Üzeyir Hacıbəylinin
şəxsi arxivinin təsviri
Paşa ƏLİOĞLU
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor
müavini
Dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəylinin şəxsi
arxivi Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda
saxlanılır.
Sənətkarın şəxsi arxivini Əlyazmalar
İstitutuna 1965-ci ildə həyat yoldaşı Məleykə
xanım təqdim edib. Hazırda bu sənədlər 17 nömrəli
fondda yerləşdirilib. Ü.Hacıbəylinin həyat
və yaradıcılığının öyrənilməsində
misilsiz əhəmiyyətə malik olan, zənginliyi ilə
diqqəti cəlb edən bu arxivdəki materialları tədqiqatçılar
mövzular üzrə aşağıdakı kimi təsnifləndirirlər:
1) Ü.Hacıbəylinin tərcümeyi-hal sənədləri;
2) Ü.Hacıbəyli əsərlərinin əlyazmaları
və makina çapları; 3) Ü.Hacıbəylinin məktubları
və teleqramları; 4) Ü.Hacıbəyliyə
yazılmış məktublar və teleqramlar; 5)
Ü.Hacıbəyliyə aid müxtəlif sənədlər;
6) Müxtəlif şəxslərə aid materiallar; 7) Naməlum
şəxslərə aid materiallar; 8) Fotoşəkillər;
9) Çap kitabları.
Məlum
olduğu kimi, dahi bəstəkar 1885-ci ilin 18 sentyabrında Şuşa qəzasının Ağcabədi kəndində
anadan olmuş, Şuşa rus-tatar məktəbini bitirdikdən
sonra Qoridə yerləşən Zaqafqaziya müəllimlər
seminariyasında oxumuş və ilk musiqi təhsilini burada
almışdır. O, 1904-cü ildə Qori müəllimlər
seminariyasını bitirdikdən sonra müəllimlik
etmiş, "Kaspi", "Həyat",
"İrşad", "Tərəqqİ", "Həqiqət",
"İqbal", "Yeni iqbal", qəzet və məcmuələrində
ədəbi-publisistik fəaliyyətlə məşğul
olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti
illərində o, rəhbərlik etdiyi "Azərbaycan" qəzetinin
səhifələrində sovet dövlətinin işğalçılıq
siyasətini kəskin tənqid edən vətənpərvərlik
ruhlu yazılarla çıxış etmişdir. Sovet
dövründə, xüsusilə də XX əsrin 20-ci illərində
Üzeyir bəyi keçmişinə, milli musiqi mədəniyyətimizi,
muğamı təbliğ etdiyinə görə "xalq
düşməni", "sovet quruluşunun düşməni" elan edənlər olmuşdur. Buna görə də onun şəxsi arxivində
saxlanan rus dilində 2 tərcümeyi-halı həyatının
bütün mərhələlərini, xüsusilə də
AXC dövrünü əhatə etmir.
Dahi bəstəkarın
əsərlərinin əlyazmaları və makina
çapları adı altında toplanan materiallar öz
növbəsində aşağıdakı hissələrə
bölünür: 1) Dərsliklər və səhnə əsərlərinin
əlyazmaları və makina çapları; 2) Məqalə və
müxtəlif qeydlər; 3) Məruzə və
çıxışlar; 4) Not əlyazmaları; a) Səhnə
əsərləri; b) İnstrumental əsərlər; c) Azərbaycan
SSR-in Dövlət himni; ç) Musiqi qeydləri və müxtəlif
əsərlərdən parçalar.
Ü.Hacıbəyli uzun illər Azərbaycan xalq
musiqisinin nəzəri əsaslarının tədqiqi ilə məşğul
olmuşdur.
Respublikada müxtəlif musiqi məktəblərinin, Azərbaycan Dövlət
Konservatoriyasının açılması onun məqsədyönlü
fəaliyyətinin nəticəsi olmuşdur. Üzeyir
bəyin şəxsi arxivində onun "Azərbaycan xalq
musiqisinin əsasları" adlı fundamental əsərinin 7
əlyazma və makina nüsxəsi vardır. Bəstəkarın əsər üzərində
uzun müddət böyük səylə
çalışdığını görürük.
