Qədim Basqal nurlu sabaha doğru

Qafar CƏBİYEV

Əməkdar jurnalist, tarix elmləri doktoru

Azərbaycanda bir neçə iri yaşayış məntəqəsi mövcuddur ki, onlar orta əsr şəhər mədəniyyəti elementlərini bu gün də özündə yaşadır.

Həmin yaşayış məntəqələri Bakı (İçəri şəhər), Şəki, Ordubad, Lahıc və Basqaldır. Onlardan da tarixi  baxımdan ən az öyrəniləni məhz Basqaldır.

Doğrusu, ayrı-ayrı müəlliflər tərəfindən Basqalın tarixinə dair elmi-kütləvi xarakterli bir neçə kitab yazılıb. Amma Basqalın ən azı orta əsrlər mənzərəsini öyrənmək və yenidən mümkün qədər canlandırmaq üçün orada hələlik nəinki əsaslı, heç kəşfiyyat xarakterli tədqiqat işləri də aparılmayıb. Ona görə də Basqalda şəhər mədəniyyəti elementlərinin nə vaxtdan etibarən mövcud olduğu barədə indiyədək söylənilənləri və yazılanları ən yaxşı halda fərziyyə kimi qəbul etmək olar. Oxucu  sual edə bilər ki, bəs onda "şəhər mədəniyyəti elementləri" deyəndə biz nələri nəzərdə tuturuq?  Birincisi, Basqalın nisbətən qədim və iri yaşayış məntəqəsi olmasını. İkincisi, iri yaşayış məntəqəsi olmaq etibarı ilə onun qala divarları ilə əhatə olunmasını.

Xatırladaq ki, Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir metrə çatan qala divarlarının izləri bu günədək qalmaqdadır. Bəzi müəlliflər həmin qala divarı qalıqlarını XIV əsrə aid edir. Amma nə üçün məhz XIV əsrə aid edildiyini  hələ ki, elmi cəhətdən əsaslandıran da yoxdur. Xatırladaq ki, Qala divarlarının mövcuduğu bu və ya digər yaşayış məntəqəsinin məhz şəhər tipli yaşayış məntəqəsi olmasını təsdiqləyən çox mühüm əlamət  hesab olunur. Bu baxımdan Azərbaycan folklorunda geniş yayılmış olan "şəhər olmaz qalasız" deyimi də zənnimizcə elə-belə yaranmayıb. Üçüncüsü, bəlkə də ən önəmlisi, Basqal yüzilliklər boyu çox mühüm sənətkarlıq, daha doğrusu, ipəkçilik, boyaqçılıq və dəmirçilik məmulatları istehsalı mərkəzi olub. Basqal ustalarının istehsal etdiyi ipək məmulatı Azərbaycan sərhədlərini aşaraq uzaq Hindistana, İtaliya və Fransaya qədər gedib çıxmışdır. Dördüncüsü, Basqalın bu günə qədər qismən də olsa qalmaqda olan arxitekturası - daş döşənmiş küçə və meydanları, cərgə ilə düzülən emalatxana və dükanları, su və kanalizasiya şəbəkəsi onun orta əsr şəhər mədəniyyəti elementləri ilə kifayət qədər zəngin olduğundan xəbər verir. Məhz bu əlamətləri Basqalın həqiqətən də Azərbaycanın orta şəhər tipli  iri yaşayış məntəqələrindən biri olduğunu təsdiqləyən çox ciddi arqumentlərdir.

 

