Xalqa xidmətdə keçən ziyalı ömrü

Xeyli müddət idi ki, ev şəraitində müalicə olunurdum. Ayağımın yanığı dərin olduğundan həkimlər yerimdən qalxmağı qəti qadağan etmişdilər.

Onların qadağası bir yana, axı, ayağımı heç yerə qoya da bilmirdim. Ömrümdə xəstəlikdən yatağa düşməmişdim. Odur ki, belə vəziyyətimə görə özümü çox naqolay hiss edirdim. Akif müəllim isə ölkəmizdə "Leçkomissiya" kimi tanınan məşhur xəstəxanada müalicə olunurdu. Həm Akif müəllimin, həm də mənim vəziyyətimizdən xəbərdar olmaq üçün Akif müəllimin qızı Lalə xanımla, oğlanları Aqşin və Anarla, qardaşı Eldar müəllimlə və digər dost-tanışlarla mütəmadi telefon əlaqəsi saxlayırdıq. Hər ikimizin səhhəti gündən-günə yaxşılaşırdı. Hətta Akif müəllim ayağa qalxıb müstəqil gəzirdi də. Mən isə ayağımı yerə basa bilmədiyimdən evdə hərəkət edərkən əl ağacından istifadə edirdim.

Hadisədən təqribən bir ayadək, daha dəqiq desək, 28 gün vaxt keçmişdi. Necə deyərlər, hər ikimiz üçün "kritik an" ötüşmüşdü. Hər şey yaxşılığa doğru gedirdi. Lalə xanım Akif müəllimi, səhhəti bir az yaxşılaşdığı üçün, xəstəxanadan çıxarıb, öz evinə aparmışdı. Deməli, hər şey yaxşı idi. Bir neçə gün də ötəcək və Akif müəllimlə biz yenidən cəmiyyət arasına çıxacaq, qohumlarımızla, dostlarımızla və tanışlarımızla görüşəcəydik. Xəyalım bu fikirlərlə məşğul ikən telefon zəngi çalındı. Lalə xanım idi. Bir qədər öndə qeyd etdiyim kimi, Akif müəllimlə biz bir-birimizin səhhətimizdən Lalə xanımın vasitəsilə xəbər tuturduq. Çünki Lalə xanım xəstəxanada olanda da daim atasının yanında idi. İndisə öz evindədir. Heç bir həyəcan, narahatlıq hissi keçirmədən, heç nədən şübhələnmədən sakitcə telefonu açdım.

- Teymur əmi, sizə bəd xəbər vermək məcburiyyətindəyəm, - Lalə xanımın ağlayaraq həyəcanla verdiyi məlumatı axıradək dinləməyə hövsələm çatmadı. Cəld hərəkətlə hündürdən soruşdum:

- Akif müəllimə nəsə olub? -Və cavabı eşitcək həmin formada əlavə etdim - bu saat qalxıb bir təhər gələcəyəm....

Bizim Akif müəllim ilə 70-ci illərin əvvəllərindən başlanan dostluğumuz hamıya - dostlara, tanışlara, qohum-əqrəbaya yaxşı məlum idi. Lalə xanım hiss etdi ki, verdiyi xəbərdən bərk sarsılmışam. Odur ki, özünün də həyəcan içində, şokda olmasına baxmayaraq, məni sakitləşdirməyə çalışdı:

- Siz gələ bilməzsiniz, yataqdan qalxmayın. Sizin vəziyyətinizi hamımız bilirik.

Doğrudan da, hadisədən sonra qan təzyiqim çox yüksəlmişdi. Təkcə ayağımdakı dərin yanıq yox, eyni zamanda, yüksək təzyiq də məni taqətdən salmışdı. Şəkərim isə həddən çox yüksəlmişdi.  Bizim hər ikimizi yatağa salan hadisə isə belə olmuşdu...