Üzərində 1933-cü il, 1942-ci il,
1945-ci il tarixlərinin qeyd olunduğu nüsxələr
vardır. Bundan başqa, arxivdə "Azərbaycan xalq
musiqisinin əsaslarına dair materiallar", "Azərbaycan
xalq musiqisinin öyrənilməsi", "Azərbaycan musiqi
məqamları və həmin məqamlara əsasən bəstələnmiş
melodiyaların öyrənilməsində rəhbərlik",
"Azərbaycan türk xalq musiqisi" adlı əsərlərin
əlyazma və çap nüsxələri vardır. Arxivdə
U.Hacıbəylinin "Əlli yaşında cavan",
"Ər və arvad", "Firuzə",
"Koroğlu", "Leyli və Məcnun",
"Stalinçilər", "Vətən və cəbhə"
əsərlərinin mətnləri əlyazma və makina
çapı halında saxlanır. Bəstəkarın arxivində
onun 1906-1909-cu illərində "İrşad", "Tərəqqi"
məcmuələrində çap edilmiş məqalələrinin,
sovet dövründə yazdığı "Musiqidə xəlqilik
haqqında" və s. məqalələrinin surətləri,
onun deputatlıq, müxtəlif müəssisələrdə
rəhbərlik fəaliyyəti ilə bağlı qeydləri
vardır.
Üzeyir bəyin arxivindəki məruzə və
çıxışları mətni ən müxtəlif məsələlərə
həsr edilmişdir. Bunların içində görkəmli aktyor
Hüseynqulu Sarabskinin məzarı üstündə vida
çıxışının, SSRİ Ali Sovetinin 1-ci
sessiyasının açılışı zamanı, Azərbaycan
İncəsənət İnstitutunun qarşısında
qoyulan məsələlər və beşillik fəaliyyət
planı qanunu haqqında, Moskvada Azərbaycan incəsənəti
günlərinin açılış mərasimində və
s. çıxışların mətnləri
maraq doğurur.
Məlum olduğu kimi, Ü.Hacıbəylinin bir sıra
digər bəstəkarlarımızın əsərləri
daha çox erməni saxtakarları tərəfindən mənimsənilərək
dünyaya təqdim olunmaqdadır. Buna görə də
bəstəkarlarımızın, ilk növbədə
Üzeyir bəy kimi dahi sənətkarların əsərlərinin
not yazılarının toplanaraq beynəlxalq musiqi təşkilatlarına
təqdim edilməsi mühüm əhəmiyyət kəsb
edir. Ü.Hacıbəylinin şəxsi arxivində onun
"Arşın mal alan", "Ər və arvad",
"Koroğlu", "Əsgərin ariyası",
"Firuzə", "Stalinçilər" kimi əsərlərinin,
instrumental əsərlərdən "Ananın oğula nəsihəti",
"Arazbazarı", "Cəngi"
"Çağırış", "Çeşmə
axır sərin-sərin", "Döyüşçü
nəğməsi", "Əlində üç telli
sazım", "Kantata", "Kəndlilər",
"Qızlar nəğməsi", "Marş",
"Oğlanın vətən mahnısı", "Rəqs",
"Sevgili canan", "Sənsiz", "Stalin haqqında
mahnı", "Stalinə salam", "Vətən və
cəbhə", "Yallı", "Zavod səni gözləyir",
"Zəfər dastanı", "Zəfər himni" v.ə. əsərlərinin
notları mühafizə olunmaqdadır. Bunların
içində "Arşın mal alan" operettasının
14, "Koroğlu" operasının 25 nüsxə not
yazılarının olduğunu görürük ki, bu da həmin
əsərlərə nisbətən daha çox tələbat
olduğunun göstəricisidir.
Bildiyimiz kimi, dahi bəstəkar Azərbaycan Xalq
Cümhuriyyətinin də, Azərbaycan Sovet Sosialist
Respublikasının da dövlət himni musiqisinin müəllifidir. Təbii ki,
Sovet dövründə AXC dövrünə aid himnin
notlarını saxlamaq mümkün olmamışdır.
Burada Sovet Azərbaycanının 1930, 1944, 1945-ci il tarixlərində qələmə
alınmış dövlət himninin 9 nüsxəsi
vardır. Görünür ki, bu əsər üzərində
illərlə iş getmişdir.
Şəxsi
arxivdə saxlanan Üzeyir Hacıbəylinin məktub və
teleqramları, eləcə də ona yazılmış məktub
və teleqramlar bəstəkarın yaradıcılıq və
ictimai fəaliyyətinin geniş miqyasını, onun Azərbaycan,
bütün SSRİ musiqiçiləri, əhalisi arasındakı
populyarlığını araşdırmaq baxımından
böyük əhəmiyyətə malikdir.