Basqalın çox hörmətli və elmli ziyalılarından olan  Miryavər  Hüseynov "Ulu vətənim Basqal" adlı kitabında mərhum akademik Ziya Bünyadov və sənətşünas alim Qəzənfər Əlizadəyə istinadən "Basqal" toponiminin mənşə etibarı ilə türk sözü olduğu və "qala bas", "qala qur", "qala yarat", "qala ucalt" ("bas qala") mənası ifadə etdiyini yazır. Bu  mülahizələrin müəlliflərinə olan rəğbət və ehtiramımızdan asılı olmayaraq mən belə hesab edirəm ki, yuxarıda söylənilənlər sözsüz ki, "Basqal" toponiminin izahı ilə bağlı yekun qənaət kimi dəyərləndirilə bilməz. Ən azı ona görə ki, elmi ədəbiyyatda "Basqal" toponiminin tamamilə fərqli yozumları da mövcuddur. Məsələn, araşdırıcılardan bir qrupu "Basqal" sözünün "Pəsqala" (yəni "gizli qala") sözündən əmələ gəldiyini bildirir. Bəzi  araşdırıcılar isə bu toponimin türk dillərindəki "basqı" (mənbə və ya bulaq mənasında) və "yal" (yəni dağ yalı) sözlərindən ibarət olmaqla "yaldakı bulaq" və  ya "bulaq olan yal" mənası bildirdiyini  söyləyiblər. Doğrusu, bu yozum Basqalın təbii-coğrafi şəraitinə daha çox uyğun gəlir. Bununla belə,  hesab edirik ki, bu yozumun da hələlik son qənaət  kimi qəbul olunması tezdir. Fikrimizcə, tarixçilər,  dilçilər, toponimika ilə bilavasitə məşğul olan mütəxəssislər "Basqal" toponiminin elmi cəhətdən izahı barədə qəti sözü hələ bundan sonra söyləməli  olacaqlar.

Basqalın yerləşdiyi coğrafi məkan özü onun erkən  çağları barədə istər-istəməz müəyyən təsəvvürlər yaradır. Şamaxı ilə Qəbələni birləşdirən qədim  yolun üstündə olması, ətraf ərazinin 2000-2400 illik, bəzi yerlərdə isə daha qədim tarixə malik abidələrlə (Gürdüvan, Uzunboylar, Nüydi, Lahıc, Qırlartəpə və s.) zənginliyi, bilavasitə ona bitişik ərazidə Xankəndi, Fit və Niyal abidələrinin mövcudluğu özü-özlüyündə Basqalın da bir yaşayış məntəqəsi olmaq etibarı ilə qədimliyi barədə düşünməyə məntiqi əsas verir. Təbiidir ki, yüksək dərəcədə inkişaf edən ənənəvi sənət sahələri və özünəməxsus memarlığı ilə məşhur olan Basqal kimi iri bir  yaşayış məntəqəsi birdən-birə, özü də boş yerdə yarana bilməzdi. Xatırladaq ki, Basqalın cənub  tərəfində "Qalalar" adlanan ərazidə arxeoloq Fazil Osmanov tərəfindən 60-70-ci illərdə aparılmış kəşfiyyat xarakterli axtarışlar zamanı orada eramızın I-II əsrlərinə aid yaşayış izləri olduğu müəyyən  edilmişdir. Bununla da Basqal və ona bitişik ərazilərdə təqribən 1800-2000 il bundan əvvəl qala və ya şəhər tipli yaşayış yeri - istehkam olduğu barədə ehtimallar gündəmə gəlmişdir. Yerli sakinlərin dediyinə görə, uzun illər ərzində Basqal və Zeyvə camaatı "Qalalar" ərazisində üzə çıxan tikinti daşından istifadə ediblər. Basqalın, necə deyərlər, beş addımlığında yerləşən Xan kəndinin orta əsr tikintiləri də təəssüf  ki, uzun illər yerli sakinlər tərəfindən sökülərək şəxsi məqsədlər üçün istifadə olunmuşdur.

Basqallılar, adətən, qonşu  yaşayış məntəqələrinin  camaatına "kəkki" (yəni kənd adamı) deyirlər. Dəcəlliyi, davakarlığı ilə ad çıxarmış Basqal uşaqları  sanki bununla da özlərinin şəhərli olduğunu büruzə vermək istəyirlər. Əlbəttə, bu münasibət də heçdən yaranmayıb.

Basqalın şəhər tipli yaşayış məntəqəsi olduğu, daha dəqiq desək, şəhər mədəniyyəti elementlərinə malik olduğu orta əsr müəlliflərinin qeydlərində və yerli əhalinin yaddaşında da müvafiq izlər qoymuşlar.  XIX əsrin sonıarında orada olmuş rus şərhçisi  Lebedev Konstantin "Qafqaz" qəzetinin 1882-ci il 310-cu sayında dərc edilmiş qeydlərində yazır:  "Basqal şəhərinə qəza mərkəzi Şamaxıdan Rusiya atlarından kiçik, lakin zərif və iti yerişli kəhər atla gəldik. Basqal şəhərinə axşam vaxtı yetişdik. Neft lampaları evlərin eyvanını,  həyətlərini kifayət qədər işıqlandırırdı. Melodik səs ruhumuzu oxşadı.  Çarvadar Məşədi Əzim kişi bu səsin məscid minarəsindən gəldiyini mənə başa saldı. Məscid  işçisi şam azanı verirdi".