lll

Akif müəllimin doğulub boya-başa çatdığı ailə ata, ana, altı qardaş və üç bacıdan ibarət olub. Mərhum valideynləri - Atası Əvəz müəllim əslən şuşalı, anası Töhfə xanım isə bakılı idi. Ali məktəbi bitirdikdən sonra hər ikisi təyinatla Azərbaycanın mənzərəli guşələrindən biri olan Oğuz rayonuna yollanıb. Burada daimi məskunlaşan ailədə doqquz övlad böyüyüb - altı oğul və üç qız. Əməkdar müəllimlər olan valideynləri övladlarının hamısını Vətənə layiq tərbiyələndirib və hamısına ali təhsil verib. Çox savadlı, dərin təfəkkürə malik Əvəz müəllim həm də olduqca ciddi bir insan idi. Ailə üzvləri arasında möhkəm nizam-intizam məhz rəhmətlik Əvəz müəllimin sayəsində bərqərar olmuşdur. Odur ki, övladlarının hamısının yüksək savada və intellektə malik olması tanış-bilişlərdə heç də təəccüb doğurmurdu. Bu ailənin üzvləri arasından Milli Məclisə deputat da seçilib, yüksək rütbəli hərbçi də olub, tibb sahəsində çalışanı da, tanınmış jurnalistlərlər də, xalq təsərrüfatının müxtəlif sahələrində yüksək vəzifələr tutanlar da çıxıb. Akif müəllimin özü isə uzun illər Prezident Aparatının sektor müdiri vəzifəsində işləyib. Bu böyük ailənin dünyasını dəyişən üzvlərinə Allahdan qəni-qəni rəhmət diləməklə qeyd etmək istəyirəm ki,  cansağlığı və uzun ömür arzuladığım həyatda  qalanları hazırda ixtiyar yaşındadırlar və onların  işləyənləri də var, pensiyada olanları da.  Qəhrəmanlıların davamçıları arasında isə hazırda, maşallah olsun, işləyəni işləyir, lap kiçikləri böyüyür, təhsil alır, bir sözlə, nəslin adını daha da ucaltmaqdan ötrü hərə öz sahəsində öhdəsinə düşən vəzifəsini ləyaqətlə yerinə yetirir.

Qərəmanlıların hamısı uzun illərdir ki, Bakıda yaşayır. Bu səbəbdən də Oğuzdakı ata evi baxımsız  qalmasın deyə, Akif müəllim tez-tez rayona gedir, həyət-bacada görünür, evi səliqə-sahmana salırdı.  Düzdür, digər qardaş və bacılar, onların ailə üzvləri də mütəmadi olaraq ata evini ziyarət edirdilər. Lakin Akif müəllim Oğuzda daha tez-tez olurdu və belə səfərlər zamanı istəyirdi ki, onu yaxın dostu kimi,  mən müşayiət edim. Ömrünün 76 baharını geridə qoymuş, hələ gənclik çağlarında infarkt, bəzi məsuliyyətsiz həkimlərimizin yarıtmaz müalicəsi üzündən bir müddət öncə insult keçirmiş Akif müəllim üçün belə uzaq yolu ayda bir-iki dəfə qət etməyin çətinliyini yaxşı başa düşən ailə üzvləri onu belə səfərlərdən çəkindirməyə çalışsalar da, o, fikrindən vaz keçmir, doğulduğu yurdu, ata ocağını tez-tez ziyarət etməyə can atırdı. Mən görürdüm ki, Akif müəllim özünü Oğuzda daha yaxşı hiss edir və burada həmişə şən olur. Bakıda olduğu kimi, Oğuza gələndə də buradakı dostları onun başına yığışırdı.

Uzun yolu gedib qayıtmaq mənim üçün də asan olmurdu. Həm də mən, eyni zamanda, öz rayonumuza - Xaçmaza da vaxtaşırı getməli olurdum. Xaçmaz səfərlərimin birində Akif müəllim mənə zəng edib Bakıya haçan qayıdacağımla  maraqlandı. Hiss etdim ki, Oğuza getmək istəyir. Qayıdacağım vaxtı bildirdim və söylədim ki, paytaxta gələn kimi bu barədə onu xəbərdar edəcəyəm.

Bir müddət ötdü və mən qayıtdım. Vəd etdiyim kimi, Akif müəllimi məlumatlandırdım və Oğuza gedəcəyimiz günü müəyyənləşdirdik.

Bir neçə gün də ötdü. Yola düşəcəyimiz gün səhər Akif müəllim mənə zəng edib bildirdi ki,  Oğuza bu dəfə Aqşinin maşını ilə gedəcəyik. Biz çox vaxt səfərə Akif müəllimin tanışı Gündüzün idarə etdiyi avtomobillə çıxırdıq. Bu dəfə Aqşinin  bir neçə gün boş vaxtı olduğundan onunla getmək imkanı yaranmışdı. Sonra da əlavə etdi ki, Anar da bizə qoşulmaq istəyir, lakin işdən hələ icazə almayıb. Bu səbəbdən də onun yola çıxması dəqiq məlum deyil.

