85 yaşlı ədəbiyyat mərkəzi   

 

NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN 85 İLLİYİNƏ

 

 

 

1975-ci ildən artıq 43 il keçib - 75-ci il mənim Nizami İnstitutundan ayrıldığım il idi - və bu 43 ildə mən harda işləmişəmsə, o institutun ədəbiyyat ab-havası, bu ab-havanın hərarəti, doğmalığı həmişə mənimlə bir yerdə olub.

Həmin ədəbiyyat ab-havası sırf insani hiss-həyəcanlarla birlikdə institutun çox səmimi, hətta mən deyim ki, ailəvi bir aurasını yaratmışdı və bu da təsadüfi deyildi, çünki o auranın altında çalışan insanların hiss-həyəcanları, sevincləri və kədərləri ilə ədəbiyyat arasında ən sıxı bir bağlılıq var idi.

Mən yuxarıda “institutdan ayrıldığım ildedim, ancaq bu sətirləri yaza-yaza fikirləşirəm ki, “ayrıldım” sözü, olsun ki, yerinə düşməyib, çünki Nizami İnstitutu ilə ümumilikdə ədəbiyyat anlayışı arasında elə bir vəhdət, elə bir eynilik var ki, oradan ayrılmaq - ədəbiyyatdan ayrılmaq deməkdirona görə də indiki kontekstdə mənim yazdığım o “ayrıldım” - tamam şərti bir ifadədir.

1960-70-ci illərdəki ədəbi mühitimizdə sonralar analoqu olmayan əlamətdar bir cəhəti xüsusi qeyd etmək istəyirəm: institutlarda (universitetlərdə) nə qədər ədəbiyyatla bağlı kafedralar var idi, ancaq onlardan yalnız biriMir Cəlal müəllimin kafedrası” kimi məşhur idi, filologiya üzrə nə qədər professorlar var idi, ancaqprofessor” deyəndə, bilirdin ki, söhbət böyük dilşünas, akademik Məmmədağa Şirəliyevdən gedir, Nizami İnstitutunda nə qədər şöbə var idi - “Sovet ədəbiyyatı”, “Folklor”, “Qədim dövr ədəbiyyatı”, “XIX əsr ədəbiyyatı”, “Ədəbi əlaqələr” və s. - ancaq “Nəzəriyyə” şöbəsi deyən yox idi, çünki o şöbə “Məmməd Cəfər müəllimin şöbəsi” kimi məşhur idi və mənim bu instituta gəlişim və oradakı fəaliyyətim də elə bu unudulmaz şəxsiyyətlərin adı ilə bağlıdır.

1965-ci ildə universiteti bitirdikdən sonra mən Mir Cəlal müəllimin zəmanəti ilə aspiranturada saxlandım, ancaq həmin il aspiranturaya yer verilmədiyi üçün, imtahanlarını verərək, Nizami İnstitutunda “Məmməd Cəfər müəllimin şöbəsinin” aspirantı oldum, elmi rəhbərim isə elə Mir Cəlal müəllimin özü qaldı, institutun (onda Ədəbiyyat və Dil İnstitutu idi) direktoru daprofessoridi - yəni akademik Məmmədağa Şirəliyev.

O zaman Nizami İnstitutu Nizami Muzeyinin təmirsiz bir hissəsində, darısqallıq içində fəaliyyət göstərirdi, ancaq müasir ədəbiyyatşünaslıq elmini formalaşdıran, onu inkişaf etdirərək, milli-ictimai fikrimizin ən miqyaslı və güclü faktlarından birinə çevirən Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Məmməd Arif, Məmməd Hüseyn Təhmasib, Mirzağa Quluzadə kimi şəxsiyyətlərin (əməkdaşların!) sanbalı, hörmət-izzəti müqabilində o təmirsizlik də, o darısqallıq da, doğrusunu deyim ki, elə bil, itirdi, yox olurdu.

Sonra İnstitut təzə binaya köçərək, iki instituta bölündü - Məmmədağa Şirəliyev Dilçilik, Mirzəağa Quluzadə Ədəbiyyat institutlarının direktoru oldu - və mən namizədlik disserasiyasını müdafiə etdikdən sonra “Məmməd Cəfər müəllimin şöbəsi”ndə əvvəlcə kiçik elmi işçi, sonra elmi işçi, sonra da baş elmi işçi kimi çalışmağa başladım, bir sözlə, gənc yaşlarımda Məmməd Cəfər müəllimin filoloji məktəbini keçdim.

