəlbinin hökmü ilə mərhəmətli addım
ataraq özü irəli çıxırsa,
müşkülü elə borcuymuş kimi səmimiyyətlə
həll edirsə, məgər bunun üstündən
sükutla keçmək insafdandır?
Çəkdiyim misal da sizə kobud-filan gəlməsin,
elə təqribən həmin vəziyyət idi.
Həm də bunu unutmayaq ki, söz milli mədəniyyətimizdə
“ilk”lə işarələnən sıradan olmayan bir hadisə
haqqındadır.
Sabahdakılar keçilmiş yolun necə həndir-hamar
olmuş olduğunu, bunları açıqlamasaq, haradan bilərlər?!
…Hər
parçanın studiyadakı yazılışından sonra
Rizvan hökmən hazır materialı gətirirdi, dinləyirdik
və bu prosesdə həmin oranjiman və montaj işlərini
yerinə yetirən Emil Minyaşevin həm istedadını və
zəhmətsevərliyini yaxından müşahidə edə
bilirdim, həm də fədakarlığını.
Emil də, ifaçıların hər biri də ən əvvəl
bu işə sənət naminə, ürəklərindəki
dərin musiqi sevgisinin yönəltməsi ilə, Rizvanın
şəxsiyyətinə sonsuz sayğı və məhəbbətlə
qatıldıqlarından hər sıxıntını dəf
etməyə hazır idilər.
Hər yeni parçanın hazırlanıb
tamamlanması ilə də bunu əyani olaraq sübut edirdilər.
Və bu cərəyanda Emil Minyaşev özü də
oxudu və yaxşı da oxudu.
“Səyyah Sindbad”da baş qəhrəmanı hər bəladan
qoruyan, onu qanadının altına alaraq ən
çıxılmaz vəziyyətlərdə nicat verən
xilaskar mələk elə Emil Minyaşevdir.
Lakin Emil operada həm də çex tacirinin nəğməsini
oxuyub və əla da ifa edib.
Dinləyən
çexlər özləri bunca dəqiq tələffüzə
mat qalmışdılar.
İfaçıların hamısı bir-birindən bəyənimli.
Baş rolun ifaçısı, Zəhra surətini
yaradan Gülşən İbadova ayrıca təqdimə və
tərifə layiqdir.
Məlahətli səsi, qəlbə yatan oxusu öz
yerində, amma həm də aktyor oyunu, plastikası
hamını heyran etdi (Üstəlik, səhnə kostyumunu da
özü tikmişdi. Kostyum söhbəti
açılmışkən bunu da yazaq qalsın.
“Səyyah
Sindbad”a baxanlar əvvəldən-sonacan həm də rəng
bolluğuna, bir-birindən əlvan, cəlbedici geyimlərə
valeh oldular.
Əvvəldən
bildirilmişdi ki, tamaşa üçün kostyumlar tikdirmək
bir yana, heç kirayələməkçün
də vəsait olmayacaq.
“Səyyah Sindbad”ı səhnəyə gətirmək
yolunda elədiklərinin hamısını elə bircə
“sağ ol!”a
etmiş və ürəkdən etmiş rejissoru ilə rəqs
quruluşçusunun şəxsi kolleksiyalarındakı
uyğun geyimlərlə həmin düyün də
çözüldü.
Ən heyrətləndirənsə bu oldu ki, Konfutsi
İnstitutunun Bakıdakı direktoru xanım Li Dzin Xua əsər
üçün tələb olunan orta əsrlər
çinlilərinin geyimlərini Pekindən ikicə günə
paytaxtımıza çatdıracağına boyun oldu və
sözünə də dəqiqliklə əməl etdi. Onların “Səyyah Sindbad”a
belə marağı və qayğısı da səbəbsiz
deyilmiş. İş ondadır ki, çinlilər
Sindbadı özlərininki sayırlar. IX əsrdə
yaşamış, əslən uyğur, müsəlman
olmuş, macəralı yeddi dəniz səyahətinə
çıxmış Sənbau ləqəbli admiral da tarixdə
həqiqətən olub, onun Çindəki qəbri bu gün
də insanların ehtiramla ziyarət etdikləri məkandır
və ərəb nağıllarına da bu süjet elə
Çindən köçüb).
Belə…
Pərdənin arxa tərəfində səhnədəki
rəngarəngliyə və ehtişama bənzəməyən
bozluqlar, adətən söylənməyən, əksəriyyətə
bilinməyən belə adiliklər də olur).
Amma
gözəlliklərdən deyək!
İfaçıların hamısını bircə-bircə
öyərək sadalamaq vacibdir.