Müasir Basqal iki əsas hissədən ibarətdir. Yerli əhalinin Basqalın "O tay" adlandırdığı hissəsi əsasən son 50-60 ildə salınıb. Ötən əsrin 70-80-ci illərində orada gecə-gündüz şaraqhaşuraq işləyən ipək emalı sexləri vardı. Həmin sexlərdə toxunan Basqal kəlağayısı Yaxın və Orta  Şərq ölkələrinə ixrac edilirdi. Artıq  neçə illərdir ki, o sexlər daha işləmir. "O tay"dakı ilk evlər də elə kəlağayı sexləri yanında tikilmişdi. Sonralar dağların döşünə doğru yeni-yeni evlər və villalar peyda oldu. İndi Basqalın bir ucu Həsənxan bağı, bir ucu Əmrəkinin ətəyi, bir ucu da qədim "Qalalar" ərazisinə qədər gedib çıxır. Bakıda, Gəncədə, Moskvada, Kazanda, Səmərqənddə yaşayan və əslən Basqaldan olan bir çox imkanlı  insanlar son illər burada çox  gözəl və təmtəraqlı imarətlər ucaldıblar.

Ərazinin  relyef xüsusiyyətləri və insanların nəfsi ucbatından Basqalın yeni evləri bir-birindən çox  uzaq düşüb. Qədim Basqaldan fərqli olaraq burada elə adam var ki, bəlkə də, bir hektara yaxın ərazi  zəbt  edib. Amma nə fayda? İndi o həyətlərin çoxusunu nə əkən, nə də becərən var. Evlərin  çoxusunda yalnız yaydan-yaya insan hənirtisi  eşidilir. İlin 8-9 ayı isə qapıları qıfıllı qalır.

Basqal çayının sol sahili qədim Basqaldır. "O  tay"dan fərqli olaraq burada az qala bir qarış torpağa sahib durmaq üstündə rəqabət duyulur. Lahıcda  olduğu kimi, burada da həyətlər həddən artıq kiçikdir. Elə bu səbəbdəndir ki, burada evlər sanki bir-birinin üstünə minib. Qarşıdakı evin damı demək olar ki, arxadakı evin həyətidir.

"O tay"ın üstü dəmirli müasir evlərindən fərqli olaraq qədim Basqalda daha çox örtük kimi kirəmit və ya vaxtaşırı olaraq qırmızı rənglə rənglənən qara dəmirdən istifadə ediblər. Küçələrə, həyətlərə, meydanlara başdan-başa daş döşənib. Küçələr darısqal olduğundan onların xeyli hissəsində  nəqliyyat hərəkət edə bilmir. Basqalın baş küçəsi  bazar meydanından başlayaraq çay qırağı ilə Kəlfərəc yolunadək uzanır. Bu küçə sakinlərinin əksəriyyəti toxucu və boyaqçılıq sənəti ilə məşğul olub. Basqal özünün mükəmməl kürəbəndi-kanalizasiya şəbəkəsi ilə də məşhurdur. Deyilənlərə  görə, Basqalın bu gün də qüsursuz işləyən kanalizasiya şəbəkəsinin ən azı 6-7 əsrlik tarixi var.  Əsası XIX əsrin tanınmış maarifçisi Məmmədəli Nəsibzadə tərəfindən qoyulan Basqal  məktəbinin isə 110 ilə yaxın yaşı var.