Akif müəllimin qardaşı Eldar müəllim öz ailəsi ilə birlikdə öz avtomobilində bizdən bir qədər əvvəl Oğuz istiqamətinə yola düşmüşdü. Səhər saat təxminən 9 olardı ki, biz də Bakıdan çıxdıq. Planlaşdırmışdıq ki, 3-4 gün qalıb qayıdaq. Bir neçə saata uzaq yolu qət edib evə çatdıq. Oğuza çatanda yaxşıca bazarlıq da etmişdik. Özümüzə yemək hazırladıq və şam edib yatdıq ki, uzaq yolun yorğunluğu canımızdan çıxsın. Sabahı gün gümrah  şəkildə həm işlərimizi görək, həm də istirahət edək, Oğuzun mənzərəli yerlərinə baş çəkək. Axşam saat 7-dən yatağa uzandıq. İlin elə fəsli idi ki, hava saat 5-dən qaralmağa başlayırdı. Dəmir sobaya növbə ilə odun atırdıq. Gecələr qaz yandırmağın təhlükəli olduğunu kim bilmir ki? Buna görə də mavi qaz  gələn borunu bağlamışdıq.

Ahıl adamların ayıq yatdıqlarını ancaq yaşlılar bilər. Adətimdir, yuxudan oyanan kimi həmişə yanıma qoyduğum telefondakı saat göstəricisinə baxıram. Dəhlizdən gələn kiçik çartıltı səsinə oyandım. Elə bildim səs yatdığımız otaqdakı sobadan gəlir. Tez saata baxdım: səhər 5-6 arası idi. Səsə Akif müəllim də oyanmışdı və o, məndən əvvəl qalxıb qapını açdı. İlk gözümə dəyən güclü alovun qızılı dilləri oldu. Dəhlizin şüşəbənd hissəsindəki quru taxtalar elə yanırdı ki, sanki üstünə benzin tökmüşdülər. Sən demə, səhərəyaxın əsən xəfif  külək elektrik məftillərini bir-birinə toxundurmuş və nəticədə qısa qapanma yaranmış, quru taxtaların üstünə qığılcım düşmüş, əvvəlcə dam örtüyü alovlanmış və yanan quru taxtaların közərmiş hissələri aşağı tökülərək dəhlizdəki taxta şüşəbəndi də alovlandırmışdı. Təzəcə başlayan alovun dilləri böyük sürətlə otağın digər hissələrini də bürüməkdəydi. Tez yerimdən qalxdım. Akif müəllim və mən eyni vaxtda "Aqşin qalx!" deyə qışqırdıq. Mən ayaqyalın dəhlizə sıçradım. Qorxurdum ki, Akif müəllim alova tuş gələ bilər. Yanğının qısa müddət ərzində yaratdığı yüksək temperatur nəticəsində qızmış havanın üzümü qarsıtması, tələsdiyim üçün ayağıma ev ayaqqabısını belə geyməyə macal tapmadığımdan ayaqlarımın yanması ilə eyni vaxta təsadüf etdi. Yaxşı ki, Akif müəllim ev ayaqqabısında idi. Dözülməz ağrını sanki hiss eləmədən Akif müəllimi həyətə çıxardım. Sağ ayağımın altında nəsə yad bir cismin, ora-bura ilişdiyi üçün, hərəkətimə mane olduğunu hiss etdim. Elə fikirləşdim ki, bu, qızmış döşəmədən ayağıma yapışan nəsə bir əşyadır. Əyilib ucundan tutdum və artıq əziyyət verməsin deyə, həmin yad cismi var qüvvəmlə dartıb ayağımın altından qopardım.   Xeyli sonra bildim ki, bu, ayağımın altının yanıb bir qədər kənara sürüşmüş qalın dərisi imiş. Və bu da məni sonradan yatağa salmışdı.

Bir neçə saniyə müvazimətimizi itirsək də, özümüzə tez gəldik. Aqşin həyətdəki kiçik su qabından vedrə ilə alovun üstünə su atsa da, heç bir təsiri olmurdu. Bu, bir növ böyük alova qarşı edilən  kiçik bir müqavimətə oxşayırdı. Əlimizdən başqa bir şey də gəlmirdi. Digər vedrəni götürüb mən də Aqşinə qoşuldum. Akif müəllim nədənsə elə hey yanğının getdikcə gücləndiyi evə girməyə can atırdı. Həmin anda onun hansı hissləri keçirdiyini mən yaxşı başa düşürdüm. Qeyd etdiyim kimi, Akif müəllim Oğuza və ata yurduna çox bağlı olub. Kiçik bir qığılcımın onun istəklərinə necə zərbə endirdiyini görür və buna dözə bilmirdi.