Bu yerdə mən haşiyəyə çıxıb, özümlə bağlı bir faktı xüsusi bir qürurla qeyd etmək istəyirəm: cavan çağlarımıdan etibarən mənim yaşca özümdən xeyli böyük olan ədəbi simalarla dostluq münasibətlərim olubbu sözləri yazıram, gözlərimin qabağında isə 100 yaşlı folklorçu Əbülqasım Hüseynzadənin, yaşları 90-ı adlamış Əli Səbrinin, Qulam Məmmədlinin, onlardancavanolan Abbas Zamanovun, Əziz Mirəhmədovun siması canlanır, onların səslərini, sözlərini, duzlu zarafatlarını, təbəssümlərini xatırlayıram.

Məmməd Cəfər müəllimlə də böyük yaş fərqimizə baxmayaraq, aramızdakı müəllim-tələbə münasibəti - əlbəttə, tələbə ehtiramı saxlanmaqla - 60-cı illərin sonu, 70-in əvvəllərindən etibarən həqiqi bir dostluq münasibətinə çevrilmişdi və ədəbiyyat, sənət, həyat, ölüm-itim söhbətləri ilə yanaşı, KQB-nin qılıncının dalı da, qabağı da kəsdiyi bir vaxtda Sovet quruluşuna, hakim ideologiyaya nifrət edən Məmməd Cəfər müəllim bu nifrəti heç vəchlə məndən gizlətmirdi. O, mənim indiyə kimi rast gəldiyim ən təvazökar, sadə insanlardan biri, birincilərdən biri ididaxili tənhalıq, bəlkə də şəxsi taleyindən inciklik içində olan bu adamın - bu barədə heç vaxt heç nə deməsə də, mən bunu hiss edirdim - xasiyyətində qəribə bir həlimlik, qayğıkeşlik, mərhəmət var idi, elə bil, onu bu dünyaya Xeyir özü gətirmişdi.

Mən Ədəbiyyat İnstitutundan Yazıçılar İttifaqında işləməyə gedəndən sonra da bu münasibət, ədəbi birlik, həmrəylik davam edirdi və 70-ci illərin ortalarında o, mənim yazı-pozularım haqqında ədəbi ictimaiyyətdə maraqla (bir tərəfdən razılıq, bir tərəfdən də kin-küdurətlə!) qarşılanan “Ürəklərə yol tapanda” adlı bir məqalə yazmışdı. O zaman o məqalə mənim üçün ədəbi mübarizələrdə mənəvi dayaq olmuşdu və hələ sağlığında ikən - 1980-ci ildə - onun özünün tərtib etdiyi seçilmiş əsərlərindən ibarət “Həmişə bizimlə” adlı kitabı mənim elmi redaktəm və ön sözümlə nəşr olunmuşdu.

Bilirəm, Məmməd Cəfər müəllim haqqında söz düşəndə, qələm məni uzaqlara aparacaq, - bir neçə il əvvəl onun haqqında böyük bir esse də yazmışam - ona görə də biləvasitə Ədəbiyyat İnstitutuna qayıdaq.

Aradan çox illər keçməsinə baxmayaraq, bu gün mən Əziz Mirəhmədovu, Kamal Talıbzadəni, Bəkir Nəbiyevi, Mirəli Seyidovu, Kamran Məmmədovu, Yəhya Seyidovu, Qasım Qasımzadəni, Məsud Əlioğlunu, Şıxəli Qurbanovu, Qulu Xəlilovu, Nadir Məmmədovu, Yaqub İsmayılovu, Atif Zeynallını, Həbib Babayevi, Əbülfəz İbadoğlunu, Həsən Qasımovu, Əliheydər Hüseynovu, qocaman folklorçu Əhliman Axundovu, Cənubdan gəlmiş və ədəbiyyatşünaslığımızın inkişafında, onun tədqiqi miqyasının genişləndirilməsində mühüm xidmətləri olan Qulam Hüseyn Beqdelini, Həmid Məmmədzadəni, Qafar Kəndlini, Mirzə Abbaslını (Pürabbası), Qasım Cahanini, Əbülfəz Hüseynini, Mirəli Manafini, daha sonrakı nəslin nümayəndələri Yaşar Qarayevi, Gülrux Əlibəylini, Azadə Rüstəmovanı, Araz Dadaşzadəni, Şamil Salmanovu, Arif Abdullazadəni, - siyahı böyüyür, mən isə yadıma düşdükcə, onların adlarını yazmaya bilmirəm - İslam Ağayevi, Əflatun Məmmədovu, Bəhlul Abdullanı, Vəli Osmanlını, Hüseyn İsrafilovu, Nadir Vəlixanlını, Turan Həsənzadəni, Təhmasib Fərzəliyevi, eləcə də o İnstitutda çalışan və artıq rəhmətə getmiş başqa qələm sahiblərini ədəbiyyat mücəssəməsi kimi canlı görürəm, bu cür də xatırlayıram.