Basqal 1932-1933-cü illərdə rayon mərkəzi olub.  Rayonun bütün dövlət idarəçiliyi orqanları orada cəmləşib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Basqala qəsəbə adı verilib. 1989-cu ildə Basqal Azərbaycan hökumətinin qərarı ilə  tarix və mədəniyyət qoruğu elan edilib. Təəssüflər olsun ki, həmin qərar uzun müddət kağız üzərində qalaraq icra olunmayıb. Yəni Basqalın qoruq kimi fəaliyyəti üçün əməli tədbirlər görülməyib. Təsəvvür edin, Respublika Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş tarix   mədəniyyət abidələrinin siyahısına Basqaldan cəmisi iki obyekt (XVI əsrə aid hamam və məscid binaları) daxil  olmuşdur. Bu qərardan belə çıxır ki, Basqal bu iki obyektə görə tarix və mədəniyyət qoruğu elan edilib. Müqayisə üçün bildirək ki,  Lahıcdan həmin siyahıya 82 obyekt, o  cümlədən, 60-dan çox memarlıq əhəmiyyəti olan şəxsi ev daxil edilib. Məgər, Basqalda belə evlər azdır?! Az olmağına az deyildir. Sadəcə olaraq aidiyyatı orqanlar zamanında  həmin tarixi yadigarları görüb dəyərləndirə bilməyiblər.

Basqalda hər birinin özünəməxsus tarixi və xüsusiyyətləri olan neçə-neçə ictimai bina, məhəllə və bulaq var. Dəmirçibazar, Qoşabulaq, Qəlibgah, Xarabiyan, Qalabaşı, Dərəməhəllə... Hər birinin  nəinki daşında, divarında, hətta adında belə böyük və incə mənalar uyuyan həmin məhəllələr bu gün də Basqalın qədim tarixinə şahidlik edir. Maraqlıdır,  Basqal məhəllələrindən görəsən, hansı daha  qədimdir? Əlbəttə, məntiqlə yanaşası olsaq, onda  yəqin ki, Xarabiyan məhəlləsi üzərində gərək dayanaq. Çünki burada nə vaxtsa həyat olub, sonra  sönüb və nəhayət, müəyyən dövrdən sonra yenidən  canlanıb. Elə bu səbəbdəndir ki, yerli sakinlər  demək olar ki, hər dəfə Xarabiyan ərazisində quyu və bünövrə yerləri qazarkən daha qədim dövrlərə  aid maddi-mədəniyyət nümunələri üzə çıxır.

Qəlibgah məhəlləsinin də öz tarixi və yozumu var. Orta əsrlərdə bu məhəllədə daha çox boyaq-bəzək istehsalı üzrə ixtisaslaşmış sənətkarların cəmləşdiyi  güman edilir. Məlum olduğu kimi, ipək kəlağayılar üzərindəki bəzək-ornamentlər xüsusi qəliblərlə vurulur. "Qəlibgah" sözü də görünür, elə buradan yaranıb. Əslində, təkcə elə bu terminin özü Basqalın əsrlər boyu çox mühüm sənətkarlıq mərkəzi olduğu  barədə düşünməyə əsas verir.

Bəli, Basqal həqiqətən əsrlər boyu Şirvanın,  bütövlükdə Azərbaycanın çox mühüm ipək məmulatı istehsalı mərkəzindən biri olub. Görkəmli  Azərbaycan tarixçisi Sara Aşurbəyli yazır ki, hələ XII-XIII əsrlərdə Şirvan şəhərləri, xüsusilə də  Şamaxı özünün ipək məmulatı və ətraf kəndlərdə  yetişdirilən ipəyi ilə şöhrət qazanmışdı. Burada  istehsal olunan xammal və ipək məmulatı daxili  ehtiyacları ödəməkdən başqa, həm də Qafqazın  başqa şəhərlərinə, habelə Şərq ölkələrinin bazarlarına çıxarılırdı. XVIII əsrdə isə Şirvan ipəyi  artıq İtaliya və Fransaya da ixrac olunurdu. Fikrimizcə, Basqal məhz elə o vaxtdan Azərbaycanın çox mühüm ipək istehsalı mərkəzi  kimi tarixə düşüb. Yəni o vaxt Şamaxı ətrafında Basqaldan savayı bu funksiyanı öz üzərinə götürə  biləcək ikinci bir mühüm sənətkarlıq mərkəzi yox  idi. 1293-cü ildə İranda və Azərbaycanda olmuş venesiyalı səyyah Marko Polo yazırdı: "Burada şəhər və qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək və zər-xara parçaları toxunur, belə gözəl parçaları dünyanın heç bir yerində görməzsən". İtaliyalı səyyahın bu təsviri çox güman ki, Şirvana aiddir. Şirvanda isə ipək və zərxara  istehsalı mərkəzi məhz Basqal olub. Ümumiyyətlə,  orta əsrlər dövründə ipəyi ilə Azərbaycanı məhşur edən Şirvan olub. Şirvan deyəndə isə başlıca olaraq Şamaxı şəhəri nəzərdə tutulub. Lakin ədalətlisi odur ki, özünün zəngin ipəkçilik ənənələri ilə Şirvanı da,  Şamaxını da məşhur edən məhz Basqal olub.  Basqalda olan ustalar, tacirlər və iş adamları  sonralar Azərbaycanın, bütövlükdə Qafqazın bir çox  başqa yerlərində də ipəkçiliyin intişartapıb  yayılmasında təşəbbüsçü olublar.