Aqşinlə biz evin digər qapısını açmaq üçün bir qədər güc sərf etdik. Çünki həmin qapıdan çox nadir hallarda istifadə olunurdu və elə buna görə də kilid bir qədər paslanmışdı. Bunu ona görə etdik ki, alov evin əsas giriş qapısını getdikcə daha keçilməz hala salırdı.

Aqşinə dedim ki, yanğınsöndürmə idarəsinə zəng etsin. Çünki hiss olunurdu ki, getdikcə güclənməkdə olan yanğının öhdəsindən öz qüvvəmizlə gələ bilməyəcəyik. Akif müəllimi elektrik enerjisi və qaz sayğaclarını söndürmək üçün darvaza tərəfə göndərdik. Bununla da onun yanan evə girməsi imkanını bir qədər məhdudlaşdırdıq. Digər qapıdan içəri girib hər üçümüzün paltarlarını və çantalarımızı bayıra çıxardım. Axı dağ yeri, hava soyuq, özümüz də ki, yataq paltarındaydıq. Hansı vəziyyətdə olmaqdan asılı olmayaraq geyinmək lazım idi. Onu da bildirim ki, mənim balaca əl çantam, ayaqqabılarım yüksək temperatur nəticəsində əriyib büzüşmüz, çantanın içindəkilər yararsız hala düşmüşdü.

Yanğınsöndürənlərin gəlməsi təxminən bir saatdan çox çəkdi. Qeyd edim ki, Oğuz kimi kiçik bir şəhərdə bu müddət çox pis göstəricidir. Onların yanğını söndürməyə başlamaq üçün hazırlaşmaları da elə bir o qədər vaxt apardı. Ən maraqlısı da o oldu ki, 15 nəfərədək yanğınsöndürən və iki müasir avtomaşınla təchiz olunmuş heyət təzəcə başlamış yanğının qarşısını ala bilmədilər. Su şlanqını  aralarındakı ən cılız olan birisinə verdilər. Həmin kəs də, sanki ilk dəfə idi ki, əlinə şlanq alırdı. Güclü su şırnağı buraxılan kimi, yüksək təzyiqin yaratdığı qüvvə şlanqın ucunu cılız gəncin sinəsinə çırpdı və o, ufuldayaraq yerə oturdu. Bunu görən yanğınsöndürənlərə rəhbərlik edən cüssəli birisi, yəqin ki, işçisinin belə hala düşməsindən utanaraq, yalan danışmağa cəhd etdi və bununla da bir növ vəziyyətdən çıxmaq istədi, evdə elektrik enerjisinin mövcud olduğunu bəhanə gətirdi. Sayğacların söndürülməsinə onu inandıranadək yenə də xeyli vaxt itirildi. Belə bir böyük qüvvə ilə bir evi yanğıdan xilas edə bilmədilər. Hətta səs-küyə gələn qonşulardan biri özünü saxlaya bilməyib dedi: "Təcrübəli yanğınsöndürənləri işdən çıxarıb yerinə belə kiçik və təcrübəsiz uşaqları götürəndə belə də olacaq da..." Digər sahələrdə də belə halların mövcudluğunu nəzərə alsaq, vəziyyətimizin necə acınacaqlı olmasını təsəvvür edə bilərik.

Yanğının cövlan elədiyi vaxt Eldar müəllim də gəldi. Bəd xəbəri ona Akif müəllimin dostu, Oğuz rayon qaz idarəsində növbədə olan Ruslan telefonla  çatdırmışdı. Eldar müəllim də təcili olaraq gəlmişdi.

Yanğın artıq kulminasiya nöqtəsinə çatmışdı. Aynəbənddəki şüşələr, damın kirəmit örtüyü alovun yaratdığı yüksək dərəcəli istilik nəticəsində partlayır,  qəlpələri başımıza, üstümüzə yağırdı. Həmin qızmar qəlpələrin Aqşinin və mənim bədənimizin müxtəlif yerlərində yaratdığı yaraların sağalması xeyli müddət çəkdi.

... Yanğın artıq "ram" edilmişdi. Çünki artıq yanmağa nəsə qalmamışdı. Hər ikimizin vəziyyətinin qənaətbəxş olmadığını görən Eldar müəllim bizi öz evinə apardı. Aqşin hələ bir qədər də hadisə yerində qalmalı oldu. Mən Aqşinlə qalacağımı xeyli israr etdimsə də, Eldar müəllim razı olmadı və biz onun avtomobilində evlərinə getməli olduq.