Məktublardan
görünür ki, Üzeyir bəy Moskva, Sankt-Peterburq,
Odessa, Daşkənd, Frunze və keçmiş SSRİ-nin digər
şəhərlərində yerləşən musiqi kollektivlərini,
musiqi məktəblərini müxtəlif səbəblərlə
təbrik etmiş, onların təbrikini almış, müxtəlif
şəhərlərdəki opera teatrlarının xahişi
ilə əsərlərinin mətnini oraya göndərmiş,
SSRİ Ali Sovetinin deputatı kimi ölkə
ziyalılarına, musiqiçilərinə, zəhmətkeşlərinə
əlindən gələn yardımı
etmişdir. Bəstəkara Naxçıvan
Muxtar Respublikasından yardım xahişləri, şikayətlər
gəlirdi. Bunun bir səbəbi də o,
idi ki, Üzeyir bəy həmin bölgədən deputat
olmuşdu. Əlavə edək ki,
Ü.Hacıbəyli bütün respublikada, SSRİ-də
böyük nüfuza malik olduğundan ona hər yerdən
müraciətlər olunurdu. Üzeyir bəyin
məktublarından biri də 1940-cı ilin 8 fevralında Azərbaycan
SSR Xalq Komissarları Sovetinin sədri T.Quliyevə
ünvanlanmışdı. Məktubun mətnindən
görünür ki, o, Naxçıvan Muxtar
Respublikasındakı Kaqanoviç kolxozun zəhmətkeşlərinin
şikayəti əsasında dəfələrlə respublika
rəhbərliyinə müraciət etmişdir. Məktubda kolxozçuların şikayət ərizələrinin,
tələblərinin yerinə yetirilməsinin vacibliyi
bildirilir.
Ü.Hacıbəyli 1937-ci ildə Moskvada keçirilən
Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasının
əsas təşkilatçı və
iştirakçılarından idi. Onun Leonid Varsovskiyə 1938-ci il 15 fevral tarixli məktubundan bu tədbirə
necə ciddi hazırlıqlar getdiyini görürük. Məlum olduğu kimi, bu dekadada bəstəkarın
"Koroğlu" operası böyük uğurla
nümayiş etdirilmiş, SSRİ-nin dövlət
başçısı İosif Stalin Üzeyir bəyin
yaradıcılığını yüksək dəyərləndirmiş,
"Koroğlu"nu zamanında yaradılan opera
adlandırmışdı. Bəstəkar 1937-ci ildə
Azərbaycan SSR Xalq artisti, 1938-ci ildə SSRİ Xalq artisti fəxri
adına layiq görülür. 1945-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyasının həqiqi üzvü seçilir və
İncəsənət İnstitutunun direktoru təyin edilir.
Üzeyir bəy SSRİ Ali Sovetinin deputatı
olduğu vaxt, iclaslarda iştirak etmək üçün dəfələrlə
Moskvaya getməli olurdu. Bu zaman onun Moskvadan
həyat yoldaşı Məleykə xanıma
yazdığı məktublar da saxlanmaqdadır.
Bəstəkarın şəxsi arxivindəki sənədlər
onun fəaliyyət dairəsinin nə qədər geniş
diapazona malik olduğunu bir daha nəzərə
çatdırır. O, uşaq və xalq yaradıcılığı
olimpiadalarının təşkili və keçirilməsində
həmişə fəal rol oynamış, bir çox belə
tədbirlərdə şəxsən iştirak etmişdir. Şəxsi arxivdəki sənədlər bunu
sübut edir.
Ü.Hacıbəyliyə
Azərbaycan Dövlət Konservatoriyasının
professor-müəllim heyəti, Azərbaycan Bəstəkarlar
İttifaqı, Azərbaycan Dövlət Dram Teatrı, Azərbaycan
Dövlət Filarmoniyası, Musiqili Peşə Məktəbi,
Azərbaycan Dram Komitəsi, Azərbaycan Korlar Cəmiyyəti,
Azərbaycan Radio Komitəsi, Azərbaycan Respublikası Xalq
Çalğı Alətləri Ansamblı, Azərbaycan SSR Bəstəkarlar
İttifaqı, Azərbaycan SSR İncəsənət üzrə
idarə və Bakı kinostudiyasının kollektivindən, bir
sıra digər idarə və çoxsaylı şəxslərdən
gələn məktub və teleqramlarda o, müxtəlif səbəblər,
təltiflər münasibəti ilə səmimi-qəlbdən
təbrik edilir. Azərbaycanın,
keçmiş SSRİ-nin müxtəlif yerlərindən dahi
bəstəkara məktub və teleqramlar gəlirdi, bunların
çoxunda ondan kömək, maddi yardım istəyirdilər.
Bir sıra cavab məktublarından
görürük ki, Üzeyir bəy insanlara əlindən gələn
köməyi heç bir zaman əsirgəməmişdir.
Bu baxımdan onun keçmiş tələbəsi,
dahi Hüseyn Cavidin oğlu Ərtoğrulla münasibəti
maraq doğurur. Şəxsi arxivdə
Ərtoğrul Cavidin Üzeyir bəyə iki məktubu
vardır. 1942-ci il 15 mart və 24 mart
tarixli məktublarını o, Abxaziyada ağır xəstəlikdən
müalicə olunduğu vaxt yazmışdır. Məktublarında
o, vəziyyətinin, səhhətinin ağır olduğunu,
heç kimdən məktub almadığını, anası və
kiçik bacısından çox narahat olduğunu bildirir, yardım istəyir.