Şirvanın maddi-mədəniyyət tarixini araşdırmış  görkəmli etnoqraf alim Arif Mustafayevin tədqiqatlarında Basqalda ipək istehsalının təşkili ilə bağlı olduqca dəyərli məlumatlar var. Onun yazdığına görə, qonşu Mücü kəndi və Basqal Şirvanda karxana şarbaflığının əsas mərkəzlərindən olub. Basqal sənətkarları xam ipəyi əsasən Şəki, Qaraməryəm, Bığır, Vəndam, Qəbələ, İsmayıllı, Ordubad, Kutaisi və Səmərqənddən alırdılar. Mütəxəssislərin rəyinə görə, Qəbələ və Qaraməryəm baraması sap çıxımı cəhətdən daha qiymətli hesab olunurdu.

 

Azərbaycanın hər yerində olduğu kimi, Basqalda da barama əsrlər boyu ibtidai üsullarla boğulub. Yalnız XIX əsrin sonlarında buxarla işləyən sexlər bunu əvəz edib. "Qafqaz" qəzeti özünün 1854-cü il saylarından birində ipək sarıma texnikasından bəhs edərək belə yazır: "Bu iş xüsusilə peşəkar ustalar tərəfindən görülürdü. Onlar yay mövsümündə kələfaçanı və mis tiyanı heyvana yükləyib kəndbəkənd gəzdirirdilər. 1841-ci ilin məlumatına görə, Şirvanda 74 ipək karxanası olduğu bildirilir. Başqa bir mənbənin xəbər verdiyinə görə, 1863-cü ildə Şamaxıda 13 ipəksarıma karxanası olub. Lakin XIX əsrin ikinci yarısında ipəkçiliyin qismən tənəzzül etməsi ilə əlaqədar karxanaların sayının xeyli azaldığı bildirilir. Bununla belə, K.A.Satuninin yazdığına görə, 1895-96-cı illərdə Basqalda 11 ipək karxanası qalmaqda idi. N.A.Abelovun verdiyi məlumatda göstərilir ki, ipək karxanalarından hər birində təqribən 10-a qədər dəzgah olurdu.

Basqalda hər bina, hər döngə özü bir tarixdir. Fərqi yoxdur, istər hamam olsun, istər məscid, istər bulaq, istərsə də dükan və ya şəxsi mülklər. Basqalı həmin tikintilər olmadan necə təsəvvür etmək olar?! Söhbət o tikintilərdən gedir ki, onlardan bir çoxunun ən azı 3-5 əsrlik tarixi var. Onlar Basqalın, doğma Azərbaycanımızın canlı tarixidir. Bəli, Basqal Azərbaycanda orta əsr şəhərsalma tarixini öyrənmək baxımından həqiqətən çox qiymətli abidədir. Bu tarixi yadigarı əsrlər boyu əzizləyə-əzizləyə qoruyublar, yaşadıblar. Elə bugünkü nəsil də onu qorumağa və yaşatmağa borcludur.