Adlarını çəkdiyim bu tədqiqatçıların hamısının Azərbaycan ədəbiyyatşünaslığının inkişafında xidmətləri, əlbəttə, eyni deyil, birinin ədəbi-nəzəri imkanları çox, o birininki az olub, ancaq Ədəbiyyat İnstitutunun dediyim həmin ab-havasını, həmin aurasını onlar birlikdə yaradıblar,

1937-38-ci illərdə böyük itkilər vermiş Nizami İnstitutu və ümumiyyətlə, Azərbaycan ədəbiyyatşünaslığı (Əli Nazim, Hənəfi Zeynallı, Əmin Abid, Vəli Xuluflu, Atababa Musaxanlı, Məmməd Kazım Ələkbərli, Mustafa Quliyev, Hümmət Əlizadə və b.) güclü bir qolunu itirdi və məhv edilən bu müəlliflər nəinki sonrakı illərdə yazıb-yarada bilmədilər, onların əsərləri də yasaq olundu, yandırıldı. 1940-cı ildən etibarən, Nizami İnstitutunda çalışan, yuxarıda adlarını çəkdiyim ədəbiyyatşünas və tənqidçilər digər müəssisələrdə, əsasən də ali tədris ocaqlarında çalışan Mirzə Feyzulla Qasımzadə, Mir Cəlal, Mikayıl Rəfili, Əli Sultanlı, Mehdi Hüseyn, Cəfər Cəfərov, Mirzə İbrahimov, Cəfər Xəndan, Əli Əjdər Seyidzadə, Əkbər Ağayev, Hidayət Əfəndiyev, Orucəli Həsənov, Mikayıl Rzaquluzadə və onlardan sonra gələn nəsil nümayəndələri ilə birlikdə, faktiki olaraq, yenidən bünövrə yaradıb, Azərbaycan ədəbiyyatşünaslığını və ədəbi tənqidini (“bir qolla!”) inkişaf etdirərək, obrazlı şəkildə desəm, onu müstəqilliyini bərpa etmiş, artıq hər cürə ədəbi-ideoloji basqıdan azad olmuş Respublikaya təhvil verdilər.

Bu ədiblər ədəbiyyata qat-qat artıq xidmət ediblər, nəinki sovet ideolojisinə, nəinki sosrealizm doqmalarına və hərgah belə olmasaydı, bu gün onların qoyub getdiyi elmi-ədəbi miras - monoqrafiyalar, dərsliklər, məqalələr unudulardı (bədii ədəbiyyatda da, ədəbiyyatşünaslıqda da bir sıra unudulmuşlar kimi!), yenidən nəşr olunmazdı, Mirzə Feyzullanın “XIX əsr ədəbiyyatı”, yaxud Həmid Araslının “XVIII əsr ədəbiyyatı” kimi klassik dərsliklər tamamilə yeni düşüncəli tələbələrə - müstəqillik dövrünün yetirmələrinə - təqdim edilməzdi, o rəhmətliklərin yaratdığı ənənələr yaşamazdı, bir sözlə, yenə hər şeyi yenidən başlamaq lazım gələrdi.

Elə buna görə də, ədəbiyyat sevgisi, təəssübkeşliyi, marağı, elə bil, Ədəbiyyat İnstitunun divarlarına hopubbu, həmin rəhmətliklərlə bərabər, bu günorda çalışan qələm sahiblərinin düşüncələrinin, hiss-həyəcanlarının ifadəsidir.

Bir halda ki, söhbət bu gündən düşdü, mənim üçün çox xoşdur ki, bu gün Nizami İnstitutu ədəbiyyatımızın tədqiqi, təbliği və təşviqi baxımından inkişaf edərək, Respublikanın nüfuzlu ədəbiyyat mərkəzinə çevrilib və aydın məsələdir, bu nüfuzu orada çalışan qələm sahiblərinin effektli fəaliyyəti, axtarmaq, tapmaq və tapdığını səviyyəli şəkildə ortaya qoymaq bacarığı əldə edib.