Çünki
bir-birindən çəkici, bir-birindən gözəldirlər
– Sindbadı ifa edən Mikayıl Rəfiyev də, dəniz
quldurlarının kapitanı Şamil Kərimov da, çinli
qız Aydan Həsənova da, həm kapitan Conu canlandıran, həm
də bunun ardınca rusiyalı tacir Afanasi Nikitiçə
çevrilən Cavid Səmədov da, kapitan Alessandronu ifa edən
Azər Rza da, bosmanın partiyasını oxuyan müəllif
– Rizvan Sədirxanov özü də, digər rolları və
partiyaları, caz kompozisiyalarını bütün
şirinliyi ilə təqdim edən Nərgiz Kərimova da,
Yuliya Motorina da, Mila Rzayeva da, İlham Nəzərov da, Nərgiz
Əlizadə də təkrarsız səsləri ilə
premyera gecəsinə rövnəq verdilər.
Təbii
ki, qısa bir vaxt ərzində ağlasığmaz dərəcədə
həcmli iş görmüş, rəqslərin
quruluşçusu Cəmilə Bayramova, tamaşaya bayram
ovqatı verən əlvanlığa nail olmuş rəssamı
İlham Elxanoğlu təşəkkürlərə layiqdirlər.
Ancaq tamaşanın rejissoru, Əməkdar artist Nicat
Kazımov haqqında gərək ayrıca söz deyilə.
O
olmasaydı, bu bayram bu möhtəşəmlikdə
alınmazdı.
Mənimlə yanaşı tamaşanı izləyən
və dünya teatrlarının səhnələrində
çox operaları da, müziklləri də seyr etmiş təcrübəli
dostlarım əyləşmişdilər.
Onlara söyləyirdim ki, bütün bunlar vur-tut iki həftəlik
məşqlərin nəticəsidir, inanmırdılar, inana
bilmirdilər və elə doğrudan da inandırıcı
deyil.
Bir rejissorda nə qədər istedad, yanğı,
ehtiras, yaradıcı ruh, eşq olmalıdır ki, belə dar
macalda (həm də hansı şəraitdə!) bunca zəngin,
tapıntılarla dolu tamaşa hazırlaya bilsin.
(Elə
buradaca Azərbaycan Teatr Xadimləri İttifaqının sədri,
köhnə və etibarlı dostum, görkəmli rejissorumuz
Azərpaşa Nemətova Aktyor evinin səhnəsini mənim
xahişimlə tamaşanın bütün əsas məşqlərinin
keçirilməsi üçün qəlb genişliyi ilə
ayırdığına görə minnətdarlığımı
bildirirəm.
Əgər bu imkan yaradılmasaydı, tamaşanın
taleyi necə olacaqdı, baş tutub-tutmayacaqdımı, bir
ayrı sualdır).
Elə bircə Nicatın tamaşa boyu dənizçilərin
üçbucaq şəklində sıralanaraq uzun bir
parça zolağını əllərində tutmaları,
gendən baxırkən elə bunun doğruçu gəmiyə
oxşaması effekti nəyə desən dəyər.
Bu sadə tapıntı tamaşada bir rejissor kəşfi
kimi qavranılır və məlum həqiqətdir ki, adətən
çox gözəl olan hər şey əslində sadədən-sadədir.
Sadəcə,
bu sadə olan hər adamın ağlına gəlmir!
…Son nəğmə
oxundu.
Həmin mən yazan “Sindbadın vüsal nəğməsi”.
Sindbad
özü, Zəhra, xilaskar mələk, xor – hamı birgə
oxuyurdu:
Qürbət
ellər gözəldir,
Hər elin bir naxışı.
Gəzmək,
görmək gözəldir,
Dönməyə
Vətən yaxşı!
Hara getsən,
son yuvan
Ana Vətən,
elindir.
Min dil
öyrən, yenə də
Ən şirin öz dilindir.
Burda səni
gözləyən
Bir cüt qara göz vardı.
Sən
getdiyin yollara
Həsrət ilə baxardı.
Heyran-heyran
dolandın
Nuhdan qalan dünyanı.
Unutmadın,
Sindbad,
Gözü yolda qalanı.
Hər hekayət bitəndir,
Bitən deyil sədaqət.
Hər səyahət bitəndir,
Əbədidir məhəbbət!
Əbədidir məhəbbət!
…Son akkordlar səsləndi.
Bir-bir bütün iştirakçılar, tamaşanın araya-ərsəyə gəlməsi yolunda çalışanlar səhnəyə çıxıb Heydər Əliyev Sarayını bürüyən kəsilməz alqış seli qarşısında təzim edirdilər.
Və sonra onlar özləri hamısı birlikdə alqışlara qoşularaq əsas səbəbkarı, müəllifi, Rizvanı səhnəyə dəvət etdilər.
Rizvan səhnədəydi.
40 il gözlənilən gecə baş tutmuşdu, “Səyyah Sindbad”, nəhayət ki, böyük səhnəyə qovuşmuşdu.
Rizvan səhnədəydi, xoşbəxt idi.
Alqışlar əvvəlkindən də gur səslənirdi.
Və mən qəhərlənirdim!..
27 oktyabr, 2018
Rafael
HÜSEYNOV
Milli Məclisin
Mədəniyyət komitəsinin sədri, akademik
525-ci qəzet.- 2018.-3 noyabr.- S.10-11.