Şəxsi arxivdəki materiallardan görmək
olur ki, dahi bəstəkar imkanlarından istifadə edərək
Ərtoğrula əlindən gələn mümkün köməyi
etmişdir. Ə.Cavid 273-cü saxlama
vahidində saxlanan məktubunda Ü.Hacıbəyliyə
qayğıya və mənəvi, maddi köməyə
görə minnətdarlığını bildirmişdir.
Üzeyir bəyin arxivindəki 100-ə qədər məktub
və teleqramı, ona yazılmış 579 məktub və
teleqram bəstəkarın
tanıyıb-tanımadığından asılı olmayaraq ən
müxtəlif adamlara əlindən gələn köməyi əsirgəmədiyini
sübut edir.
Ü.Hacıbəyliyə aid müxtəlif sənədləri aşağıdakı kimi təsrifləndirmək olar: 1) Ailəyə aid sənədlər; 2) Arayışlar və aktlar; 3) Bildirişlər, çağırış vərəqələri və dəvətnamələr; 4) Ərizələr, təliqələr; 5) Əmrlər, qərarlar və əsasnamələr; 6) Cədvəllər, layihələr və siyahılar; 7) Mandatlar, şəhadətnamələr və üzvlük kitabçaları; 9) Protokollar, protokollardan çıxarışlar və planlar; 10) Proqramlar və afişarlar; 11) Raportlar və rəylər. Arxivdəki müxtəlif şəxslərə aid materialları isə 3 yerə ayırmaq olar: 1) Əsərlər; 2) Məktublar; 3) Sənədlər. Üzeyir bəyin şəxsi arxivində naməlum şəxslərə aid materiallar, şəkillər, çap kitabları ayrıca yerləşdirilib. Arxivdəki çap kitabları içində "Koroğlu" dastanının 1937-ci il çapı, Mir Möhsün Nəvvabın "Vüzuhül-ərqam", Üzeyir bəyin "Harun və leyla", "O olmasın, bu olsun", "Abbas və Xurşidbanu" kitabları diqqəti cəlb edir. Bildiyimiz kimi, bəstəkar 1932-ci ildə "Koroğlu" operasını yazmağa başlamış, 1934-cü ildə əsər üzərində işini bitirmişdir. Sonrakı illərdə də opera üzərində iş getmişdir. Kitaba "Koroğlu" operasının mətni, operanın bədii quruluşu, aktyorlar haqqında müxtəlif şəxslərin yazdığı məqalələr toplanıb. Məqalələrin müəllifləri içində Ə.Şərif, Bülbül, İ.Hidayətzadə və başqaları vardır. Sonda operanın müxtəsər məzmunu verilmişdir. Dahi bəstəkarın həmyerlisi, görkəmli şair, rəssam, musiqi nəzəriyyəçisi Mir Möhsün Nəvvabın "Vüzuhül-ərqam" kitabına marağı təsadüfi olmamışdır. Məlum olduğu kimi, o, Şərqdə ilk muğam operalarının müəllifi olmuşdur, Sovet hakimiyyətinin ilk illərində muğamın gərəksizliyini iddia edənlərə baxmayaraq, muğamın öyrənilməsini, tədrisini ən vacib məsələ hesab etmişdir. M.M.Nəvvabın əsəri isə muğamın yaranma tarixinə, təsnifləndirilməsinə həsr edilibdir. Bəstəkarın arxivində onun o qədər də yaxşı məlum olmayan "Harun və Leyla", "Abbas və Xurşidbanu" muğam-operalarının mətninin saxlandığı da əhəmiyyətli faktdır.
Üzeyir Hacıbəylinin AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi
arxiv materialları dahi bəstəkarın həyat və fəaliyyətinin,
bədii və ictimai yaradıcılığının daha hərtərəfli öyrənilməsi
üçün tədqiqatçılara zəngin material
verir. Sevindirici haldır ki, bu yaxınlarda Uzeyir bəyin
Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxivinin təsviri
ayrıca bir kitab halında "Elm" nəşriyyatında
çap edilmişdir. Arxiv materialları təsvir edənlər
filologiya üzrə fəlsəfə doktoru Elmira Əlibəyli
və elmi işçi Aytən İmanovadır. Aytən
İmanova həm də kitabı nəşrə
hazırlamışdır. Elmi redaktor P.Kərimovdur. Əminik
ki, dahi bəstəkarın şəxsi arxivinə daxil olan
materialların köməyi ilə onun həyat və
yaradıcılıq yolunun araşdırılmasına həsr
edilmiş yeni dəyərli tədqiqat əsərləri
meydana çıxacaq.
525-ci qəzet 2018.- 6 noyabr.- S.6.