Doğrudur, uzun illər ərzində Basqalın bir çox elə problemləri olub ki, həmin problemlər ucbatından Basqal əhalisinin qoynunda dünyaya göz açıb boya-başa çatdığı o abidələr barədə, ümumən Basqalın tarixi dəyərləri barədə, onları əmanət olaraq gələcək nəsillərə çatdırmaq zərurəti barədə düşünməyə nə vaxtı, nə imkanı, nə də həvəsi olub. Köhnə iqtisadi əlaqələrin dağıldığı, mülkiyyət münasibətlərinin büsbütün dəyişdiyi bir vaxtda, Azərbaycanın ipək sənayesi nəhəngi olan Şəki ipək kombinatının işləmədiyi, Sumqayıt, Gəncə, Mingəçevir kimi iri şəhərlərin, çoxsaylı sənaye müsəssisələrinin fəaliyyətsiz qaldığı o dönəmdə Basqal neyləyə bilərdi?! Bu şəraitdə Basqalın kəlağayi sexləri və ya ipək məmulatı istehsal edən ənənəvi karxanaları necə işləyə bilərdi?! Əgər bu sexlər, karxanalar işləmirsə, onda Basqalda əhzli neyləməli idi?! Axı, ətrafdakı yaşayış məntəqələrindən fərqli olaraq, Basqalda əsrlər boyu sırf şəhər mühiti olub. Əsrlər boyu ancaq sənətkarlıqla məşğul olmuş Basqal camaatının nə tərəvəz əkməyə yeri var, nə mal-qara saxlamağa örüşü, nə də bütün bunlar üçün gərəkli olan vərdişləri. Beləliklə, 80-ci illərin sonu - 90-cı illərin əvvəlində məşğuliyyət sahəsi olmadığından basqallılar dolanacaq ardınca ora-bura getməli oldular. Amma bununla belə, gedənlər də, qalanlar da çox yaxşı bilirdilər ki, Basqala olan belə biganə münasibət heç də uzun müddət davam edə bilməz. Əmin idilər ki, vaxt gələcək, Basqal yenidən gur-gur guruldayacaq. Orada tikilmiş yaraşıqlı villalarda şənlik və toy-büsat səslərindən qulaq tutulacaq. Xarici turistlər və qonaqlarla dolan otellərdə, hostellərdə, küçə və meydanlarda orta əsrlrdə olduğundan daha böyük izdiham və canlanma yaşanaq.

Ölkə prezidenti cənab İlham Əliyevin bugünlərdə imzaladığı "Basqal Dövlət Tarixi Mədəniyyət Qoruğu haqqında" sərəncamı Basqal camaatının doğma yurdun işıqlı sabahına olan inamını daha da artırdı. Çoxsaylı İsmayıllı ziyalılarının bir nümayəndəsi olaraq deməliyəm ki, son vaxtlar Cənab Prezidentin Lahıc qəsəbəsi və İsmayıllı rayonu ilə bağlı vermiş olduğu silsilə sərəncamlardan az sonra qədim Basqala aid belə bir sərəncam imzalaması bütövlükdə rayon ictimaiyyəti tərəfindən sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılandı. Dövlət başçısının imzalamış olduğu bu sərəncam Basqalın sosial-iqtisadi inkişafına və tarixi-mədəni irsinin layiqli səviyyədə mühafizəsinə, təbliğinə, bərpa və konservasiyasına göstərilən dövlət qayğısının birbaşa təzühürüdür. Sərəncamda qeyd olunduğu kimi, son dövrlər "Basqal Dövlət Qoruğu"nun inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən, qəsəbə təbii qazla təmin olunmuş, Basqal çayı üzərində yeni körpü tikilmiş, abadlıq işləri görülmüş, qədim küçələr qismən də olsa çay daşı ilə döşənmiş, bulqalarda müəyyən bərpa işləri aparılmışdır.

Bununla belə, sərəncamda o da qeyd olunur ki, hazırda qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işləri aparılmasına, mühəndis-kommunikasiya təminatı sisteminin və xəttinin, yol-nəqliyyat infrastruktunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət və turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilməsi zərurəti yaranmışdır. Sərəncama əsasən, Dövlət Turizm Agentliyi bir ay ərzində qoruq ərazisində yaranmış vəziyyəti dərindən və hərtərəfli araşdırmaqla onun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyasının və fəaliyyət proqramının layihələrini işləyərək ölkə Prezidentinə təqdim etməlidir. Bütün bunlar da, necə deyərlər, qədim Basqalın bəxtinin açıldığından, onun nurlu sabahının çox da uzaqda olmadığından xəbər verir.

525-ci qəzet  2018.- 7 noyabr.- S.4.