Bazar günü idi. Hamı kimi həkimlər də istirahət edirdilər. Vaxtilə bu rayonun deputatı olmuş Eldar müəllimin hörməti sayəsində həkimlər gəldilər və hər ikimizin yanıq yaralarını sarıdılar. Akif  müəllimə "sistem" də köçürüldü.

Artıq axşam saat 5 idi. Oğuz həkimlərinin məsləhəti ilə həmin gün axşamtərəfi Bakıya qayıtdıq. Hadisə barədə paytaxtdakı Yanıq Mərkəzinə xəbər verilmişdi. Aqşin avtomobilini sürətlə sürərək 5 saatlıq yolu 3 saata qət etdi. 5 saylı şəhər xəstəxanasının həyətində yerləşən Yanıq Mərkəzinə çatanda Akif müəllimin qohumları artıq bizi gözləyirdilər: Anar, Lalə xanım, kürəkəni Anar müəllim, onların dostları  digər tanışlar buradaydılar. Mərkəzin tibb personalı hər ikimizin sarğılarını dəyişdi. Akif müəllimi reanimasiyaya yerləşdirdilər və yanında qalmağa təkcə Lalə xanıma icazə verdilər. Aqşin ilə mən evə yola düşdük.  Həmin axşamdan başlayaraq mən də yataq xəstəsinə çevrildim. Sonra Aqşin yenidən Mərkəzə qayıtmış və Anar ilə birlikdə gecəni orada keçirmişdilər.

lll

Əvvəldə qeyd etdiyim kimi, tez-tez telefon əlaqəsi saxlayırdıq. Məlumatım vardı ki, Yanıq Mərkəzində tibbi xidmət qənaətbəxş olmadığına görə, üç gündən sonra Akif müəllim  "Leçkomissiya"ya köçürülüb. Burada müalicəsi də çox yaxşı keçib və əhval-ruhiyyəsi də yaxşı olub.

Metro tikintisi fəhləliyindən Prezident Aparatının sektor müdirliyinədək uzun bir əmək yolu keçən, çalışdığı bütün sahələrdə verilən tapşırıqları boyük məsuliyyət hissi və keyfiyyətlə yerinə yetirməyə bir növ adət edən, yorulmaq bilmədən, həmişə öz üzərində çalışan, ömrü boyu öyrənən, bütün bildiklərini hamıya öyrətmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxan bu BÖYÜK ZİYALI, digər yazı-pozu adamları kimi, həyatda  bütün qazandıqlarına səhhəti hesabına nail olmuşdu.  Bir kitab tərcüməsinin bir kitab yazmaqdan nə qədər çətin olduğunu ancaq tərcümə ilə məşğul olanlar bilər. Həyatını bu cür, şərəfli də olsa, əziyyətli işə sərf edənlərin özləri də yaxşı bilirlər ki, hər yazılan sətir həyatının ömür telinin birinin qırılması bahasına başa gəlir.

Bəs, Akif müəllimin dünyasını dəyişməsində o məşum gecənin təsiri olubmu? Şübhəsiz ki, olub.  Lakin onun ən yaxın dostlarından biri kimi, deyim ki, əsas rolu məşum gecə oynamayıb. Bir az öndə qeyd etdiyim kimi, sevib seçdiyi peşəsinə olan məhəbbəti, həmin məhəbbətdən doğan peşə  vurğunluğu, özü də hiss etmədən, onu bir sıra peşə xəstəliklərinə düçar etmişdi. Səhər tezdən ta  gecədən xeyli keçənədək gördüyü ağır zehni iş tədricən səhhətində özünü göstərməyə başlamışdı. Sutkanın böyük hissəsini belə ağır yük altında keçirməyin, ən əsası isə uzun illər, tədricən də olsa,  öz orqanizmini asta-asta belə iş rejiminə vərdiş etməyin sağlamlığa necə təsir göstərdiyini mən də yaxşı bilirəm. Belə ağır zehni yük isə həmin məşum gecənin yaratdığı stressə dözməyə ona imkan vermədi. Az vaxtda yüksək şəkər yarandı və qan təzyiqi yüksəldi... Daim xalqına və dövlətinə  xidmətdə keçən bir ziyalı ömrü əbədiyyətə qovuşdu.

Allah Akif müəllimə rəhmət eləsin! Amin!

Teymur XASPOLADOV

525-ci qəzet  2018.- 6 noyabr .- S.8.