Bir müddət bundan əvvəl mən istedadlı cavan tədqiqatçılardan Nikpur Cabbarlının doktorluq dissertasiyasının müdafiəsində opponent kimi Nizami İnstitutuna getmişdimdoğrusu, indi dəbdə olan təbir ilə desəm, orada gördüklərimdən müsbət enerji alaraq qayıtdım.

Bu gün İnstitutda Nizamişünaslıq da, Füzulişünaslıq da ayrıca şöbələrə çevrilibbu o demək deyil ki, bu şöbələr yalnız Nizaminin və yalnız Füzulinin yaradıcıqları ilə məşğul olacaqlar. Bu o deməkdir ki, həmin klassiklərin yaradıcılığı ilə bərabər, onların dövrü, əlaqələri daha artıq dərəcədə, daha müfəssəl öyrəniləcək, həmin dövrün sənətkarları, tarixi şəxsiyyətləri üzə çıxarılacaq, yəni əslində, söhbət ədəbiyyat tariximizin mühüm dövrlərinin ədəbi-nəzəri və estetik-xronoloji ensiklopediyasını yaratmaqdan gedir.

Dünənə qədər biz mühacir ədəbiyyatı nümunələrini adda-budda, ordan-burdan tapıb, xısın-xısın gizlincə oxuyurduq, rəsmi ədəbiyyatşünaslıq mühacirətlə düşmənçilik etməyə məcbur olunurdu, bu gün isə Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən, Ceyhun bəy Hacıbəylidən tutmuş Qurban Səidə, Almas İldırımacan mühacir müəllifləri tədqiq edirik, tanıyır və tanıdırıq, bəzən hətta hissə də qapılırıq və bu baxımdan “Mühacirət ədəbiyyatı” şöbəsinin yaradılması, elə bilirəm ki, Azərbaycan ədəbiyyatının tam (senzurasız!) mənzərəsinin yaradılmasında ciddi rol oynaya bilər.

YaxudDünya ədəbiyyatı və komparativistika”, “Elmi informasiya və tərcümə” kimi şöbələr fəaliyyət göstərir, bu isə, aydın məsələdir, o deməkdir ki, söhbət dünya ədəbiyyatını Azərbaycan ədəbiyyatşünaslığının faktına çevirməkdən, müqayisəli ədəbi axtarış və araşdırmalardan, elmi-nəzəri informasiya zənginliyindən, yəni əski və yeni ədəbi cərəyanların tendensiyasız, obyektiv tədqiqindən və təqdimindən, sovet dönəmində nəzəri tədqiqatların mövzu miqyasını məhdudlaşdıraraq, sosrealizm nəzəri çərçivələrini göz bəbəyi kimi qoruyan doqmaların aradan qaldırılmasından gedir və düşünürəm ki, bu istiqamətdə görülən ədəbiyyatşünaslığımızda, tənqidimizdə, ədəbi prosesimizdə bir tərəfdən aşkar boşluqları doldura biləcəksə, o biri tərəfdən də bu prosesdə canlılıq, dinamika yaradacaq, ədəbiyyat və onun problemləri bir küll halında hərtərəfli qavranacaq, hərtərəfli ehtiva ediləcək.

Mən yuxarıda ənənələri xatırlatdım və bu yazını həmin ənənələrin davam etdiyini, necə deyərlər, əyani şəkildə göstərən bir epizodla da bitirmək istəyirəm.

1973, ya 74-cü il idi və Məmməd Cəfər müəllimin şöbəsinə, yəni mənim də əməkdaşı olduğum şöbəyə indi də yaxşı xatırladığım arıq, qaraşın, gur qıvrım saçlı bir oğlan gəldi. Məlum oldu Naxçıvan Dövlət Universitetini əlaçı diplomu ilə yenicə bitirmiş bu oğlan Məmməd Cəfər müəllimin təzə aspirantıdır.

Bu gənc aspirantın adı İsa Həbibbəyli idi.

Bu gün İsa Həbibbəyli həmin İnstitutun direktorudur.

O dövrün, sonrakı dövrlərin aspirantları da indi Ədəbiyyat İnstitutunda çalışan görkəmli ədəbiyyatşünaslar, tənqidçilərdir, doktorlar, professorlardır.

Beləliklə də, ənənələr davaminkişaf edir.

28 oktyabr 2018. Bakı.

 

ELÇİN

 

 

525-ci qəzet.- 2018.-3 noyabr.- S.8-9.